525.Az

Vətən səmasında parlayan Günəş


 

Vətən səmasında parlayan Günəş<b style="color:red"></b>

Qalib ölkənin qalib Prezidentinə sözdən abidə ucaltmaq böyük xoşbəxtlikdir. Xalqın Rəhbəri, Xilaskarı, Hamisi bu ali məqamı illər boyunca öhdəsinə aldığı siyasi, iqtisadi, mənəvi yükü, milli, bəşəri dəyərləri düşüncəsində, davranışında, əməllərində müdriklərə, aqillərə məxsus bir şərəflə, ləyaqətlə, daşıdığına görə haqq edib. Həm də nə az-nə çox, düz 17 ildir ki, Azərbaycan adlı məmləkətimizin yolu üstündə Mayak olub. Bütün həyatını, ictimai şüurunu ölkəsini, xalqını Günəşin zərrin şəfəqlərə boyadığı bəxtiyarlıq içində var olmağa, yaşatmağa həsr edib. Bu, bir mücahid ömrüdür ki, Uca Yaradan hər kəsə belə tale qismət etmir. Yalnız sevib-seçdiyi bəndələrini bunca şərəfli missiya ilə dünyaya gətirir. Ona elə bir güc, qüvvə, nur, fenomenallıq bəxş edir ki, bu nadir, ümdə keyfiyyətlərindən Vətəni, xalqı faydalansın. Təbii ki, bu, Mücahidin ailəsindən, cəmiyyətindən başqa, bütövlükdə xalqına məxsus olduğunun ümdə göstəricisidir...

Cənab İlham Əliyevin tərcümeyi-halı bütün insanlara məxsus həyat qanunlarından – doğum tarixi, məktəb, institut həyatı, ilk iş yeri kimi zərurətdən başlasa da Qəhrəmanım fəaliyyətinin axarını fövqəl bir özünəməxsusluqla dəyişə bilib. Zatən bu fərqlilik canına-qanına doğulduğu ailədən gəlmişdi. Dünya şöhrətli siyasi xadim, müasir Azərbaycanın memarı və qurucusu Heydər Əliyevlə, Azərbaycan qadınının ləyaqət, saflıq, gözəllik mücəssəməsi, tibb elminin görkəmli simalarından olan Zərifə Əliyevanın övladı özünəxas olmaya bilərdimi! Belə bir Oğulun ömür yolunda görüb müşahidə etdiyim saya-hesaba gəlməyən xidmətləri məni bu müdrik şəxsiyyətin siyasi portretini olduğu və göründüyü kimi təsvir etməyə cəsarətləndirdi. Qəhrəmanım Sizsiniz: Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Heydər oğlu Əliyev!
 

Xüsusi xatırlatma: Prezident İlham Əliyevin geniş əhatəli fəaliyyətini bir məqaləyə sığışdırmaq mümkün olmadığından (zaman və məqam bu kitabı doğuracaq), xalqımızın hələ də Vətən müharibəsinin qələbə sevincilə yaşadığı günlərdə haqq savaşımızın keçdiyi yolu, Müzəffər Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza səfərlərində, xarici KİV-lərə verdiyi çoxsaylı müsahibələrində bəşəri mahiyyət və maraq kəsb edən məqamları yazımın mövzusu etdim. İnanıram ki, məqalənin ruhunda, ideyasında Qəhrəmanımın siyasi portreti həqiqət işığında bərq vuracaq.



Xilaskar Ordumuzun şanlı Qələbəsi

2020-ci il Azərbaycan xalqının həyatına Qələbə ili kimi daxil oldu. İki yüz ilə yaxın bir zamanda erməni vandallarının, vəhşilərinin, terroristlərinin xalqımıza yaşatdığı köçkünlük, didərginlik, qaçqınlıq ağrıları, soyqırımı faciəsi, işğalçılıq əməlləri, bu gün də “yeni ərazilər uğrunda yeni müharibəyə hazırlaşırıq”, iddiası ilə müxtəlif növ silahlardan, ağır artilleriyadan istifadə edərək çoxlu sayda yaşayış məntəqələrimizi və hərbi mövqelərimizi sərhədlərimiz boyunca atəşə tutmaları münaqişə ocağını alovlandırdı. Bütün bunlara cavab olaraq ordumuz düşmənin hərbi mövqelərinə güclü atəşlə zərbələr endirərək əks-hücumlara keçdi. Vətən müharibəsi belə başladı. 44 gün davam edən bu müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli əsgərlərimiz 30 ilə yaxın bir zamanda erməni tapdağı altında inləyən torpaqlarımızı işğaldan azad etdi. İllər boyunca dədə-baba ocaqlarına sarı boylana-boylana qalan yurdçuların, qaçqın, köçkün, didərgin həyatı yaşayan soydaşlarımızın həsrətinə son qoydu. Müharibə Prezidentimizin təbirincə desək, hərbi-siyasi metodlarla həll edildi. Bu şanlı Qələbə hərb tariximizə Prezidentimiz, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin və Azərbaycan əsgərinin adı ilə yazıldı...

