525.Az

"30 ildə itirdiklərimizi 44 gündə geri almağı bacardıq" - Müsahibə


 

BİRİNCİ QARABAĞ MÜHARİBƏSİ VETERANI, GENERAL AKİF RƏFİYEV: "BİZ HAMIMIZ BUGÜNKÜ GƏNCLİYƏ BORCLUYUQ"

"30 ildə itirdiklərimizi 44 gündə geri almağı bacardıq" - <b style="color:red">Müsahibə</b> Dünya hərb tarixinə qızıl hərflərlə yazılan şanlı Vətən müharibəmiz və qazandığımız böyük zəfərlə bağlı
təəssüratlar hələ uzun müddət dilimizdən düşməyəcək. Bu dəfə Birinci Qarabağ müharibəsi veteranı, Əməkdar hüquqşünas, Ədliyyə generalı Akif Rəfiyev 30 il öncəki hadisələr və yeni qələbə tariximizlə bağlı təəssüratlarını bizimlə bölüşüb.
 
- Birinci Qarabağ müharibəsi veteranı kimi o illəri necə xatırlayırsız?

- Çox çətin dövr idi. Onda bizim Dağlıq Qarabağda əsgərimiz yox idi. Mən o vaxtlar Daxili İşlər nazirinin müavini vəzifəsində işləyirdim. Silahımız yox idi, Moskva silahları əlimizdən almışdı və demək olar ki, hər gün bu işə nəzarət edirdi. Biz hesabat verirdik ki, nə qədər silah yığılıb. Baxmayaraq ki, Azərbaycanda Moskvanın özünün nümayəndələri də çox idi. Ancaq Qarabağa əsasən bizə nəzarət edilirdi, nəinki ermənilərə. Nəzarət olsa da, Ağdamda iki nəfər Azərbaycan vətəndaşını öldürdülər, sonra vəziyyət günü-gündən gərginləşdi. Nəticədə onlar Əsgəran yolunu bağladılar ki, gedib-gəlmək mümkün olmasın. Biz də başladıq vertolyotla hərəkət etməyə. O vertolyotların birini Şuşaya uçanda ermənilər vurdular, içindəki 45 nəfərlik heyətin hamısı həlak oldu. Ondan sonra isə 20 noyabr hadisəsi baş verdi. Mən isə Daxili İşlər Nazirliyindəki (DİN) müavin vəzifəsindən azad olundum. O vəzifədə olan ən cavan şəxslərdən biri mən idim. Bəlkə də yeganə şəxs idim ki, Moskva məni 55 yaşımda təqaüdə göndərdi. Sonra Ədliyyə nazirinin müavini oldum, yenə də məndən əl çəkmədilər. Mən Tovuz və Qazaxa, sərhədə getdim, bütövlükdə Azərbaycanın demək olar, bütün rayonlarını gəzdim. O vaxt istədim ki, Laçındakı körpünü partladam. Sonra fikirləşdim, deyəcəklər xalq düşmənidir. Məsələ bundadır ki, 1988-ci ildən 1992-ci ilə qədər biz çoxlu sayda itkilər verdik. Təkcə Ağdam rayonunda biz 6 mindən artıq itki vermişik. Bütövlükdə isə itkilərimizin sayı 10-12 min arasında dəyişir. Onun da yarısı Ağdamın üzərinə düşür. Bəzən deyirlər ki, ağdamlılar rayonu qoyub qaçdılar. Əksinə, Birinci Qarabağ müharibəsində ən çox şəhid verən Ağdam idi. İtkimiz çox olsa da, biz müharibədə qalib gələ bilmədik. Lakin 2020-ci il Vətən müharibəsində həm az itki verdik, həm də qısa müddət ərzində böyük qələbə qazandıq.

- Məsələlərin daha dərinində olan biri kimi bizi məğlubiyyətə aparan səbəbi kimlərdə, yaxud nələrdə görürsünüz?

- Məlum məsələdir ki, ruslar ermənilərin arxasında idi. Xocalı faciəsi və digər hadisələr bunu açıq göstərirdi. 366-cı alay ermənilərlə birləşdi, onlar ermənilərə rəhbərlik etdi və dinc əhalini amansızcasna qırdılar, yandırdılar. Baş verənlərlə əlaqədar, şəxsən öz adımdan Xocalı faciəsini bütün dünyaya yaymaq istədim. Bunun üçün yazılar hazırladım, lakin hansı qəzetə göndərdimsə, onu qəbul etmədilər. Yalnız "Ədalət" qəzeti 6 martda bu hadisəni nəşr etdi. Mən onda nazir müavini idim, az qalmışdılar məni işdən çıxarsınlar ki, orda iki nəfər adam ölüb, sən isə hadisəni kütləvi qırğın kimi yazmısan. Üstündən iki gün keçdi, gördülər ki, nə iki adam?! Başladılar ölkədə vəziyyəti qarışdırmağa və buna da nail oldular, Mütəllimovu götürdülər aradan.

