525.Az

Şimalda gizlənən terrorçu, Nikoladzenin etnik təmizləməsi və daha nələr - Azərbaycan adı çəkilən məşhur video oyunlar


 

Şimalda gizlənən terrorçu, Nikoladzenin etnik təmizləməsi və daha nələr - <b style="color:red">Azərbaycan adı çəkilən məşhur video oyunlar</b>

Video oyunlar dünya bazarının ən çox gəlir gətirən sahələrindən sayılır. Yaşının az olmasına baxmayaraq, video oyunlar həm də XXI əsrin əsas təbliğat maşınıdır. Müxtəlif kontentdə ola bilən hər bir video oyun fərqli yaş qruplarına görə uyğunlaşdırılır və satış zamanı oyun diskləri üzərində bununla bağlı mütləq işarə olur. Döyüş, simulyasiya, yarış, idman üslubunda olan video oyunların ssenari müəllifləri onlara uyğun hekayə yazırlar. Bu hekayələrdəki obrazlar oyunçu tərəfindən idarə edilərək missiyaları ardıcıllıqla icra edir. Oyunlardakı tapşırıqlar çoxsaylı ölkələrdə ola bilər. Son illər Azərbaycanın da adı video oyunlara daxil edilib. Ölkəmizin adı bir çox məşhur oyunda çəkilib və ya oyunun missiyası üçün ərazi olaraq Azərbaycan seçilib.

Həmin video oyunlarla bağlı məlumatları təqdim edirik:

1. Battlefield 4 - Fishing in Baku (Bakıda balıq tutmaq)

Video oyun İsveçin "EA DİCE" şirkətinin hazırladığı və "Electronic arts" tərəfindən tərtib olunan döyüş janrındadır. 2013-cü ildə satışa çıxarılan "Battlefield 4" video oyunu 2011-ci ildə işıq üzü görən "Battlefield 3"ün davamı hesab olunur. Oyunun ilk missiyası "Fishing in Baku" ("Bakıda balıq tutmaq") adlanır. "Tombstone" dəstəsi Azərbaycanın paytaxtına gedib vacib məlumat toplamalıdır. Bu döyüş oyunu Rusiya ilə ABŞ arasındakı hadisələri canlandırır. Həmin dövr üçün oyunun ilk tapşırığının Bakıda başlaması azərbaycanlı oyun istifadəçiləri arasında maraqla qarşılanmışdı. Oyunda Bakının qrafik təsviri müasir dövrə uyğun hazırlanıb.



2. Call of Duty: Modern Warfare - A trip to Azerbaijan - Safehouse (Azərbaycana səfər - Konspirativ mənzil)

Döyüş janrında olan "Call of Duty: Modern Warfare 4"ABŞ-ın "İnfinity ward" studiyası tərəfindən hazırlanıb. Məşhur video oyunun bu seriyası 5 noyabr 2007-ci ildə satışa çıxıb. Oyunun süjet xətti ABŞ və Britaniya kəşfiyyatının Yaxın Şərqdə gizlənən terrorçuların zərərsizləşdirilməsi istiqamətində qurulub. Kəşfiyyat zamanı terrorçu Xalid Əl-Əsədin gizləndiyi yerin Azərbaycanda olduğu müəyyən edilir. Qeyd edək ki, oyun 2007-ci ildə işıq üzü görsə də, bu tapşırıqdakı hadisələr 2011-ci ildə cərəyan edir. Missiya başlamazdan əvvəl əsgərlərin arasında belə bir dialoq gerçəkləşir:

- Ser, biz Əl-Əsədin gizləndiyi yeri tapdıq. O, Azərbaycanın şimal hissəsində konspirativ mənzildə gizlənir.

- Aydındır. Deyin əsgərlər hazırlaşınlar. Azərbaycana gedirik.

- Ser, deyilənə görə, ilin bu fəslində ora çox gözəldir.

Tapşırığın sonunda terrorçu Əl-Əsəd öldürülür. Bundan bir müddət sonra yenidən  kəşfiyyatçılarla seperatçılar arasında ağır atışma olur, sonda döyüşçülər ərazidən təxliyyə edilir.



3. Grand Theft Auto V - By the Book
(Böyük oğurluq maşın V - Qaydalara əsasən)


Azərbaycanlı oyunçular arasında abbreviatura ilə "GTA" formasında tanınan bu oyun seriyası ABŞ-ın "Rockstar Games" şirkəti tərəfindən təqdim olunur. 2013-cü il  sentyabrın 17-də dünyada satışa çıxan oyunda döyüş, yarış, fərqli fəaliyyətlər yer alır. ABŞ-ın Los Santos şəhəri adlandırılan ərazi Los Ancelesin qrafik formasıdır. Hadisələr burada baş verir. Maykl, Trevor və Franklin adlanan 3 xarakterin yer aldığı ilk oyun kimi tanınan "GTA"da istifadəçi istənilən obrazdan istifadə edə bilər. Ancaq bu obrazlar missiyaların yerinə yetirilməsi zamanı oyunçu tərəfindən ardıcıllığa uyğun dəyişdirilməlidir. Bu seriyada kompüter oyununun 25-ci missiyasında azərbaycanlı obrazı da yer alıb və bu missiya həmin obraza həsr olunub.