Azərbaycan həqiqətləri tarixin aynasında

Prezident İlham Əliyevin müharibənin ilk günündən xalqa etdiyi müraciətlərində, dünyanın aparıcı KİV-lərinə, nüfuzlu telekanallarına verdiyi çoxlu sayda müsahibələrində işğalçının təxribatları, beynəlxalq vasitəçilərə, dünya ictimaiyyətinə üfürdüyü yalanları ciddi faktlar əsasında qətiyyətlə ifşa olundu. Ali Baş Komandanın işğaldan azad olunmuş rayonlarımıza səfərlərində erməni təxribatları nəticəsində darmadağın edilmiş kəndlərimizi, şəhər və rayonlarımızı dünyaya nümayiş etdirməsi, işğalçı dövlətə qarşı ittihamları ilə yanaşı, sözdə sülhə, əmin-amanlığa, demokratiyaya tərəfdar olanları həm də bu hadisələrə münasibət bildirməyə çağırışları idi. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Ermənistan ordusunun təxribatlarına, hərbi cinayətlərinə, erməni vandalizminə verdiyi siyasi qiymət təkcə Azərbaycanın deyil, dünyanın da hərb tarixində xüsusi yer aldı. Bundan başqa, BMT Təhlükəsizlik Şurasının, ATƏT-in Minsk qrupunun həmsədrlərinin işğalda olan torpaqlarımızın azad olunması ilə bağlı qəbul etdikləri 4 Qətnamənin kağız üzərində olan müddəalarını Azırbaycan Ordusunun gücü ilə döyüş meydanında həyata keçirdiyini dünyaya göstərdi.

Azərbaycan Prezidenti işğalçı Ermənistan dövlətinə, onların havadarlarına, erməni lobbisinin təsiri altında olan dövlətlərə Qarabağın tarixindən mükəmməl dərs keçdi. Azərbaycan həqiqətlərini tarixin aynasında bu güclərə göstərdi. Sübut etdi ki, ermənilər bizim qədim torpaqlarımıza XIX əsrin əvvəllərindən gəlməyə başlayıblar. Bədnam “Kürəkçay” (14 may 1805), “Gülüstan” (12 oktyabr 1813) və “Türkmənçay” (1828) müqavilələrindən sonra bölgədə gücü, səlahiyyəti artmış Rus imperiyası özünün Qafqazda maraqlarına uyğun olaraq köçəri, xain, xəyanətkar erməniləri Azərbaycanın qədim məskənlərindən olan Dağlıq Qarabağa yerləşdirdi. Ermənilərin dədə-baba torpaqlarımızda məskunlaşması da həmin vaxtlardan başladı...

Prezident İlham Əliyev 44 günlük Vətən müharibəsində xarici telekanallara, dünyanın aparıcı KİV-lərinə verdiyi çoxlu sayda müsahibələrində ermənipərəst jurnalistlərin iftira, ittiham xarakterli suallarını da alt-üst etdi. Sözümüzə istinad üçün ARD televiziya kanalına müsahibəsində bir məqamı yada salmaq istəyirəm: “Sual: Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, rəmzi məna daşıyır? (Bu sual ona bənzəyir ki, səndən xəbər alsınlar, nəyə görə valideynin, yaxud övladın sənin üçün belə əzizdir?- Ş.N.)”. Bu sualın cavabı ermənipərəst müxbirin sifətinə vurulan sillə kimi dünya cəmiyyətində əks-səda verdi: “Elzas və Lataringe sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir... Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir...”. Qeyd edək ki, İlham Əliyev bəzi qərəzli, xain niyyətli satınalınmışların suallarını dünyəvi bilik dairəsinə, siyasi uzaqgörənliyə, mahir diplomatik səriştəyə malik dövlət başçısı, Ali Baş Komandan kimi cavablandırdı...

