525.Az

Kiberhücumun siyasi nəticəsi - Xaqani Cəfərlinin yazısı


 

Kiberhücumun siyasi nəticəsi - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Dekabrın 15-də ABŞ-ın Maliyyə, Daxili Təhlükəsizlik nazirlikləri, Ticarət Nazirliyinin Milli telekommunikasiya və informasiya idarəsi, eləcə də nəhəng İnformasiya Texnologiyaları (İT) şirkətlərinin kompüter sisteminə edilən haker hücumu Vaşinqtonda nüvə bombası partlayışı effekti yaradıb. Çünki bu hücum tarixdə ABŞ-a qarşı həyata keçirilmiş ən böyük kiberhücum olmaqla yanaşı, həm də əsas dövlət strukturlarına qarşı yönəlmişdi.

Kiberhücuma məruz qalan İT şirkətləri arasında "SolarWinds" şirkətinin də olması Vaşinqtondakı həyəcanın səbəbini anlamağa imkan verir. Çünki "SolarWinds" şirkətinin xidmətindən Milli Təhlükəsizlik Agentliyi, Ədliyyə Nazirliyi, Dövlət Departamenti və silahlı qüvvələrin bölmələri, "Fortune Global" 500-də yer alan 425 şirkət də var. Kiberhücuma məruz qalan qurumlardan biri də Müdafiə Nazirliyidir. Hücum nəticəsində hakerlər dövlət strukturlarının və şirkətlərin məlumat bazasına daxil olaraq onları ələ keçiriblər. Vaşinqtonun siyasi dairələrində bu hücumu ABŞ-a qarşı müharibə kimi dəyərləndirirlər. Ekspertlər hesab edirlər ki, bu hücuma görə ABŞ-ın intiqamı çox qorxunc olacaq. Hələlik kiberhücumun arxasında hansı dövlətin və ya təşkilatın dayanması tam aydın deyil. "Vaşinqton Post" qəzetinin yazdığına görə, kiberhücumun arxasında APT29 və ya başqa adı "Cozy Bear" olan haker qrupu dayanır. ABŞ-ın kəşfiyyat orqanları bu haker qrupunun Rusiyanın Xarici Kəşfiyyat Xidmətinə bağlı olması qənaətindədirlər.

Görünür, məhz buna görə ABŞ dövlət katibi Mayk Pompeo kiberhücumun arxasında Rusiyanın dayandığı ilə bağlı açıqlama yaydı. Dövlət katibindən fərqli olaraq, Prezident Donald Tramp kiberhücumun arxasında Çinin dayandığını düşünür. Vaşinqtonun siyasi dairələrində isə tam əksəriyyət kiberhücuma görə məsuliyyəti Moskvanın daşıdığına əmindir və Rusiyanın cəzalandırılmasını tələb edirlər. Mətbuatda yayılan məlumatlara görə, noyabrın 3-də keçirilmiş prezident seçkisinin qalibi Co Baydenin komandasında kiberhücuma görə Rusiyaya qarşı tətbiq ediləcək qadağa və cəzalarla bağlı qızğın müzakirələr gedir. Məlumatlardan çıxan nəticə ondan ibarətdir ki, kiberhücuma görə Rusiyanı çox ağır cəzalar gözləyir. Bu cəzaların tətbiqinə Co Bayden rəsmən vəzifəsinin icrasına başladıqdan, 20 yanvardan sonra başlanacaq. Cəzaların çox ağır olacağını deməyə əsas verən məqam kiberhücumun ABŞ-a qarşı müharibə elan olunması kimi dəyərləndirilməsilə bağlıdır. Senator Dik Durbin bəyan edib ki, Rusiyanın kiberhücumu ABŞ-a qarşı müharibə elan edilməsi anlamına gəlir.

Kiber təhlükəsizlik üzrə amerikalı mütəxəssis Maykl Telen isə hesab edir ki, Rusiyaya cavab zərbələri fevral ayının əvvələrində endiriləcək və hər bir Rusiya vətəndaşı bunu hiss edəcək.

