525.Az

Gövhər Baxşəliyeva : “Bu gün ölkəyə müasir din xadimləri lazımdır”


 

“Müəyyən yerli-xarici dairələr Azərbaycanda dini durumu gərginləşdirməyə və öz siyasi maraqlarını həyata keçirməyə çalışırlar”

Gövhər Baxşəliyeva : “Bu gün ölkəyə müasir din xadimləri lazımdır”<b style="color:red"></b>

Millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyevanın 525.az-a müsahibəsi

-Gövhər xanım, Azərbaycandakı hazırkı dini durumu necə dəyərləndirirsiniz?

-Hazırda ölkədə dini durum nisbətən sabit olsa da son dövrlər ölkədə radikallıq meyllərinin artması, gənclərin yad təsirlərə məruz qalaraq radikal dini qruplaşmalara qoşulması və Azərbaycan vətəndaşlarının Suriyada cərəyan edən münaqişəyə cəlb edilməsi cəmiyyətdə ciddi narahatlıq doğurmaqdadır. Davamlı olaraq mətbu orqanlarda Azərbaycan vətəndaşlarının Suriyada hökumətlə müxalifət arasında gedən döyüşlərdə fəal iştirak etdiyi və çoxlu sayda Azərbaycan vətəndaşının qətlə yetirildiyi barədə məlumatlar yayılır.

Heç şübhəsiz ki, ölkə ictimaiyyətini, ziyalıları gənclərin hansı səbəblərdən bu təsirlərin altına düşməsi, radikallığa meyllənməsi, bu münaqişəyə necə cəlb olunması və Suriyaya döyüşə hansı yollarla getməsi məsələsi ciddi narahat edir.

-Azərbaycan vətəndaşlarının bəzi müsəlman ölkələrində, o cümlədən Suriyada baş verən münaqişədə iştirakını necə dəyərləndirir, bu barədə nə fikirdəsiniz?

-Məlum olduğu kimi, Suriyada cərəyan edən hadisələr müxtəlif dövlətlər tərəfindən idarə edilir, müharibə ayrı-ayrı ölkələri təmsil edən güclər arasında gedir və dini qruplaşmalar  münaqişə tərəflərindən biri kimi bu proseslərə cəlb olunub. Hazırda Suriya ərazisi artıq müxtəlif radikal dini cərəyan və qruplaşmaların poliqonuna çevrilib və bu hadisələr bölgədə sabitliyin təmin olunmasına ciddi problemlər yaradır.

Eyni zamanda, münaqişənin uzun müddət davam etməsi, qarşısının alınmaması, Azərbaycan vətəndaşlarının bu proseslərdə iştirakı digər müsəlman ölkələrində, o cümlədən Azərbaycanda dini duruma ciddi təsir göstərir.   

-Sizcə, son dövrlər müsəlman ölkələrində radikallıq meyllərinin artmasının səbəbi nədir?

-Son dövrlər bir sıra müsəlman dövlətlərində radikallıq meyllərinin artması və qarşıdurmaların yaranması bilavasitə bölgədə və dünyada baş verən proseslərlə sıx bağlıdır. Müsəlman ölkələrində cərəyan edən siyasi hadisələr, daxili qarşıdurmalar, sosial problemlərin uzun müddət həll olunmaması və münaqişələrin həllinə ikili standartlarla yanaşma bu meyllərin artmasına münbit şərait yaradır.

Eyni zamanda, bir sıra hallarda insan hüquq və azadlıqlarının pozulması, insanların fikirlərini azad ifadə edə bilməmələri, sosial durumlarının yaxşı olmaması, özlərini cəmiyyətdən təcrid olunmuş hiss etmələri radikallığın artmasına güclü təkan verir. Hadisələrin bu şəkildə gedişatı və inkişafı həmin proseslərin getdikcə daha kəskin xarakter alacağını, daha geniş coğrafi əraziləri əhatə edəcəyini və digər müsəlman ölkələrinində də bu cür xoşagəlməz hadisələrin yaşanacağını göstərir. Təcrübə müasir dövrdə yalnız zor və silah gücü ilə bu cür problemləri tam həll etməyin mümkün olmadığını göstərir.

