525.Az

Qələbənin növbəti fazası - Telman Orucovun yazısı


 

Qələbənin növbəti fazası - <b style="color:red">Telman Orucovun yazısı </b>

2020-ci ilin payızında ayyarıma qədər davam edən qanlı epopeya Azərbaycan Ordusunun Ermənistan silahlı qüvvələri üzərində tam qələbəsi ilə, əslində, axırıncının aqoniyası ilə başa çatdı.

Noyabrın 10-da Ermənistan rəhbəri diz çöküb, döyüşlərə son qoyulmasını yalvardı və 1990-cı illər müharibəsində hər cür vəhşiliyə əl atan bu düşmənə Azərbaycan rəhbərliyi daim özünə xas olan mərhəməti yenə də göstərdi. Həm də ermənilər əks tərəfin irəli sürdüyü bütün şərtləri, hətta alçaldıcı olanları da qəbul etmək məcburiyyətində qaldı. Şuşa da daxil olmaqla işğal edilmiş ərazilərin hamısı, Dağlıq Qarabağın çox sayda kəndləri azad olundu. Ermənistan hərbi qüvvələri Azərbaycan hüdudlarından qovuldu. Azərbaycanın  böyük ərazisini dar bir zolağın ayırdığı Naxçıvanla onun birbaşa əlaqəsini yaratmaq üçün quru yolun çəkilməsi şərti ilə də Ermənistan razılaşmalı oldu. Bu, Türkiyə ilə hərtərəfli əlaqələrin genişlənməsinə də şərait yaradacaqdır. Həmin məsələ vaxtilə sovet dövründə qaldırılsa da, Moskva Ermənistanı buna razılıq verməyə məcbur edə bilməmişdi. İndi isə həmin "inadkar" güc qarşısında baş əyməli oldu.

Ermənilər addımbaşı "xalqlar dostluğuna" sədaqət andı içirdilər, həm də bu saxta ağacın dadlı meyvələrindən bol-bol faydalanırdılar, Azərbaycandan onlara qaz kəməri çəkilmişdi. Onlar isə bu əliaçıqlığa, bütün sahələrdəki xoş münasibətə nankorluqla cavab verib, fürsət düşən kimi iç üzlərini göstərməklə, qonşu xalqa qarşı düşmənçiliyə başladılar. Yalnız müstəqil, böyük qüdrət sahibinə çevrilmiş Azərbaycanın hərbi qüvvələri onları ram edə bildi. Ölkəmizin rəhbərliyi isə çalınmış qələbə şəratində onların onsuz da zəifləmiş müqavimətini bütünlüklə yoxa çıxardı.

Qələbədən düz bir ay sonra Bakının Azadlıq meydanında Zəfər paradı keçirildi. Bu təntənə xalqımızın düşmənə tutarlı cavab verdiyinin əyani nümayişinə çevrildi. Döyüşdə iştirak etmiş silahlı qüvvələrin bütün növlərinin əsgər və zabitləri başlarını uca tutaraq tribuna önündən keçdilər, burada onları ölkə Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan salamlayırdı. Bu şərəfi onlar döyüşlərdə fədakar iştirakları ilə qazanmışdılar. Böyük Britaniyanın görkəmli dövlət xadimi Uinston Çörçill ingilisləri "şir ürəkli" xalq adlandırmışdı. Son müharibədən sonra azərbaycanlılara da əslində, bu tərifli epitet yaraşır. Məgər sıldırım qayalara dırmaşaraq, Şuşadakı erməni hərbçilərini əlbəyaxa döyüşdə məhv edən igidlər şir ürəyinə sahib olduqlarını real olaraq sübut etməmişlərmi?

Meydanın üstündə yəqin ki, şəhidlərin ruhu dolaşırdı, axı bu zəfərin qazanılması üçün onlar öz canlarını, həyatlaını fəda etmişdilər. Onlar hələ yaşamalı, həyatdan həzz almalı, Vətənə özləri kimi sədaqətli övladlar bəxş etməli idilər. Lakin Vətənin çağırışı onları müqəddəs borcu verməyə səsləmişdi, paradda cismən iştirak etməsələr də, indi ruhən də olsa öz döyüş silahdaşlarının arasında idilər. Ehtiram əlaməti olaraq, Prezident onların xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsini xahiş etdi.

