525.Az

Osmanlı rəssamın "Tısbağa tərbiyəçisi" - Bir rəsmin dedikləri


 

OSMAN HAMDİ BƏYİN SİRLİ-SEHİRLİ TABLOSU

Osmanlı rəssamın "Tısbağa tərbiyəçisi" - <b style="color:red">Bir rəsmin dedikləri </b>

"Bir rəsmin dedikləri" rubrikasının budəfəki qonağı sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının müəllimi Nuranə Səlimlidir.

Nuranə xanımla Osmanlı dövrünün ilk arxeoloqu, İstanbul Arxeologiya muzeyinin qurucusu və direktoru olmuş  rəssam Osman Hamdi Bəyin "Tısbağa tərbiyəçisi" əsəri haqqında danışmışıq.
 

- Əsərin özü qədər Osman Hamdi Bəyin həyat və yaradıcılığı da maraqlıdır.

- Osman Hamdi Bəy 1842-ci ildə İstanbulda, Osmanlı imperatorluğunda sədrəzəm olan İbrahim Ədhəm Paşanın ailəsində dünyaya gəlmişdi. Ona görə də, çox gözəl təhsil almış və kübar mühitdə böyümüşdü. Atası Ədhəm bəy Osmanlı imperiyasının təhsil almaq üçün Avropaya göndərdiyi dörd gəncdən biri olmuşdu. Osman Hamdi Bəy akademik rəssamlıq ənənələrinə Parisdə yiyələnmişdi. Əslində, o, Parisə atasının istəyinə uyğun olaraq hüquq təhsili almağa getmişdi. Lakin rəsm çəkməyə olan böyük marağı onu rahat buraxmırdı və Osman Hamdi Bəy bu sənəti dərindən öyrənmək qərarına gəldi. O zaman qaynar sənət mərkəzi olan Paris bir çox cərəyanların yarandığı və çoxsaylı rəssamların can atdığı şəhər idi. Osman Hamdi Bəy burada baş verən sənət proseslərini izləyir, tanınmış rəssamlarla dostluq edir və orientalizm cərəyanının tanınmış nümayəndəsi Jeromun emalatxanasına, İncəsənət Akademiyasına gedərək bu sənətə daha da dərindən yiyələnirdi. Ailəsinin hüquq oxumaq üçün göndərdiyi Osman Bəy artıq yaxşı bir rəssam kimi yetişmişdi.

Osman Hamdi Bəy Avropada qaldığı 12 il müddətində sənətin yaşaması üçün onların mühafizə olunduğu mədəni qurumların böyük rol oynamasını anladı. Ona görə də qayıtdıqdan sonra öz ölkəsində tətbiq etmək üçün arxeologiya və muzey işi ilə bağlı geniş, hərtərəfli biliklərə yiyələnirdi.

Osman Hamdi Bəy Osmanlı Türkiyəsində rəssamlıq sahəsində etdiyi inqilabi yeniliklərlə yanaşı, Əski Əsərlər muzeyi yaratmağa da nail oldu. O, həm də Gözəl Sənətlər Akademiyasının (bugünkü Memar Sinan Universiteti) qurucusudur. Fransız dilini mükəmməl bilməsi sayəsində o, bir çox vəzifələrə irəli çəkilmişdi. 1881-ci ildə Muzeyi Humayuna müdir gətirilməsi onun Osmanlının mədəni həyatında iştirakına zəmin hazırladı. İndiyə kimi Osmanlı sarayının qiymətli nümunələr saxlanılan muzeyinə əcnəbilər rəhbərlik edirdi. Muzeyin ilk türk müdiri isə Osman Hamdi Bəy oldu. Osman Hamdi Bəyin digər mühüm xidməti qiymətli sənət əsərlərinin xaricə daşınmasının qarşısını almaq idi. 1884-cü ildə bu məsələləri özündə ehtiva edən qanunun qüvvəyə minməsinə nail oldu. İmperiya ərazisində aparılan bütün arxeoloji qazıntıları nəzarətinə götürdü, muzey binası inşa etdirdi və ilk Arxeologiya muzeyi açıldı. Bu mənada deyə bilərik ki, Osman Hamdi Bəy həm də ilk türk arxeoloqudur.

