525.Az

Qələmsiz yazılanlar - Rəşad Məcidin status-esseləri


 

Qələmsiz yazılanlar - <b style="color:red">Rəşad Məcidin status-esseləri</b>

Qürurlu Tarix!

Möhtəşəm və kövrək Anlar!

Qalib Ordu!

Qalib Liderlər!

***

Prezidentin giriş nitqindən sonra ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontiyə bıçaq vursan, qanı çıxmazdı...

***

MDB Dövlət Başçıları Şurasının videokonfrans formatında keçirilən iclasında Azərbaycan Prezidentinin çıxışı riyazi dəqiqliklə hesablanmış, unudulmuş bir nöqtə qoymayan, düşmənin bütün hədəflərini darmadağın edən, bütün yalanlarını havaya sovuran əsl Ali Baş Komandana xas, təmkinli, sakit, sərrast bir atəş zərbəsi idi.

***

Qəzet köşklərində bir nəfər satıcı olur. Tək-tük alıcılarla da məsafə gözlənilir. Sərt karantin qaydalarının köşklərə də şamil edilməsi onsuz da sıradan çıxmaqda olan, son illərini yaşayan qəzet sənayesini tam çökdürəcək. KİV-in fəaliyyətinə icazə verilirsə, köşklərin də işləməsi məntiqli olardı. Yoxsa qəzet çap etməyin mənası qalmır.

***

Deyir, elə bildim, koronayam, qorxumdan ölmüşdüm. Üç gündən sonra sağaldım, sən demə, yüngül qripmişəm.

***

Fərasətli yazarın parad haqda təəssürat yazısı tədbirdən əvvəl hazır olar...

***

Çıxışdan Sevil xanım Nuriyevanın nəfəsi duyulurdu.

***

Zəvzəmək - bir mövzuda eyni tonla, şablon, uzun-uzadı, təkrar danışığa deyirlər.

Elə deyil?

***

İndi jurnalistika yaradıcılıqdan çox, texnologiyadır. Yaradıcı texnologiya lap sanballı səslənir.

***

Bir yaxın adam var, elə ki axşam saat 8-dən sonra zəng vurur, bilirəm keflidir. Bayaq da zəng vurmuşdu, deyirdi ki, mənə bir kağızdan-zaddan ver, İsmayıllıya, İvanovkaya getmək istəyirəm. Hiss etdim təxminən nə qədər içdiyini. Hələ Laçına, Şuşaya getmək də istəyə bilərdi.

Vodkanın yaratdığı arzulardan ötrü darıxdım...

***

Havanın beləliyinə baxmayın, aldadıcıdır, soyuqdur. Özünüzü qoruyun!..

***

Hərənin bir qəhrəmanı var.

***

Bayatıdan qorxan İran...

***

"Bir şeirin qələbəsi"

2002-ci ildə Türkiyədə yeni yaranan AK partiyanın seçkidə qələbəsindən sonra Rəcəb Tayyib Ərdoğan barədə yazdığım yazının adı belə idi.

İndi Ərdoğan barədə yazsam, belə adlandırardım:

"Bir bayatının tufanı"

***

Adam neçə il karantində yaşamalıdır ki, belə uzun və mənasız əsər yazsın?!

***

Xeyir ola, bunlar - ATƏT-in Minsk qrupunun həmsədrləri - təzədən nəyə gəliblər ki?!

***

Mızıldayanlar koronaya tez tutulurlar...

***

Köhnəkənd Turşsunun başının üstüdür. Orda erməni yaşamayıb heç vaxt.

***

Sağ olsun, professor Qulu Məhərrəmli "Spigel" jurnalınının "məşhur" ermənipərəst müəllifi Volfram Veymerin iddialarıyla bağlı yaxşı ürəyini boşaldıb.

***

Hirsini pomidordan çıxanla bayatıdan təşvişə düşənin dərdi eynidir...

***

Alışmadığı həyatdan yoruldu, bezdi və... çıxıb getdi...

***

Dilqəm Əsgərovla Şahbaz Quliyevin əsirlikdən azad olunmaları Azərbaycanın daha bir qələbəsi, işğalçı Ermənistanın xunta rejiminin növbəti məğlubiyyətidir.

Dilqəmlə Şahbaz bu illər ərzində bir simvola çevrilmişdilər. Onlar ürəyi işğal olunmuş torpaqlarla döyünən, işğalla barışmayan, illərdən bəri Vətən həsrətilə yaşayan məcburi köçkünlərin hiss və duyğularının ifadəçiləri idilər. Doğma torpaqlara getməklə onlar düşmənə qarşı üsyanlarını, etirazlarını bildirir, demək istəyirdilər ki, biz heç vaxt yurdumuzun işğalı ilə barışmayacağıq.

