525.Az

"Milli yaddaşın məhək daşı"na maraqlı elmi baxış - Resenziya


 

XALQ ŞAİRİ MƏMMƏD ARAZIN ƏDƏBİ İRSİNƏ HƏSR OLUNMUŞ YENİ MONOQRAFİYA HAQQINDA QEYDLƏR

"Milli yaddaşın məhək daşı"na maraqlı elmi baxış - <b style="color:red">Resenziya</b>

"Xalq şairi Məmməd Araz (1933-2004) XX əsr Azərbaycan şeirinin yeni inkişaf yolunu müəyyənləşdirən və onun zirvəsini təşkil edən məharətli söz ustadı, qüdrətli bir sənətkardır. Bu görkəmli söz ustadı yaradıcılığa gəldiyi mərhələdə xalq şeiri ənənələrinə dayanan Azərbaycan poeziyasının inkişafı və zənginləşməsinə öz misilsiz töhfələrini vermişdir. Qırx ildən artıq bir mərhələdə özünün qeyri-adi sənətkarlıq qüdrəti, fövqəl poetik qələmi ilə Azərbaycan poeziyasının mövzu cəhətdən zənginləşməsi və poetexnikasının əlvanlaşmasına xidmət etmişdir".
 

Bu fikirlər Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, Xalq şairi Məmməd Araz yaradıcılığına həsr olunmuş və yeni çapdan çıxmış monoqrafiyada öz əksini tapıb. "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" adlanan monoqrafiyanın müəllifi AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovdur.

Müəllifin xüsusi şövqlə yazdığı bu əsər onun Xalq şairinin yaradıcılığı üzərində uzun illər apardığı tədqiqat və müşahidələrinin nəticəsi kimi diqqəti cəlb edir.

İki fəsildən ibarət olan monoqrafiya "İstiqlal" ordenli Xalq şairi Məmməd Araz yaradıcılığını müxtəlif aspektlərdən elmi təhlil etmək baxımından maraq doğurur. Əsər Azərbaycan ədəbiyyatının ən çox sevilən və oxunan sənətkarlarından olan Məmməd Araz şəxsiyyəti və irsi haqqında Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin söylədiyi müdrik  fikirlərlə başlayır. Ulu öndərin də dediyi kimi: "Xalq şairi Məmməd Araz dövrümüzün sənət zirvəsində durur".

Monoqrafiyaya Əməkdar elm xadimi, mərhum professor Hüseyn Həşimli tərəfindən yazılan "Məmməd Araz dünyası elmi-ədəbi yaddaş işığında" adlanan ön sözdə həm əsərin müəllifi filologiya üzrə fəlsəfə doktoru, dosent Ramiz Qasımovun elmi yaradıcılığı və tərcümeyi-halı haqda yığcam məlumat verilir, həm də əsərin əsas qayəsi, elmi istiqaməti barəsində tezislər qeyd olunur.

Monoqrafiyanın elmi strukturu təqdirəlayiqdir. Əsərin girişində tədqiqatçı Xalq şairi Məmməd Arazın Azərbaycan ədəbiyyatı tarixində tutduğu yeri və mövqeyinə dəqiq nəzər salaraq tutarlı fikirlər ortaya qoyur.

"Xalq şairi Məmməd Arazın yaradıcılıq qayəsi" adlanan birinci fəsildə İstiqlal şairlərimizin ağsaqqallarından olan Məmməd Araz yaradıcılığının vətəndaşlıq qayəsi və milli mündəricəsi təhlil predmetinə çevrilir. Müəllif bu fəsildə "Xalq şairi Məmməd Arazın yaradıcılığında milli düşüncə və vətəndaşlıq ideallarının təcəssümü", "Məmməd Araz yaradıcılığında Vətən mövzusu və milli istiqlal motivləri", "Məmməd Araz yaradıcılığında Naxçıvan", "Araz mövzusu milli istiqlal ədəbiyyatının konseptual məsələsi kimi", "Xalq şairi Məmməd Araz yaradıcılığında milli xarakter problem", "Məmməd Arazın yaradıcılığında daş obrazı və onun bədii-estetik məzmunu" kimi konkret mövzu istiqamətlərini dərindən araşdırıb. Müəllif təhlillərində sadəcə qəlibləşmiş söz və fikirlər ardınca getmir, tədqiqat mövzusu və istiqamətinə görə orijinal təhlilləri ilə üzə çıxarılmış qiymətli nəticələrini, dolğun fikir və mülahizələrini səsləndirir, şairin vətən məhəbbəti və vətəndaşlıq qayəsini konkret nümunələr, faktlar əsasında təqdim və ehtiva edir.