Şanlı, sevincli bir tarixi məqam... Prezident, Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Kliniki Tibbi Mərkəzdə müalicə olunan hərbçiləri Qələbəmiz münasibətilə təbrik etməyə gəlib. Kövrək, duyğusal, həm də qürurverici bir məqamdır. Prezident yaralı əsgərlərimizə öz təşəkkürünü bildirir, söhbətində zəfər gününə gəldiyimiz yola nəzər salır. Qələbəmizin milli, bəşəri əhəmiyyətini yeni tariximizin Baş yazarı kimi diqqətə çatdırır.  Söhbəti boyu bu qələbənin qazanılmasında onların hər birinin rolunu qiymətləndirir, vətənə layiq, cəsarətli qəhrəman oğullar kimi təqdir edirdi. Döyüşçülərimizə qayğıkeşlik, məhrəmliklə yanaşaraq, onların gələcək həyatlarını daim diqqətdə saxlayacağını, hər birinə dəstək göstərəcəyini bildirir: “Gəlmişəm deyim ki, mən hər zaman sizinlə bir yerdə olacağam. Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar...”. Bu gün dünya birliyi də gördü ki, Azərbaycanın bir çox sahələrdə olduğu kimi, hərbi sahədə də dünya dövlətləri tərəfindən öyrəniləcək təcrübəsi var. Hərbi hazırlıqlardan, güclü, qüdrətli ordu yaratmaq, əsgərlərimizin döyüş taktikasından, vətən təəssübündən tutmuş, onlara göstərilən hər cür qayğıyadək... Ölkəmizin başçısı, Ali Baş Komandan Vətənin başını uca edən döyüşçülərimizlə qayğıkeş, humanist bir ailə başçısı, həmsöhbət kimi dərdləşir. Bütün bunlar milli birliyimizin, insani keyfiyyətimizin ali göstəricisidir. Yaralı əsgərlərimizin hüzurunda Prezidentin böyük inamla, qətiyyətlə dediyi bütün fikirlər onların yaralarına ən gözəl, düşərli məlhəm idi. Ali Baş Komandanın fikirləri yaralılarımızın sanki yanar ürəyinə sərin su kimi səpilirdi. Prezidentimiz deyirdi ki, dağıdılmış bütün evlər dövlət hesabına yenidən tikiləcək, zərər görmüş bütün evlər dövlət tərəfindən bərpa ediləcək... Bizim üçün xalqımızın rifahı, təhlükəsizliyi birinci məsələdir. Ancaq bu dövr ərzində mənim üçün ondan da vacib məsələ torpaqlarımızın qaytarılmsı idi, ərazi bütövlüyümüzün bərpası idi, bayrağımızın Şuşada ucaldılması idi, işğal altında olan bütün başqa torpaqlarda bayrağımızın qaldırılması idi... Bütün bunlar Azərbaycan xalqının ümdə arzusu idi... Bəli, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev xalqımızı da, Vətən sevdalılarını da yaxın gələcəyin reallıqları ilə belə ruhlandırdı.

Şuşaya hər kəsi duyğulandıran xitab

Həmişə diqqət etmişəm ki, Prezidentimiz özünün bədahətən, dövlətçilik təcrübəsindən irəli gələn səriştə ilə etdiyi bütün çıxışlarında insana bir addımda gerçəkləşən ümid bəxş edir. Arzularını coşdurur, həyata, yaşamağa, sevgisini alovlandırır. Nə deyir, mükəmməl deyir, nə vəd edir, yerinə yetirir. Və xalqına bu xidmətindən qəlbi rahatlıq tapır. Bu mənada dövlət başçımızın  həm də Ali Baş Komandan kimi noyabrın 8-də Şuşanın işğaldan azad olunması münasibətilə Şəhidlər xiyabanından xalqa etdiyi müraciəti bütünlükdə Qarabağımızın tacı, mədəniyyət mərkəzi, musiqimizin beşiyi, xarı bülbülün vətəni Şuşanın hüsnünə, şərəfinə köklənmişdi. Bu müraciəti eşidəndə də, onun mətnini oxuyanda da qəribə hisslər yaşadım. 28 il 6 ay ürəklərində Şuşanın nisgili ilə yaşayan xalqımızın halını duydum, göz yaşlarını gördüm. Prezident bu qədim Aristokratlar şəhərini işğaldan azad etməklə hər birimizi bəxtiyarlığa qovuşdurdu. Müraciətinin sonunda Şuşaya canlı bir Varlıq kimi səsləndi:

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!


Ali Baş Komandanın Qələbə müjdəsilə xalqa müraciətində də böyük həyəcan, coşqu və sonsuz fərəhlə dediyi sözlərdən duyğulanmamaq olmur. Həmin gecə cənab Prezident təkcə Azərbaycan xalqına deyil, dünya azərbaycanlılarına yetərincə qürurverici, yeni bir həyat bəxş etdi. O gecə bütün Azərbaycan ailəsi nurlu sabahlarını sadəcə xəyallarında canlandırmaqdan belə, fəxarət hissi yaşadı... 4

***

Prezident İlham Əliyev gördüyü bütün tədbirləri, həyata keçirdiyi vəzifələri, göstəriş və əmrləri ilə xalqın yanındadır. Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad edilmiş rayonlarımıza səfər etdilər. Onlar Füzuli və Cəbrayıl rayonlarında, o cümlədən, Füzuli və Cəbrayıl şəhərlərində oldular. O gün bu səfəri televiziya ilə təkcə Azərbaycan xalqı deyil, bütün dünya ölkələri izlədi. Qalib ölkənin Qalib Prezidenti dünyanın maraq dairəsində idi. Həmin gün hamımız – böyüklü-uşaqlı liderimizlə bir yerdəydik. Dağıdılmış, viran edilmiş torpaqların hələ çəkilməmiş barıt qoxusunu hiss edirdik.  Prezidentimizin qeyd etdiyi kimi, o gün Ermənistanın kapitulyasından 6 gün keçəndən sonra Alxanlı qəsəbəsində Füzuli-Şuşa yolunun təməli qoyulurdu. Ali Baş Komandanın təzadlı bir ovqatda olması – sevinc, kədər qarışıq anlar yaşamasının səbəbi aydın idi. İşğalda olan ərazilərimiz düşməndən təmizlənmişdi, eyni zamanda faşist xislətli düşmən, bu ərazilərdə bir dənə də olsun salamat bina qoymamışdı...

