“Prezidentin də qeyd etdiyi kimi, Vətən müharibəsində qələbənin əsas şərtlərindən biri son 15 ildə iqtisadiyyatın gücləndirilməsi və bunun ordu quruculuğunda təmin edilməsi olub”.
525.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin İqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin 2021-ci il büdcə zərfi ilə bağlı keçirilən iclasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
Sədr bildirib ki, növbəti 5-10 il ərzində bizim üçün başlıca iqtisadi və sosial çağırışlar yüksək və dayanıqlı iqtisadiyyatın təmin edilməsi və ÜDM-in ikiqat artımının təmin olunmasıdır:
“İkinci çağırış ortamüddətli dövrdə də makroiqtisadi sabitliyin qorunması və təmin olunmasıdır. Post-pandemiya və post-neft dövrü bizim qarşımızda yeni çağırışlar qoyub. Növbəti ildə büdcə xərclərinin 4%-ə qədər artması tam məntiqidir. Büdcə layihəsi azad olunmuş ərazilərdə bərpa işlərinin başlanmasını özündə ehtiva edir. Biz bunu uzun illər gözləmişik”.
“Görülən tədbirlər nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunub”.
O bildirib ki, iqtisadi subyektlərin gəlirlərindəki itkilər Prezident İlham Əliyevin qəbul etdiyi konsepsiya əsasında qismən təmin olunub:
“Ölkənin strateji valyuta ehtiyatları il ərzində sabit qalıb. Mərkəzi Bankın valyuta ehtiyatları 3%-dən çox artıb. Çox əhəmiyyətli sabitlik təmin edilib. AMB-nin valyuta ehtiyatlarının artması da onu göstərir ki, bazarda valyuta çatışmazlığı yoxdur. Biz bu ili aşağı inflyasiya ilə başa vura biləcəyik. Manatın məzənnəsinin sabitliyi bütövlükdə makroiqtisadi sabitliyin mühüm tərkib hissələrindən biridir. 2018-2020-ci illərdə iqtisadiyyatda pul təklifi 54%-dək artıb. Bütövlükdə daha uzunmüddətli dövrə baxsaq, manatla kreditlər 5,5% azalıb. Pulun çoxalması kreditlərin çoxalmasına səbəb olur. Cari ildən artıq biznes kreditlərində artım var. İqtisadi fəallığın aşağı düşməsinə baxmayaraq, maliyyə sahəsində aktivlik müşahidə edilir”.
çap et