Maykl və Trevor Amerikada yaşayan biznesmen Tahir Cavanı öldürmək üçün Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən tapşırıq alırlar. Tahir Cavan enerji və təhsil sektorunda çalışsa da, FTB onun terrorçularla əlaqəsi olduğunu iddia edir. Trevor bunun üçün T.Cavana yaxın olan bir şəxs Ferdinan Kərimova işgəncə verərək axtarılan şəxsin əsas əlamətlərini öyrənir. Yekunda Maykl tərəfindən Tahir evində keçirdiyi şənlikdə axşam radələrində snayper atəşilə öldürülür. 2013-cü ildə dünyanın ən məşhur oyununda azərbaycanlı obrazının yer alması maraqlı olsa da, birinə əzab verilib, digərinin yekunda öldürülməsi yerli oyunçular tərəfindən birmənalı qarşılanmadı.



4. Formula 1 - Baku Grand-Prix
(Formula 1 - Bakı Qran-Prisi)


Eyniadlı avtomobil yarışının video oyunu olan "Formula 1" 2009-cu ildən müasir oyun konsulları və kompüterlər üçün satışa çıxarılıb. Bununla belə hələ ilk video oyunların çıxdığı 80-ci illərdə "Formula 1" oyun seriyasının əsası qoyulub. Azərbaycan Formula 1 Qran-Prisinə rəsmi olaraq 2016-cı ildə qoşulub. Buna əsasən sözügedən kompüter oyununun 2016-cı ildən bu günə qədər satışa çıxan bütün seriyalarında Bakı şəhər halqası da yer alır. Oyunun sonuncu seriyası "F1 2020" adlanır. Bu versiya ötən illərdə satışa çıxarılan oyunlara nisbətdə daha yüksək qrafikaya malikdir və o cümlədən, Bakı şəhər halqasının xəritəsi daha da təkmilləşdirilib.



5. Tom Clancy's Splinter Cell - Oil rig (Tom Klensinin parçalanmış hüceyrəsi -Neft qazma qurğusu)

Fransanın "Ubisoft" şirkəti tərəfindən 2002-ci ildə hazırlanan oyun silsilə şəklindədir. Oyunda olan Sem Fişer obrazı ABŞ Milli Təhlükəsizlik Qüvvələrinin bölmələrinə daxil edilir. 2004-cü ildə Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) agentinin itkin düşməsindən sonra araşdırma məqsədilə Tiflisə göndərilir.

Polis meyitxanasında itkin agentlərin meydini tapan Fişerin yolu gizli siqnalın ardından Gürcüstanın Müdafiə Nazirliyinə qədər gəlib çıxır. Burada isə Sem aşkarlayır ki, Gürcüstan Prezidentini qətlə yetirən Kombayn Nikoladze Azərbaycanda vəhşiliklər törədərək etnik təmizləmə aparıb. NATO qüvvələri buna cavab olaraq Fişeri Azərbaycana daxil olmağa sövq edir. Bu zaman Fişerin bölməsi öyrənir ki, gürcü əsgərlər Xəzər neftqazma platformasında gizləniblər. Fişer burada yerləşən gəmiyə daxil olaraq gizli sənədləri tapmağa çalışır. 2002-ci ildə işıq üzü görən oyunda Azərbaycanın yer alması həmin dövr ölkənin dünya miqyasında tanınması baxımından mühüm hadisə idi.

Yuxarıda adları çəkilən ilk 5 oyun xarici istehsalçılar tərəfindən hazırlanıb. Bunlarla yanaşı, bəzi video oyunlar da var ki, yerli oyun dizaynerləri tərəfindən hazırlanıb və oradakı hadisələr ancaq Azərbaycanda baş verir. Hazırda sayı az olsa da, ölkəmiz video oyun sənayesində təkmilləşmə mərhələsini yaşayır. 2013-cü ildə "AzDimension" şirkəti tərəfindən hazırlanan "Last Dead End" (Sonuncu dalan), 3 hissədən ibarət "İşğal altında" oyun seriyası və "Two heroes" (İki qəhrəman) yerli mütəxəssislər tərəfindən hazırlanıb.
"Last Dead End" və "İşğal altında" oyunlarını kompüterdə, "Two heroes" oyununu isə mobil telefona yükləyərək oynamaq mümkündür.



6. The Last Dead End (Sonuncu Dalan)

"AzDimension" şirkəti tərəfindən hazırlanan macəra, atışma və qorxu üzərində qurulmuş bir oyundur.
Oyunun əsas obrazı beynəlxalq televiziya kanalı üçün sənədli film çəkməsində köməklik göstərmək məqsədilə vətəninə yenicə qayıdan gənc alim Fərhad Novruzovdur. O, Azərbaycanda Zərdüşt dini ilə əlaqəli olan qəribə hadisələrlə rastlaşır və bu hadisələrin səbəbini araşdırmağa başlayır
Oyun həm 1-ci, həm də 3-cü şəxs rejimlərində idarə oluna bilər. Bir çox hadisələr və araşdırmalar 1-ci şəxs rejimində həyata keçirilir. Oyunun əsas hadisələri Bakı şəhərində, daha dəqiqi İçərişəhərdə cərəyan edir.

Bu ilin noyabrında "AzDimension" şirkətin təsisçisi Fərid Haqverdiyev bildirib ki, tezliklə "Last Dead End" oyunu "PlayStation 4", "Playstation 5", "Xbox One", "Xbox Series S/X" və "Nintendo Switch"də oynanıla biləcək. Bu isə ilk Azərbaycan istehsalı olan video oyun kimi tarixdə bir ilkə imza atacaq.

 

 

 





24.12.2020    çap et  çap et