525.Az

Şərq ədəbiyyatının möcüzəsi - Türkan Turan yazır


 

EHTİRASLI VƏ SİRLİ MACƏRALARLA HÖRÜLƏN SƏTİRLƏR

Şərq ədəbiyyatının möcüzəsi - <b style="color:red">Türkan Turan yazır</b>

Qərblilərin İncildən sonra ən təsirli hesab etdiyi kitab və Şərq ədəbiyyatının möcüzəsi sayılan "Min bir gecə" nağıllarını bir neçə gün əvvəl oxumağa başladım.

İlk cildini türk dilində əldə etdiyim kitab "Yapı Kredi" nəşriyyatı tərəfindən yüksək səviyyədə, bütün xırdalıqlar düşünülərək və əla keyfiyyətdə nəşr edilib. Hələ nağıllara başlamamış böyük yazıçı Orhan Pamukun ön sözünü, nəşriyyatın qeydlərin, kitabı türk dilinə çevirən Alim Şərif Onaranın fikirlərini, kitabı ilk dəfə senzurasız tərcüməsi ilə daha orijinal variantda tərtib edən Jozeph Çarles Mardrusun sözlərini oxuyanda artıq sehirli dünyanın qapısından içəri ilk addımı atmış olursan.

"Min bir gecə" nağıllarını kəşf etmək insan həyatında ilk dəfə aşiq olmaq, ilk dəfə dənizi görmək, ilk dəfə uçmaq kimi vacib hadisələrdəndir. Oxuduqca beyində dərin bir peşmanlıq hissi  yaşadır, daha əvvəl oxumadığın üçün. Bu nağıllar Şərq ənənəsinin klassik örnəyidir. Ancaq kitabın dünyada tanınmağını səbəbkarı qərblilərdir. İlk tərtibatçı və fransız dilinə tərcümə edən Antoine Qallanddır. Əslində, əlində ərəbcə ən qədim nüsxələr olub, lakin XIV əsrdə Louis sarayında yaşadığına görə, kral və ailəsinin, eləcə də yüksək təbəqənin qəzəbinə gələcəyini düşündüyü üçün bəzi nüsxələri ixtisar edib. Çünki nağılların əksəriyyətinin qəhrəmanı ya kəndlilərdir, ya balıqçılar, ya kölələr, ya da aşağı təbəqədən olan digər sənət və peşə sahibləri. Adətən həmin dövrlərdə yazılan əsərlərin qəhrəmanları zadəganlar, aristokratlar, saray adamları olurdu. Hansısa bir kəndlinin və kölənin əsər qəhrəmanı olması bir az xəyal idi. Bu düşüncə tərzi Qalland tərəfindən "Min bir gecə"nin zədələnməsinə səbəb olub. Amma bu, nağılların dünya ədəbiyyatına Qalland tərəfindən qazandırılması reallığını dəyişmir. Kitab layiq olduğu dəyərə XIX əsrin sonları, XX əsrin əvvəllərində qovuşub. Nağılların olduğu kimi, senzurasız ərsəyə gəlməsi  J.Ç.Mardrusun böyük əməyi və səyləri nəticəsində mümkünləşib. Məhz bundan sonra dünyada "Min bir gecə" dalğası başlayıb, həmçinin, müxtəlif ölkələrin yazıçı və ədəbiyyatçıları tərəfindən fərqli üslublarda ələ alınıb. Əsər qısa vaxtda başda Fransa, İngiltərə, Almaniya və İspaniya olmaqla bir çox qərb ölkəsində rekord sayda oxucu qazanaraq Şərqə böyük marağın yaranmağına səbəb olub. Nağılların bu qədər təsirli olmasının səbəbi tarix boyunca fantaziyalara, fantastik hekayələrə qarşı olan aşkar və ya gizli maraqdır. İçərisində sirli, ovsunlayıcı, ehtiraslı macəralarla hörülən sətrlər oxuyanları tilsimləyir.

Əsərin sujet xətti qadın sədaqətsizliyidir. Nağıllar mütəmadi qarşımıza çıxan qadın-kişi münasibətlərindəki uğursuzluqlar, yalan, fırıldaq, xəyanət, riyakarlıq, aldatma, aldanma, ifritlər, cinlər və digər sehirli güclərlə mübarizə motivləri üzərində qurulub. "Min bir gecə" nağıllarına görə qadınlar həmişə güvənilməzdir, heç vaxt səmimi deyillər və həmişə kiçik oyunlarla, hiylələrlə kişiləri yoldan çıxardırlar. Kitab da elə şahı sevməyən Şəhrazadın həyatda qalmaq üçün qurduğu hiylədən başlayır. Kitabda qadınların əsas silahı cinsəllikdir.

Bundan istifadə edən qadınlar kişini tərk etmək, xəyanət qorxusu altında saxlayırlar. Pislik, ikiüzlülük bu hekayələrdə insanların məruz qaldığı və ya məruz qoyulduğu faciə kimi bizə sırınmır, sadəcə gerçəkləri təkrar-təkrar, dəfələrlə göstərərək insanı sakit şəkildə aydınladır.

Qeyd edim ki, kitab Şah Şəhriyarın arvadının xəyanətini görməsi ilə başlayır. Bundan sonra şah bütün qadınların sədaqətsiz olduğu qənaətinə vararaq ölkəsində yaşayan bakirə qızlarla bir gecə keçirdikdən sonra onların öldürülməsi əmrini verir. Vəzirin qızı Şəhrazad bu qatili dayandırmaq üçün özünü fəda etməyə qərar verir. Şahla keçirdiyi ilk gecədən sonra ona sonlanmaq bilməyən bir-birinə bağlı nağıllar danışmağa başlayır. Bu isə mükəmməl texnikası olan bir əsər ərsəyə gətirir və oxucunu özünə kilidləyir. Hər gecə danışılan nağıllarda yeni pəncərələr açılır, mövzu başqa yöndə irəliləyir, amma əsla qarışıqlıq olmur. Oxucu əvvəlcə çaşbaş qalacağını düşünsə də, bunun tamamilə əksi yaşanır və həyəcan yüksələn xətlə davam edir. Növbəti nağılın əvvəlkindən daha həyəcanlı olacağını düşünən oxucu kitabı axıra qədər əlindən yerə qoymur.

"Min bir gecə" nağılları içərisindəki xəyanətləri, aldanışları, aldatmaları, cinayətləri, sevgisi, sevgisizliyi, əxlaqsızlığı, bayağılığı ilə xəzinədir, böyük bir xəzinə. Yeri gəlmişkən, Şəhriyar Şah arvadının zənci ilə xəyanətini izlədiyi zaman dəhşətə gəlir. Hətta gördüyü mənzərədən sonra yaşaya bilməyəcəyini düşünür. Sonra qardaşına deyir ki, başqa diyarlara gedək, mənim başıma gələndən daha betərini yaşayanların olduğunu görək. Gedirlər və daha məşəqqətli hadisələrə şahid olaraq öz hallarına şükür edirlər.

Qısacası, "Min bir gecə" ürək bulandıran, amma bir neçə səhifədən sonra bütün dövrlərin gerçəyinin xəyanət, yalan, riyakarlıq olduğunu anlayaraq bağrına basdığın əsrarəngiz əsərdir!

 





20.12.2020    çap et  çap et