İşğalçı Ermənistan onları təhvil verməməklə Azərbaycanın əsəbləriylə oynayırdı. Azərbaycan hökuməti çalşırdı ki, müxtəlif beynəlxalq təşkilatlar vasitəsilə, danışıqlar yoluyla onların azadlığa çıxmalarına nail olsun. Erməni tərəfi isə israrla onları azadlığa buraxmamaqla Azərbaycana öz gücünü göstərir, əzələ nümayiş etdirir, xalqımızda bədbin, məğlub ovqatı aşılamağa çalışırdı. Müzəffər Azərbaycan Ordusunun "Dəmir yumruq" əməliyyatı, sarsılmaz gücümüz nəhayət, düşmənin növbəti sınma nöqtəsi oldu. İşğalçı rejimin inadı sarsıldı.

Dilqəmlə Şahbazın 6 illik əsirlik həyatından sonra Azərbaycana, Bakıya qayıtmalarının dərin mənəvi anlamı var. Bu, böyük ruh yüksəkliyi və qələbələrimizin davamıdır. Hamımızın ürəyindən xəbər verən bu möhtəşəm hadisəyə görə biz Ali Baş Komandana, "Dəmir yumruğ"a, rəşadətli Ordumuza minnətdar olmalıyıq.

Bu illər ərzində Dilqəm Əsgərovla Şahbaz Quliyevin aqibətini düşünən, onların ağrısını ürəyində daşıyan insanları ürəkdən təbrik edir, hər birinə gözaydınlığı verirəm!..

***

Sabah "525"in 5555-ci sayı işıq üzü görür.

***

Ölüm xəbərləri o qədər çoxalıb ki... Bir acını həzm etməmiş, o biri bəd xəbər gəlir.

Tanrı hər kəsi qorusun!

Vəfat edənlərə Allahdan rəhmət diləyirəm. Ruhları şad olsun!

***

Rahib Azərinin müəllifi və aparıcısı olduğu "Yaddaş" verilişinə baxıram. Köhnə Bakının indi olmayan, vaxtilə sökülüb yerində göydələnlər tikilən, bağlar salınan binalarından, "tarixə qovuşmuş mülklərdən" danışır, rəsmlərlə, fotolorla keçmiş məkanları göz önündə canlandırır, xatırlayanların yaddaşını təzələyir. Birdən məni də hüzn bürüyür. Keçmişin əlçatmazlığı, yaşanan günlərin xatirələri, bir daha geri qayıtmayacaq gənclik, təkrarlanmayacaq zaman adamı qüssələndirir.

Xəfif bir kədər, incə bir ah, geridə qalan həyat...

***

Darıxmayın, gözləyin Qarabağ özünə gəlsin, torpaqlar nəfəsini dərsin, gedərsiniz də...

***

Evə qapanmaq özünə qapanmağa aparır...

***

Başına ip salmasalar, söz elə adi sözdür.

***

Anar Cəbrayıllı Şuşaya su verilməsi prosesini elə gözəl, elə ürəkdən, sevgiylə təsvir edir ki, elə bil, macəra romanı danışır. Şuşa şəhər İcra Hakimiyyətinin binasında yerləşən Su İdarəsinin otağından götürülən xəritələrin araşdırılmasından tutmuş, keçmiş, qocaman işçiləri axratıb tapıb, onlardan müfaviq məsləhətlər alınmasınacan, Şuşaya gələn su kəmərlərinin hazırkı vəziyyətinə, keçdiyi ərazilərəcən, qarlı dağlarda, sıx meşələrdə addım-addım gəzib su borularının vəziyyətini öyrənən, təmir edən sıravi "Azərsu" işçilərinin fədakarlığınacan - danışdıqları hamısı elə Zarıslı bulağının suyu kimi gur, təmiz, bol, bal kimi şirin və axıcıdır.

Şuşaya su verilməsi prosesinin icrasını "Azərsu" mütləq ayrıca kitaba çevirməli, onu da elə bu dillə, bu axıcı publisist-yazıçı təhkiyəsiylə, bu şövqlə Anar Cəbrayıllı yazmalıdır.

***

Elə yerlər var ki, şəkillərimi görəndə yadıma düşür orada olduğum.

***

Hərşeyşünaslar...

***

Prezidentin hədiyyə etdiyi mənzili kiməsə bağışlamaq qeyri-etik olar.

Belə bir yalan xəbəri qəsdən dövriyyəyə buraxmaq Şairi şantaj eləməkdir.

***

Müharibə çoxlarının kin-küdurətini yoxa çıxartmış, hamını dəmir yumruq kimi birləşdirmiş, mehriban, mərhəmətli, həssas etmişdi.

Kin püskürən ocaqlar yenidən közərməkdədir...

***

Korona sonda deyəcək ki, mən humanist idim, uşaqlara toxunmurdum...

***

Şəhərin ortasında bu qədər postlar qurmağa ehtiyac yoxdur, lazımsız tıxac yaradır. Onsuz da icazəsiz çıxan bir faiz ancaq olar, onlar da heç post olan yerdən keçmirlər. Bir faizə görə bu dərəcədə sıxlıq yaratmağa dəyməz. Yoxlamanın daha kreativ yolunu tapmaq lazımdır.

 





23.12.2020    çap et  çap et