525.Az

Ömrə bərabər gün... - Yazı


 

Ömrə bərabər gün... - <b style="color:red">Yazı</b>

Avqust ayının istisi Bağdadda artıq əlli beş dərəcəyə çatmışdı. Bağdadlılar bu istiyə öyrəşmişdilər. Hətta zarafatla bir hadisəni yada salıb deyərdilər: "Bir gün Osmanlı paşası Bağdada gəlir. Bu, yay aylarına təsadüf etdiyindən paşa şikayətlənir: "Niyə bu qədər istidir?" Ona cavab verirlər ki, bu isti xurmanın yetişməsi üçündür. Paşa isə: "Əgər bu istiyə səbəb xurmadırsa, onda bütün xurmaları qırın!"

Lakin bu gün Bağdad başqa bir od-alovun içərisində idi. Səddam Hüseyn rejiminə son qoymuş Amerika ordusu artıq bir ildən çoxdur ki, Bağdada daxil olmuşdu. Ölkəni xaos bürümüşdü. Yeni seçilmiş prezident, milliyətcə kürd olan Jəlal Talabani vəziyyətdən çıxış yolu tapa bilmirdi. Hər gün şəhərin müxtəlif yerlərində baş verən və günahsız insanların ölümünə səbəb olan saysız-hesabsız partlayışlar, güllə səsləri, evlərə silahlı basqınlar, adam oğurluğu, elektrik enerjisinin olmaması, suyun və ərzaq çatışmazlığı həyatı dözülməz etmişdi. Hətta xalq arasında bu vəziyyəti təsvir edən bir şeir də yaranmışdı:

Lə may, lə dou, lə təmr hindi,
Fouq əl-fıqr va əl-ğəm, raisinə əl-kurdi!

(Nə su var, nə işıq, nə hind xurması,
Kasıbçılıq və qəm bir yana,
Üstəlik, padşahımız da kürddür).

Bir neçə ay əvvəl əmin-amanlıqla yaşayan Bağdaddan əsər-əlamət qalmamışdı. Ölkə iki yerə - sünni və şiə cəbhəsinə bölünmüşdü. Hətta ölkənin paytaxtı da sünni və şiə rayonlarına parçalanmışdı. Sünnilər şiələrin, şiələr də sünnilərin olduğu rayonlara gedə bilmirdilər. Bu isə adamların gündəlik həyatını daha da çətinləşdirirdi. Məsələn, əgər sünni olan şəxsin şiələr olan rayona işi düşürdüsə və ya əksinə, onda həmin kəs başqa məzhəbdən olan bir adamla danışır, "sərhəd" xəttində görüşüb, məsələni həll edirdilər. Təbii ki, göstərilən xidmətin öz haqqı var idi. Hətta bəzi yerlərdə həmin rayonlar arasında üç metr hündürlüyündə beton bloklar da quraşdırılmışdı...

Sünni və şiə probleminin kökü tarixin dərin qatlarına, ən azından dördüncü xəlifə İmam Əli bin Abu Talibin - Əmir əl-Möminin dövrünə gedib çıxır. Məni onun yaranma tarixi və səbəbi maraqlandırırdı. Bunu öyrənmək üçün müxtəlif ərəb mənbələrinə müraciət edirdim. Hər dəfə oxuduğum kitablarda ziddiyyətli fikirlərə rast gəlirdim. Bir dəfə bu haqda fikrinə hörmətlə yanaşdığım Haccı Ğassandan soruşdum. O, bunu mənə belə izah etdi:

- Üçüncü xəlifə Osman ibn Affan Məhəmməd Peyğəmbərin qızı Ruqiyyənin  ölümündən sonra Peyğəmbərin başqa bir qızı - Umm Kulsum ilə evlənir. O, 656-cı il iyun ayının 17-də özünü müsəlman kimi qələmə verən Abdulla ibn Saba adlı yəhudi tərəfindən qətlə yetirilir. Xəlifənin ölümündə onun tərəfdarlarının, xüsusən də, İmam Əlinin əli yox idi. Bu qətl müsəlmanlar arasında nifaq salmaq üçün düşünülmüş tələ idi. Osman ibn Affan müsəlmanlar arasında böyük hörmət sahibi olduğundan qureyşlilər arasında "Qoy Allah səni qureyşlilər Osmanı sevdiyi kimi sevsin" kimi bir məsəl də dillər əzbəri olmuşdu.

