525.Az

Mədəniyyətimizin və pedaqoji fikrimizin örnək tədqiqatçısı - Yazı


 

Mədəniyyətimizin və pedaqoji fikrimizin örnək tədqiqatçısı - <b style="color:red">Yazı</b>

Ömrünün 80-ci pilləsinə doğru mətinliklə qədəm qoyan görkəmli alim, pedaqogika üzrə elmlər doktoru, professor Vidadi Cəmil oğlu Xəlilov münəvvər bir insan olaraq, sözün gerçək mənasında, ümumxalq mehri qazanmış şəxsiyyətlərdəndir. O, xalq ruhunu, milli adət-ənənələrimizi qürurla hifz edib saxlayan, xəlqi keyfiyyətlərə malik alim, boya-başa çatdığı Cəbrayıl elində də adı ehtiramla çəkilən ziyalıdır.

... Yaxşı xatırlayıram. Yağı düşmən məkrinin qurbanı olan həmvətənlərimiz 1993-cü ilin isti yay günlərinin birində (gərək ki, avqustun 23-ü idi) "Belarus" markalı traktorun dalına qoşulan lafetdə (yük arabasında) pərən-pərən oturub öz doğma ocaqlarını özlərinə belə bəlli olmayan səbəbdən tərk edirdilər. Təlaş, həyəcan xofu xalqın mətanətini, mübarizlik əzmini sanki sarsıtmışdı. Bu müsibətləri görüb, qarış-qarış torpaqlarımızın arealını kiçildən oyunların siyasi gerçəkliklərinin canlı şahidinə çevrildim.

Mən o illərdə Azərbaycan Dövlət Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunda pedaqogikanın tarixi və nəzəriyyəsi şöbəsində böyük elmi işçi vəzifəsində çalışırdım. Hər il Təhsil Nazirliyinin istiqamətlənməsi xətti ilə keçirilən müəllimlərin ənənəvi Avqust müşavirələrində iştirak etmək üçün elmi-metodik ezamiyyətlərə səfərbər olunurduq. Növbəti belə tədbir isə məhz həmin günlərə təsadüf etmişdi. Bu mötəbər müsamirələrdə iştirak etmək üçün İmişli və Ağcabədi rayonlarına ezam olunmuşdum. İki günlük missiyamı icra edib geri dönəndə müşahidə etdiyim epizodlar məni çox təsirləndirdi. Vəziyyətin məğzi onda idi ki, həmin məqamlarda xalqla ziyalı birliyi daha yaxından təzahür tapırdı. Sanki doğma xalqına mərhəmət, halına yanmaq qayğısı bütün ziyalıların ağlının sönməz məşəlinə çevrilmişdi. Hər kəs xalqının yanında olmaq, onlara pasibanlıq etmək, bu insanların acı dərdlərinə şərik olmaq istəyirdi.

Bu hissin təsirilə mən də həmin vaxt rastlaşdığım insanlarla səmimiyyətlə, qayğıkeşliklə ünsiyyət qurmağa can atırdım. Öyrəndim ki, hüzünlü görkəmdə olan bu soydaşlarım yurd-yuvasından perik düşən, pərən-pərən olan Cəbrayıl əhlidir. Bu torpaqdan nəşət tapan tələbə yoldaşlarım, üns saxladığım əvəzolunmaz dost-tanışım yadıma düşdü. Vəziyyətdən necə çıxacağımı belə bilmədən yüngül əşyalar üstündə oturmuş və dərin fikirlərə qərq olmuş yarıyaş bir anaya yaxınlaşıb bu vaqiənin necə baş verdiyini soruşdum. O, mənim sarsıldığımı, duruxduğumu qabaqcadan hiss etmişdi. Başlarına gətirilən düşmən əməllərini qısaca, amma dərin yanğı ilə danışdı. Baxışları məchul nöqtəyə yönəlmiş digər bir qadın da söhbətə qoşularaq, məndən müraciət təriqi ilə soruşdu: "Müəllimsiniz?" "Bəli", - dedim. "Oğul, bizim də el-obadan çox qiymətli adamlar çıxıb". Hiss etdim ki, o da hardasa ziyalı bir zümrənin nümayəndəsidir. Sinədəftərdir. Sözünə aşina kəsildiyimi duyub, yenə coşqun, qürurverici bir emosiya ilə Cəbrayıl bölgəsindən olan görkəmli söz və sənət adamlarının, elm və təhsil mücahidlərinin - o cümlədən, akademik Mehdi Mehdizadənin, professor Tofiq Hacıyevin, professor Yusif Talıbovun, eləcə də haqqında bəhs etdiyim professor Vidadi Xəlilovun adlarını iftixarla vurğuladı. Didərginlik həyatı yeni başlanan bu əziz insanların hətta o ağır məqamda belə, öz ellərindən çıxmış ziyalıları qürurla xatırlamaları məni dərindən düşündürdü.

