525.Az

Böyük lider, qalib sərkərdə, xoşbəxt adam - Rəşad Məcidin yazısı


 

50 YAŞINI AĞCABƏDİDƏ, TAXTA KÖRPÜDƏ LAÇINLI MƏCBURİ KÖÇKÜNLƏRLƏ KEÇİRƏN PREZİDENT İLHAM ƏLİYEV 59 YAŞINI MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN KİMİ QEYD EDİR

Böyük lider, qalib sərkərdə, xoşbəxt adam - <b style="color:red">Rəşad Məcidin yazısı </b>

Böyük Zəfərlə sonuclanan 44 günlük Vətən müharibəsi fərd olaraq hər birimizin, toplum olaraq xalqımızın, xüsusilə də bu qələbənin memarı Ali Baş Komandanın bir sıra üstün və bugünəcən bilinməyən, görünməyən bir çox yeni keyfiyyətlərini üzə çıxardı.

Dövlət başçısı İlham Əliyevin fəaliyyəti hələ Prezident olmazdan da öncədən - Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışdığı dövrlərdən ictimaiyyətin gözü qarşısında idi. O, Azərbaycan mətbuatında ilk böyük müsahibəsini 1998-ci ilin oktyabrında "525-ci qəzet"ə vermişdi. "Neft bizim üçün məqsəd yox, vasitə olmalıdır" başlıqlı həmin müsahibədə İlham Əliyev Azərbaycanın gələcəyi və iqtisadi inkişafı ilə bağlı proqnozlarını açıqlamışdı.

Həm bu müsahibəni, həm də ümumən İlham Əliyevin 1998-2003-cü illərdəki siyasi fəaliyyəti barədə yazıları "525-ci qəzet" olaraq  ayrıca kitab halında nəşr etmişdik. Təxminən 17 il əvvəl işıq üzü görən, "Siyasi olimpə doğru" adlanan həmin kitabda İlham Əliyevin fəaliyyətinin müxtəlif yönləri işıqlandırılmış, ayrı-ayrı müəlliflər  yazılarında onun Avropa Şurası Parlament Assambleyasındakı fəaliyyəti, qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi hər bir sənədə necə böyük həssaslıqla, dərin məsuliyyət hissi ilə yanaşması, Azərbaycanın milli maraqlarına, dövlət mənafeyinə cavab verən hər bir ifadənin Assambleyanın sənədlərinə salınması yönündəki ardıcıl addımları barədə ətraflı təhlillər yer almışdı.

İlham Əliyevin heç bir addımı boşuna atmadığını sonrakı  zaman kəsimi də göstərdi, atdığı hər bir addımın arxasında gələcəyə hesablanmış böyük məqsədlərin dayandığı öz təsdiqini tapmış oldu.

2003-cü ilin Prezident seçkisi ərəfəsində dövlətimizin başçısı - Ümummilli lider Heydər Əliyev Klivlenddən Azərbaycan ictimaiyyətinə ünvanladığı müraciətində Prezidentliyə namizəd İlham Əliyevə böyük inamını ifadə etdi və xalqı seçkilərdə onu dəstəkləməyə çağırdı. Ulu öndərin "Mən İlham Əliyevə özüm qədər inanıram" sözləri ictimaiyyətdə ona sonsuz etimad yaratmaqla bərabər, Azərbaycanın gələcək taleyi ilə bağlı müəyyən tərəddüd və nigarançılıqlara da son qoydu. Düzdür, arxada qalan bu illər ərzində dövlət başçısı kimi İlham Əliyevi kifayət qədər yaxından tanımaq imkanımız olmuşdu, ölkədə aparılan çoxşaxəli islahatların, gerçəkləşdirilən genişmiqyaslı, saysız-hesabsız layihələrin Azərbaycanın sosial-iqtisadi, ictimai-mədəni həyatında ciddi dönüş yaratdığını, əhalinin sosial rifahının ildən-ilə daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlar qazanıldığını, xarici siyasət kursundakı incə və peşəkar korrektələrin dövlətimizin beynəlxalq aləmdə nüfuzunun artırılması baxımından böyük əhəmiyyət daşıdığını dəfələrlə görmüşdük. Amma bu 44 günlük Vətən müharibəsində dövlət rəhbəri kimi onun yeni və çox önəmli digər keyfiyyətlərini böyük qürur hissi ilə müşahidə etdik, məğrur, qətiyyətli, əyilməz Ali Baş Komandan obrazına heyran qaldıq və Ümummilli liderin həmin sözlərini dönə-dönə yenidən yada saldıq.