Müəllif şairin yaradıcılığını konseptual şəkildə tədqiq edir, onun yaradıcılıq nailiyyətlərinin başlıca istiqamətlərini önə çəkir.  Bu müstəvidə Xalq şairinin böyük ustalıqla yaratdığı milli xarakterlərin özünəməxsus təhlili və təqdimi də diqqətdən yayınmır.

Əsərin ikinci fəsli "Məmməd Araz yaradıcılığının sənətkarlıq xüsusiyyətləri" adlanır. "Xalq şairi Məmməd Araz yaradıcılığının mövzu-məzmun xüsusiyyətləri", "Məmməd Araz yaradıcılığında sevgi lirik tema kimi", "Məmməd Araz yaradıcılığının fəlsəfi mahiyyəti", "Məmməd Araz şeirinin dil-üslub xüsusiyyətləri" kimi bölmələrdə Məmməd Araz poeziyasının əlvan söz zənginliyi, mövzu müxtəlifliyi, poetexniki imkanları, sənətkarlıq məharəti və qüdrəti konkret nümunələrlə göstərilir.

Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz” - İki sahil

R.Qasımovun Xalq şairinin ağac, o cümlədən, palıd, çinar ağacları, dağ, dağ küləyi və başqa rəmzi və metaforik obrazları ilə bağlı verdiyi izahlar bədii nümunənin məna yükünün anlaşılmasına geniş stimul verir. Habelə müəllifin çox böyük elmi diapazonda təhlil predmetinə çevirdiyi Məmməd Arazın fəlsəfi fikir dünyası öz maraqlılığı və nəticəliliyi ilə diqqəti cəlb edir. Şairin fəlsəfi fikir aləminə dərindən nüfuz etməyə səy edən müəllif onun bir sıra bu səpkidən olan əsərlərini, xüsusilə məşhur "Dünya sənin, dünya mənim" şeirini çox inandırıcı şəkildə şərh etməyə müvəffəq olur.

Bəzən müəllif eyni bədii nümunələrə istinad etməklə onların təhlilində rast gəlinən müxtəlif məsələləri də əks etdirməyi özünə vəzifə bilir. Bununla da müəllif inandırmağa müvəffəq ola bilir ki, bir bədii fakt müxtəlif yöndən aktual şərh qazanmaq imkanına sahibdir və sənətkarın qüdrəti, məharəti və böyüklüyü də məhz onun belə nümunələri yaratmaq, ifadə etmək imkanındadır.

