filologiya üzrə fəlsəfə doktoru
Müasir dövrdə dünyanın keyfiyyətcə yeni infrastrukturuna keçid baş verir. Sosial-iqtisadi, mədəni-mənəvi, siyasi-ideoloji sahələrdə sürətli transformasiyalar prosesi gedir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi "Qloballaşma şəraitində innovasiya fəaliyyətinin keyfiyyətcə yeni müstəvidə genişlənməsi ilə bütün dünyada iqtisadi və təsərrüfat proseslərinin dəyişmə tempi, innovativ yeniliklərin yayılması, onların istehsal sahəsində tətbiqi misli görünməmiş şəkildə sürətlənir. Bu, əslində qloballaşmanın "müsbət yüklü" effektidir və getdikcə daha çox ölkənin innovasiya sahəsindəki nailiyyətlərdən, qabaqcıl texniki standartlardan və idarəetmədə yeni metodlardan yararlanmasına imkan verir. Proqnozlara görə, yaxın və nisbətən uzaq gələcəkdə dünya iqtisadiyyatında artım məhz bu amilin təsiri nəticəsində baş verəcək... Növbəti dövr dünya iqtisadiyyatının əsas mərkəzləri arasında tarazlığın dəyişməsi və bununla əlaqədar onun strukturca yenidən qurulması, regional iqtisadi birliklərin rolunun güclənməsi ilə səciyyələnəcək".
İntellektual elmi resurslar müasir dövrdə dünya əmək bazarında strateji resurslar sırasına daxil olub. Hazırda dünya ÜDM-nin üçdə biri alim əməyinin istifadəsi ilə əldə edilir. Bu səbəbdən əhalinin bu qrupu uğrunda dünya bazarında əsl mübarizə gedir. "Beyin axını" istənilən ölkənin iqtisadiyyatına ciddi zərbə vurur. Dünya Bankının məlumatına görə, bir alimin başqa ölkəyə miqrasiyası nəticəsində dəyən zərər 1 milyon ABŞ dolları civarındadır. Qlobal maliyyə böhranının təsiri qabaqcıl ölkələrdə də elmə ayrılan maliyyəyə təsirsiz ötüşməyib. Bununla belə, həmin ölkələr böhranın elmə təsirlərini aradan qaldırmağa ciddi səylər göstərirlər. Məhz bu səbəbdəndir ki, Avropa İttifaqı 2015-ci ilə qədər elmə ayrılan vəsaitin həcmini ÜDM-in 3,5 faizinə çatdırılmasını qarşıya məqsəd qoyub. Həmçinin, İsraildə bu göstəricinin 5 faizə, Rusiyada 1 faizə, Türkiyədə isə 1,5 faizə çatdırılması nəzərdə tutulur. Qeyd edək ki, Azərbaycanda 2012-ci ildə büdcə 17,072 milyard manat, elmə ayrılan vəsait 122 milyon manat (0,6 faiz), 2013-cü ildə büdcə 19 810 milyard manat, elmə ayrılan vəsait isə 7 milyon çox - 129 milyon manat olub (0,7 faiz). 2014-cü ildə elm xərclərinə 146,8 milyon manat, 2013-cü illə müqayisədə 16,3 milyon manat və yaxud 12,5 faiz, 2012-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 30,1 milyon manat və ya 25,8 faiz çox vəsaitin ayrılması proqnozlaşdırılıb.Yəni yaxın illər ərzində elmə ayrılan vəsaitin ÜDM-in 1 faizinə çatdırılması planlaşdırılır.
Yuxarıda qeyd edilən amilləri nəzərə alaraq aparıcı dünya ölkələri qloballaşan dövrün tələblərinə uyğun kadr hazırlığına xüsusi diqqət yetirirlər. ABŞ Milli Elm Fondunun elmi-texnoloji inkişafın qlobal dinamikasını əks etdirən statistik nəşrində qeyd olunur ki, elmi işçilərin sayına görə Çin artıq ABŞ-a çatmaq üzrədir. Digər Şərqi Asiya ölkələrində də (Cənubi Koreya, Tayvan və Sinqapurda) bu sürətli inkişaf tendensiyası müşahidə edilməkdədir.