-Ayrı-ayrı müsəlman ölkələrində cərəyan edən hadisələrin Azərbaycandakı dini duruma təsirini necə dəyərləndirirsiniz?

-Son günlər baş verənlər həmin hadisələrin ölkəmizdə dini duruma ciddi təsir etdiyini, bu proseslərin qarşısını almağa tam hazır olmadığımızı, xarici təsirlərin getdikcə ölkədə daha geniş yayıldığını və daxili təbliğatın xarici təbliğata rəqabətdə uduzduğunu göstərir. Bir sıra hallarda ölkədəki dini duruma xaricdən müdaxilələr edilir, müəyyən yerli və xarici dairələr Azərbaycanda dini durumu gərginləşdirməyə və öz siyasi maraqlarını həyata keçirməyə çalışırlar.

Hazırda narahatlıq doğuran məqamlardan biri də son dövrlər Azərbaycanda fəaliyyət göstərən müxtəlif məzhəb və təriqətlərə mənsub insanlar arasında gərginliyin açıq hiss olunmasıdır. Getdikcə bir məzhəbin nümayəndəsinin digər məzhəbin nümayəndəsinə qarşı daha dözümsüz və barışmaz mövqe nümayiş etdirməsi halları artır. Yalnız mənim məzhəbim düzgündür, yalnız mən sağlam əqidə və düşüncə daşıyıcısıyam, qalan hər bir təriqət səhv yoldadır düşüncəsinə meyl daha da güclənir.

-Bu tendensiya yalnız Azərbaycanda hiss olunur, yoxsa, digər müsəlman ölkələrində də bu cür hallar baş verir?

-Tarixin ayrı-ayrı dövrlərində bu cür hadisələr dünyanın müxtəlif bölgələrində tez-tez təkrarlanıb. Hər bir məzhəb, təriqət özünü haqlı və düzgün yolda hesab edib. Hətta bəziləri bunu sübuta yetirmək üçün digərləri ilə silahlı mübarizəyə qalxmağı da məqbul sayıb. Orta əsrlərdə Fransada katoliklərlə protestantların qarşıdurmalarında on minlərlə insan tələf olub.

 Azərbaycanda isə tarix boyu müxtəlif din və təriqətlərə mənsub insanlar arasında qarşılıqlı ehtiram və anlaşma hökm sürüb, bu səpkidə münaqişələr baş verməyib. Ancaq hazırda bəzi dövlətlər ölkəmizdə bu cür münaqişələrin yaranmasında, dini qruplaşmalar arasında qarşıdurmaların baş verməsində maraqlıdırlar. Uzun müddətdir bu istiqamətdə ciddi səylər göstərilir və bunun üçün şərait yaradılmasına çalışılır.

 Biz indidən radikal dini qrupların əli ilə dövlətə, cəmiyyətə qarşı hər hansı formada təxribat, təhlükə yaradıla biləcəyini düşünüb, onları önləməliyik. Hazırda Azərbaycan hakimiyyəti siyasi və iqtisadi baxımdan kifayət qədər güclü və geniş imkanlara malikdir. Həmin qruplaşmalar bu gün dövlətçiliyimizi sarsıdacaq gücündə deyil. Ancaq məzhəblər və təriqətlər arası radikallaşma artır və onların bir-birilərinə münasibətdə kəskin üsullara əl atacaqları ehtimalı güclənir. 

-Hazırda Azərbaycanda dinlər  və məzhəblər arası münasibətləri necə dəyərləndirirsiniz?

-Təəssüf ki, son dövrlər Azərbaycanda məzhəblərin özlərinin daxilində qruplaşma və parçalanma sürətlə gedir. Nə vaxtsa konkret bir din və məzhəb ətrafında toplaşan insanların münasibətləri pozulur, təriqətlər daxilində qruplar yaranır və yaranmış gərginlik getdikcə kəskin müstəviyə çıxır. Buna misal olaraq bir müddət bundan əvvəl Sumqayıtda cərəyan edən hadisələri göstərmək olar.