Bu günlərin təəssüratı ilə mən, qeyri-ixtiyari olaraq, 1995-ci ildə Ulu öndər Heydər Əliyevin Xocalı sakinlərilə keçirdiyi görüşü xatırladım. Həmin görüşdən bir il əvvəl Ümummilli lider 26 fevralın hər il Azərbaycanda Xocalı soyqırımının anım günü kimi qeyd olunması ilə bağlı fərman imzalamışdı. Görüşdə gözlərindən kədər yağan Heydər Əliyev - bir vaxtlar SSRİ kimi nəhəng, dünyanın super dövlətlərindən birinin rəhbərlərindən olmuş böyük siyasətçi xeyli üzgün halda dərindən köks ötürərək, Xocalıda törədilmiş cinayət əməllərini bu cür ifadə etmişdi: "Dövlət iki halda sarsıla bilər - günahkar cəzasız qalanda və günahsıza cəza veriləndə". Bunun ardınca isə əlavə etmişdi ki, mülki insanlara qarşı belə qəddarlıq heç vaxt cəzasız qalmayacaq, bu soyqırımı törədənlər bir gün mütləq öz cəzalarını alacaqlar.

Ümummilli lider bu fikirləri dilə gətirəndə Azərbaycan müstəqilliyini yeni bərpa etmiş, iqtisadi cəhətdən zəif bir dövlət idi. Dağlıq Qarabağ münaqişəsilə bağlı çətin danışıqlar prosesi gedirdi. Bu sözləri deyərkən sanki Heydər Əliyev bir yandan gələcəyə ümid bəsləyir, Azərbaycan xalqının bir gün bu qisası alacağına inanır, bir yandan da BMT-nin məlum qətnamələrinin icra olunmadığı, dünyada ikili standarların hökm sürdüyü və bizim faciələrimizə biganə yanaşıldığı, özümüzün isə zəif olduğumuz bir vaxtda ilahi ədalətə, ilahi qüvvənin köməyinə inamını ifadə edirdi. Həmin an 1992-ci ilin fevralında, o faciəni yaşadığımız günlərdə Ağdama pənah gətirmiş Xocalı sakinlərinin ah-fəryadı, tez-tez onların dilindən eşitdiyim "Allah bu zülmü yerdə qoymaz" sözləri yadıma düşmüşdü. Hələ də xatırlayıram, məhz o zaman bu faciəni yaşayan, gücsüz və çarəsiz vəziyyətdə olan insanların tək ümidi Allaha idi.

Mərhum Xalq şairimiz Vaqif Səmədoğlunun belə bir misrası var: "Allaha kömək vaxtıdır". Mənə elə gəlir ki, əvvəl Heydər Əliyevin, daha sonra isə İlham Əliyevin Xocalı faciəsini dünyaya tanıtmaq, erməni faşizminin mahiyyətini faş etmək, həm dövlətimizin, həm də ictimai təşkilatların bu məqsədlə gördüyü işlər, "Xocalıya ədalət" kampaniyası, bütün beynəlxalq qurumlarda qəbul olunan sənədlər, hər deyilən söz, hər işlədilən kəlmə, hər görülən iş, atılan hər qətiyyətli addım bu illərdə məhz Allaha ilahi ədalətin bərpası naminə kömək cəhdləri idi. İşğalçı düşmənə, erməni faşizminə layiqli cəzanın verilə biləcəyi məqamı isə "Mən nəyi nə zaman edəcəyimi bilirəm" deyən Prezident İlham Əliyev hamımızdan çox gözləyir və hər birimizdən də yaxşı duyub dərk edirdi. Bu illər ərzində təcavüzkarın törətdiyi vəhşiliklərə, Dağlıq Qarabağdakı xunta rejiminin çıxardığı çirkin oyunlara böyük təmkin və səbrlə yanaşırdı.



Nəhayət, o möhtəşəm gün gəldi - Vətən müharibəsi başlandı və Azərbaycan düşmənin, onun havadarlarının qarşısına qətiyyətli Ali Baş Komandanı və rəşadətli Ordusu ilə çıxdı.

