525.Az

Elsevər


 

Elsevər<b style="color:red"></b>

Əsl xoşbəxtliyin nə olduğunu indi anladıq. Ən böyük xoşbəxtlik doğma torpaqların işğaldan azad olunması imiş. Doğma yurdlarından, evlərindən-eşiklərindən didərgin düşmüş insanlarımız necə sevinirdilərsə, Qarabağı görməmiş, Qarabağ haqqında ekrandan, qəzetdən, internetdən eşidən gənclərimiz də o qədər sevinirdilər. Qarabağlı olmayan yaşlılar da, orta nəslin nümayəndələri də  bu payız sevincdən çox göz yaşı tökdülər. Düşmənin xarabazarlığa çevirdiyi şəhərləri, kəndləri ekranda görəndə də sevincdən hamımız ağladıq. Cəbrayıllılar, füzulililər, zəngilanlılar, şuşalılar, ağdamlılar, kəlbəcərlilər dedilər ki, yudumuza, torpağımıza dizin-dizin, ayaqyalın gedəcəklər, otuz il yuxularına girən torpağı qucaqlayıb öpəcəklər. Hansımızın ürəyindən o hisslər keçmədi, hansımız ürəyimizdə demədik ki, biz də Cəbrayılın girişində diz çökəcəyik, Zəngilanın daşını-kəsəyini, Ağdamın adı yazılan lövhəni, Şuşa qalasının ətəyini, Kəlbəcərin kösöv olmuş torpağını öpəcəyik. Nə böyük xoşbəxtlik, nə böyük səadət... İndiyədək doğulduğumuz şəhərin, kəndin, qəsəbənin torpağını niyə öpməmişik? Niyə bir ağac əkib, cörəyini yeyib, suyunu içdiyimiz doğma yurdu abadlaşdırmaq ağlımıza gəlməyib? Amma indi hamımız işğaldan qurtulmuş şəhərlərimiz, kəndlərimiz üçün nə isə bir iş görmək üçün əldən-ayaqdan gedirik. Qocamız-cavanımız düşmənin xaraba qoyduğu yerləri abadlaşdırmaq üçün səfərbər olub. Daş qalaqlarını təmizləmək, qurumuş ağacları çıxarıb, yerinə fidanlar əkmək bu gün milyonlarla insanımızın şirin arzusudur. Otuz ilin əvəzini bir ildə çıxmaq istəyirik. Otuz ildə dünyanın ən dəhşətli olaylarına şahid olmuş, oğulları ölmüş, qızları intihar etmiş, körpələri çarmıxa çəkilmiş, qısırlaşmış, övladsız qalmış, çayları tərsinə axıdılmış, bağları göz dağı olmuş torpaqlarımızı bir göz qırpımında cənnətə çevirmək istəyirik. Bu torpaqlara şəhidlərimizin qanı tökülüb, bu torpaqlar bundan belə səcdəgahımızdır.

Birinci də deyirik, ikinci də deyirik, amma Qarabağ Müharibəsi otuzillik müharibədir. Xalqımız otuz il yatıb-durub “Qarabağ” deyib. Toyunda Qarabağı arzulayıb, yasında şəhidlərinə ağlayıb. Dil açan körpəmiz də “Qarabağ bizimdir”, deyib. Gəncimiz “Ya Qarabağ, ya ölüm!” deyib. Qocalarımız “Prezidentimiz əmr etsə, oğlumla bərabər özüm də döyüşə gedərəm”, deyib. Otuz il halal loxmamız boğazımızdan keçməyib, otuz il xəcalət çəkmişik, otuz il düşmən bizə gülüb, otuz il dişimiz bağırsağımızı kəsib. Bəzən səbrimiz daşıb, çığırmışıq-bağırmışıq, gileylənmişik, “nəyi gözləyirik, niyə hücum etmirik?” demişik.

O gün gəldi... Bir bazar günü yuxudan oyandıq ki, müharibə başlayıb. Ölkəmizin başçısı bilirmiş nəyi nə vaxt və necə etmək lazımdır. Xalqımız bu günü necə həsrətlə gözləyirdi... Əli silah tutanlarımız bir gündə səfərbər oldular. Atalar oğulları ilə könüllü oldular, analar oğullarını qoşalayıb döyüşə göndərdilər, qardaş qardaşı ilə çiyin-çiyinə verib Qarabağa üz tutdu. Xalq bir yumruq olub gürz kimi düşmənin başının üstünü kəsdi. 
      