Paradda düşməndən qənimət götürülmüş çox növdə və sayda hərbi texnika, hücum və müdafiə sistemləri nümayiş etdirildi. Erməni əsgərləri tufanı andıran hücum qarşısında bu texnikanın əksəriyyətini qoyub qaçmışdılar. Sonra meydana ordumuzun döyüşlərdə istifadə etdiyi hərbi texnika ağır yük maşınlarının üstündə daxil oldu. Ümumilikdə 150 vahid döyüş texnikası, həmçinin, yenicə silahlanma cəbbəxanasına götürülmüş ən müasir növlər, raket-artilleriya qurğuları, hərbi-hava hücumundan müdafiə vasitələri nümayiş etdirildi. Onlardan ustalıqla istifadə etməyi bacaran ordu qələbə çalmaya bilməzdi. Düşmən isə köhnə, yararlılığını itirmiş texnikaya bel bağlayırdı, onların səmərəsi isə olduqca az idi. Onlar silahlarının keyfiyyəti ilə deyil, kəmiyyəti ilə öyündükləridən acı nəticələrə yiyələndilər.

Zəfər paradı müasir döyüş vasitələri ilə silahlanmış, əslində, XXI əsr müharibəsinə qadir olan yeni ordumuzun nümayişinə çevrildi və bu, xalqımızda qürur hissi yaratmaya bilməzdi. Dostlarımız da bu mənzərəni seyr etdikcə sevinirdilər, düşmən isə, onsuz da elə bir təsiri olmayan hiddətini gizlədə bilmir, ordumza nifrətini yağdırırdı. Təəssüf ki, onlar özlərinə havadarlar da tapırdı. Rusiya Dövlət Dumasının deputatı bədnam bəyanat verərək, paradın keçirilməsini Ermənistanın təhqir olunması kimi qiymətləndirmişdi. Yəqin o, çox istəyərdi ki, məğlub edilmiş düşmənin şərəfinə şən şərqilər oxunsun. Bəs niyə 30 il ərzində Azərbaycan xalqı təhqirlərə məruz qalanda onlardan heç kəs səsini də çıxartmırdı? Bu azmış kimi, həmin natiq daha uzağa gedərək, təcavüzkarın çirkin əməllərini ifşa etmək əvəzinə, Ermənistandaki ata-baba yurdlarından qovulmuş azərbaycanlıların tarixi torpaqlarının adının çəkilməsini az yox, əsl qisasa çağırış əlaməti adlandırmaqla, Azərbaycan rəhbərliyinin sülhsevər siyasətinə kölgə salmağa çalışmışdı.

Zəfər paradı təkcə ordumuzun şücaətinin tərənnümünə həsr olunmuş tamaşa olmayıb, həm də qələbədən sonrakı dövr üçün azad olunmuş ərazilərin bərpası, ümumilikdə ölkənin inkişafı barədəki ideyaların irəli sürüldüyü məkana çevrildi. Azərbaycan həmişə olduğu kimi, yenə də öz sülhsevər siyasətinə sadiq qalacaqdır. Prezident İlham Əliyev bəyan etdi ki, regionda sülhün bərqərar olunması üçün mümkün olan hər şey ediləcəkdir. Ermənistan son illərdəki militarist və revanşist mövqeyindən uzaqlaşsa, onunla iqtisadi əməkdaşlıq başlana bilər. Türkiyə Prezidenti də bu təklifə tərəfdar çıxıb bildirdi ki, Ermənistanın saxta iddialarından əl çəkməsi müqabilində ölkəsi ona öz dövlət sərhədlərini aça bilər.