Oktyabrın 4-də Cəbrayıl şəhərinin işğaldan azad olunması münasibətilə xalqa müraciətində biz Azərbaycan rəhbərinin məğrur, müzəffər və qətiyyətli Ali Baş Komandan olduğunu bir daha gördük və buna ürəkdən, bütün varlığımızla inandıq. O, "Bizim müqəddəs şəhərimizi murdarlayırlar" deyə Şuşa haqqında danışır, Cəbrayılın işğaldan azad olunmasını böyük fəxrlə vurğulayırdı. Ali Baş Komandanın "Bizim işimiz haqq işidir, biz qalib gələcəyik" sözləri isə həmin o ilahi ədalətin təcəlli etdiyini, o müqəddəs anın artıq gəlib çatdığını göstərirdi. Prezident İlham Əiyevin ən yaxın silahdaşı, Birinci vitse-prezident Mehriban Əliyevanın elə o ərəfələrdə sosial şəbəkələrdə paylaşdığı "Qoy uca tanrı hər bir Azərbaycan vətəndaşına müqəddəs Qarabağ torpağını öpməyi nəsib etsin" sözləri isə Azərbaycan xalqında torpaqlarımızın işğaldan tamamilə azad olunacağına, üçrəngli bayrağımızın Şuşada dalğalanacağına sonsuz əminlik yaratdı. Əsgər və zabitlərimizin, ümumən ordumuzun, insanlarımızın böyük ruh yüksəkliyi də bundan xəbər verirdi. Azərbaycan Prezidenti hər çıxışı ilə həm xalqa böyük ruh verir, həm də uzun illərdən bəri informasiya savaşında üzləşdiyimiz bütün sədd və baryerləri öz dəmir məntiqi ilə vurub dağıdır, savaş meydanında hər gün irəliləyən şanlı ordunun Ali Baş Komandanı, siyasət meydanında güclü təzyiqlərə sinə gərən, qüdrətli dövlət xadimi kimi davamlı olaraq zəfər tariximizin parlaq səhifələrini yazırdı.

Şəhər və kəndlərimiz bir-birinin ardınca azad olunduqca xalqa müraciətləri ilə insanları dərindən təsirləndirib kövrəldən, ancaq həm də ruhlandıran Prezident İlham Əliyevin leksikonu, danışıq üslubu, ürəkdən tikan çıxaran sözləri hər birimizin könlünü oxşayırdı. "Azərbaycan xalqının ləyaqəti bərpa olunur" deməklə xalqın qürurunu özünə qaytarır, "Şuşasız bizim işimiz yarımçıq qalar" sözləri ilə hər birimizin içindəki mübhəm, nisgilli arzunun həyata keçəcəyinə inamı daha da gücləndirirdi.

Hələ 2013-cü ildə jurnalistlər üçün yaşayış binasının Prezident İlham Əliyevin də iştirak etdiyi açılış mərasimindəki çıxışım zamanı dövlət başçısının öz 50 illik yubileyini Ağcabədidə, Taxta körpüdə laçınlı məcburi köçkünlərlə keçirdiyini yada salaraq, bu addımın böyük jest, eyni zamanda, işğalçı dövlətə mesaj olduğunu bildirmişdim. Çıxışımda Şuşanı da xatırlamış,  İlham Əliyevin hələ 1980-ci illərin əvvəllərində valideynlərilə birlikdə Şuşada, Cıdır düzündə olduğunu qeyd etmişdim. Şübhəyə yer qoymayan bir əminliklə demişdim ki, biz inanırıq, Sizin Ali Baş Komandanlığınızla torpaqlarımız işğaldan azad ediləcək, Azərbaycan bayrağı Şuşada dalğalanacaq və bir gün Siz Azərbaycan yazarlarının əsərlərində nisgilli bir ah kimi keçən Cıdır düzünün həndəvərində yaradıcı insanlar üçün bir yaradıcılıq evinin təməlini qoyacaqsınız. Həqiqətən də, istər həmin vaxt, istərsə ondan sonrakı illərdə yaradıcı insanların içində bu möhtəşəm arzunun bir gün mütləq gerçəkləşəcəyinə sonsuz inam həmişə, hər saat olub.