Osman ibn Affanın ölümündən sonra İmam Əli Əbu Talib xəlifə seçilir. Əvvəl o, buna razılıq vermir. Sonra müsəlmanlar arasında sülh, əmin-amanlıq yaradacağını düşünüb razılaşır. Lakin bu seçim müsəlmanlar arasında birmənalı qarşılanmır. Onun tərəfdarları kimi, əleyhdarları da olur. Əleyhdarları arasında Məhəmməd Peyğəmbərin dul qalmış arvadı, Əbu Bəkirin qızı Aişə və Osman ibn Affanın yaxın qohumu, xilafətin Suriyadakı canişini Müaviyyə ibn Sufyan da var idi. Ölkədə Əli İbn Talibə qarşı üsyanlar başlayır. O, Bəsrə yaxınlığında toplaşmış üsyançıları tarixdə "Dəvə döyüşü" adlanan savaşda darmadağın edir. Döyüş zamanı Aişə ibn Əbu Bəkiri əsir götürüb, Əli Əbu Talibin yanına gətirirlər. İmam Əli əsir alınmış Aişəyə: "Siz, möminlərin anası (Umm Əl-Muminin) sayılırsınız, bu müharibədə nə işiniz var!? Qayıdın evinizə", - deyir və onu öz qardaşı Məhəmməd Əbu Bəkirin müşayiəti ilə Mədinəyə yola salır. Aişə ömrünün sonunadək orada yaşayır və bir daha siyasi münaqişələrə qarışmır. Bu döyüşdən sonra İmam Əli Müaviyyə ibn Sufyana qarşı müharibəyə başlayır. Hər iki tərəfin qoşunları Suriya ilə İraq sərhədindəki Siffin deyilən yerdə üz-üzə gəlirlər. Beşgünlük şiddətli döyüşdən sonra Müaviyyə ibn Sufyan döyüşü uduzduğunu görüb, əsgərlərinə Quran vərəqlərini nizələrə taxıb göyə qaldırmağı əmr edir. Bu isə özlüyündə sülhə və mübahisənin münsiflər məhkəməsi tərəfindən həll edilməsinə nail olmaq məqsədi güdürdü. İmam Əli Quran vərəqlərinin göyə qaldırıldığını görüb, döyüşü dayandırmağı əmr edir. Sonra sərkərdələri yığıb iclas keçirir:

- Müharibəni dayandıraq, yoxsa davam etdirək?



Bu zaman onun tərəfdarları arasında fikir ayrılığı yaranır. Bəziləri təkid edir ki, müharibəni davam etdirmək labüddür. Digərləri isə İmam Əlinin verəcəyi qərarı əsas tutur. Uzun sürən mübahisədən sonra İmam Əli qardaş qanı tökməmək üçün müharibəni dayandırmağı əmr edir. Beləliklə, müharibəyə son qoyulur və hakimiyyətin kimin xeyrinə həll olunması münsiflər məhkəməsinin ixtiyarına buraxılır. Müharibəni davam etdirmək istəyənlər İmam Əlidən üz çevirirlər. Beləliklə, tarixdə "xəvariclər" adlanan dini qruplaşma meydana gəlir. İmam Əlinin yanında qalanlar isə həmin vaxtdan Şiat-ul-Əli (Əli tərəfdarları), yəni indi bizim bildiyimiz "şiə" adlandırılırlar.