Əlbəttə, düşmənçilik heç kəsə fayda vermir. Buddanın dediyi kimi, "Nifrətə nifrətlə son qoymaq mümkün deyildir, ona yalnız məhəbbətlə son qoymaq olar". Biz heç də ermənilərdən saxta məhəbbəti ummuruq, çünki onlar tarix boyu fürsət düşən kimi cinayətkar nankorluqlarını göstərməkdən çəkinməmişdilər. Ermənistan qatı millətçiləri türklərə və azərbaycanlılara nifrət bəsləməklə, onları düşmən qiyafəsində görürlər. Bu nifrət hissi birinci növbədə ermənilərin özünə ziyan vurur və əks tərəfdə də onlar belə münasibətin formalaşması meyllərinin yaranması ilə üzləşməli olurlar.

Ən vacib məsələ isə işğaldan azad olunmuş ərazilərdə şəhərlərin və kəndlərin bərpası, onların insan yaşayışı üçün yararlı hala salınması, təsərrüfat fəaliyyətinin yeni əsasda qurulmasıdır. Əslində, "bərpa" termini bu ərazilərdə aparılacaq böyükmiqyaslı işlərə heç də uyğun gəlmir. Axı erməni işğalçıları, kiçik istisna ilə bütün yaşayış məntəqələrini xaraba qoymuş, binaları, evləri dağıtmış və yandırmışlar, burada bərpa edilmək üçün heç nə qalmamışdır. Dahi Nizami hələ doqquz əsr bundan əvvəl Persiya şahı Ənuşirəvanın timsalında böyük əraziləri viran qoyacaq erməniləri görmüşdü. İki bayquş övladlarını evləndirmək üçün sövdələşəndə, qız atası gələcək qudasından yüz xaraba kənd istəyir. Tələbi eşidən bayquş deyir ki, nə qədər ki, Ənuşirəvan şahdır, sənə lap çox sayda da xaraba kənd verəcəyəm. Erməni təcavüzkarları da işğal etdikləri ərazilərdə şəhərləri və kəndləri xarabazara çevirmişdilər, iyrənc əməlləri ilə Nuşirəvan timsalını da geridə qoymuşdular.

İndi xarabalıqlar üzərində yeni şəhərlər, kəndlər salınmalıdır. Jurnalistlər stereotipi əsas götürərək, ermənilərin belə iyrənc fəaliyyətini vandalizm nümunəsi kimi qələmə verir, onun müəlliflərini isə vandallar adlandırırlar. Məsələnin mahiyyətinə və dağıntıların miqyasına  baxdıqda bu söz ancaq bir evfemizm kimi səslənir. Tarixə nəzər yetirsək, vandallar kral Geyzerixin başçılığı altında 455-ci ildə Romanı tutaraq, qarət etmiş, oradakı antik mədəniyyəti, çox sayda tarixi abidələri məhv etmişdilər. Bundan 45 il əvvəl  vestqotlar da öz kralları Alarixin başçılığı altında Romanı ilkin qarətə məruz qoymuşdular. Əbədi şəhərə ağır yaralar vurulsa da, bütünlüklə dağıdılmamışdı, şəhər yaşayırdı, sakinlərin evlərinə elə ziyan dəyməmişdi. Vandalların pis əməllərindən də "vandalizm" termini meydana gəlmişdi.

Biz şəhərlərimizi qədim Roma ilə müqayisə etmək fikrindən uzağıq. Lakin Romanın başına gələnlərlə, bizim şəhərlərin dağıdılması arasında böyük fərq vardır. Vandallar Romanı heç də bütünlüklə xarabazara çevirməmişdilər, şəhər yenə də düşmənləri cəlb edən hədəf olaraq qalırdı. Ona görə də az sonra, 476-cı ildə Odoakrın başçılıq etdiyi german muzdluları sonuncu imperatoru qətlə yetirməklə, Qərbi Roma İmperiyasının mövcudluğuna son qoymuşdular. Ermənilərin işğal etdikləri Ağdam, Füzuli, Cəbrayıl şəhərlərinə gəldikdə, onların əvvəllər sadəcə yaşayış məntəqəsi olmasından da heç bir əsər-əlamət qalmamışdır. Onlarda salamat bina tapılmırdı ki, ərazi azad olunandan sonra onun üstündə Azərbaycanın dövlət bayrağı qaldırılsın.