Sözün doğrusu, Cəbrayıl rayonundan olan tanınmış şəxsiyyətlər cərgəsində çox qiymətli adaşımın - Vidadi Xəlilovun da adının çəkilməsi məndə ona qarşı mehr-ülfəti birə on artırdı...

Yeri düşmüşkən onu da qeyd edim ki, həmin ərəfələrdə Bakı şəhərində, müxtəlif pansionatlarda, yataqxanalarda, məktəb və bağçalarda məskunlaşan yurddaşlarımıza həm maddi, həm də mənəvi simsarlıqla dəstək olan iki ziyalımızın - Azərbaycan Dillər Universitetinin professoru, fəlsəfə üzrə fəlsəfə doktoru Məhəmməd Teymurlunun və ictimai-dövlət xadimi, ürək dostum Vidadi Xəlilovun o illərdə, heç bir hədə və qorxuya baxmayaraq, bu məkanlarda cəmləşən Qarabağ qaçqınlarına həyan olmaları bu gün də hafizəmdə layiqincə yer tutur. Xüsusən, Vidadi müəllimin qaçqın ailəsindən olan həmvətənlərinə pasiban olmasının canlı şahidi olmuşam. O, ailəsi ilə birlikdə darısqal mənzil şəraitində yaşasa da, əslən Qarabağdan olan yurddaşlarına, qohum-qardaşa əl tutaraq, onların rahatlığı üçün əlindən gələni əsirgəməmişdi.

Çünki vətəndaş təəssübkeşliyi onun iliyində, damarlarından axan qandadır. Xeyirxahlıq onun təbiətindədir. Müşahidə etmişəm: Müdafiə şuralarında, Elmi şuralarda o, əsl vətəndaş-alim mövqeyindən fakt və hadisələrə dəyər verir, haqlını haqsızdan, dəyərlini dəyərsizdən əsaslı arqumentlərlə ayırıb, dürüst qərarların verilməsinə çalışır, obyektivlikdən bir an da uzaqlaşmır.

O, birmənalı olaraq "Elmin özünün də ədaləti, xeyirxahlıq demokratiyası var", - deyə elm-sənət yolunda fədakarlıq devizi ilə çalışanlara cəsarətli dayaqkeş olmuş, zəhmətlərinin itməsinə yol verməmişdir.



Professor Vidadi Xəlilovun elmi-pedaqoji yaradıcılıq yolundakı şərəfli fəaliyyətindən yeni nəsillər həmişə yüksək mənəvi-psixoloji hissiyyatla faydalana bilir. O, insanlarda vətənpərvərlik ruhunun yüksək bədii-estetik qayələrini ciddi, fundamental araşdırmalarla hasilə gətirir.

Ümidvaram ki, pedaqoji ictimiyyət onun radio və televiziyadakı çıxışlarında irəli sürülən mənəviyyat pedaqogikasına aid qiymətli mülahizə və müddəalarına diqqət yetirib, onları birmənalı olaraq ətraflı, təfərrüatlı halda dəyərləndirmək imkanı qazanıb. Xüsusən, dövri-pedaqoji mətbuatda, ictimai müzakirələrdə, elmi-təcrübi konfranslarda, aidiyyəti müsamirə və görüşlərdə savadlı, ilhamlı çıxışları düzgün qiymətləndirilməlidir. Onun gənc nəslə örnək olan təbiət, cəmiyyət və incəsənət gözəllikləri haqqında dərin fəlsəfi mühakimələri, estetik-sosial baxışları həmişə novator və orijinal fikir və mülahizələrə istinad edib. Xüsusən, böyüyən nəslə örnək olan, onların sosial-mədəni fəallığında müstəsna əhəmiyyət kəsb edən, metodik tövsiyələri bu gün də məktəb təhsilində özünəməxsus yer tutur. Onun elmi nüfuza və tətbiqi reallıqlara xidmət edən araşdırmaları bu baxımdan ciddi tədqiqatlara rəvac verib.