Ağacan kişinin, Dilbər ananın ocağında iki oğul böyümüşdü. Evin böyük oğlu Elsevər atəşkəsdən bir il sonra dünyaya gəlmişdi, Fərid isə qardaşından iki yaş kiçikdi. Tale elə gətirmişdi ki, qardaşlar eyni vaxtda əsgərlik çəkmişdilər. Tariximizin şərəfli səhifələrindən biri olan 2016-cı ildə iki qardaş Tovuzun Əlibəyli kəndində xidməti borclarını yerinə yetirirdilər. Hərbi xidmətə daha əvvəl deyil, iyul ayında çağırıldıqlarına, Aprel döyüşlərində iştirak edə bilmədiklərinə çox təəssüflənmişdilər. Ordudan tərxis olunan qardaşlar bir gün Vətən uğrunda silaha sarılacaqlarına inanırdılar. Bu ilin iyulunda general Polad Həşimovun və hərbçi yoldaşlarının şəhid olması xəbəri iki qardaşa da çox təsir etmişdi. Bütün vətənpərvər, qoçaq gənclərimiz kimi, qardaşlar da Qarabağ uğrunda müharibə istəyirdilər. Elsevər böyük qardaş olduğu üçün kiçik qardaşına qıymadı, həm də valideynlərinin onlardan başqa övladları yox idi, özü könüllü olaraq Səfərbərlik Xidmətinə ərizə ilə müraciət etdi. 30 illik həsrətimizin bir gün bitəcəyini, ağrı-acımızın dinəcəyini bilmirdi, amma inanıb yola çıxmışdı. Arzusu ürəyində qalmadı. Sentyabır 21-də onu hərbi təlimə çağırdılar. 27-də müharibə başladı... Bir gün keçdi. Sentyabrın 28-də Fəridə də çağırış vərəqəsi gəldi. Böyük qardaşın kiçik qardaşdan xəbəri olmadı. Elsevər Füzulidə, Fərid Hadrud-Xocavənd istiqamətində döyüşürdü. Ordumuzun qəhrəmanlıq dastanı yazdığı günlərdə xalqımız nəfəsini dərmədənn ekranlara bağlanmışdı. Cəbhə xəbərlərini həyəcanla izləyir, Prezidentimizin çıxışlarını intizarla gözləyirdi. Qələbə xəbərləri gəldikcə xalqımızın qəddi düzəlməyə başladı, Cəbrayıl işğaldan azad ediləndə əmin olduq ki, qələbə bizimlədir. Azərbaycan öz tarixinin ən şərəfli günlərini yaşayırdı. Dünyanın hər yerində azərbaycanlılar qürur hissindən yerə-göyə sığmırdılar. 30 ildən sonra böyük bir  millət ilk dəfə ürəkdolusu sevinirdi. Bu iftixarı, bu sevinci, bu səadəti bizə yaşatmaq üçün əsgər və zabitlərimiz döyüş meydanında canlarından-qanlarından keçirdilər... 


      
Qarabağ müharibəsinin, ayrı-ayrı döyüşlərin təfərrüatı vaxt keçdikcə qələmə alınacaq. Gənc yaşlarına baxmayaraq Vətən uğrunda canından keçməyə hazır olan, gözünü qırpmadan düşmənin üstünə gedən iki qardaşın da şücaəti Qələbə salnaməsinin şanlı səhifələrində yer alacaq. Bizim bildiyimiz budur ki, bir-birlərindən xəbər ala bilməyən qardaşlardan kiçik olan Fərid oktyabrın 16-də ağır yaralanıb. Oktyabrın 21-də Elsevər sonuncu dəfə valideynlərilə telefonla danışıb, 3 gün sonra isə Füzuli uğrunda döyüşlərdə şəhid olub... 
    
Elsevər Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin məzunu idi. Böyük arzuları var idi. Gələcək üçün planlar qururdu. Amma vətənpərvər gəncin ən böyük arzusu torpaqlarımızın işğaldan azad olması idi. Bu arzu gerçəkləşmədikcə bütün arzuları həyata keçsəydi də, yarım olardı. Elsevər də, Fərid də xalqımızın ən böyük arzusunu çin etmək üçün döyüşdülər. Fərid hospitalda yatdığı üçün Elsevərin şəhid olduğunu ona deməmişdilər, o, noyabrın 17-də xəstəxanadan evə buraxılanda qardaşının bayraqlı şəklilə göz-gözə gəldi.
      
Vətəni işğaldan qurtarmaq ən böyük qəhrəmanlıqdır, bir xalqa dünyanın ən böyük xoşbəxtliyini yaşatmaq ən böyük savabdır. Elsevərə bu adı kim verib, bilmirəm, bu, təsadüf deyil. Bu bir işarədir, bu bir öhdəlikdir, bu bir məsuliyyətdir. Elsevər öz adını doğrultdu, adına layiq oldu. Tərbiyəli, sakit, təmkinli bir gənc kimi qohumlarının, dostlarının hörmətini qazanmışdı, indi o, bir xalqın and yeridir. Onu böyüdən, vətəndaş kimi tərbiyə edən valideynlərin qarşısında xalq baş əyir. İki oğlunu Vətən Müharibəsinə göndərən ana, iki oğlunu kişi kimi böyüdən ata, xalq sizə minnətdardır. Bakıda dünyaya gələn iki oğlan Qarabağ üçün canını-qanını əsirgəmədi, Vətən tarixinin şanlı səhifəsi onların qanı ilə yazıldı. Bir gözümüz gülərkən, bir gözümüz ağladı. Yaramız istidir, bir gün köz bağlayacaq, amma Qarabağ deyəndə şəhidlərimiz yada düşəcək, qazilərimiz, əsgərlərimiz, zabitlərimiz fikrimizdən keçəcək, ürəyimizdəki yerləri daim onlara məxsus olacaq. Vaxt gələcək qəhrəman şəhidlərimizin əziz xatirəsinə cild-cild kitablar yazılacaq,  qazilərimiz, əsgərlərimiz bədii əsərlərin də qəhrəmanlarına çevriləcəklər. Yeni-yeni nəsillər Elsevərlərə, Fəridlərə bənzəmək istəyəcək, neçə-neçə halal ocaqlarda Elsevərlər, Fəridlər dünyaya gələcəklər və bu oğullar böyük fəxrlə əsgərliklərini cənnət Cəbrayılda, gecələri də gündüz kimi aydın Ağdamda, qartallar yuvası Laçında, şərəf qalamız Şuşada, xanlar-xanzadələr oylağı Xankəndidə çəkəcəklər...

Çinarə Nüsrətli

 

 





21.12.2020    çap et  çap et