Prezident, Ali Baş Komandan bu səfərində gördükləri haqqında məlumat verir, ermənilərin vəhşiliyinin, vandallığının nəticəsi olan dağıdıcılıq əməllərini əyani şəkildə dilə gətirirdi. İllərdir, guya Dağlıq Qarabağ (indi Qarabağ adlanır) münaqişəsinin həlli yollarını tapmağa çalışan həmsədr ölkələrin “bu münaqişənin hərbi yolu yoxdur”, - deyərək, Ermənistana açıq-aşkar siyasi-hərbi dəstək verməklə həmin ərazilərimizi əbədi işğalda saxlamağa çalışırdı.  Bununla da torpaqların halal sahibi olan Azərbaycana ədalətsiz münasibət göstərilirdi. 44 günlük müharibədə Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanının rəhbərliyi altında Ordumuzun  igid əsgərləri kəndlərimizi, şəhərlərimizi düşmən tapdağından təmizlədilər. Azərbaycan Prezidenti müharibənin ilk günündən bütün dünyaya sübut etdi ki, bu məsələnin hərbi yolu var. Göstərdi ki, biz bu Qələbəyə həm hərbi, həm də siyasi yolla nail olduq. Dünya onu da gördü ki, Azərbaycanın xilaskar ordusu Ermənistanın işğalçı ordusunu tamamilə məhv etdi. Düşmən də özünün dağıdıcılıq əməlləri ilə beynəlxalq aləmdə ifşa olundu. Onlar məcburiyyət qarşısında tərk etdikləri ərazilərimizdə evlərimizi, inzibati, yaşayış binalarını, məktəbləri, bağçaları dağıdıb məhv etdilər. Cənnət məkanlarımızı xarabazara döndərdilər. Prezidentimiz bu dağıntıların fonunda xalqımıza müraciətlə dedi ki, bizim parlaq Qələbəmiz təkcə ölkəmizin ərazi bütövlüyünün bərpası deyil. Bu, şərlə xeyir qüvvələrin  mübarizəsidir. Şər qüvvələr məğlub olub, amma biz qalib gəlmişik. Yeri düşmüşkən, MDB dövlət başçıları Şurasının videokonfransda (18 dekabr) keçirilən iclasında iştirak edən İlham Əliyev öz çıxışında Ermənistan ordusunun təxribatları haqqında məlumatlarında müharibəni haqlı olaraq belə qiymətləndirmişdi: Azərbaycan üçün bu, Vətən müharibəsi, azadlıq müharibəsi, Ermənistan üçün isə işğalçılıq, istilaçılıq müharibəsi idi...

Tarixdə həmişə xeyir şərə qalib gəlib. Bu da insanları şər işlərdən uzaq olmağa sövq edib. Ağıllı düşmən bundan ibrət alıb, ağılsız isə ermənilər kimi rəzil vəziyyətə düşüb. Dünya işğalçının dağıdıcılıq əməllərinə də susdu. Ermənistan rəhbərliyinin yaxasından yapışan olmadı ki, azərbaycanlıların öz əllərinin zəhmətilə tikdiyi, yüzillərlə yaşadığı evləri niyə darmadağın etmisən? Yeri gəlmişkən,  biz həmin günlər bu dağıntıları öz gözləri ilə görən, ağrısını ürəyində çəkən Vətən Oğlu, Qüdrətli Sərkərdəmizin kədərini də açıq-aydın hiss etdik. Bu dağıntıların qarşısında O, qətiyyətlə bəyan etdi ki, burada bütün inzibati binalar, ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq. Bütün infrastruktur yaradılacaq. Küçələr salınacaq, parklar, xiyabanlar salınacaq. Bütün şəhərlərdə qələbə abidələri ucaldılacaq və həyat qayıdacaq... Budur tarixin yaratdığı yeni dövrün reallıqları...

Cənab İlham Əliyev Füzulidə, Cəbrayılda böyük fəxarət hissilə üçrəngli bayrağımızı qaldıranda bu mənzərəni həyəcanla, bəxtiyarlıqla seyr edən xalqımız da eyni duyğuları yaşadı. Qədim memarlıq abidəmiz olan Xudafərin körpüsünə yaxınlaşan, dağlarımızı qürurla seyr edən Prezidentin köksünə sığmayan sevinci sanki Zəfər işığı kimi gözlərində, çöhrəsində bərq vururdu. Erməni vandallarının Füzulidə, Cəbrayılda, Ağdamda dini-mədəni abidələrimizi darmadağın etdiyini görən o yerlərin halal sakinləri kədərlənsə də quruca torpaqlarına qayıdacaqları sevincinə kölgə sala bilmədi. Dövlətimizin başçısı, Ali Baş Komandan dağıdılmış bütün ərazilərdə quruculuq işlərinin aparılacağını, sakinlərdən ötrü əvvəlkindən də geniş, yaraşıqlı evlər tikiləcəyini bəyan etdi. Bu dağıntıları öz gözləri ilə görən beynəlxalq cəmiyyət də anladı ki, erməni faşistləri təkcə Azərbaycan üçün deyil, digər ölkələr üçün də təhlükəlidirlər...

