525.Az

Müasir Naxçıvan mənzərələri və ya blokada ilə yaşıd xatirələr


 

Müasir Naxçıvan mənzərələri və ya blokada ilə yaşıd xatirələr<b style="color:red"></b>

Mən blokada illərinin uşağıyam. 1990-cı illərin... Anam deyərdi ki, sən doğulanda müharibənin şıdırğı vaxtı idi.

Necə deyərlər, ara qarışmışdı, dəftər də itmişdi. Yeməyə, geyməyə düz-əməli heç nə tapmaq olmurdu. Qonşudan nəsə istəmək də ayıb sayılardı. Çünki qonşular da səngünlü idi. Yoxsul mənzərə hamının qapısından asılmışdı. Buna görə də heç kimin üzü gəlmirdi ki, kimdənsə nəsə istəsin. Bir sözlə, yoxsulluq hamının taleyinin əsasını təşkil edirdi. Hələ balaca ikən babamın kövrələrək söylədiyi xatirələr qulaqlarımdan getmir: "Çox kasıbdıq. Evdə yanacaq da yoxudu, yandıraq, canımız qızsın. Həyətində ağacı olanlar bəxtəvər hesab edilirdi. Kəsmək üçün iki ağac arasında da çox qalmışam. Atamın əkdiyi çinarı kəsim, yoxsa neçə illərdən bəri bağımızın dadlı meyvəsi olan tut ağacını? İllərin ağaclarına qıyırdıq..." İndi biz belə hadisələr, yəni ağacların kəsildiyini görəndə ürəyimizdən həmin adamlara qarşı nifrət keçir. Qınayırıq. Vaxtilə babalarımızın üz-üzə qaldığı davranışlar məhz məcburiyyətin iztirablı səhnələridir. Çörək növbələrini, başqa cürbəcür sıxıntıları demirəm hələ (sadalamağa gərək yoxdur, dillər əzbəridir o mənzərələr)...

Biz, 1990-cı illərin Naxçıvan uşaqları gözlərimizi açandan "mühasirə, blokada" sözlərini eşidə-eşidə böyümüşük. Qarabağ məsələsi hələ qanlı münaqişəyə çevrilməmişdən ona aparan mərhələlər ardıcıl, növbəli şəkildə hazırlanırdı. Sovet rejimi öz hökmünü yeritmək üçün qara planlar qururdu. Təbii ki, xalq qara planın ilk səhifələrindən bixəbər idi. Nə bilərdilər ki, 1989-cu ildə azərbaycanlıların Ermənistandan vəhşicəsinə deportasiyası bu planın girişi idi. Ardınca Sumqayıt hadisələri, 1990-cı il 20 yanvarda sovet ordusunun Azərbaycana hücumu, Sədərək istiqamətindən Muxtar Respublikaya hücumlar və nəticədə, şiddətli döyüşlərin getməsi, o cümlədən, bütün Naxçıvanın blokadası, mərkəzi hakimiyyətə xəyanətkar qrupların yerləşdirilməsi, 1991-ci ildən işğal olunmağa başlayan Qarabağ və ətraf ərazilərin acı taleyi. Bütün bunlar tarixin müxtəlif vaxtlarında hazırlanmış, sonra üzə çıxarılan "məhsullar" idi. Səmimi, sadə xalqın içinə qurd salmaq və öz aralarında birlikləri zədələyən qruplar yaratmaq, hakimiyyətə işbilməzləri, millətinə dönük çıxanları gətirmək "plan"ın tərkib hissəsi idi. Bu məkrli əməllərə "Parçala, hökmranlıq et" siyasətinin Azərbaycanda həyata keçirilmə mexanizmi də deyə bilərik. Xalqa qarşı hazırlanan bu qara planların məqsədi birliyi sarsıtmaq, ölkə daxilində əlaqələri kəsmək idi. Başqa cür heç mümkün də deyildi.



