525.Az

Bakı Dövlət Universiteti: Hər şey tələbə üçün, hər şey gənclik üçün


 

Bakı Dövlət Universiteti: <b style="color:red">Hər şey tələbə üçün, hər şey gənclik üçün</b>

Ulu öndərimiz Heydər Əliyevin çoxdan aforizmə çevrilmiş “Bakı Dövlət Universiteti Azərbaycan xalqının milli sərvətidir” fikri bu gün universitetimizin çoxminli kollektivinin inanc yeri, güvən məkanıdır. Min bir tellərlə xalqa bağlı olan bu tədris müəssisəsi yarandığı gündən millətin talismanı missiyası ilə fəaliyyət göstərib. Fəxrimiz, qürur mənbəyimiz olan universitetimiz Azərbaycanımızın milli-azadlıq hərəkatında, 44 gün davam edən müqəddəs Vətən müharibəsi dövründə də özünün xalqa bağlılıq keyfiyyətini xalqa nümayiş etdirdi. BDU-nun rəhbərliyi bu ali tədris ocağının xalqa bağlılıq rolunu daha da genişləndirdi.

Bütün qərarlarında Böyük Elmi Şura adlandırılan quruma arxalanan universitet Vətən müharibəsi günlərində vacib qərarlar qəbul etdi: Ordumuza yardım kampaniyasında təkcə müəssisə büdcəsindən deyil, həm də universitet əməkdaşlarının öz əmək haqlarından böyük istəklə ayırdıqları vəsait bu yardımda hiss olunacaq bir fakta çevrildi. Elmi Şura bu məsələni müzakirəyə çıxaranda yığınacaq iştirakçılarının çıxışlarında belə bir fikir vardı: Torpaqlarımızın azadlığı uğrunda bu müharibədə universitet gəncliyi, buranı bitirmiş yüzlərlə, bəlkə minlərlə məzun əsgərimiz var. Onlara kömək etmək bizim borcumuzdur.

Vətən müharibəsində dünyada görünməmiş qələbə çaldıq. Bu qələbənin bir çox əsasları arasında üç mühüm faktor artıq özünün elmi gerçəkliyini təsdiq edib: Prezidentimizin, Ali Baş Komandanın, Ordumuzun şücaəti, Ümumxalq birliyi. Bu Ümumxalq birliyi sırasında Bakı Dövlət Universitetinin də şərəfli yeri var: Bu universitet ürəyi Vətən eşqi ilə döyünən gəncliyin yetişdiyi məkandır. Bu universitet Vətən müharibəsi dövründə öz publisistikası ilə Xalq birliyinə çağıran maarifçidir. Bu universitet ağır pandemiya dövründə bir an da olsun tələbələrlə əlaqəni kəsməyib, onlayn dərs formatını həm müəllimlərin, həm də tələbələrin mənimsəməsinə şərait yaratmaqla gənc nəslin tərbiyəsində öz rolunu oynamaqdadır.

Universitetimizin ən böyük xarakterik xüsusiyyətlərindən biri budur: Hər şey tələbə üçün, hər şey gənc nəslin tərbiyəsi üçün. Və bir tələbəyə sevgi, tələbəyə humanist yanaşma!

Bir misal burada yerinə düşür: Vətən müharibəsinin qızğın günlərində, ordumuzun hər gün işğaldan azad etdiyi məkanlarda müqəddəs bayrağımızı ucaltdığı zamanda BDU-nun birinci kurs tələbələrindən biri onlayn dərs prosesində dövlət bayrağına hörmətsizlik faktı göstərir. Həqiqətən də bağışlanılmaz bir hərəkət baş verir. Elmi Şura, yaradılan komissiya və onun üzvləri tələbənin bayrağımıza hörmətsizlik hərəkətinin bağışlanılmaz olduğunu bildirir, lakin həm də o tələbənin orta məktəb partasından təzəcə ayrıldığını və s. faktları nəzərə alıb xaricedilmə təklifini ciddi tənbeh faktı ilə əvəz etmək qərarı çıxarır.

Bu, Universitetimizin tələbəyə humanist münasibətinin ifadəsi kimi, hətta geniş ictimaiyyətdə rəğbətlə qarşılanır.

Bakı Dövlət Universiteti təkcə tədris, elm sahəsində deyil, həm də lazım olan şəraitdə bütövlükdə xalqın, dövlətimizin və hökumətimizin yanındadır. Məlumdur ki, işğaldan azad olunmuş şəhər və kəndlərimizi vandal düşmən xarabaya çevirib. O şəhər və kəndlərimizin yenidən qurulmasının dövlət proqramı, quruculuq xəritəsi hazırlanır. Bakı Dövlət Universitetinin rektoru bu işdə dövlətimizə kömək məqsədilə təkliflər planı hazırlamaqdadır. Güman edirik ki, belə bir təklif mütləq bəyəniləcək və çox səmərəli olacaq.
Universitetimizdə tələbəyə humanist münasibət Elmi Şuranın keçən yay imtahan sessiyasında qəbul etdiyi qərarlar necə səmərəli oldu, bunu tələbələrimiz yaxşı xatırlayırlar. BDU Elmi Şurası yaxınlaşan qış imtahani sessiyasının keçirilməsi ilə bağlı lap bu günlərdə yenə də humanizmin ifadəsi olan maraqlı qərarlar qəbul edib.

Universitet 2020-2021-ci tədris ilinin payız semestrinin imtahan sessiyasında tələbələrin öz bilik və bacarıqlarını nümayiş etdirməsi üçün bütün şəraiti yaradacaq, COVID-19 pandemiyasının tədrisdə yaratdığı çətinlikləri, Vətən Müharibəsi dövründə onlayn dərslərin təşkilində yaranmış texniki problemləri, cəbhə bölgəsində yaşayan tələbələrin, habelə onlayn dərslərə qoşulmaqda çətinliklərlə üzləşən, onlayn dərslərə müntəzəm qoşula bilməyən tələbələri nəzərə alaraq bütün təhsilalanlar üçün güzəştlər tətbiq edəcək. BDU-nun Elmi Şurasının son iclasında ötən imtahan sessiyasında olduğu kimi, bu imtahan sessiyasında da tələbəyönümlü qərarlar qəbul edilib. Mövcud şəraitə uyğun olaraq bütün tələbələrin cari semestrdə tədris olunan fənlər üzrə imtahanlara buraxılması qərara alınıb. Bütün fənlər üzrə imtahan sualları məzmun və əhatəlilik əsas götürülərək sadələşdiriləcək. Müəyyən səbəblərdən tədris materiallarını mənimsəməyən və ya imtahan sessiyasında onlayn iştirak edə bilməyən tələbələr üçün də bütün şərait yaradılacaq.

Könül NIFTƏLİYEVA

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dekan müavini

 





23.12.2020    çap et  çap et