525.Az

Paytaxtın təhsil mənzərəsi: yekun göstəricilər inkişafdan xəbər verir


 

Paytaxtın təhsil mənzərəsi: <b style="color:red">yekun göstəricilər inkişafdan xəbər verir</b>

Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən keyfiyyətli tədris, məktəblərin idarəolunması, səmərəli təhsil mühitinin formalaşdırılması, təhsil sahəsindəki islahatların uğurla reallaşdırılması və digər müvafiq dəyərləri təbliğ etmək məqsədilə il ərzində çoxsaylı layihələr, müsabiqələr həyata keçirilib, təlimlər, tədbirlər və görüşlər təşkil edilib.

Tədris ocaqlarının maddi-texniki bazasının gücləndirilməsi və təhsil müəssisələrinin fəaliyyətinin müasir tələblər səviyyəsinə yüksəldilməsi istiqamətində səmərəli işlər görülüb.

BŞTİ-nin İctimaiyyətlə əlaqələr sektorunun rəhbəri Bəşarət Məmmədov deyir ki, İdarənin tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 316 məktəb və 5 Uşaq-Gənclər İnkişaf Mərkəzi fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 455994 şagirdin təlim-tərbiyəsi ilə 27686 müəllim məşğul olur.

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 44904, IX siniflərində 35615, XI siniflərində 20420, XII siniflərində isə 149 nəfər təhsil alır.

Onun sözlərinə görə, BŞTİ-nin tabeliyində olan ümumi təhsil müəssisələrinin I siniflərinə elektron sistem vasitəsilə  2020-2021-ci dərs ili üçün 44904 uşaq qəbul olub. İlk dəfə olaraq ümumi təhsil məktəblərinin I siniflərinə şagird qəbulu zamanı əvvəlcə elektron sistemdə qeydiyyat prosesi, daha sonra isə məktəb seçimi prosesi aktivləşdirilib. Bu yolla müəyyən səbəblərdən elektron sistemdən istifadə etməkdə çətinlik çəkən valideynlərin qeydiyyat prosesini bitirmək üçün əlavə vaxt qazanması və digər valideynlərlə eyni anda məktəb seçimi mərhələsində iştirak edə bilməsi təmin olunub.

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə məktəbəhazırlıq qruplarına cəlb edilmiş uşaqlar da I sinfə qəbul zamanı şifahi nitq bacarıqlarının qiymətləndirilməsi müsahibələrində iştirak edib. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar valideynlərə müsahibənin formasını seçmək imkanı yaradılıb. Valideynlərin seçiminə uyğun olaraq müsahibələr onlayn və ənənəvi (canlı) formada təşkil olunub. Müsahibə nəticəsi məqbul hesab edilən uşaqlar üçün 2020-2021-ci tədris ili üzrə I sinfə elektron sistemdə avtomatik sorğu yerləşdirilib. Müsahibə nəticəsi məqbul hesab edilməyən uşaqlar üçün isə Azərbaycan bölməsi üzrə məktəb seçimi imkanı yaradılıb.

Ümumi təhsil məktəblərinin tədrisi digər dildə aparılan bölmələri üzrə I sinfə müraciət etmiş və məktəbəhazırlıq qruplarına cəlb edilməmiş uşaqların da I sinfə qəbulu məqsədilə şifahi nitq bacarıqlarını qiymətləndirən müsahibələr təşkil edilib.

Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ənənəvi (canlı) müsahibəyə yazılmış valideynlərə şəxsi kabinetlərindəki "Əlaqə" bölməsinə yazaraq və ya elektron sistemdə seçimlərini dəyişərək onlayn müsahibə formasını seçmək imkanı yaradılıb.

Onlayn müsahibə prosesi "Microsoft Teams" platforması vasitəsilə valideynlə videobağlantı yaratmaqla, Komissiya üzvlərinin uşaqla ünsiyyəti şəklində həyata keçirilib.

Həmçinin, yuxarıda qeyd edilən müsahibələrin nəticəsi üzrə vətəndaşların müraciətlərinə baxılması üçün onlayn Apellyasiya komissiyası fəaliyyət göstərib.

B.Məmmədov qeyd edib ki, mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar ümumi təhsil müəssisələrinin I siniflərinə elektron qeydiyyat prosesində valideynlərə kömək məqsədilə yaradılmış Alternativ qeydiyyat mərkəzlərinin iş prinsipi dəyişdirilib. Belə ki, özü elektron qeydiyyatdan keçə bilməyən valideynlərə Alternativ qeydiyyat mərkəzlərinə gəlmədən, müəyyən edilmiş "Whatsapp" nömrələri vasitəsilə zəruri köməklik göstərilib.

