525.Az

"Müasir dövrün rəssamları daha kreativdir" - Müsahibə


 

GƏNC RƏSSAM VƏ KARİKATURAÇI VASİF SƏFTƏROV: "RƏSM ÇƏKMƏK İÇİNDƏ OLDUĞUN ANI YAŞAMAQDIR"

"Müasir dövrün rəssamları daha kreativdir" - <b style="color:red">Müsahibə</b>

Sosial şəbəkələrdə parlayanlar 

Təbiət müxtəlif rənglər və çalarlarla zəngindir. Hər rəngin isə öz dünyası və dili var. Rəssam üçün ən böyük xoşbəxtlik rənglərin dünyasına daxil olub onların dilini tapmaqdır.
 
Bu xoşbəxtliyin sahiblərindən biri də gənc rəssam və karikaturaçı Vasif Səftərovdur. Vasifin rəsm əsərləri ilə yanaşı, hazırladığı karikaturalar da izləyicilər tərəfindən olduqca maraqla qarşılanır.

Gənc karikaturaçı müharibə dövründə arxa cəbhənin döyüşkən əsgəri kimi cəmiyyətə öz töhfələrini verməyə çalışıb.

Onun son yaşananlarla bağlı çəkdiyi bir neçə karikatura sosial media izləyicilərinin rəğbətini qazanıb. 

***

- Mən də bir çoxları kimi, sosial şəbəkələrdən mütəmadi olaraq istifadə edirəm. Əvvəllər sənət adamları əsərlərini auditoriyaya təqdim etmək üçün sponsorlar tapmalı idilərsə, indi bu, daha asandır. Sosial media vasitəsilə öz sənətimizi izləyicilərə daha rahat şəkildə təqdim edə bilirik. Onu da qeyd edim ki, fəaliyyətim təkcə sosial şəbəkələrlə məhdudlaşmır. Rəssamlar İttifaqının üzvü olduğum üçün tez-tez sərgilərə qatılıb, ölkəmizi təmsil edirəm.

- Həyatımızın yaddaqalan məqamlarından biri də tələbəlik illəridir. Siz bu illəri necə xatırlayırsınız?

- Bu illərlə bağlı çox gözəl xatirələrim var. 9-cu sinifi bitirib, Əzim Əzimzadə adına rəssamlıq kollecinə daxil olmuşam. İlk illərdə dərsləri və müəllimlərin tapşırığını böyük bir həvəslə yerinə yetirirdim. Ancaq 3-cü kursdan etibarən daha çox dünya rəssamlarının yaradıcılığını araşdırmağa başladım. İstər-istəməz dərslərimdə də müəyyən qədər geriləmələr oldu. Amma bu uğursuzluq nəticəsində bir növ uğura doğru gedirdim. Çünki bu fərqlilikləri öyrənərək öz yolumu tapmağa çalışırdım.

- Sizcə, rəssamlıq sahəsində sənətdən xəbəri olmayan şəxslər çoxdur?

- Hər sahədə olduğu kimi, rəssamlıq sənətinin də dərinliyini bilmədən bu işlə məşğul olanlar var. Baxmayaraq ki, onlardan bəziləri akademiya bitiriblər.

- Bildiyimiz kimi, siz karikatura da çəkirsiniz. Əvvəllər isə daha çox rəsmlər çəkməklə məşğul idiniz. Necə oldu ki, karikaturalar hazırlamağa başladınız?

- Əvvəllər "Hədəf" nəşrlərində uşaqlar üçün dərc olunan kitablara karikaturalar hazırlayırdım. Bu ərəfədə "Böyük adam olmuş uşaqlar" layihəsi çərçivəsində boya kitabları da hazırladıq. Sonra Şamil Sadiqin Milli Qəhrəman Mübariz İbrahimov haqqında yazdığı ssenariyə rəsmlər çəkdim. Bununla da Azərbaycanda cizgi roman sahəsində böyük bir addım atmış olduq. Hazırda Hədəf liseyində fəaliyyətimi davam etdirirəm. Şamil Sadiqin dəstəyi ilə yaradıcılıq emalatxanası yaratmışıq və bunun vasitəsilə sənəti gənc nəsilə aşılamağa çalışırıq.