Bu gün Müzəffər Azərbaycan Ordusu qələbə qazandı. Bu otuz ildə biz bir qarış torpaq da ala bilməmişdik. Əslində, Azərbaycan Xalq Cumhuriyyəti yarananda 114 min kvadrat kilometr ərazimiz olub. Sonrakı dövrdə 86.13 min kvadrat kilometr bizdə qalmışdı, onun da 20 faizini ermənilər tutmuşdu. Ordumuzun döyüş cəsarəti və Prezident, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sahəsində biz 30 ildə itirdiklərimizi 44 gündə geri almağı bacardıq. Bu, böyük qəhrəmanlıqdır. İndi bütün dünya da buna təəccüb edir ki, Azərbaycan əsgəri necə güclüdür.

- Dağlıq Qarabağda baş vermiş hər iki müharibəni necə müqayisə etmək olar? 

- Bu müharibələr arasında çox sadə fərq var. O vaxt bizim nizami Ordumuz yox idi. 250-300 milis nəfərilə ərazimizi qoruyurduq. Ancaq indiki vaxtda bizim nizami Ordumuz və vahid rəhbərlik var. Həm də uğurun bir səbəbi əsgərlərimizdən qabaq komandirlərimiz, generallarımız və digər xüsusi hərbi rütbə daşıyan hərbçilərimizin savadı və əsgərlərə güclü təlim keçməsi hesabına qazanılıb. Mən bunu çəkinmədən deyirəm, çünki bütün prosesi gözümlə görmüşəm. Ermənistan isə işğalçılıq siyasətindən əl çəkmirdi. Soruşan lazımdır ki, Qarabağ qalmışdı bu tərəfdə, əgər sən işğalçı deyilsənsə, o zaman Qazaxda nə işin vardı? Yuxarı Əksipara, Aşağı Əksipara, Qızıl Hacılı, ümumilikdə 7 kəndi tutmusan. Gözləri doymayan mənfur ermənilər hələ Naxçıvandan da ərazilər tutublar.

Daha bir fərq bu dövrdə dövlət başçımızın dünyanın ən nüfuzlu televiziya və mətbu orqanlarına 30-dan artıq müsahibə verməsidir. O müsahibələr sübut etdi ki, onlar işğalçı, terrorçu və yalançıdırlar.

Növbəti fərq isə düşmənin normal ordusu, təhsil görmüş hərbçilərinin yoxluğu idi. Əsgərləri zorla ayağından səngərə bağlıyırlar ki, qaçmasınlar. Bu, onların necə qorxaq millət olmasının sübutudur. Bizim Ordumuz dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Napoleonun bir sözü var, mənə türkün əsgərini verin, bütün dünyanı fəth edim. Bu söz boş yerə deyilməmişdi və  müqəddəs 44 gün onu sübut etdi. Bizim zabitlərimiz Türkiyənin və digər dövlətlərin ali məktəblərində hərbi təhsil alıblar, ordu quruculuğu yüksək səviyyədədir.

- Müharibəyə qədər bir çoxları müasir gənclərin Qarabağ sevgisinin az olduğunu düşünürdü. Bu haqda siz nə deyərdiniz?

- Mən 1989-cu ildə Sisyan postunda xidmətdə olarkən, şahid olduğum bir hadisəni danışım. O vaxtı növbəli şəkildə posta 5 nəfər milis işçisi qoyurdum. Bir nəfər xahiş etdi ki, mənim oğlum o postdadır, anasının səhhətində problemə görə icazə verə bilsəniz, yaxın yerdə xidmətə gəlsin. Üçtəkərli motosikleti göndərdim ki, onu gətirin yanıma. Gördüm çox yaraşıqlı gənc bir leytenantdır. Atasının narahatlığını ona deyib, istədim xidmət yerini dəyişəm. Leytenant dedi ki, mən getmirəm. Dedim, heç olmasa, keç mənim maşınımda otur zənglərə cavab ver. Mənə qəti surətdə dedi ki, mən öz yoldaşlarımla qalacağam. O, sonacan öz yoldaşları ilə də qaldı. İndi o leytenant polis polkovnikidir. Bax belə oğullar var.
Hazırkı gənclik əvvəlki gənclikdən tam fərqlidir. İndiki gənclərdə Vətən sevgisi daha şiddətlidir. Onların Vətənə laqeyd olması fikri tamamən yanlışdır. Biz şəhid olan, yaralanan övladlarımızın qəhrəmanlıq şücaətlərini eşidirik. Biz hamımız bugünkü gəncliyə borcluyuq. 

- Türklərə qarşı erməni xalqında və rəhbərliyindəki xofun səbəbini nədə görürsünüz?

- Dünyanın heç bir yerində ermənilərdə olduğu qədər terror təşkilatı, terrorçu yoxdur. Dünya miqyasında onların 13 terror təşkilatı var. Həmin terrorçular Ermənistan ordusunun tərkibində də var. Hansı ki Gəncəni, Bərdəni, Tərtəri gecəyarısı bombalayıb dinc əhaliyə qarşı terror törətdilər. Tərtər kimi gözəl yeri onlar nə günə qoyublar. Bütün ermənilərin başında sanki xərçəng kimi xəstəlik var, anadan olan kimi beyinlərinə yeridilir ki, Türk sizin düşməninizdir.

