525.Az

Postmüharibə dövrünün tələbləri - Əkrəm Bəydəmirlinin yazısı


 

Postmüharibə dövrünün tələbləri - <b style="color:red">Əkrəm Bəydəmirlinin yazısı </b>

Bu gün dünyada Azərbaycanın haqlı, ədalətli qələbəsini həzm edə bilməyən qüvvələr var. Bunlar yalnız erməni lobbisi və onların havadarları deyil. Regionda maraqları olan bəzi qüvvələr fürsət düşən kimi erməni kartından istifadə etməyə cəhd göstərirlər.

Cənubi Qafqazdakı, eləcə də digər ərazilərdəki enerji resurslarının zəngin olduğu məkanlar gözə görünən və görünməyən qüvvələrin hədəflərindədir. Onları regiondakı sabitlikdən daha çox,  özlərinin iqtisadi-siyasi maraqları, regiona təsir imkanlarının qalması düşündürür. Elə Erməınistan da həmin dairələrə öz məqsədlərinə çatmaq üçün bir alət kimi lazımdır.

Bu gün isə ölkəmizin strateji maraqlarının təmin edilməsi, postmüharibə dövründə ortaya çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində yeni reallıq yaranıb. Çox müsbət haldır ki, xarici diplomatların münaqişənin həlli ilə bağlı imitasiya xarakterli sülh nəğməsinə son qoyulub. Lakin onların fikirlərində, təmsil olunduğu ölkələri parlamentlərinin qətnamələrində saxta erməni sevgisi hələ də müşahidə olunmaqdadır. Artıq ermənipərəst mövqedən çıxış edən qüvvələr mövcud reallığı anlayıb Cənubi Qafqazda yaranan sabitliyə mane olmamalıdırlar. Ermənipərəst mövqeydən çıxış edib sərsəm parlament qərarları çıxarmaq sülhə, sabitliyə təhlükə olmaqla bərabər, Azərbaycanın nəhəng enerji layihələrində həmin ölkələrin iştirakına da əngəl yaradacaq.

Bu gün bizi düşündürən əsas məsələ postmüharibə dövründə effektli fəaliyyətimiz olmalıdır. Ədalətli sülhü regiona Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu gətirib. Biz  cəmiyyət və dövlət olaraq bu ədalətli sülhü qorumaqla, postmüharibə dövrünə hazır olmalıyıq. Bu baxımdan medianın və Vətəndaş cəmiyyətləri institutlarının görəcəkləri çox işlər var. Artıq informasiya müharibəsi yeni fazaya keçib. Bu savaş intellektual müstəvidə aparılmalıdır. Zamanın çağrışlarına uyğun yeni metodologiyaların tətbiqinə ehtiyac var.

Bəs bu yeni metodologiyalar nədən ibarət olar?

İlk növbədə bəzi təbliğat üsullarını korrektə etməli, Azərbaycanla bağlı həqiqətləri geniş auditoriyaya çatdırmaq üçün mükəmməl innovativ vasitələrin tətbiqi üzərində düşünməliyik.

İkincisi, dövlətə yük olan bəzi çap mətbuatının (bir sıra qəzetlərin) birləşdirilməsi effektli olar. Bunun əvəzində əcnəbi dillərdə geniş fəaliyyət göstərə biləcək yeni media quruluşlarının əhatə dairəsinin genişlənməsi zəruridir. Üçüncüsü, intellektual informasiya müstəvisinə keçməliyik. Azərbaycan ərazisindəki xristian abidələri haqqında səthi mülahizələr deyil, yalnız tarixi faktlara söykənən elmi mülahizə söyləyə biləcək şəxslər danışmalıdır. Azərbaycana məxsus bu xristian abidələrinin mükəmməl tədqiqinə və beynəlxalq auditoriyaya çatdırılmasına ehtiyac var. Bunu nümunə üçün qeyd etdim. Belə nümunələrin sayını artırmaq da olar. Digər tərəfdən, faktın peşəkar səviyyədə informasiyaya çevrilməsi zərurəti var.

Dördüncüsü, vətəndaş cəmiyyəti institutlarının maliyyə çevrəsini genişləndirməklə beyin mərkəzlərinin fəaliyyətinə dəstəyi artırmaq lazımdır. Bəzən oturuşmuş analitik beyin mərkəzlərinin fəaliyyətinə ehtiyac hiss olunur. Ümumilikdə postmüharibə dövründə QHT-lərin potensialından düzgün yararlanmaq çox effektli ola bilər.

Nəhayət, işğaldan azad olunmuş  şəhər və kəndlərimizin real görüntüləri mühüm informasiya mənbəyidir. Bunu yalnız peşəkarların iştirakı ilə sənədli, bədii filmlərə köçürmək olar. Həmçinin, şəhidlərimiz haqqında zəfər dastanlarının da yazılacağına əminəm. Belə müqəddəs missiyanı sənətə və sənətkarlığa xidmət edəcək şəxslər yerinə yetirsələr, o zaman urvatlı ədəbiyyat və cəmiyyət qazanmış olar.

 





23.12.2020    çap et  çap et