Elmin prioritet istiqamətlərində kadr hazırlığı məsələsi ABŞ Prezidenti Barak Obamanın 2009-cu il aprelin 27-də ABŞ Milli Elmlər Akademiyasının illik yığıncağında etdiyi çıxışında da xüsusi olaraq vurğulanıb. O, həmçinin son 25 ildə ABŞ-da təbii elmlərə ayrılan vəsaitin 2 dəfə azaldığına diqqəti cəlb edərək, elmə ÜDM-in 3 faizini ayıracağına qərar verdiyini bəyan etmişdi. Prezident Obama bu sahəyə həssas nəzarət üçün prezident yanında "Elm və Texnologiyalar üzrə Məsləhətçilər Şurası"nı (ETMŞ) yaratmışdı.
Avropa Komissiyasının dövlətlərin elmi resurslarının müzakirə edildiyi 2013-cü ildə keçirilmiş iclasında ümumilikdə bu qənaətə gəlinmişdir ki, iqtisadi artım templərini yaxın on ildə 2-3 faiz səviyyəsində saxlamaq üçün Aİ ölkələrinə hər il 800 min nəfərdən az olmayaraq ixtisaslı mütəxəssis cəlb edilməlidir. Xüsusilə bir çox ölkələrdə bu gün nanotexnologiya, gen mühəndisliyi, riyaziyyat kimi elm sahələrində yüksək ixtisaslı mütəxəssislərə ehtiyac hiss edilir. Statistikaya görə, təkcə Böyük Britaniyada onlara tələbat təxminən 100,000-dir. Belə işçi qüvvəsinin əsas mənbəyi kimi Türkiyə və MDB ölkələri göstərilir.
Qeyd edək ki, ABŞ-da nanotexnologiyanın inkişafı üzrə Milli Proqramın qəbul edilməsi bu ölkədə son dövrdə 30 mindən çox xarici mütəxəssisə ABŞ vətəndaşı olmaq imkanı verib. Hazırda Amerikada yarım milyona yaxın avropalı alim çalışır və onlar vətənlərinə qayıtmaq niyyətində deyillər. Çünki ABŞ-da alimlərin sosial statusu daha yüksəkdir. Bu səbəbdən Amerikaya avropalı alimlərin güclü axını müşahidə edilir.
Ümumilikdə bu gün qlobal elm, təhsil və texnologiya mərkəzinə çevrilmək üçün inkişaf etmiş ölkələr tərəfindən böyük səylər göstərilir. Məsələn, Sinqapur nümunəsinə diqqət yetirək: Son illər Sinqapurun elm və təhsil, texnologiya və tədqiqat istiqamətləri sahəsində böyük nailiyyətlər əldə etməsi xüsusilə diqqət çəkir. Uzun müddət heç bir elmi nailiyyətinə görə adı hallanmayan, belə desək, "heç nədən elm yaradan" Sinqapur bu gün qarşısına qlobal elm, texnologiya və innovasiya mərkəzi olmaq kimi iddialı vəzifə qoyub. Faktiki olaraq Sinqapur hökuməti bu gün elmi elita hazırlığının uzunmüddətli və genişmiqyaslı proqramını həyata keçirir. Belə ki, burada məqsədyönlü şəkildə həm ölkə daxilindəki, həm də Hindistan, Çin, Vyetnam, Kamboca, Bruney, İndoneziya, Laos, Myanma, Tayland, Filippin, Malayziya kimi region ölkələrindən gətirilən istedadlı gənclərə müxtəlif cəzbedici təqaüdlər təqdim olunur. Onlar Harvard, Kembric və Stenford kimi dünyanın ən keyfiyyətli təhsil təqdim edən universitetlərinə oxumağa göndərilir.
Yəni dövlət həm yerli kadrları inkişaf etdirir, həm də xaricdən istedadlı şagird, tələbə, gənc mütəxəssis və alimləri cəlb edir. Dövlət çalışır ki, həm orta məktəblərdə, həm kollec və ali məktəblərdə, həm də doktorantura və doktoranturadan sonrakı mərhələdə sistemli, yaradıcı yanaşma tətbiq etməklə, təqaüd və qrantlar ayırmaqla, sərfəli təhsil kreditləri verməklə elm və təhsilin, texnologiya və biznesin harmoniyasını qursun. Sinqapur hökuməti növbəti beş ildə elmi tədqiqatlar aparmaq üçün dövlət büdcəsindən 13 milyard ABŞ dolları ayırmağı planlaşdırır. Hazırda Sinqapurda Təhsil Nazirliyinin, dövlətin elm və texnologiyalar üzrə sektoruna nəzarət edən və 12 elmi-tədqiqat institutunu idarə edən Elm, Texnologiya və Tədqiqatlar üzrə Agentliyin, Sinqapur Milli Universitetinin (NUS), həmçinin digər dövlət qurumlarının, özəl sektorun dəstəyi ilə "ASEAN", "SIA", "A*STAR", "A*STAR Investigatorship", "MOE" adlı təqaüd proqramları fəaliyyət göstərir. İqtisadi İnkişaf Şurası (EDB) elmi nəticələrin biznesə tətbiqinə, ümumiyyətlə, ölkə iqtisadiyyatının infrastrukturunun inkişafına cavabdehlik daşıyır.
