525.Az

Əbədi ədəbi mövzumuz - Yazı


 

Əbədi ədəbi mövzumuz - <b style="color:red">Yazı </b>

30 il həsrət qalmışdıq Qarabağa. İçimizdə bir Qarabağ nisgili, dilimizdə bir Qarabağ ağısı, qəlbimizdə bir Qarabağ dərdi yuva salmışdı.

Bu otuz ildə Qarabağ adında minlərlə şeirlər, ağılar, bayatılar, oxşamalar, əsərlər yarandı. Musiqilərimiz Qarabağ üstündə kökləndi. Cümləmizin mübtədası da, xəbəri də Qarabağ oldu. Arzularımızın ünvanı oldu Qarabağ. Toy- düyünlər, nişanlar, yubileylər, görüşlər Qarabağ adına təxirə salındı. Nə niyyət tutduqsa, bir ucunu Qarabağla bağladıq. Hamımız qarabağlı olduq.

Nəhayət, bu il noyabın 10-da bu həsrətə son qoyuldu. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, cəsarəti və iradəsi, Müzəffər Azərbaycan Ordusunun rəşadəti sayəsində Qarabağımıza qovuşduq. Vüsal bizə çox baha başa gəldi. Bu yolda biz 2783 nəfər şəhid verdik, mindən çox əsgərimiz sağlamlığını itirdi. Nə qədər insan ömrü, insan taleyi yarımçıq qaldı, minlərlə arzular, niyyətlər qırıldı, minlərlə ananın gözü yaşlı, qızlarımız nişanlı, uşaqlarımız atasız qaldı. Yüzlərlə qazilərimiz sağlamlığını itirdi. Minlərlə əsgərimiz hələ də o çətin, həyacanlı, həm də şərəfli günlərin həyəcanının və sevincinin təsiri altındadır. Azərbaycan əsgəri, himnimizdə deyildiyi kimi, "hüququndan keçən əsgər, hərə bir qəhrəman oldu". Qəhrəman Azərbaycan əsgəri Vətənin bir çağırışı ilə "Can verməyə hazır, qan tökməyə qadir" olduğunu misilsiz bir mərdliklə nümayiş etdirdi. Bu 44 gündə övladını itirən ata-analar da, həyat yoldaşını, nişanlısını itirən qız-gəlinlərimiz də, atalarını itirən balaca fidanlarımız da, bir sözlə, əziz və doğmalarını itirən hər kəs "Vətən sağ olsun" dedi.

Nəhayət, müqəddəs müharibə müqəddəs qələbə ilə yekunlaşdı. İndi bizim borcumuz hər bir şəhidimizi, qazimizi, qəhrəmanlıq göstərən əsgərimizi, onların qəhrəmanlığını vətəndaşlarımıza, bütün dünyaya çatdırmaq, onların rəşadətini tərənnüm edən şeirlər, hekayələr, povestlər, romanlar, musiqilər yazmaq, əsərlər yaratmaq, onları yaşatmaqdır.

Qarşıda bizi Qarabağa Böyük Qayıdış, böyük quruculuq işləri gözləyir. Müqəddəs müharibənin sonu Bizi Qarabağda Müqəddəs mübarizənin başlanğıcına səsləyir. Bu işlərdə də hər kəs rəşadət göstərməlidir. Ədəbiyyatımız, poeziyamız, mədəniyyətimiz tarixin bütün dönəmlərində dövrünün ağrı-acıları ilə yaşayıb, nəfəs alıb, zamanın çağırışlarına səs verib. Şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, sənət adamlarımız özlərinin ən qiymətli əsərlərini qəhrəmanlarımıza həsr ediblər. Hesab edirəm ki, indi də belə olacaq. Prezidentimiz, Ali Baş Komandan İlham Əliyev və Azərbaycan Əsgəri hər bir yazara, hər bir yaradıcı insana bitib-tükənməyən əbədi mövzu verib, geniş üfüqlər, yeni meydan açıb. Düşünürəm ki, Qarabağ mövzusu Möhtəşəm Qələbəmiz, Şuşanın fəthi, Azərbaycan Əsgərinin misilsiz qəhrəmanlığı, Qarabağda aparılacaq böyük quruculuq işləri Azərbaycan ədəbiyyatına, incəsənətinə, bir sözlə, hər bir yaradıcı insana bir coşqu, yeni ruh və enerji verəcək. İndi səngər və meydan yaradıcı insanlarımızındır.

 





22.12.2020    çap et  çap et