Dövlətimizin başçısı bir-birinin ardınca xalqına xoş xəbərlər çatdırır. Belə xəbərlərdən biri də Ağdamın işğaldan azad olunması xəbəri idi. Bu müraciətində Prezident Ağdamla bağlı bütün məlumatları, işğaldan əvvəl və sonra əhalisinin sayından başlamış, onun relyefi, coğrafi mövqeyi, malik olduğu bütün imkanları xatırladır. Bu müraciətdə söylənilən fikir-məlumatlar xalqa çatdırılan geniş əhatəli bilgini ehtiva edir. Prezident 17 ildə bölgələrimizin inkişafına böyük həssaslıq, qayğı ilə yanaşıb. Bu qayğının sırasında Ağdamın nəzarətimizdə olan ərazilərində də böyük quruculuq işləri aparılmışdır. Erməni cinayətkarları Füzulidə, Cəbrayılda olduğu kimi, Ağdamda da böyük dağıntılar törədiblər. İlham Əliyev Ermənistan ordusunun əslində quldur dəstəsindən, oğrulardan, fərarilərdən ibarət olduğunu da 44 günlük müharibədə müşahidələrin, baş verən hadisələrin timsalında sübuta yetirdi. Ali Baş Komandan bütün bu dağıntıların timsalında Ermənistan rəhbərliyinin çirkin siyasətini, insanlığa yaraşmayan əməllərini ifşa etdi. Onların indiyə qədər müstəqil ölkə olmadıqlarının, rəzil vəziyyətə düşdüklərinin yeganə səbəbinin işğalçılıqda olduğunu nəzərə çatdırdı. Bundan sonra onların “məğlub edilmiş ölkə” damğası ilə yaşayacaqlarını bildirdi. Azərbaycanda isə yeni dövr başlamışdı.

Cənab Prezident bu müraciətlərində, çıxışlarında torpaqlarımızın əbədi işğalda olmasına dəstək verən, haqqımızı görməzlikdən gələn təşkilat və qurumları cəsarətlə, tənbeh edirdi. Qalib ölkənin Qalib Prezidenti kimi onlara – Avropa Şurasına, Avropa Parlamentinə, monitorinq komitəsinə səslənir, “hardasan, bu məsələlərə münasibət bildir”-deyə, onları ittiham edirdi. Bəli, bu təşkilatlar kar-kor oldular, işğalçı dövlətin Azərbaycana qarşı təxribatlarını, müharibə cinayətlərini görmədilər. Gün gələcək, ədaləti ayaq altına alan qüvvələri Haqqın qolu zaman-zaman məhv edəcək...

Dövlətimizin başçısı cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş Ağdam şəhərinə səfərini də xalqımız həssaslıqla izlədi. Yolboyu dağıntıların içindən keçərkən Prezident erməni vəhşilərinin törətdiyi cinayətlər barədə ürəkağrısı ilə məlumat verirdi. Bunlar müharibə cinayətləri idi. Daşı daşüstə qalmayan, doğmalarından ötrü canı sızıldayan, üşüyən torpaq, küskün, kədərli ağaclar da onlara azadlıq bəxş edən qüdrətli, xilaskar Sərkərdənin ayaq səslərini sanki eşidir və duyurdular. Prezidentimiz və birinci xanım Ağdam məscidinə gəldilər. Onlar bu müqəddəs məkana ayaqlarını soyunub, qapısını öpərək keçdilər. Bu görüntülər hamımızın izlədiyi həssas məqamlar idi. Ölkə başçımız Məkkədən gətirdiyi “Qurani-Kərim”i Ağdam məscidinə bağışladı. Sonra məscidin qarşısında çıxış etdi. Dedi ki, vaxtilə müqəddəs Kəbənin içində etdiyim duaların arasında birinci duam torpaqlarımızın işğaldan azad edilməsi idi. Allahdan arzu edirdim, mənə güc versin ki, biz torpaqları işğalçılardan azad edək, o xoşbəxtliyi bizə nəsib etsin, biz yenə də dədə-baba torpaqlarımıza qayıdaq... Qüdrətli Allahın köməyi ilə qəlbi saf, əməlisaleh, xeyirxah İnsanın duaları müstəcəb oldu... 

İndiyə qədər işğalçıya hər cür dəstək göstərilməsi, haqq işimizin nağıllarda olduğu kimi dərin quyularda boğulması, bizimsə, itirilmiş torpaqların xiffətilə yaşamağımız çəkdiyimiz acıların səbəbi idi. Azərbaycan Prezidentinin illərlə bu siyasi təzyiqlərə, basqılara sinə gərməsi, laqeydliyin, maneələrin qabağında susmaması, bütün təşkilatları ədalətin yanında olmağa səsləməsi, vaxtı boşuna keçirmədən güclü ordu yaratması, dövlətimizin iqtisadi, siyasi, mədəni yüksəlişi ilə öncül sırada olması beynəlxalq aləmdə ölkəmiz haqqında geniş təsəvvür yaratdı. 17 il ərzində münaqişənin həlli üçün bir sıra təşkilatların qətnamələrini qəbul etdirərək möhkəm özüllü hüquqi baza yaratmağa nail oldu. Daha böyük anlamda isə, heç kimdən, hansısa bir ölkədən, beynəlxalq maliyyə qurumundan asılı olmadan, müstəqil dövlət olaraq torpaqlarımızı işğaldan azad etdi. Vətən müharibəsini bir addım da geri çəkilmədən Zəfərlə başa çatdırdı. Bu möhtəşəm qələbə bizə yuxarıdan aşağı baxan güclü dövlətləri belə, silkələdi...