Məlum olduğu kimi, Münsiflər məhkəməsi hakimiyyəti Müaviyyə İbn Sufyanın xeyrinə həll edir. İmam Əli isə bu məğlubiyyətdən sonra öz ailəsilə birlikdə Kufəyə qayıdır, orada yaşamağa başlayır. İmam Əli yaşadığı evin yanındakı məsciddə sübh namazı qılarkən xəvariclərdən biri tərəfindən ölümcül yaralanır. Onu qılıncla vuran İbn Mülcəmidən nə üçün belə etdiyini soruşurlar. O isə hamını heyrətləndirən bir cavab verir: "Bu qılıncı qırx gündür itiləyirdim və böyük Allahdan diləyirdim ki, onun xəlq etdiyi ən pis adamı bu qılıncla öldürüm". İmam Əli cavabında: "Mənə elə gəlir ki, sən bu qılıncla öldürüləcəksən, çünki böyük Allahın ən pis məxluqu elə sənsən" - deyir. O, sonra övladlarına düz tutur:

- Onunla yaxşı davranın. Əgər sağ qalsam, özüm onunla hər şeyi həll edərəm. Əgər ölsəm, onda onu arxamca göndərərsiniz. Qoy, Böyük Allahın qarşısında cavab versin. Həmin qılıncla ondan başqa heç kimi öldürməyin.

Əmir əl-Möminin iki gündən sonra dünyasını dəyişir. Deyilənə görə, o, ölümündən əvvəl vəsiyyət edir ki, onu bir dəvənin üstünə qoyub buraxsınlar və dəvə harda dayansa, onu orada dəfn etsinlər. Onun vəsiyyətini yerinə yetirirlər. Dəvə Kufədən təxminən  iyirmi kilometr bir məsafə getdikdən sonra dayanır və dizlərini yerə qoyur. İmam Əlini həmin yerdə dəfn edirlər. Həmin yer indi "Ən-Nəcəf"  adlanır. Başqa bir versiyaya görə, övladları və yaxınları Əmir əl-Mömini gecə xəlvətcə dəfn edirlər. Onun dəfn olunduğu yeri gizlədirlər ki, qəbrini təhqir etməsinlər. Haccı Ğassan müxtəlif fikirlərin və rəylərin olduğunu da söylədi. Hər halda onun şərhində də bir məntiq var idi.

Bir sözlə, Mesopotamiyada həyat indi də od-alov içində idi. Heç kimin sabaha ümidi yox idi. Bu isə istər-istəməz mənim Bağdaddakı həyatımı daha da çətinləşdirir və təhlükə altına alırdı. Ona görə də Bağdadı tərk eləmək məcburiyyətində idim. Artıq üçüncü il idi ki, buradaydım və böyük bir rus şirkətinin nümayəndəliyinə rəhbərlik edirdim. Moskvadan - baş idarədən mənə ciddi şəkildə Bağdaddan getməyimi təkid edirdilər. Ölkədən çıxmaq üçün mümkün olan yollar, həm də təhlükəsiz yollar axtarmağa başladıq. Səfirlik də mənə tez bir zamanda İraqı tərk etməyi məsləhət bilirdi. Təbii ki, mən də vəziyyətin gərginliyini, hər dəqiqənin öz hökmü olduğunu başa düşürdüm. Ona görə də burdan çıxmaq mənim üçün labüd idi və artıq qərar vermişdim. Lakin hansı yolla və necə çıxmaq məsələsi qalırdı.