Əməllərinə görə, vandalların mənəvi övladları olan ermənilərin adını əsas götürərək bəzi ziyalılar onların törətdiklərini "hayizm" adlandırırlar, çünki onlar ruhi əcdadlarının əməllərini - vandalizmi də kölgədə qoyurlar. Bədbəxtlik orasındadır ki, onlar öz eybəcər əməllərindən heç də utanmırlar. İkinci Dünya müharibəsindəki məğlubiyyətdən sonra almanlar dəhşətli cinayətlərinə görə peşman olduqlarını etiraf etdilər, öz günahlarını tövbə etdilər. Bəs ermənilər niyə öz günahlarını etiraf etmək istəmirlər? Alman natsistlərinin maddi və texniki imkanlarına malik olsaydılar, ermənilər irqçilərə məxsus olan qaydada qonşu xalqların kökünü qazardılar. Yaxşı ki, dəvənin qanadı yoxdur, özünü dağıdıcı bombaya, lap istilik-nüvə silahına çevirərdi.

İşğaldan azad olunmuş şəhərlərin tikintisi, abadlaşdırılması nəhəng maddi xərclər  və səylər tələb edir. Keçən əsrdə yeni şəhərlərin salınması təcrübəsi mövcud olmuşdur. Öz ölkəmizdə Sumqayıt və Mingəçevir şəhərləri salınmışdır. Məşhur fransız arxitektoru Le Korbyuzenin layihəsi əsasında Hindistanda Çandiqarx şəhəri meydana gəlmişdi.  Braziliyanın yeni paytaxtı olması məqsədilə böyük memar Oskar Nimeyerin layihəsi ilə gözəlliyi ilə seçilən Brazilia şəhəri tikilmişdir. Qazaxıstandakı Astana şəhəri bütünlüklə yeniləşdirilmiş, arxitektura inciləri ilə seçilən modern şəhərə çevrilməklə, ölkənin paytaxtı ora köçürülmüşdür. İndi şəhər onun əsaslı rekonstruksiyasının təşəbbüskarı olan prezident Nazarbayevin şərəfinə Nursultan adını daşıyır.

Bunlar tək-tək nümunələrdir və vahid tikinti meydançasında boya-başa gəlmişdir. Ölkəmizdə isə dörd şəhər yenidən salınacaq, digər dörd şəhərdə yenidənqurma işləri aparılacaqdır. Vəzifə olduqca böyükdür və əsl Herakl hünəri tələb edir. Böyük maliyyə vəsaiti və inşaat materialları sərf edilməlidir ki, səkkiz yeni abad şəhər, yüzlərlə kənd meydana gəlsin.

Həqiqətən də nəhəng miqyasda işlərin görülməsi planlaşdırılır. Qələbə xalqda elə coşğunluq, elə ruh yüksəkliyi yaratmışdır ki, o, Fərhad kimi Bisutun dağını da çapmaqdan çəkinməyəcək, qarşıdakı böyük işlərə cəsarətlə girişəcəkdir. Son iki onillikdə ölkəmizdə çox geniş miqyasda tikinti-quruculuq işləri həyata keçirilmiş, Bakı möhtəşəm binalarla zəngin olan bir şəhərə çevrilmişdir. Bir-iki il əvvəl Bakıda olan qonaq yenidən şəhərimizə gəldikdə göz oxşayan abadlıq hesabına onu tanıya bilmir. Paytaxtla yanaşı, Naxçıvan, Lənkəran, Qəbələ, Sumqayıt və Gəncə şəhərləri də xeyli abadlaşmışdır.

