525.Az

"Yaralı əsgərlərdən xəbər tutanda hönkürüb ağladı" - Şəhid Mirəli Hüseynovun anası


 

AĞCABƏDİ ŞƏHİDLƏRİNİN ŞANLI DÖYÜŞ YOLU MİLLİ QƏHRƏMANLIQ SALNAMƏMİZİN PARLAQ SƏHİFƏLƏRİNƏ ÇEVRİLDİ

"Yaralı əsgərlərdən xəbər tutanda hönkürüb ağladı" -<b style="color:red"> Şəhid Mirəli Hüseynovun anası</b>

Vətən sizə oğul dedi!

 

Qəhrəmanlığın əsasını qoyan ilkin şərt vətənpərvərlikdir. 44 günlük Vətən müharibəsi zamanı  neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut etdi. Elə qəhrəmanı da yaşadığı mühit yetişdirir, Vətən seçir. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

Vətən müharibəsinin haqq savaşında düşmənin üzərinə qartal tək şığıyan igidlərdən biri də Seyid nəslindən olan Mirəli Hüseynov olub.

Hüseynov Mirəli Arif oğlu 1996-cı il oktyabrın 15-də Ağcabədi rayonunda dünyaya göz açıb. M.Hüseynov həqiqi hərbi xidmətini snayper kimi yerinə yetirib. Prezidentin sərəncamı ilə qismən səfərbərlik elan olunan zaman isə səfərbərliyə cəlb olunub. Doğum gününü səngərdə qeyd edən igidimiz oktyabrın 28-də Füzuli istiqamətində gedən şiddətli döyüşlərdə şəhadətə yetişib. M.Hüseynov doğulduğu Ağcabədi rayonunun Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə təltif olunub.

Şəhidimizin uşaqlıq illərini anası Laləzar Hüseynova belə xatırlayır: "Balacalıq vaxtlarından çox sakit uşaq idi. Sakitcə bir kənarda oturardı. Orta məktəb dərslərində uğurlu olmasa da, tərbiyə cəhətdən nümunəvi şagird idi. Heç vaxt mənə ondan hər hansı bir şikayət gəlməyib. O, həm də çox ürəyiyumşaq uşaq idi. Hərbi xidmətə yola düşməzdən bir gün əvvəl yaralı əsgərlərdən xəbər tutanda evimizin pilləkənində oturub hönkürərək ağladı. Səsini eşidib yanına getdim, onu bərk-bərk qucaqladım. Həmin günün səhəri özü də hərbi xidmətə yollandı. Çox şükür ki, ondan mənə xatirə qalan nəvəm var, indi oğlumun qoxusunu nəvəmdən alıram".

Şəhidin həyat yoldaşı Arzu Hüseynova deyir ki, Mirəli ailəsinə qarşı çox mehriban və qayğıkeş idi: "Oğlumuz Ariflə bir-birinə çox bağlı idilər. Arif indi onun şəkilləri ilə yatıb, şəkilləri ilə oyanır. Bir dəfə yuxudan oyananda əlini yuxarı uzadıb dedi ki, atam ordadı. Hələ körpə olsa da, hər şeyi hiss edir. Hərdən deyirik ki, atan işdədir gələcək, deyir yox, atam Allahın yanındadır".

Mirağa Hüseynov qardaşı ilə son telefon danışığından xəbər verdi; "Axırıncı dəfə bizimlə danışanda dedi ki, hər şey yaxşıdır qələbə bizimlədir, qayıdacağam. Amma qayıda bilmədi. Döyüş yoldaşlarının dediyinə görə, Cəbrayıl tərəfdə bir kəndi azad edib irəliləyəndə yanlarına minamyot düşüb. Əvvəlcə yerə uzanıblar, heç nə olmayıb. Ayağa qalxanda bir minamyot da Mirəlinin düz qarşısına düşüb və qardaşım şəhid olub".

Qeyd edək ki, şəhidimizin Vətənə əmanət 3 yaşlı Arif adında bir oğlu qalıb.

Günel ABBAS


 





19.12.2020    çap et  çap et