Məlum olduğu kimi, Sumqayıt Azərbaycanın müxtəlif bölgələrini təmsil edən insanların kompakt yaşadığı bölgədir. Müəyyən təriqətlər, cərəyanlar öz fikirlərini yaymaq üçün Sumqayıtı münbit ərazi hesab etdiyindən, ətraf bölgələr istisna olmaqla şəhərin özündə dini ənənə bir o qədər də güclü olmadığından Azərbaycanda fəaliyyət göstərən bütün islam və qeyri islam təriqətləri bu bölgədə fəaliyyətlərini gücləndirməyə çalışır və bu səbəbdən orada təriqətlər arasında güclü rəqabət gedir.

-Şimali Qafqazda, xüsusilə də Dağıstanda cərəyan edən hadisələrin Azərbaycandakı dini duruma təsirini necə qiymətləndirirsiniz?

-Heç şübhəsiz ki, Şimali Qafqazda cərəyan edən hadisələr Azərbaycana, xüsusilə də Şimal bölgəsində yerləşən rayonlara ciddi təsir edir və bu məsələnin gələcəkdə ölkədəki dini duruma mənfi təsir göstərməsi ehtimalları günü-gündən artır. Hazırda radikal dini qruplaşmalar Dağıstanda aktiv fəaliyyət göstərir, bölgə tez-tez müxtəlif terror hadisələrinin şahidi olur və bəzi hallarda gərginlik özünü şimal sərhədlərimizdə də göstərir.

Getdikcə həmin bölgələrin Azərbaycanın təsir dairəsindən uzaqlaşdığı və Rusiyanın təsir dairəsinə düşdüyü açıq hiss olunur. Hazırda həmin rayonlar dini və milli məsələlərdə Azərbaycandan daha çox Dağıstandan gələn təlimat və göstərişləri yerinə yetirirlər. Biz bu problemləri çox ciddi siqnal kimi qəbul etməli, gələcəkdə bu cür xoşagəlməz hadisələrin yaşanmaması üçün indidən düşünülmüş həll yolları tapmalı və zəruri addımlar atmalıyıq.

 Əgər indidən qabaqlayıcı tədbirlər həyata keçirilməsə və zərərli tendensiyaların qarşısı alınmasa daha ciddi problemlər yaşaya bilərik.

-Azərbaycandakı dini qurum və təşkilatların bu proseslərin qarşısının alınmasında rolunu bəs necə qiymətləndirirsiniz?

-Hazırkı vəziyyət Azərbaycandakı dini təşkilat və qurumların bu proseslərin qarşısının alınmasında və dövlət-din münasibətlərinin Azərbaycanın dövlət maraqlarının təmin olunması baxımından tənzimlənməsində kifayət qədər işlərin görülmədiyini göstərir. Reallıq ölkə dindarlarının çoxunun Azərbaycanda və xaricdə fəaliyyət göstərən müxtəlif dini qruplaşmaları təmsil edən dini liderlərin təlimatlarına tabe olduğunu göstərir.

 Bunun əsas səbəblərindən biri dini qurumlarda dövrün tələb etdiyi zəruri islahatların aparılmaması, din xadimlərinin biliklərinin və intellektual səviyyəsinin qənaətbəxş olmaması, onların dini maarifləndirmənin aparılmasında fəal iştirakdan daha çox yas mərasimləri  ilə fəaliyyətlərinin məhdudlaşdırılmasıdır. Hazırda din xadimi dedikdə insanların ağlına daha çox yas mərasimlərində özlərinin hamıdan ağıllı olduğunu sübut etməyə çalışan, geyim və danışıq tərzinə önəm verməyən, intellektual səviyyəsi aşağı olan və bəzən sağlam məntiqə uyğun gəlməyən rəvayətlər danışan insanlar gəlir.

 Bütün bunlar din xadimlərinə qarşı inam və etibarı zədələyir.

-Sizcə, bu problemlərin qarşısını almaq üçün başqa hansı addımlar atılmalıdır?