Osman Hamdi Bəy bir çox ölkələrin yüksək mükafatlarına layiq görülmüş, Oksford və digər nüfuzlu universitetlərin fəxri doktoru diplomu ilə təltif edilmişdi. Onun əsas mövzusu XIX əsrin sonu Osmanlı cəmiyyətinin önündə duran problemlər, dilemmalar və şəxsi yaşam fəlsəfəsini ifadə edən özünəməxsus bədii dil idi.

- "Tısbağa tərbiyəçisi" əsərinin yaranma tarixçəsi barədə nə bilirik?

- "Tısbağa tərbiyəçisi" Osman Hamdi Bəyin ən məşhur və haqqında ən çox mülahizələr söylənilən əsəridir. Onun burada nə anlatmaq istəməsi zaman-zaman incələnib. Tablo 1906-cı ildə Parisdə keçiriləcək sərgidə nümayiş olunmaq üçün çəkilmişdi. Əsər bu gün İstanbul Pera muzeyində mühafizə olunur.

Belində kəmər, başında külahla uzun, qırmızı libas geyinmiş, dərviş obrazlı saqqalı kişi mavi, rozet formalı ornamental kaşılarla işlənib və bir çox yerlərdən kaşılar tökülmüş, baxımsız otaqda təsvir edilib. O, arxadan dönmüş şəkildə əks olunub. Ayaqları altında yarpaq yeyən beş tısbağa var. Bu məkanın Bursadakı Yaşıl Caminin ikinci mərtəbəsindəki bir otaq olduğu düşünülür. Tablonun yeganə işıq mənbəyi tərbiyəçinin önündəki alçaq nisbətdə verilmiş pəncərədir.

Tağ formal pəncərənin üzərində incə xətt sənətilə "Qəlblərin şəfası sevgiliylə qovuşmaqdır" (Peyğəmbər nəzərdə tutulur) ifadəsi əksini tapıb və burada rəssam Osmanlı insanının aid olduğu dinə səmimi inancını bir daha vurğulayıb. Rəssam bir çox əsərlərində olduğu kimi, burada fiqur olaraq özünü təsvir edib, yəni avtoportretini yaradıb. O, əllərini arxada beli üzərində birləşdirərək ney tutub. Burada simvolik məqam axtaran tənqidçilər rəssamın bu tablo ilə öz toplumunun, cəmiyyətinin elm sahibi olmasına və müasirləşməsinə çağırış etdiyini vurğulayırlar. Daha bir fərziyyə isə ondan ibarətdir ki, Sanayi-Nefise, Asari Atika və digər mühüm mədəni qurumları yaradan Osman Hamdi Bəy burada özünü tərbiyəçi, onun iş tərzinə tabe olmaq istəməyənləri isə yeməyə can atan tısbağalar kimi təsvir edib. Yəni bu əsərlə rəssam onlara satirik tərzdə cavab verib.

Digər bir mülahizəyə görə, yenə də yorğun düşmüş tərbiyəçi kimi rəssam zor bir işin öhdəsindən gəlməyə çalışır, yəni belində tutduğu ney, çiynində daşıdığı kiçik nağara ona işarə edir ki, o, aid olduğu toplumu sənətin gücüylə dəyişməyə çalışır. Onun məktəb, muzey açmada da əsas niyyəti bu idi.



"Sənətdə Qərbə açılış" kitabının müəllifi Mustafa Cezar rəsmdə Osman Hamdinin Osmanlı toplumuna işarə etməsi ilə razılaşmır. O, bunu mümkün saymır. Çünki Osman Hamdi Bəy Osmanlı heyranı idi. O, burada özünü təsvir edib və Şərq mühitini göstərib.

Rəssam 1907-ci ildə əsərin daha kiçik həcmli və olduqca bənzər ikinci variantını işləyib. Hazırda şəxsi kolleksiyada saxlanan bu tabloda tısbağaların sayı altıdır. Divarda, xəttatlıq sənəti ilə işlənmiş çərçivə, pəncərə önündə isə su dolçası əks olunub.

- Niyə məhz tısbağa? Mesaj nədir?