Monoqrafiyada alimin tədqiqatçılıq məharəti, onun şirin üslubu, dəqiq məntiqi, yığcam və dolğun tezisləri, fikirlərin ölçülü və nəticəliliyi və s. çox yaxından müşahidə olunur. Sanki müəllif öz oxucusu ilə həmsöhbət kimi davranır, onun qəlbindən xəbər verən bir tərzdə fikirlərini çatdırır. Sadəlik və anlaşıqlılıq qeyd edilən bu tədqiqatın başlıca yazı tərzi, üslubi nailiyyətidir. Alimin tədqiqatçılıq məharətində diqqəti cəlb edən mühüm xüsusiyətlərdən biri də  onun statistik təhlillərə istinad etməsidir. Mümkün ədəbiyyatşünaslıq təhlillərindən başqa, tədqiqatçı bəzi əsərlərin təhlilində, onların ideya-estetik xüsusiyyətlərinin izahında linqvistik təhlillərə də dayanır, xüsusi işlənmə fəllığına malik, hətta bəzi əsərlərin konkret olaraq üzərində qurulduğu sözləri təhlil edərək maraqlı tədqiqat örnəyi ortaya qoyur. Müəllif şairin ən çox oxunan əsərlərindən olan "Məndən ötdü" əsərində bu cür təhlil apararq şeirin "sən-mən" opponentliyi üzərində qurulduğunu nəzərə çatdıraraq  əsərdə mənəmliyin ifadə forması, təzahürü olan  "mən" şəxs əvəzliyinin 19 yerdə işləndiyinə diqqəti çəkir, əsərin ideyasının müəyyənləşməsində bu vasitədən məharətlə istifadə edir. Biz bu təhlili Xalq şairinin "Ağlayan qayalar", "Bir axşamın balladası", "Azərbaycan - dünyam mənim", "Qəfil" və digər əsərlərin təhlili prosesində yaxından izləyir, dolğun qənaətlərin ortaya çıxarılmasındakı gücünü yetərincə müşahidə edirik. Müəllif bu cür statistik təhlildən xüsusilə bədii təkrirlərin təhlilində başlıca vasitəyə çevirir. Hətta şairin yaradıcılığında müşahidə olunan bədii təkrirlər üzərində qurulmuş əsərlərinin təhlilinə maraqlı yanaşmalar ortaya qoyur. Bu təhlillərdən sonra Məmməd Araz poeziyasına bir az daha vurğun olub onu daha sıx, daha şövqlə oxumaq, sevmək istəyirsən. Bu təhlillərin işığında Xalq şairi Məmməd Arazın nə qədər ustad, məharətli, qüdrətli bir sənətkar olduğuna bir oxucu kimi də  qəti qənaət gətirir, inam bəsləyirsən. Tədqiqatçı Məmməd Arazın söz qüdrətindən ağızdolusu danışır, konkret nümunələr, çoxsaylı örnəklər təqdm edir. Məmməd Araz şeriyyətinin bədii məntiqi və didaktik qüdrətinə diqqəti çəkən tədqiqatçı çoxsaylı aforistik beytlər, misralar nümayiş etdirməklə Məmməd Arazın yaradıcılıq dilinin üslubi qüdrətinə və əsərlərinin ideyalılığına heyrətamiz münasibət sərgiləyir Monoqrafiyadan oxuduğumuz bu sətirlər isə konkret təhlillərin fonunda daha səmimi və inandırıcı təsirilə seçilir: "Ümumiyyətlə, Azərbaycan dilinin - ana dilinin belə kamil işlənməsi və təcəssümünə görə Xalq şairi Məmməd Arazın yaradıcılığı xüsusi məziyyət təşkil edir. İnsanlara dil öyrədən Uca Allah sanki Xalq şairi Məmməd Arazın yaradıcılıq dili timsalında Azərbaycan dilində danışmışdır". Maraqlıdır ki, əsərdə əksini tapan təhlilləri oxuduqdan sonar qeyd edilən bu fikirlər mübaliğə kimi deyil, məhz səmimi, haqq  olduğu anlaşılır.



Monoqrafiyanın çox maraqlı və sözün əsl mənasında tədqiqatın gəldiyi qənaətləri konkret, dəqiq və dolğun ümumiləşdirən "Nəticə"si vardır. Müəllif uzun-uzadı fikirlərlə oxucunu yormaq, fikir qovhaqovunda azdırmaq deyil, konkret müddəalar əsasında sanballı fikirlərlə gəldiyi qənaət və nəticələri ifadə edir. "Məmməd Araz poeziyası sözün Vətən qibləsidir", "Onun şeirləri vətəndaşlıq himnlərini xatırladır. ...Onun yaradıcılıq qayəsində Vətən ata ocağı, ata ocağı isə Vətəndir", "Onun əsərlərində konkret bir el, bir xalq obrazlaşır və ...bir xalqın tərcümeyi-halı diqqətə gəlir", "Məmməd Araz yaradıcılığı Araz talelidir" və başqa fikirlər öz yığcamlığı, dəqiq, dolğun və səlis ifadəsi ilə oxucularda konkret fikir fomalaşdırır.

Beləliklə, son dövrlərin yeni elmi nəşrlərindən olan "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" monoqrafiyası təkcə alimlər, müəllimlər, tələbələr, konkret ixtisas sahibləri üçün deyil, ümumən geniş oxucu kütləsi, xüsusilə Məməd Araz sevənlər üçün çox oxunaqlı və qiymətli bir mənbə olacağına inanırıq. Hər zaman öz yaradıcılığı ilə gündəmdə olan Xalq şairi Məmməd Arazın yaradıcılığı bir də "Milli yaddaşın məhək daşı: Xalq şairi Məmməd Araz" monoqrafiyası müstəvisində görünəcək və söz yox, müəllifinə alqış gətirəcək. Şairin sənətkarlığına nə qədər fərqli baxışlar olsa da, bu baxışın da özünəməxsusluğu ilə bir naxış gətirəcəyinə əmin ola bilərik. Müəllifin bu böyük sənətkarın yaradıcılığına olan məhəbbət və marağı oxucular üçün də stimul rolunu oynayaraq qüdrətli söz ustadının sənət dünyasına yenidən qayıtmaq marağı və zərurəti qazandıracaq.

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





21.12.2020    çap et  çap et