10 dekabr Zəfər paradı. Böyük tarixi Qələbənin rəsmi təntənəsi

10 dekabr 2020-ci il. Həmin gün həm də Vətənə zəfər bəxş edən şəhidlərimizin ruhlarının şad olduğu gün idi. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etdilər. O gün hər iki ölkənin prezidentləri Şəhidlər xiyabanını ziyarət etdilər. Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsinə ucaldılmış “Əbədi məşəl” abidəsinin önünə əklillər qoydular. Azərbaycan və Türkiyə prezidentləri bu müqəddəslərin sırasında şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış abidəni də ziyarət edərərək önünə əklillər qoydular. Dövlət başçıları Xatirə kitabına ürək sözlərini yazdılar...  

Bəlkə də Vətən, torpaq nisgili, ağrıları ilə yaşadığı 200 ildə Azərbaycan xalqı belə bir möhtəşəm bayram ovqatı yaşamamışdı. Yüzilliklər boyu qaçqın, köçkün, didərgin həyatı yaşayan, bu dərdlə dünyadan köçən soydaşlarımızın, torpaqlarımızın bütövlüyü naminə canlarından keçən, şəhidlik məqamına yüksələn igid oğullarımızın ruhları rahatlıq tapdı. Bu şanlı Qələbəmiz Azərbaycanın hərb tarixində şərəfli yer tutdu. Bizim də nəsil Zəfər paradının təntənəsini qürur, fəxarət hissi, vəsfəgəlməz duyğularla yaşadı. Həmin gün Şəhidlərimizin ruhu Azadlıq meydanının başı üstündə cövlan edirdi...

Bu Zəfər paradında Türkiyə və Azərbaycan prezidentləri bir yerdə idilər. Qələbəmizin möhtəşəmliyini, gözəlliyini, ətrini, dadını bir yerdə görür, duyur və yaşayırdılar. Zəfərin ölkəmizə gətirdiyi bəxtiyarlığı varlığında yaşayan İlham Əliyev məslək, əqidə dostu, qardaşı Rəcəb Tayyib Ərdoğanı Zəfər günümüzdə görməyi də xüsusi bir sevinclə qarşıladı. Həmin gün Prezidentimizin çıxışı da bu qələbəliyi izləyən milyonlarla insanın ürəyində xoş duyğular oyatdı. 17 il sərasər Ermənistanın işğalçılıq əməllərinə qarşı apardığı siyasi mübarizənin, danışıqların səmərə vermədiyindən, məlum 4 qətnaməni qəbul edən beynəlxalq təşkilatların görməli olduğu işi döyüş meydanında icra etmək, güclü siyasi iradəyə, uzaqgörən siyasətə malik Azərbaycanın böyük oğlu İlham Əliyevin qətiyyətli addımları sayəsində qazanıldı.
Prezident İlham Əliyevin Zəfər paradında yanında olan əziz qardaşı Rəcəb Tayyib Ərdoğan haqqında məhəbbətlə dediyi fikirlər gerçəkliyin aydın ifadəsiydi. Prezidentimiz bütün dünya qarşısında bəyan etdi ki, Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan ilk saatlardan Azərbaycanın haqq işinə öz dəstəyini verdi. Prezidentimiz həmin dəstəyin ifadəsi olan fikirləri bir daha dilə gətirdi: “Mənim qardaşım demişdir ki, bu müharibədə Azərbaycan haqlıdır, demişdir ki, Azərbaycan tək deyil və Türkiyə hər zaman Azərbaycanın yanındadır. Bu, birliyimizin, qardaşlığımızın təzahürüdür. Bu gün biz birlikdə Zəfər paradında iştirak edərkən, bir daha bizim birliyimizi həm xalqlarımıza, eyni zamanda bütün dünyaya göstəririk...”.

Məhz həmin gün Qələbəmizin möhtəşəmliyini, bəşəri dəyərini, hərbi, siyasi gücümüzü dərk etmək, göstərməkdən ötrü Prezident yaxın keçmişimizə siyasi ekskurs etdi. Torpaqlarımızın işğala məruz qoyulması səbəbləri, son illərdə dövlətimizin apardığı siyasi, diplomatik səylər, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Ermənistanın son illərdəki təxribatları, özbaşınalıqları, başıpozuq rəhbərlərinin sərsəm bəyanatları və dünyanın bu ədalətsizliyə susmasını xatırlatdı. 44 günlük Vətən müharibəsində cəngavər döyüşçülərimizin kəndlərimizi, şəhərlərimizi, strateji yüksəklikləri, işğaldan azad etdiklərini fəxarət hissi ilə vurğuladı. Prezident onu da qürur hissilə qeyd etdi ki, Şuşanın azad edilməsi tarixi hadisədir. Bizim Ordumuz, qəhrəman övladlarımız dağlardan, dərələrdən, meşələrdən, cığırlardan keçərək, sıldırım qayaları qət edərək, qayalara dırmaşa-dırmaşa Şuşaya qalxaraq orada əlbəyaxa döyüşdə düşməni məhv etdi, Azərbaycan bayrağını Şuşaya qaldırdı... Bütün bunlar neçə-neçə qəhrəmanlıq dastanının motivləridir. Vətənimizə, doğma yurdumuza, torpağımıza canımız, qanımızla bağlı olmağımızın barizliyidir. Bu yerdə ulu öndərin bir hikmətli fikrini xatırladım. Bütün ömrünü, həyatını ölkəsinin və xalqının inkişafına həsr edən  ulu öndər Heydər Əliyev demişdi: “Gün gələcək Azərbaycan dünyaya Günəş kimi doğacaq”. Ulu öndərin inamını, istəyini Prezident İlham Əliyev reallığa çevirdi. O gün gəldi, Azərbaycan dünyaya Günəş kimi doğdu, dünyanı al şəfəqlərə boyadı...