Bəli, Qələbənin yeni, nail olunmasının mürəkkəbliyinə görə onun həyata keçirilməsindən də geri qalmayan ikinci fazası başlayır. Xalqımız son müharibədə qeyri-adi ehtiras nümayiş etdirmiş, onu hərbi işə yönəltmişdi. Qələbədən sonra hərbi işə olan ehtiras artıq arxada qalmışdır, lakin bu güclü hiss heç də yoxa çıxmamışdır, mövcudluğunu qoruyub saxlamışdır. İndi bu ehtiras tikinti-quruculuq işlərinə, ölkənin iqtisadi inkişafının sürətləndirilməsinə yönəldiləcəkdir. Prezident İlham Əliyev qeyri-neft sektorunun inkişafı hesabına qarşıdakı on ildə ümumi daxili məhsul istehsalının iki dəfə artırılması vəzifəsini irəli sürmüşdür. İllik artım tempi 8-10 faiz olacaqdır, bu, o qədər də əlçatmaz görünmür, əvvəlki illərdə respublika  daha yüksək inkişaf tempinə nail olmağı bacarmışdı. Ölkə iqtisadiyyatı qarşısında qoyulan böyük vəzifə həm də qazanılmış Qələbəyə, onun yaratdığı  yüksək əhval-ruhiyyəyə əsaslanır.

Dənizçilik asan fəaliyyət növü deyildir, xüsusi qabiliyyət və fərasət tələb edir. Buxarla işləyən  gəmilər icad olunana qədər minilliklər ərzində insanlar əsasən dənizlərdə və okeanlarda yelkənli gəmilərdə üzmüşdülər. Gəminin hərəkət etməsi üçün, qəribə səslənsə də, yanacaq kimi küləyin olması vacib idi. Homerin yazdığına görə, ordunun başında Troyaya yola düşmək istəyən Aqamemnon allahlardan külək əsdirməsini xahiş edib, doğma qızı İfigeniyanı bu məqsədlə qurban vermişdi. Miflərdə qeyd olunduğu kimi, Mikena çarı Troyadan qayıtdıqdan sonra bu qurban ailədə yeni faciələrə səbəb olmuş, onun özü və arvadı Klitemnestra qətlə yetirilmişdi. Yaxud Hindistana yeni açılmış su yolu ilə gedəndə Afrikanın cənubundan Hind okeanına keçmək üçün qitənin qərb sahili suları ilə üzmək lazım gəlirdi, lakin Qvineya sahilləri yaxınlığındakı sularda dənizçilər küləyin əsməməsi ilə, tam sakitliklə üzləşirdilər, bu isə əsl fəlakət demək idi. Dənizçilər qızmar istidən və susuzluqdan ölürdülər. Portuqaliya dəniz səyyahı Pedru Kabral 1500-cü ildə Hindistana gedərkən bu təhlükədən qaçmaq üçün Qvineya sahilinə yaxınlaşmaq istəməyərək, qərbə doğru üzdü, sonra su cərəyanı onu Braziliya sahillərinə gətirib çıxardı və özündən asılı olmayaraq o, Cənubi Amerika qitəsinin kəşf etməli oldu. Bəzən sərt küləklər, tufan fəlakətə də aparır. 1588-ci ildə İngiltərəni işğal etməyə gedən ispanların məğlubedilməz Armadasını məhv etməkdə tufan ingilislərə əvəzsiz kömək göstərmişdi. Ona görə də dənizçilərə uğur arzulayanda deyirdilər ki, "Yelkənlərin küləklə dolsun!"  Azərbaycan isə nəhəng vəzifə qarşısında olduğuna görə onu sevənlərin hamısı bir ağızdan bu iri gəminin dənizçilərinə demək istəyir: "Yelkənlərin fırtına ilə dolsun!" Çünki Qələbənin ikinci fazası başlayır və o, əvvəlkindən az səylər tələb etməyəcəkdir. Düzdür, artıq düşmənə qarşı döyüş getməyəcəkdir, lakin müharibələr vaxtı, həm də işğal illərində düşmənin vurduğu ağır yaraların sağaldılmasına çalışılacaqdır. Yeni qələbə naminə, ən azı daha uzun müddət zəhmət çəkmək lazım gələcəkdir. Şübhə yoxdur ki, Azərbaycan iqtisadi sahədə də zəfər çalmaqla, birinci qələbəsini ləyaqətlə qazandığını sübut etməklə yanaşı, öz xalqının necə böyük bir potensiala malik olduğunu bütün dünyaya göstərəcək.

 

 





21.12.2020    çap et  çap et