- Bu da çox maraqlı və sənət tarixçilərini düşündürən məsələlərdəndir. Əsərə baxanlar "Məgər bizdə tısbağa tərbiyə etmək kimi ənənə olubmu?" - deyə soruşurlar. Əslində, söylənilənlərin əksinə olaraq bəzi tədqiqatçılar hesab edirlər ki, burada xalqa hansısa mesaj yox, Osman Hamdi Bəyin atasına göndərdiyi məktublardan birində qeyd etdiyi kimi, fransız dərgisində oxuduğu məqalədən təsirlənməsi motivi ola bilər. O, məktubda isveçrəli diplomat Humbertin Yaponiyada rastlaşdığı maraqlı ənənədən zövqlə danışır. Diplomat Yaponiyada koreyalı məşqçilər tərəfindən çətin tabe olan tısbağaların tərbiyə olunduğunu, onların musiqinin müşayiəti ilə sıra halında yeriməklə alçaq stol üzərində üst-üstə düzüldüklərini qeyd edir. Bu əhvalat Osman Hamdi Bəydə maraqlı təəssürat oyadıb və oxuduqlarını sonradan rəsmə çevirib. Digər bir versiyada isə tablonun Osmanlı dövrünün ən rahat, zəngin dönəmi olan "Lalə dövrü"nü anlatdığı düşünülür. Bu dönəmdə sarayda tez-tez əyləncələr keçirilirdi. Əyləncələr əsasən gecələr təşkil olunurdu. Elektrik olmadığından işıqlandırma üçün tısbağaların belinə şam yapışdıraraq onları sərbəst buraxırdılar. Tısbağaların müəyyən olunmuş istiqamət üzrə hərəkət etmələri tərbiyəçilərin işi idi.

Eyni zamanda, bu tısbağaların Osman Hamdi Bəyin Parisdə küçələrdə dolaşan və Ş.Bodlerin "Modern həyatın rəssamı" kitabında bəhs edilən tısbağa olduğu da güman edilir.

- Əsərin rəng koloriti barədə nə deyə bilərsiniz?

- Türkiyə rəngkarlığında ilk dəfə olaraq fiqurlu kompozisiya quran və gerçək insan obrazı təsvir edən Osman Hamdi Bəy bu tabloda Avropa realistik sənət üslubu ilə Şərqin ornament və xətt sənəti kimi qiymətli sənət sahələrini mükəmməl şəkildə birləşdirib. Bu uğurlu kompozisiya seçimi ilk növbədə özünü Şərqin ənənəvi sənətlərinə xas olan koloritlə büruzə verir. Ornamentlə zəngin mavi kaşılar bu baxımdan xüsusi rol oynayır. Osman Hamdi Bəy əsas ifadə vasitələrindən olan rəngdən məharətlə istifadə edib və baxımsız otağın yaratdığı darıxdırıcı mühiti tərbiyəçinin əynindəki narıncı tonlara malik tünd qırmızı rəngli geyimlə aradan götürüb. Tablodakı qırmızı rəng tamaşaçıda güclü emosional duyğular oyadır və güc, azadlıq, hərəkət, özünə inam, müasirlik kimi mənalar əsərin daşıdığı ideya ilə üst-üstə düşür.

- Əsər bizə nə deyir?

- Hər bir əsər öz dövrünün güzgüsüdür. Osman Hamdi Bəyin yardıcılığı bu ifadəylə tamamən üst-üstə düşən bir külliyyatdan ibarətdir. Onun əsərlərindəki Osmanlı İstanbulunu tarixi sənəd kimi qəbul edə bilərik, çünki bu lövhələrdə Şərq və Qərb dəyərləri çox maraqlı şəkildə birləşir. Türkiyənin ən məşhur və ən bahalı sənət əsəri hesab olunan "Tısbağa tərbiyəçisi" ilk baxışdan adi, məişət xarakterli süjet təsiri bağışlasa da, əslində, onun "adiliyinin" altında bir çox sirli mətləblər yatır. Osman Hamdi Bəy sənəti içdən duyan, istedadlı rəssam olmaqla yanaşı, həm də öz toplumunun dünyanın mədəni xalqları içərisində ön sırada olmalarını arzulayır və bunun üçün əzmkarlıqla çalışırdı. Sirlərlə dolu tablonun başlıca qayəsini də fikrimcə, elə bu ali istək təşkil edir.  

Aytac SAHƏD

 





23.12.2020    çap et  çap et