Elmi kredosu yüksək pedaqoji təfəkkürə, məntiqi ümumiləşdirmələrə, yüksək mədəni davranış estetikasına əsaslanan Vidadi Xəlilovun yaradıcı fəallığının bariz nümunələri olan əsərləri də dediklərimizə aydın sübutdur.

Xüsusən, yenilənən estetik tərbiyə işinin təşkili və inkişafı yolunda gənc nəslə örnək olası "Ümumtəhsil məktəblərində estetik tərbiyənin inkişaf yolları" və "Məktəbli mədəniyyəti" adlı dərs vəsaitləri ənənə və müasirlik prinsipləri əsasında yazılmış qiymətli kitablardır.

Professor Vidadi Xəlilovun yaradıcı ömrünə, mənəvi ruhuna çıraq tutan digər qələm məhsullarında da, təbii ki, bu proses davamlı xarakter daşıyan fəaliyyətin nəticəsi olaraq meydana gəlib. Bu istiqamətdə yazılmış "Bəstəkar Süleyman Ələsgərov", "Bəstəkar Qəmbər Hüseynli", "Bəstəkar Oqtay Zülfüqarov", "Akademik Mehdi Mehdizadə işığı", "Sadiqlik nümunəsi" (Əməkdar incəsənət xadimi, professor Nazim Kazımov həsr edilib), "Şirin səsin sədası" (Əməkdar artist Təhmiraz Şirinov haqqında), "Ustad məhəbbəti, ustad sənəti" (Xalq artisti Səkinə İsmayılova haqqında), "Zirvə yolu" (Əməkdar elm xadimi Misir Mərdanov haqqında) monoqrafiyalarının müəllifi kimi də diqqət mərkəzinə çıxıb.

Professor Vidadi Xəlilov birmənalı olaraq "Musiqi pedaqogikası" sahəsində uğurlu axtarışlar aparan məhsuldar tədqiqatçılardandır.

Bu sahənin ümumişlək texnologiyasını, qanunauyğunluqlar sistemini, yeni pedaqoji ustanovkalarını, təşkil prosesindəki nəzəri-intellektual metodologiyaları yaradıcı (kreativ), həm də tənqidi təfəkkürdə təhlil edib. Vidadi Xəlilovun elmi-pedaqoji irsi pedaqogikanın konseptual məsələlərinə, modern inkişaf yollarına həsr olunub.

Onun dəyərli tədqiqatlarından biri bu yaxınlarda işıq üzü görən, sırf tədqiqatçılıq rakursundan qələmə alınan "Dolanaram başına"nın heyrət aləmi" adlı əsəridir. Monoqrafiyada milli muğam ifaçılığı mədəniyyətimizin görkəmli nümayəndəsi, unudulmaz xanəndə, mədəniyyətimizin kamil bilicisi, milli ruhlu mahnı və musiqilərin mahir bəstəçisi, sonsuz sayda opera tamaşalarımızın cəfakeş aktyoru olan Qulu Əsgərovun böyük qürurla xatırlanmalı olan ömür-gün yolunun parlaq fraqmentləri əks etdirilib. Bu kitabda cəmləşən fabula aydınlığı, doğma kolorit, dərin bədii ümumiləşdirmə, əhatəlilik, dərin məzmun yüksək maraq və rəğbət doğurur. Monoqrafiyada ölümsüz nəğməkarımız Qulu Əsgərovun zəngin musiqi aləmi barədə diqqətçəkən fikirlər irəli sürülüb, Azərbaycan musiqisindəki yeri və rolu işıqlandırılmışdır. Bu əsər bir daha göstərir ki, istedadlı pedaqoq, dərin erudisiyalı alim olan Vidadi Xəlilov həm də musiqi mədəniyyətinin yüksəldilməsində ənənə və novatorluq məsələlərini əzmlə öyrənən örnək mütəxəssislərdən biridir.

Uzun illərdir ki, görkəmli pedaqoq və alim kimi yeni tədqiqatçıların yetişməsinə çalışan, ustad müəllim, fədakar tədqiqatçı kimi uğurlu fəaliyyət göstərən Vidadi Xəlilova ömür və yaradıcılıq yolunda yeni nailiyyətlər arzulayıram!

Vidadi BƏŞİROV
Azərbaycan Dillər Universitetinin pedaqogika kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





23.12.2020    çap et  çap et