525.Az

Vətən sizə oğul dedi! - I yazı


 

AĞCABƏDİ ŞƏHİDLƏRİNİN ŞANLI DÖYÜŞ YOLU MİLLİ QƏHRƏMANLIQ SALNAMƏMİZİN PARLAQ SƏHİFƏLƏRİNƏ ÇEVRİLDİ

Vətən sizə oğul dedi! - <b style="color:red">I yazı</b> Qəhrəmanlığın əsasını qoyan ilkin şərt vətənpərvərlikdir. 44 günlük Vətən müharibəsi zamanı neçə-neçə igidlərin, qəhrəmanların şəxsi rəşadəti Azərbaycan xalqının qəhrəman xalq olduğunu bir daha sübut etdi. Elə qəhrəmanı da yaşadığı mühit yetişdirir, Vətən seçir. Bu qəhrəmanların ömür yolu nə qədər qısa olsa da, şərəfli və örnək sayılır.

***

Vətən qarşısında borcunu qətiyyətlə, əzmlə yerinə yetirərək torpaqları düşməndən azad edən igidlərdən biri də Həsəndir.



Süleymanov Həsən İsmayıl oğlu 1991-ci ilə avqustun 8-də Ağcabədidə dünyaya göz açıb. Həqiqi hərbi xidmətini snayper kimi yerinə yetirən Həsən 2020-ci il 29 sentyabrda səfərbərliyə cəlb olunub. Oktyabrın 26-da Qubadlı istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olub. Şəhidimiz Ağcabədi rayonunun Şəhidlər Xiyabanında torpağa tapşırılıb.

“Şəhid olduğu gün oğlumun həm də toy günü idi...”

Şəhidimizin anası Süleymanova Sürəyya oğlunun kiçik yaşlarından sakit uşaq olduğunu deyir: "Uşaq vaxtı sakit və nümunəvi şagird olub, məktəbdə müəllimlər onun haqda yüksək fikirlərdə olublar. Evin tək oğlu olmasına baxmayaraq, dəcəlliyi yox idi. Hərbi xidmətə gedəndə də mənə təsəlli verdi ki, qayıdacağam, narahat olma. Amma qayıda bilmədi. Şəhid olduğu gün oğlumun həm də toy günü idi. Döyüş yoldaşlarından biri başsağlığına gəlmişdi. Dedi ki, məni xilas edib özü şəhid oldu. Çox ağlayırdı deyə ətraflı təfərrüatları öyrənə bilmədim. Bizdə vətənpərvərlik, Vətən eşqi irsidir. Həsən atasının əmisinin adını daşıyır. O da 1941-1945-ci illərdə Böyük Vətən müharibəsi zamanı şəhid olub. Deyirlər, ad sahibinə bənzəyər. Yəqin bizdə də belə olub"

Həsəni hərbi xidmətə yola salan ailə dostu Mehdiyev Rövlan deyir ki, Şəhidimizi 10 yaşından bəri tanıyır:"Həsən öz adı ilə fəxr edirdi. Körpə yaşlarından Vətənə bağlı bir insan olub. Hər zaman deyirdi ki, Şəhidlər xiyabanı tərəfə gedəndə kədərlənirəm, Ali Baş Komandanımız əmr versə, könüllü olaraq Vətən müharibəsində iştirak edəcəyəm. Həmin gün təsadüfən mən onlarda idim. Həsən tələsik qapıdan içəri daxil oldu, gözləri həm gülürdü, həm işıq saçırdı. Anasını çağırdı, hərbi biletini istədi. Mən yaxınlaşıb hərbi bileti nə üçün istədiyini soruşdum. Gülərək cavab verdi ki, gedirəm müharibəyə, gedirsən, gəl. Qeydiyyatdan keçəndən sonra Həsənin gözlədiyi gün gəldi. Çağırış vərəqəsi gəldi. Bu vaxtı Həsən sahədə imiş. Zəng edib evə çağırıblar. Atası İsmayıl kişi də məni çağırdı ki, Həsən cəbhəyə gedir, bizə gəl. Bir az oturmuşduq ki, Sürəyya xanım yemək gətirdi. Amma Həsən sevincindən süfrəyə də oturmadı, dedi ki, mən naharımı Qarabağda edəcəyəm. Həyat yoldaşını çağıraraq üzüyünü çıxarıb ona verdi. Evdən tələsik çıxıb hərbi komissarlığa yola düşdü .3 gün sonra hərbi hissəyə görüşə getdim. Hərbi formanı geyinmişdi. Mənə gülərək dedi ki, gözlədiyim gün gəlib, 2 günə Qarabağa gedirik. O, cəbhəyə getdiyi gündən cəsurcasına vuruşub. Arada danışanda deyirdi ki, məqsəd irəli getməkdir, narahat olmayın snayper fəaliyyətimi davam etdirirəm. Şəhid olmamışdan bir gün əvvəl danışanda dedi ki, sabah Qubadlının şad xəbərini sənə özüm verəcəyəm. Təəssüf ki, şad xəbər yerinə acı xəbərini eşitdim..."