Bu yenilik valideynlərin əlavə vaxt itkisinin qarşısının alınması, növbəliliyin aradan qaldırılması və mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar müvafiq normaların qorunması məqsədilə tətbiq olunub.

Onun dediyinə görə, BŞTİ-nin tabeliyindəki 274 ümumi təhsil müəssisəsində 1092 məktəbəhazırlıq qrupu fəaliyyət göstərir. Məktəbəhazırlıq qruplarına 27122 uşaq cəlb olunub: "Ümumi təhsil müəssisələrində şagird yerdəyişməsi prosesi elektron sistem vasitəsilə (sy.edu.az) həyata keçirilib. 2020-ci ildə 36923 şagird elektron sistem vasitəsilə bir məktəbdən digərinə köçürülüb".

Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 5-i qızıl, 20-si gümüş, 28-i bürünc medal əldə edib. Respublika Fənn Olimpiadalarında ümumilikdə, 53 məktəbli uğur qazanıb.



Sektor müdiri vurğulayıb ki, təhsilin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində 2020-2021-ci tədris ili üçün ali məktəblərə qəbul göstəricilərində müsbət dinamika müşahidə olunub.

Həmçinin, 5 məzun buraxılış imtahanlarında, 5 məzun isə ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə əldə edərək yaşıdlarından fərqlənib. Prezidentin müvafiq Sərəncamına əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 40 məzununa ən yüksək nəticə göstərərək ali məktəblərə daxil olduqlarına görə Prezident təqaüdü verilib.

Onun sözlərinə əsasən, BŞTİ-nin tabeliyindəki liseylərin V siniflərinə qəbulla bağlı müsabiqəyə 737 şagird qatılıb. Onlardan 337-si müsabiqənin nəticələrinə görə müvəffəq olub: "Paytaxtdakı ümumi təhsil müəssisələrində "Sağlam təhsil-sağlam millət" layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 39 ümumi təhsil müəssisəsində 170 "Sağlam təhsil" sinfi fəaliyyət göstərir.

Həmçinin, paytaxtdakı 20 məktəbdə 26 "Sağlam təhsil" məktəbəhazırlıq qrupu fəaliyyət göstərir".

2020-2021-ci tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş təhsil müəssisələrinin təntənəli açılış mərasimləri keçirilib. Bakı şəhəri 154, 216, 251 nömrəli tam orta məktəblərin açılış mərasimlərində Prezident İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva iştirak ediblər.

"Bakı şəhərində və onun qəsəbələrində təhsil müəssisələrinin tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında" Prezidentin Sərəncamına əsasən, Bakı şəhərində və onun qəsəbələrində 13 təhsil müəssisəsinin tikintisi, əsaslı təmiri və bərpası işlərinin davam etdirilməsi məqsədilə 20,0 (iyirmi) milyon manat vəsait ayrılıb.

Eyni zamanda, "2020-2021-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən, yüksək nəticə göstərərək ali məktəblərə qəbul olan tələbələrə təqaüd verilib.

Nazirlər Kabineti tərəfindən "Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası", "Pedaqoji fəaliyyətlə məşğul olma Qaydası" və "Təhsil müəssisələrində psixoloji xidmətin təşkili Qaydaları" təsdiqlənib.

B.Məmmədov bildirib ki, 2020-2021-ci tədris ilində ilk dərslər ibtidai siniflərdə "Gigiyena qaydalarına necə əməl edirəm?", V-IX siniflərdə "Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir", X-XI siniflərdə isə "Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir" mövzularına həsr olunub: "Ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişləndirilib. BŞTİ-nin tabeliyindəki 187 məktəbdə 720 təmayül sinif təşkil olunub.

Təmayülləşmə ümumi təhsildə keyfiyyətin artırılmasına xidmət edir. Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 60 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin, "2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı"na əsasən, məqsədyönlü işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib".

Sektor müdiri əlavə edib ki, Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının ilk turu keçirilib. Mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən olimpiadada ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri iştirak edib.

Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə məktəblərdən 7000-ə yaxın şagird rəqabət aparıb.

Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım (90 dəq) vaxt ərzində riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar. İlk turda uğur əldə edən məktəblilər olimpiadanın final mərhələsinə vəsiqə qazanacaqlar.

Qeyd edək ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaqdan ibarətdir.

Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının final mərhələsinin nəticələrinə əsasən, Bakı şəhəri üzrə I, II və III yerlərin qaliblərinə diplom, fərqlənən iştirakçılara isə "Tərifnamə" təqdim olunacaq.  

Sevinc QARAYEVA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





22.12.2020    çap et  çap et