İşimin xarakterindən asılı olaraq istədiyim vaxt ölkəni tərk etmək mənim üçün çox da asan deyildi. Əvvəla, hər tərəfə - qonşu ölkələrə gedən yollar bağlı idi. Biz əvvəllər adətən Bağdaddan İordaniyanın mərkəzi şəhəri Ammana avtomobillə gedər və ordan da istədiyimiz yerə təyyarə ilə uçardıq. Təxminən min kilometr olan Bağdad-Amman yolunun üstündə yerləşən Ramadi və Fəllucə şəhərlərindən keçib getmək olduqca təhlükəli idi və demək olar ki, tamamilə bağlı idi. Əhalinin böyük əksəriyyəti Səddam Hüseyn tərəfdarları idi. Onlar heç cür Səddam hakimiyyətinin devrilməsi və həbs olunması ilə barışa bilmirdilər. Ona görə də burada yerli əhali tez-tez Amerika ordusuna qarşı hücumlar edir, onlara müxtəlif yollarla zərbə endirərək, ölkədən qovmağa çalışırdılar.

Nəhayət, çox götür-qoydan sonra qərara gəldim ki, əməkdaşlarımızdan biri Ğassan Əl-Ravinin məsləhətiylə Bağdaddan şimal-şərqə gedən yolla Munziriyyə şəhərinə getsin, oradan isə İrana keçsin. Onu da deyim ki, Ğassan Əl-Raviyə el arasında "Haccı Ğassan" -  deyə müraciət edirdilər. Biz də ona bu cür müraciət edirdik. O, İraqda sayılıb-seçilən və mötəbər seyidlərdən sayılırdı. Ona olan hörmət və ehtiramı mən gündəlik həyatımda, demək olar ki, hər gün görürdüm. Özünün dediyinə görə, bu hörmət ona İmam Əli nəslinə mənsub olmasından irəli gəlirdi. Haccı Ğassan İmam Əli şəcərəsinin qırx beşinci nəslinə aid idi. Mən onun xalq arasında böyük nüfuza sahib olduğunu dəfələrlə müşahidə etmişdim.

Bir dəfə onun kefsiz olduğunu görüb, "Niyə kefin yoxdur?" - deyə soruşdum. O isə cavabında mənə bir hadisə danışdı və həmin hadisəni yəqin ki, mən heç vaxt unutmayacağam... 

Əsirlikdən arzuolunmaz qayıdış 

Haccı Ğassanın yaşadığı rayondan bir nəfər İraq-İran müharibəsi zamanı cəbhəyə göndərilir. O, arxada həyat yoldaşını və üç övladını qoyub gedir. Bir müddətdən sonra hərbi komissarlığa onun itkin düşməsi haqqında məlumat verirlər. Müharibə qurtarandan sonra da ondan bir səs-soraq çıxmır. Müharibənin qurtarmasndan yeddi il keçir. Həyat yoldaşı onu yeddi il gözlədikdən sonra şəriət qayda-qanunlarına uyğun olaraq, ağsaqqalların məsləhəti ilə itkin düşmüş ərinin qardaşı ilə yenidən ailə qurur və ondan da dörd övladı olur. Günlərin bir günü, on yeddi ildən sonra itkin düşmüş həmin əsgər geri qayıdır. Belə məlum olur ki, bütün bu illər ərzində o, İranda əsirlikdə olub və hər gün ailəsinə, övladlarına qovuşacağı günün ümidi ilə yaşayıb. Sonra əsirlikdən azad olunub evinə qayıdanda artıq arvadının öz doğma qardaşı ilə evləndiyini görür.  Belə olduqda qohum-əqraba yığışıb vacib bir məsələni, yəni onun qoyub getdiyi keçmiş həyat yoldaşının indi kiminlə qalması məsələsini həll etmək istəyirlər. Lakin yekdil bir qərara gələ bilmədikləri üçün Haccı Ğassana üz tuturlar. Haccı Ğassan da çox götür-qoy etdikdən sonra deyir ki, ikinci əri ilə qalması məsləhətdir.

Əsirlikdən qayıdan əsgər isə gecə özünü evin arxasındakı ağacdan asır. Bu hadisə o zaman məni də sarsıtmışdı...

(Ardı var)

Zahid ŞAHSUVAROV

 





22.12.2020    çap et  çap et