Qeyd edək ki, Şəhidin Vətənə əmanət iki övladı qalıb: 4 yaşlı Hüseyn və 6 yaşlı Fatimə.


***

Qarabağa doğru müzəffər yürüş edən Milli Ordunun öndə gedənlərindən biri də Kapitan Mikayıllı Samirdir.



Mikayıllı Samir Sabir oğlu 1993-cü il yanvarın 1-də Ağcabədinin Salmanbəyli kəndində ziyalı ailəsində anadan olub. Əlfi Məmmədov adına Salmanbəyli kənd orta məktəbində 1-ci sinfə gedən Samir Mikayıllı 2008-ci ildə C.Naxçıvanski adına Hərbi Liseyə qəbul olub.

Buranı bitirdikdən sonra 2014-ci ildə Türkiyədə Ankara Kara Harp Okulunda hərbi təhsil alıb. İstanbul Tuzla Piyada Okulunda təhsilini artırıb, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Təlim Tədris Mərkəzində kurs keçib. 2015-ci ildən Naxçıvan MR-da Xüsusi Təyinatlı Qüvvələrdə leytenant rütbəsi ilə hərbi xidmətə başlayıb. Nümunəvi hərbi xidməti ilə seçilib. 2018-ci ilin 20-27 may tarixlərində Naxçıvan Muxtar Respublikası Şərur rayonu ərazisindəki Günnüt kəndinin erməni işğalçılarından təmizlənməsi əməliyyatında uğurla iştirak etmiş və komandanlıq tərəfindən təşəkkürnamə və növbədənkənar baş leytenant rütbəsi almışdı.

Vətən müharibəsində döyüşlərə Naxçıvandan xüsusi təyinatlı kəşfiyyat komandiri kimi qatılıb. Füzuli, Zəngilan, Qubadlı, Xocavənd, Şuşa istiqamətindəki döyüşlərdə igidliklə vuruşaraq düşmənin əzilməsində xüsusi rəşadət göstərib. Elə Şuşanın azad edilməsindəki xüsusi şücaətinə görə noyabrın 8-də növbədənkənar kapitan rütbəsi ilə təltif olunub. Amma növbəti gün, Qələbəyə cəmi 1 gün qalmış noyabrın 9-da düşmən mərmisi nəticəsində ağır yaralanan Samir son nəfəsinədək qəhrəmancasına vuruşaraq şəhidlik zivəsinə yüksəlib. Valideynləri Azərbaycanın bütövləşməsi uğrunda canını vətənə fəda edən oğulları ilə qürur duyurlar.

Şəhidimiz 2020-ci il noyabrın 11-də doğma kəndində dəfn edilib.

Qeyd: Şəhidlərimiz Azərbaycan Respublikası Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə "Vətən uğrunda medalı" ilə (ölümündən sonra) təltif olunublar.



 





20.12.2020    çap et  çap et