Onlar hətta bizim ziyalılara qarşı da həmişə belə münasibətdə olub və dünyaya yaymaq istəyiblər ki, biz vəhşiyik. Hələ 1906-cı ildə Orenburqda Çar Rusiyası ərazisində yaşayan müsəlmanların qurultayı olub. Qurultaya  Əlimərdan bəy Topçubaşov 13 saat fasiləsiz rəhbərlik edib və bu müddətdə orada olan jurnalistlərin suallarına onların öz dilində cavab verib. Səhəri gün bütüb dünya qəzetləri yazırdı ki, siz bu millətə necə vəhşi deyirsiniz?!

Biz insanpərvər, yardımsevər xalqıq. Müharibə dövründə bizim əsgərlər bir dəfə də olsun düşmənin qadınına, qızına əl qaldırmadı, vurmadı, təcavüz etmədi. Bizim müharibəmiz meydanda idi. Dinc əhali ilə işimiz yox idi. Ancaq bəzi şeylər var ki, mənim ürəyimi sanki deşir. O vaxt, 1988-1989-cu illər ərəfəsində Qazaxda bir qərargah yaradılmışdı. Mən də DİN-in nümayəndəsi kimi o qərargahın üzvü idim. Ermənilər azərbaycanlıları çox dəhşətli vəziyyətdə oradan qovurdular. Bir gecədə 26 şəxsi öldürdülər, qız uşaqlarını diri-diri yandırdılar. Müqavimət göstərənləri zülmlə öldürürdülər. Bizimkilər çıxıb gələndə Qazaxda bizə deyirdilər ki, əlimizdən pulumuzu da aldılar. Mən bu materialları həm o vaxt nəşr olunan "Tragediya" jurnalına, həm də Anarla, Çingiz Abdullayeva verdim. Onlar iki gün ərzində rus dilində "Qara yanvar" kitabını hazırladılar. Orada bir qadının şəklini vermişdim. İnanın, 55-60 yaşlı qadının 60 bıçaq yarası var idi. Bədəni deşik-deşik olmuşdu.

Xalqımız gözüaçıq olmalıdır. Tələbələrimə də deyirəm ki, onların düşmən olduğunu gərək unutmayaq. Onların bizə qarşı münasibətləri həmişə nifrətdən ibarət olub. Biz heç vaxt onlarla dostluq edə bilmərik.
O vaxtlar biz müavinlər növbə ilə sərhədə gedirdik. Ora gedənlər arasnda ən çox Ramiz Məmmədov, Natiq Talıbov, Ramil Usubov, mən və digər şəxlər vardı. Hər birimiz 10-15 gün növbədə olurduq. Elə nazir müavinləri var idi ki, formanı geyinib rusca danışırdılar. Nəticədə camaat da bunları qovurdu. Hətta birini o qədər döymüşdülər ki, meşə ilə 4 kilometr piyada qaçıb gəlmişdi. Gərək camaatla danışmağı bacarasan. Vətən müharibəsi dövründə Prezidentimizin necə sadə dillə danışdığını hamımız gördük. Onun danışıqlarını savadlı-savadsız hamı anlaya bilirdi. O, öz siyasi və elmi bilikləri ilə vəziyyəti elə təhlil edirdi ki, hər kəs bir amal ətrafında birləşmişdi. İnsanları zorla bir yerə yığmaq mümkün deyil.

- Qarabağı görmüş biri olaraq bundan sonra nə düşünürsüz?

- Hesab edirəm ki, indiki vəziyyətdə Qarabağa gedəcək əhaliyə çoxlu güzəştlər olmalıdır. Vergilərdən azad olunmalı, faizsiz kreditlər verilməli, mal-qara verilməli, ev-eşikləri tikilməlidir. Bir məsələ də var ki, ora təyin edilən rəhbərdən çox şey asılıdır. Mənə belə gəlir ki, ilkin vəziyyətdə rayon bölgüsü aparmaq yox, yığcam bir aparat yaratmaq lazımdır. Şəxsən mən belə düşünürəm. Deyək ki, yeddi rayon və Dağlıq Qarabağ da daxil olmaqla birlikdə bir qurum yaratmaq, ora bir rəhbər təyin etmək olar. Ancaq çox cəsarətli, qorxmaz və milli qanlı birini təyin etmək lazımdır. İndi gənclərə yol vermək lazımdır. Həmçinin, azərbaycanlıların Qarabağda rahat qalması üçün orada universitetlər, hərbi məktəblər, peşə məktəbləri və s. açmaq lazımdır. Orada vahid rəhbərlik olmasa, biz bu işin öhdəsindən gələ bilmərik.

Bizim istiqamətimiz terrorizmlə mübarizə olmalıdır. Qarabağı tam azad və firavan etmək üçün ilk növbədə o əraziləri terrordan və terrorçulardan təmizləmək lazımdır.

Afaq RZA
 





23.12.2020    çap et  çap et