-Həmin problemlərin aradan qaldırılması, itirilmiş inam və etibarın bərpa olunması üçün ilk öncə din xadimlərinin bilik səviyyəsi artırılmalıdır. Bu gün din xadimi deyəndə biz qarşımızda dərin mütaliəsi, geniş erudisiyası, kamil təhsil almış, yüksək intellekti və mədəniyyəti ilə fərqlənən şəxs görməliyik. Bu gün ölkəyə müasir, mütərəqqi, azərbaycançılıq ideologiyasına xidmət edən din xadimləri lazımdır.

 Sağlam dini ədəbiyyatın nəşrinə xüsusi önəm verilməlidir. Radikal dini qruplaşmaların məscidlərdə deyil ayrı-ayrı yerlərdə təbliğat aparmaları nəzərə alınaraq sağlam dini maarifləndirmənin onları da əhatə etməsi üçün yollar axtarılmalıdır. Bu məsələlərdə kütləvi informasiya vasitələri də aktiv olmalı, geniş maarifləndirmə işləri aparmalı və məsələlərə dövlət maraqları baxımından yanaşmalıdırlar.

-Hazırda bir sıra qurumların radikallıq meyllərinin qarşısının alınması istiqamətində səylərini necə dəyərləndirmək olar?

-Reallıq göstərir ki, son dövrlər müəyyən qurumların dini maarifləndirmənin aparılması və radikallıq meyllərinin qarşısının alınması məqsədilə həyata keçirdiyi tədbirlər kifayət qədər səmərəli olmamış və xarici dini təsirlərin qarşısını ala bilməmişdir. Hazırda Türkiyə, İran və bir sıra ərəb ölkələri Azərbaycanda dini duruma ciddi şəkildə təsir etmək imkanlarına malikdirlər. Bu problemləri aradan qaldırmaq üçün ilk öncə belə halların baş vermə səbəbləri və yaranmasına şərait yaradan amillər diqqətlə araşdırılmalı və öyrənilməlidir.

 Gənclərin bu təsirlərdən qorunması, radikalizm meyllərinin qarşısının alınması üçün bütün imkanlar səfərbər edilməli, daha effektiv üsullar düşünülməli, daha sistemli və səmərəli işlər görülməli və zəruri qabaqlayıcı addımlar atılmalıdır.

-Belə olduğu halda vəziyyətdən çıxış yolunun tapılması, gənclərimizin zərərli təsirlərdən qorunması və radikallıq meyllərinin qarşısının alınması üçün hansı vacib addımların atılması lazımdır?

-İlk öncə qeyd edim ki, bu problemlərin qarşısını fətva, müsahibə, seminar və konfranslarla almaq mümkün deyil. Zərərli təsirlərə məruz qalmış gənclərin çoxu bu fətvaları qəbul etmir və həmin tədbirlərdə iştirak etmirlər. Burada inzibati tədbirlərdən daha çox geniş və sistemli maarifləndirmə işlərinin həyata keçirilməsinə böyük ehtiyac var. Ölkə vətəndaşlarının bütün təbəqələrini əhatə edən təbliğat planı hazırlanmalı, zəngin biliklərə malik din xadimləri, elm adamları və ziyalılar bu proseslərə cəlb olunmalı, dindarları narahat edən məsələlər, həmçinin sosial problemlər diqqətlə öyrənilməli, onların həlli istiqamətində zəruri addımlar atılmalıdır. Eyni zamanda, aidiyyəti dövlət qurumları gənclərin xarici təsirlərə məruz qalmasının qarşısının alınması, bu fəaliyyətlə məşğul olan şəbəkələrin ifşa olunması üçün bütün imkanlarını səfərbər etməlidirlər. Bu məsələdə dövlət qurumları ilə yanaşı ictimai təşkilatlar, ziyalılar, dinşünas və ilahiyyatçı alimlər, o cümlədən ölkə vətəndaşları yaxından iştirak etməli, bu problem hər bir Azərbaycan vətəndaşını düşündürməli, gənclərlə daha aktiv və intensiv iş aparılmalı və onların sosial problemlərinin həlli istiqamətində tədbirlər daha da gücləndirilməlidir.

Kamil Həmzəoğlu

 





19.02.2014    çap et  çap et