Müharibə günlərində Ali Baş Komandan özünün hərbi əmrləri, göstərişləri, taktikası, mənəvi yaxınlığı ilə elə döyüş meydanında, əsgərlərimizlə çiyin-çiynə, nəfəs-nəfəsə idi. Bu ağır və şərəfli günlərdə xalq-ordu-iqtidar birliyi Qələbəmizi labüd edən başlıca şərtlərdən idi. Zəfər paradında  xalqımıza çox xoş oldu ki, Ali Baş Komandan İlham Əliyev Azərbaycan xalqını bu parlaq Qələbəmizin qazanılmasında səbəbkarlardan hesab etdi. “Azərbaycan xalqı öz böyüklüyünü göstərdi, yüksək mənəvi ruhunu göstərdi. Bu qələbənin səbəbkarı da Azərbaycan xalqıdır. Biz birlik, iradə, əzmkarlıq, milli ruh göstərərək tarixi missiyamızı yerinə yetirdik. Bundan sonra Azərbaycan yalnız inkişaf edəcək”,- dedi. Bəli, bu, Azərbaycan xalqının həyatında yeni dövrün başlanğıcı olan Birlik və İnkişaf dövrü idi. Bu dövrün başlanğıcında böyük tarixi Qələbəmizin rəsmi təntənəsi olan Zəfər paradının şahidi olmaq da hər birimizin xoşbəxtliyidir.

Zəfər paradında Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan, həmçinin Türkiyədən gəlmiş böyük nümayəndə heyəti, türk əsgər və zabitlərinin iştirakı da xalqımıza böyük qürur hissi yaşatdı. Qardaşın sevincini hərarətlə, ürək atəşilə qarşılayan millətimizin böyük, qüdrətli oğlu Rəcəb Tayyib Ərdoğan özünün parlaq nitqi ilə Azadlıq meydanında mənəvi ocaq çatdı, bütün türk millətinin alovu göylərə bülənd olan gur ocağın başına topladı. O, türk dünyasının iki ulu, böyük şəxsiyyəti – Mustafa Kamal Atatürklə Heydər Əliyevin hikmətli fikirlərinin işığında bu qardaşlığa, dostluğa bənzərsiz bir naxış saldı. Poetik ruhlu Ərdoğanın nitqindəki obrazlı bənzətmələri bayram ovqatımıza xoş bir rayihə təki saçıldı. Budur həmin obrazlı bənzətmələr: “Girov qalmış Xarıbülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır...”.

Zəfər paradından söz açdığımız məqamda Prezident İlham Əliyevin parlaq qələbəmizin möhtəşəm ifadəsi olan müraciətinə də münasibət bildirməyi vacib sanıram. Bu müraciətdə biz Prezident İlham Əliyevi dövlətimizin başçısı, Ali Baş Komandan, qüdrətli Sərkərdə, Vətən və xalq təəssübkeşi, qanı-canı ilə yurduna, torpağına bağlı olan xalis Azərbaycan oğlunu, əzmkar Dühanı sanki projektorun gur işığında yenidən kəşf etdik. Bu çıxışında Ali Baş Komandan xalqına 30 ilə yaxın bir dövrdə yaşadığımız ağrıları, qaçqın və məcburi köçkünlərin həsrətini, nisgilini önə çəkərək onların yurdlarına dönməsindən ötrü nə qədər görüşlər, danışıqlar apardığını, bunların heç bir nəticə vermədiyindən bu müharibənin labüdlüyünü diqqətə aldığını açıqladı. Müharibədə əsgər və zabitlərimizin böyük qəhrəmanlıqla döyüşdüyünü, az bir müddətdə məhz onların igidliyi sayəsində parlaq qələbəmizin qazanıldığını  bəyan etdi. Bu Qələbə müjdəsinin işığında yaşanılan bütün hadisələrə çox istiqamətdən, həm də reallıq prizmasından mövqeyini açıqladı. Bu haqq savaşında nələr etdiyimizi, hansı haqsızlıqlarla üzləşdiyimizi, itkilərin, dağıntıların qarşısında xalqımızın dözümünü, dəyanətini, böyük iradə nümayiş etdirdiyini dilə gətirdi.