Naxçıvanla Bakı arasında olan əlaqələr dəmiryolu üzərindən idi. Və bu əlaqələr də erməni cəlladlarının murdar əməlləri nəticəsində kəsildi. Həmin qatar da illərlə o ağrılı-acılı günün əhvalatını öz pəncərəsində qoruyub saxlayırdı. Gülləbarana tutulan həmin vaqondan danışıram.

O günləri yada salarkən hələ də əziyyətləri, xatirələri qarşısında əzilən baba və nənələrimizdən fərqli olaraq, biz "blokada" sözünü ancaq hərflərdən ibarət bir kəlmə kimi dərk etmişik. Blokadanın ağrı-acılarını hiss etməmişik. Leninqrad şəhəri kimi, onun günlərini də saymamışıq. Onlar Sovetlər dönəminin yoxsulluqları ilə blokadanın əziyyətləri qarşısında keçmişdə yaşadıqlarından imtina edib, xatirələrindən üz çevirmək istəsələr də, öz ağır keçmişləri ilə istəmədən üz-üzə qalıb, ürəkağrısı ilə olub-keçənləri xatırlamalı olurlar... Ancaq müstəqillik illərimizi xatırlamaqla kifayətlənmək istəyirlər...

Ulu öndərimiz Heydər Əliyevin Naxçıvanda müstəqillik ideyalarının ilk toxumlarını səpməsi, düşmənə qarşı birləşmək, vahid güc olmaq çağırışları, məqsədyönlü addımlar atması Naxçıvanı da işğal olunmaq təhlükəsindən qorudu. Hətta o illərin uşağı kimi, bəzən məni çoxlu sual rahatsız edib ki, blokada da olan bir Muxtar Respublika bu qədər necə inkişaf edə bilər? Həmçinin, mənim kimi blokada ilə yaşıd uşaqları da eyni sual maraqlandırıb. Blokadada olan region özünün potensial imkanlarını necə həyata keçirdi? Axı biz çətin, şəraitsiz bir zamanın öhdəsindən necə gələ bildik? Naxçıvanlılar necə blokada sindromunu ancaq kəlmələrdə hiss etdi? Səbəb Ulu öndər Heydər Əliyevin Naxçvanda qurduğu və bu siyasi məktəbin layiqli tələbəsi olan cənab Vasif Talıbova inamla həvalə etdiyi düzgün siyasət idi. Bu 25 ildə Ulu öndərin ideyalarını, dahiyanə missiyasını və Azərbaycan Prezidenti cənab İlham Əliyevin yüksək siyasi iradəsini hər zaman rəhbər tutaraq çalışan Ali Məclis Sədri bu müddətdə Naxçıvanı gülüstana çevirib. Gözəllik, təmizlik, abadlıq, bir sözlə, intibah naminə. 25 il ərzində elə bir ünvan olmayıb ki, orada yeni bir layihə icra olunmasın, yol çəkilməsin, parklar, istirahət mərkəzləri, təhsil müəssisələri, kənd mərkəzləri, səhiyyə ocaqları tikilməsin, tarixi abidələr bərpa olunmasın.



Muxtar Respublikamızda son 25 il ərzində həyata keçirilən tədbirlərin həcmi və coğrafiyası, sözün həqiqi mənasında, hər birimizdə böyük qürur doğurub. Əlahiddə Ümumqoşun Ordusunun yaradılması və ordumuzun maddi-texniki təminatı ilə bağlı görülən işlər, hərbi qulluqçuların sosial şəraitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, həmçinin, Muxtar Respublikada hərbi birləşmə və hissələrdə xidmət üçün yüksək səviyyəli şəraitin yaradılması ordumuzun gücünü dəfələrlə artırıb. 2018-ci ildə Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyəti olan yüksəkliklərin işğaldan azad edilməsi isə ordumuzun qüdrətinin daha bir ifadəsinə çevrilib. Danılmaz həqiqətdir ki, Vətən müharibəsində iştirak edən naxçıvanlı hərbçilərimiz, sözün əsl mənasında, tarixi Qələbədə öz adlarını layiqincə zəfər salnaməçilərinə çevirdilər. Hər il təşkil olunan beynəlxalq şahmat oyunları, gənclərin könüllü startap layihələrinə qoşulması inkişafın ən böyük müjdəçisidir.

Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafının nəticəsidir ki, Naxçıvan şəhəri 2018-ci ildə həm İslam Mədəniyyətinin Paytaxtı, həm də ölkəmizin Gənclər Paytaxtı seçilib. Həmçinin, ötən il Türk Şurası Gənc Liderlərin Forumu muxtar respublikanın beynəlxalq səviyyədə tanınmasının bariz nümunəsi oldu. Bir sözlə, inkişaf və tərəqqi hər sahədə yeniliklərlə geridə qalan çətin illərə meydan oxuyur. Azərbaycan Prezidenti cənab İlham Əliyevin ilk sədri olduğu "Caspian European Club"un 2017-2018-ci illər üçün Azərbaycanın iqtisadi regionlarının 18 parametr üzrə hazırlanmış illik investisiya reytinqində isə Naxçıvan Muxtar Respublikası ən yüksək ümumi bal toplayaraq lider olub. Bunun ifadəsini real rəqəmlər də sübut edir. Elə götürək 2020-ci ilin yanvar-oktyabr aylarının qısa statistikasını. Bəhs olunan dövrdə Muxtar Respublikada 900 milyon 258 min 500 manat dəyərində sənaye məhsulu istehsal olunub.

Ümumi inkişafın təmin edilməsində vəsait qoyuluşlarının mühüm rol oynadığını nəzərə alaraq Muxtar Respublikada 2020-ci ilin yanvar-oktyabr aylarında bütün maliyyə mənbələrindən əsas kapitala 859 milyon 181 min manat vəsait yönəldilib. Bu, bir il öncəki göstəricidən 1 faiz çoxdur. Bu göstərici ölkənin digər iqtisadi rayonları ilə müqayisədə muxtar respublikamızda əsas kapitala vəsait qoyuluşlarının, həmçinin, daha çox olduğunu deməyə əsas verir. Həmin vəsaitin 810 milyon 742 min 300 manatı və ya 94,4 faizi tikinti-quraşdırma işlərində istifadə olunub. Belə ki, həmin dövrdə müxtəlif təyinatlı obyektlərin tikintisi, yenidən qurulması və ya əsaslı təmir olunması davam etdirilib.



Bir yazıya sığışdırılması mümkün olmayan digər sahələrin inkişaf tempi iqtisadi-siyasi dirçəliş, demokratik uğurlar inkişafdan intibaha aparan siyasətin bəhrəsidir. Zamanında sosial-iqtisadi girdab içərisində batıb qalan bir məmləkətdən çiçəklənən, öz iradəsini diktə edən, iqtisadi inkişaf tempinə görə qabaqcıllar cərgəsinə qoşulan Şərqin Qapısı Naxçıvanı məqsədyönlü şəkildə həyata keçirilən tədbirlər və bu tədbirlərin nəticəsində qazanılan uğurlar dünyada inkişaf etmiş bir məkan kimi tanıdıb.

Yeri gəlmişkən, bu yaxınlarda Vətən müharibəsində qazandığımız Qələbənin nəticəsi kimi imzalanan üçtərəfli Bəyannaməyə Azərbaycan Prezidenti cənab İlham Əliyevin xüsusi təkidi ilə salınmış 9-cu bənd müstəsna əhəmiyyət daşıyır. Həmin bənddə nəzərdə tutulan taleyüklü iş - Naxçıvanla Azərbaycanın digər bölgələri arasında kommunikasiya xətlərinin birləşdirilməsi Muxtar respublikanın blokadadan çıxarılmasına şərait yaratmaqla yanaşı, qədim diyarımızın inkişafına da öz töhfəsini verəcək və beləliklə də, Naxçıvanın blokadası tarixin arxivinə, yeni dövr isə müasir inkişafın təntənəsinə çevriləcək.

 





21.12.2020    çap et  çap et