Xaricdən dəvət olunmuş alimlərin Sinqapura fiziki və mənəvi uyğunlaşmasını təmin etmək üçün xüsusi tanışlıq proqramları təqdim olunur, dialoqlar təşkil edilir, yataqxanalarda hər cür şərait yaradılır və s.
Bundan başqa, universitetlərdə tədris prosesinin təşkili üçün yeni metodlar axtarılır, onlara qrantlar ayrılır. Məsələn, Nanyang Texnologiya Universiteti energetika, nanotexnologiya və biomühəndislik kimi müasir elm sahələrində tədqiqatlar aparmaq üçün ciddi qrantlar qazanmışdır. Məqsəd gənc mütəxəssislərə təkcə bu elmi tədqiqatlarda iştirak etmək deyil, həm də onlara bu layihələrə rəhbərlik etmək üçün şərait yaratmaqdır.
Və yaxud Rusiya təcrübəsinə nəzər yetirək. Məlumdur ki, Rusiyada müxtəlif istiqamətlərdə yüksək ixtisaslı kadrlar yetişdirən əsas elmi qurum kimi Elmlər Akademiyası fəaliyyət göstərir. Bununla yanaşı, elm, təhsil və istehsalatın bir-birinə bağlılığının vacibliyini nəzərə alan Rusiya hökuməti müasir qlobal iqtisadiyyatda öz yerini tapa bilən yeni tədqiqatçılar və mühəndislər nəslinin yetişdirilməsi, həmçinin yeni texnologiyaların inkişafı və kommersiyalaşdırılması üçün 2015-ci ilə qədər müasir elm və texnologiya kompleksi sayılan Skolkovo "elm şəhərciyi"nin tikintisi üçün dövlət büdcəsindən 2 milyard avro maliyyə vəsaiti ayırıb. Bu elm şəhərciyində müxtəlif elm sahələri, o cümlədən informasiya, kosmik və nüvə texnologiyaları inkişaf etdiriləcək.
Qeyd edək ki, "Skoltex" təhsil konsepsiyasının bazasını onun xarici tərəfdaşı olan Massaçusets Universitetinin təcrübəsi təşkil edir. Layihənin təhsil hissəsinin nüvəsini "Skoltex" kimi tanınan Skolkovo Elm və Texnologiya İnstitutu təşkil edəcək. Onun rəsmi şəkildə bu ilin sentyabr ayında açılması planlaşdırılır. 2020-ci ildə burada müxtəlif prioritet istiqamətlər üzrə 1200 tələbənin təhsil alacağı planlaşdırılır.
Göründüyü kimi, dünya elmində islahatların aparılmasının strateji, prioritet istiqamətlərindən biri də gənc mütəxəssis və alimlərin elmə gəlişini, onların aşkarlanmasını və sosial dəstəklənməsini təmin edən tədbirlər sisteminin müəyyən edilməsi təşkil edir. Belə ki, yaxın perspektivdə elmdə radikal dönüşün yaradılması müstəsna olaraq gənc mütəxəssis və alimlər faktoru ilə bağlı olacaq. Bu gün ölkənin uzunmüddətli davamlı iqtisadi inkişafını təmin etmək, "bilik iqtisadiyyatı"nı formalaşdırmaq kimi strateji vəzifələrin həlli üçün yollar axtarışında olan və yeni bir islahatlar mərhələsinə qədəm qoymuş Azərbaycan elminin (xüsusilə AMEA-nın) də bu qabaqcıl təcrübədən faydalanması onun dünya elm məkanına daha sıx inteqrasiyasını şərtləndirəcək.
çap et