Müasir dünyada öz ölkəsinin, başçılıq etdiyi dövlətin müəyyən yönlərdən inkişafına nail olan bir sıra siyasətçi adı çəkə bilərik. Ancaq Azərbaycan Prezidenti İlham Əliyev rəhbəri olduğu dövləti həm sosial-iqtisadi baxımdan inkişaf etdirən, həm beynəlxalq aləmdə nüfuzunu artıran, regional-qlobal anlamda aparıcı ölkəyə çevirən və ən əsası, bütün bu nailiyyətləri hərbi qələbələrlə taclandıran böyük siyasi lider, Müzəffər Ali Baş Komandan olması ilə seçilərək, daha da yüksəldi. Dövlətimizin ərazi bütövlüyünü təmin olunmasına, müqəddəs torpaqlarımızın işğaldan qurtarılmasına uğurlu Vətən müharibəsi aparmaqla nail olaraq, adını Azərbaycan və dünya tarixinə həm də mahir sərkərdə kimi həkk etdi. 



Cənab Prezident! Siz noyabrın 8-də - Şuşanın işğaldan azad olunduğunu, üçrəngli bayrağımızın artıq o müqəddəs şəhərimizdə dalğalandığını elan edən günü öz nitqinizlə bütün Azərbaycan xalqını sevinc göz yaşlarına qərq edərək, şadlıqdan hönkür-hönkür ağlatdınız. Həmin gün Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərkən ata vəsiyyətini yerinə yetirdiyiniz üçün özünüzü çox xoşbəxt insan saydığınızı bildirdiniz. Bu, hər birimiz üçün unudulmaz, möhtəşəm, qürurverici anlar idi.

O Zəfər günündə Siz adınızı bir daha Azərbaycan tarixinə parlaq hərflərlə yazdınız. Doğrudan da, Azərbaycan mədəniyyətinin, musiqisinin beşiyi, Sizin sözlərinizlə desək, mədəniyyətimizin incisi olan şəhərimizi Azərbaycana qaytarmaqla xalqımızın  ləyaqətini, qürurunu özünə qaytardınız. Bununla Siz Azərbaycan yazarlarına, musiqiçilərinə, incəsənət adamlarına ikinci bir ruh bəxş etdiniz, onlara böyük yaradıcılıq ehtirası, gələcək üçün tükənməz stimul verdiniz. Vətən müharibəsi günlərindəki hər çıxışınızda Azərbaycan xalqının içindən gələn arzuları həyata keçirdiyinizi vurğuladınız.

İnanırıq ki, qardaş Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğanla bir yerdə Şuşaya getmək arzunuz da tezliklə həyata keçəcək. Azərbaycan Sizin rəhbərliyinizlə bütün Qarabağı ən müasir səviyyədə inkişaf etdirəcək. Böyük ərazidə, Ağdamda 300-500 minlik şəhər quracağıq. Şuşada Azərbaycanın mədəniyyət incisi olan 50 minlik şəhər yaranacaq. Şuşanın əvvəlki gözəlliyi özünə qaytarılacaq. Ağdamda Qarabağ xanlığının əsasını qoyan şəxsiyyətlərin uyuduqları müqəddəs İmarət məbədini bərpa edəcəyik.

Bu gün neçə-neçə insanın ürəkdən gələn, səmimi müraciətlərində deyildiyi kimi, xalqımız - uşaqdan-böyüyə hər kəs öz qəlbində, zehnində Sizin əzəmətli abidənizi ucaldacaq. Sizin keçmişi, tarixi və ilahi ədaləti bərpa edən, bu yolla həm də Allaha kömək olan qətiyyətli addımlarınız heç vaxt unudulmayacaq.

50 yaşını Ağcabədidə, Taxtakörpüdə laçınlı məcburi köçkünlərlə keçirən dövlət başçısı olaraq, Siz indi 59 yaşınızı Müzəffər Ali Baş Komandan kimi bütöv - Şuşalı, Qarabağlı Azərbaycanda qeyd edirsiniz. Sizinlə qürur duyur və bu böyük sevinc duyğularını bizlərə yaşatdığınıza görə öz dərin minnətdarlığımızı bildiririk.

Ad gününüz mübarək, cənab Prezident!

Allah Sizi qorusun!

 





24.12.2020    çap et  çap et