Qarabağ dərslərinin misilsiz bəşəri mənası

Azərbaycan Prezidentinin xalqa müraciətləri, eyni zamanda müsahibələri yeni dövrün tarixindən keçilən dərslər kimi çox dəyərli və qiymətlidir. Tam əminliklə deyə bilərik ki, gerçək hadisələrin əyani vəsaitləri ilə müşayiət olunan bu dərslər tarixçilərimiz, tədqiqatçılarımız üçün hazır proqramlardır. Göz önündə olan hadisə və faktlara əsasən keçilən, heç bir şişirtməyə, artırıb-əskiltməyə ehtiyacı olmayan bu dərslər gələcək nəsillərdən ötrü mükəmməl tarixi ədəbiyyatdır. Bu dərsləri düşünmədən və tərəddüd etmədən “Qarabağ dərsləri” adlandırmaq doğru olar. İndi qürurla deyə bilərik ki, Dünya Birliyində, beynəlxalq aləmdə iqtisadi, mədəni inkişafımız, tolerant bir ölkə olmağımız, gücümüz, birliyimiz bugünkü qələbəmizi şərtləndirən amillərdən oldu. Bütün bunları illərdi hazırlayan, qüdrətimizi, sürətli inkişafımızı dünya müstəvisinə gətirən də məhz güclü iradəyə, siyasi hazırlığa, diplomatik məharətə malik olan Azərbaycanın Prezidenti İlham Əliyevdir.

Bu Qələbənin siyasi, mənəvi, bəşəri mənası o qədər böyük və misilsizdir ki, bunu geniş mənada sözə gətirmək ayrıca bir yazının mövzusudur. Biz bu sahədə nə etməyə borcluyduqsa, nəyə qadir idiksə, onu da etdik. Əsas odur ki, Azərbaycanın qüdrətini, haqqını görməzlikdən gələn ermənipərəstlər bu möhtəşəmliyin qarşısında geri çəkilməyə məcbur oldular. Dünya bir daha Azərbaycanın bir dövlət olaraq gücünün fərqində oldu. Xalqımızın vətənpərvərliyini, milli birliyini gördü. Ordumuzun rəşadətinə, əsgərlərimizin igidliyinə şahidlik etdi. Bu Qələbə nəinki Azərbaycanın siyasi dairələrində, eləcə də dünya cəmiyyətinin siyasi baxışlarında hər zaman müzakirə müstəvisinə gətiriləcək. Azərbaycanın bir çox sahələrdə olduğu kimi, Vətən müharibəsində qazandığı hərbi və siyasi təcrübəsi də uzun illər, tarix boyunca öyrəniləcək, tədqiq olunacaq, nəticə etibarı ilə dünyada sülhün, əmin-amanlığın qorunmasında yolgöstərən rolunu ifa edəcəkdir.

Vətən savaşındakı Qələbəmiz bəşər aləmində torpağı işğalda olan xalqlara müharibənin hərbi, siyasi yolunu göstərdi, mübarizələrinə inam yaratdı. Dövlətlə xalq birliyinin ilkin ənənələrə söykənən ən yeni nümunəsini göstərdi, qələbəni doğuran digər amilləri ortaya qoydu.

Prezidentin çıxışlarını dinlədiyimiz anlarda bir daha əmin oluruq ki, İlham Əliyevin həyatı boyu sözündə və əməlində səbatlı, qətiyyətli bir İnsan, dövlət başçısı olaraq, xalqını xoşbəxt görməkdən savayı böyük arzusu olmayıb. Onu da açıq müşahidə etmişəm ki, Azərbaycan xalqının qəlbində Prezidentinə sonsuz ehtiramı, sevgisi var. Taleyüklü məsələlərdə hər bir vətəndaş, xüsusən də dövlət başçısı öz əqidəsi, xalqına xidmətilə bütün prizmalardan aydın görünür və tanınır. Bu Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan, qüdrətli Sərkərdə, Azərbaycan ailəsinin başçısı İlham Əliyev olduğu kimi: Xalqına sədaqəti, doğmalığı, ordusuna, əsgərinə diqqəti, şəhidinin xatirəsinə ehtiramı, qazisinə qayğısı, dəstəyi ilə gerçəkliyin aynasında Qəhrəman Vətən Oğlu kimi göründü...

Sözardı: Yazının son sətirlərinin sıralandığı məqamda səhərin alatoran köynəyindən çıxan dan üzünün qızardığını, bir qədər sonra bu cazibədarlığın içindən Günəşin boy göstərdiyini gördüm. Üfüqdəki Günəş elə gözəl, möhtəşəmdi ki! Hardansa qəlbimə doldu ki, bu, Azərbaycanın nurlu sabahlarından soraq verən Günəşdir. Bu səhərin belə bir füsunkarlıqla doğması da əlamətdar bir tarixin rəmzi mənasıdır... Bu gün Azərbaycanın cahanşümul Oğlu İlham Əliyevin doğum günüdür.  Günəş də səhərin şehli məqamında Azərbaycan sevdalısını ilk olaraq salama gəlib... Doğum gününüz mübarək olsun, əziz Prezidentimiz! Sağlıqlı ömür yaşayın! Yolunuzun üstündə daim Günəş doğsun!

 





24.12.2020    çap et  çap et