Rusiya rəsmiləri isə Vaşinqtonun ittihamlarını rədd edir və kiberhücumun Moskva ilə heç bir bağlılığının olmadığını vurğulayırlar. Rusiya prezideninin köməkçisi və mətbuat katibi Dmitri Peskov bəyan edib ki, məhz Prezident Vladimir Putin Vaşinqtona kiber təhlükəsizlik üzrə birgə əməkdaşlıq təklifi ilə çıxış etmişdi. Peskova görə, Putinin təklifi qəbul edilsəydi, birgə əməkdaşlıq kiberhücumun qarşısını almağa və ya hücumun haradan həyata keçirildiyini müəyyən etməyə imkan verərdi.

Kreml rəsmilərindən fərqli olaraq Rusiya müxalifəti də kiberhücumun arxasında Moskvanın dayandığı qəanətindədir. Hətta Rusiya müxalifəti bu kiberhücumun səbəbini də qeyd edirlər. Putinin əleyhdarları iddia edirlər ki, bu kiberhücumun səbəbi "Bellingcat", "The İnsider", CNN və "Der Spiegel"in Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsilə bağlı araşdırmasıdır. Qeyd edək ki, bu araşdırma müxalifət liderinin zəhərlənməsinin arxasında Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşlarının dayandığı qənaətini yaradır. Rusiya Prezidenti Vladimir Putin isə ənənəvi mətbuat konfransında bu araşdırmanı ABŞ-ın kəşfiyyat orqanlarının məlumatlarının leqallaşdırılması kimi dəyərləndirmişdi.

Siyasi təhlilçilər hesab edirlər ki, bu kiberhücum onsuz da pis olan Vaşinqton-Moskva münasibətlərini tamamilə qarşıdurma həddinə gətirəcək. Xüsusilə də, ABŞ-da yeni seçilmiş Prezident Co Bayden vəzifəsinin icrasına başladıqdan sonra Moskva ilə münasibətlər tamamilə yeni mərhələyə keçəcək. Ekspertlərə görə, bu kiberhücumdan sonra ABŞ-ın siyasi və hərbi elitasında Rusiyanın ağır şəkildə cəzalandırılması ilə bağlı yekdil rəy formalaşıb. Rusiyaya qarşı görüləcək cəza tədbirlərilə bağlı isə ekspertlər hesab edirlər ki, yeni sanksiyaların qəbulu ilə yanaşı, əvvələr qəbul olunmuş qadağaların icrası da sərtləşdiriləcək. Çox böyük ehtimalla, Rusiyanın bank-maliyyə sistemi beynəlxalq maliyyə qurumlarından təcrid ediləcək, neft-qaz layihələrinin icrası ilə yanaşı, enerji daşıyıcıların ixracının da qarşısı alınacaq. Bundan əlavə, rusiaylı oliqarxların bank hesabları dondurulacaq və sərvətlərinin üzərinə həbs qoyulacaq. Rusiyaya qarşı postsovet məkanında geniş cəbhə yaradılmasına çalışacağı da proqnozlaşdırılır. Çox böyük ehtimalla, Gürcüstanın NATO-ya üzvlüyü sürətləndiriləcək, Ukrayna və Moldovanın Rusiyaya qarşı çıxışı daha fəal şəkildə dəstəklənəcək. Hətta bəzi ekspertlər Rusiyanın BMT Təhlükəsizlik Şurasının veto hüquqlu daimi üzvülüyündən çıxarılacağını da iddia edirlər. Rusiyanın xüsusi xidmət orqanlarının terrorçu təşkilatlar sırasına daxil ediləcəyilə bağlı da fikirlər mövcuddur. Çox maraqlıdır ki, Rusiya müxalifətinin əksər liderləri bu fikiri artıq səsləndirməyə başlayıblar. Hətta Qərbə müraciətlər də edilir ki, Rusiya Federal Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyinin Baş İdarəsi (keçmiş Baş Kəşfiyyat İdarəsi) terrorçu təşkilat kimi tanınsın. Qərbdə bu istiqamətdə müəyyən addımlar atılır. "Bellingcat", "The Insider", CNN və "Der Spiegel"in birgə araşdırmanın əsas təşəbbüskarı və icraçısı Hristo Grozev bəyan edib ki, ABŞ Konqresinin, Avropa Parlamentinin, Almaniya Bundestaqının üzvləri ona müraciət edərək qalmaqallı araşdırma ilə bağlı brifinq keçirməsini istəyiblər. Bu isə proseslərin məhz yuxarıda qeyd olunan istiqamətə getməsini düşünməyə imkan verir.

 





23.12.2020    çap et  çap et