525.Az

Şəhid baş leytenant - Anım


 

Şəhid baş leytenant - <b style="color:red">Anım</b>

İkinci Qarabağ savaşında ön cəbhədən gələn hər bir xəbər arxa cəbhə üçün xüsusi əhəmiyyət daşıyırdı.

Cəmiyyət bütün proseslər barədə informasiya tələb edirdi. Xüsusilə də, hər kəs Şuşa müjdəsinə səbirsizlənirdi. Şuşanın işğaldan azad olunması xəbəri rəsmi açıqlandıqdan sonra bu əməliyyatın uğurla nəticələnməsinin heç də asan olmadığı məlum oldu. Xüsusi hazırlıq görmüş hərbçilərimizin planlı hücumu müharibədən sonra qəhrəmanlıq dastanına çevrildi. Ali Baş Komandan da bunu çıxışlarında xüsusi qeyd edirdi. Şuşa uğrunda qəhrəmanlıq göstərmiş xüsusi təyinatlı hərbçilərdən biri də şəhid baş leytenant İlkin Muradlı idi.

Muradlı İlkin İlyas oğlu 1995-ci il sentyabrın 27-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda dünyaya göz açıb. 2001-ci il Şahbuz rayon 1 saylı tam orta məktəbində təhsil almağa başlayan İlkin 2011-ci ildə öz arzusu ilə Heydər Əliyev adına Hərbi liseydə orta təhsilini davam etdirir. 2014-cü ildə sənədlərini Heydər Əliyev adına Ali Hərbi Məktəbə verir və 2017-ci ildə buranı bitirərək baş leytenant rütbəsinə yüksəlir. İlkin Muradlı təyinatını Gəncəyə alır və bir müddət burada xidmət edir. Daha sonra XTQ-nin bölük komandiri kimi Ağstafada hərbi xidmətə göndərilir. Tovuz döyüşləri zamanı təyinatını döyüş bölgəsinə alan İlkin İkinci Qarabağ savaşı başlanan gündən etibarən 9 noyabra - şəhid olduğu günə qədər qəhrəmancasına döyüşür...

Elşən Rüstəmli qardaşı haqqında fikirləri bizlə bölüşərək İlkinin vətənpərvər, dönməz xarakterindən söhbət açır: "İlkinin hərbçi olmasına atam razı deyildi. O, hərbi liseyə daxil olmaq istəyəndə də söz-söhbət olmuşdu. Amma heç kim onu fikrindən döndərə bilmədi. İlkin uşaq vaxtından çox vətənpərvər ruhda böyüyüb. Hərb  sənətini seçməyi də təsadüfi deyildi. Hərbi təhsil alanda da, sanki çalışırdı ki, tez püxtələşib mübarizəyə atılsın, öz borcunu yerinə yetirə bilsin. Həmişə özünü bu torpağa borclu hesab edirdi. Biz bəzən onun belə vətənpərvərliyinə təəccüb edirdik. O, öz taleyini əvvəldən planlaşdırmışdı".

İlkin Muradlı Tovuz döyüşləri zamanı general Polad Həşimovun nəşini şəhid olduğu yerdən çıxaran dəstənin içində imiş. Qardaşının dediklərinə görə, bu hadisə İlkinə çox pis təsir edib. Müharibə başlanan gündən döyüşlərdə iştirak edən İlkin Muradlı Murov yüksəkliyinin, Hadrutun, Şuşanın işğaldan azad olunması uğrunda şücaət göstərib. Şuşanın azad olunmasında xüsusi təyinatlı dəstənin tərkibində çox ağır döyüş sınaqlarından keçib. Döyüşlər zamanı komandirinin şəhid olması İlkini çox sarsıdır. Döyüş yoldaşlarının dediyinə görə, İlkin bu hadisədən sonra bütün döyüşlərə "Komandirimin qisasını alacam!" deyərək başlayırmış. Silahdaşları İlkin Muradovun qəhrəmanlıqlarından ağızdolusu danışırlar.

İlkin Muradovun döyüşdüyü dəstə 8 noyabr Şuşa azad olunandan sonra Kəlbəcər istiqamətinə irəliləyir. O, noyabrın 9-u davam edən döyüşlərdə bədəninin müxtəlif yerlərindən qəlpə yarası alaraq Kəlbəcər yaxınlığında şəhid olub. Ölümündən sonra İlkin Muradlı Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif edilib.

İlkin Muradlının ortancıl qardaşı Heydər Muradlı hazırda Laçında xidmət edir. Qardaşı kimi hərbi istiqaməti özünə əsas peşə seçib. Balaca qardaşları Elşən həm İlkinlə, həm də Heydərlə fəxr elədiyini bildirir: "Biz hamımız İlkinlə və Heydərlə fəxr edirik. Bəli, İlkindən ötrü çox darıxırıq. Amma bir təsəllimiz var ki, İlkinin uğrunda mübarizə apardığı torpaqlar Azərbaycana qayıdıb. Digər qardaşım Heydər və onun timsalında digər hərbçilərimiz şəhidlərin qanı ilə azad olunmuş bu torpaqları cəsarətlə qoruyurlar. Təki Vətən sağ olsun!"

Nadir RZALI

 





23.12.2020    çap et  çap et