- Sosial şəbəkələrdə son zamanlar ən çox maraq yaradan bir karikaturanız var idi. Mənasından belə başa düşdüm ki, torpağın üstündə yaşayaq deyə, Azərbaycan əsgəri bu torpağa can verdi. Necə oldu belə bir karikatura yaratmaq qərarına gəldiniz?

- Karikaturalarımın böyük bir qismini sosial şəbəkələrdə paylaşıram. Onlardan biri də sizin nəzərdən tutduğunuz karikaturadır. Belə rəsmlərdə öncədən düşünmürəm. Sadəcə fırçanı və ya karandaşı əlimə alıb, hiss etdiyimi yaradıram. Çünki sənətin özü də plansız şəkildə yaratmaqdan ibarətdir.

- Kənardan baxanda ciddi bir görünüşünüz var. Amma yəqin, yumor hissiniz olmasa, karikatura da çəkə bilməzdiniz.



- Açığı, kənardan baxanda necə göründüyümü bilmirəm. Yaradıcı adam olduğuma görə, bu xarakter əsərdən-əsərə dəyişir. Vəziyyətə uyğun olaraq xarakterim dəyişə bilər.

- Hər bir insanın sevdiyi musiqi olur. Bəs siz əsər yaradarkən hansı musiqiləri dinləyirsiniz?

 - Üzərində çalışdığım əsərə görə musiqilərin də janrı dəyişir. Həmin anda ruhuma uyğun olan musiqiləri dinləyirəm.

- Bu günə qədər hansısa sərgiləriniz təşkil olunubmu?

- Bu günə qədər bir çox beynəlxalq müsabiqələrdə və xarici festivallarda iştirak etmişəm. Özümün fərdi sərgilərim də olub.

- Düşünürsünüz ki, indi əvvəlki dövrlərə nisbətən incəsənətə maraq azalıb?

- Bəzi sənət adamları sosial şəbəkələrin gənclərin diqqətini yayındırdığını, sənətə olan marağı azaltdığını bildirir. Amma mən belə düşünmürəm. Sosial şəbəkələrdə rəsm sərgiləri və teatr premyeraları da keçirilə bilər. Ümumiyyətlə, bütün dövrlərə diqqət etsək, sənətə marağın azaldığını deyə bilmərik. Sadəcə insanların məişət problemləri çoxalıb. Əgər kiminsə, rəsm əsəri almağa və ya kinoteatra getməyə imkanı yoxdursa, bu o demək deyil ki, həmin şəxslərin sənətə marağı azalıb.

- Dünya rəssamlarının əsərlərini izləyirsinizmi?

- Dünya rəssamlarının yaradıcılığı ilə yaxından tanış oluram. Amma keçmiş dövrlərə nisbətən indiki sənət əsərləri mənə daha güclü gəlir. Ona görə də, xarici rəssamların yenilikçi əsərləri ilə maraqlanıram. Onlarda müxtəlif üslublar çoxdur. Mənim fikrimcə, müasir dövrün rəssamları daha kreativdir.

- Bir rəssam kimi, rəsm çəkəndə sizdə yaranan duyğunu hansı duyğuya bənzədərdiniz?

- Deyirlər, hər anın öz hökmü var. Rəsm çəkmək o an içində olduğun anı yaşamaqdır. Çəkdiyim əsərin mövzusuna görə, o an yaşadığım duyğular da dəyişir. Açığı, bu duyğuları dilə gətirməkdə çətinlik çəkirəm.

- Gələcəklə bağlı hansı planlarınız var?

- Hazırda müəyyən layihələr üzərində işləyirəm. Bacardıqca yaratmağa, özümü təkmilləşdirməyə və Azərbaycan incəsənətinə müəyyən qədər töhfələr verməyə çalışıram.

Günel ABBAS

 





23.12.2020    çap et  çap et