525.Az

Təhsildə fundamentallıq anlayışına bir nəzər - Məqalə


 

Təhsildə fundamentallıq anlayışına bir nəzər - <b style="color:red">Məqalə</b>

Təhsil sisteminin funksiyalarından biri də şagirdlərin əxlaqi (davranış) dəyərlərə yiyələnməsi istiqamətini təşkil etməsidir, cəmiyyətdə (dövlətdə) insan resursunun (kapitalın) ilk olaraq maddi ehtiyacının ödənilməsidir, nail olmasıdır: bu isə özünü üç istiqamətə xidmətdə tapır.
 
Birincisi, insan varlığını yaşatmağa ehtiyac duymalıdır. Dahi hind yazıçısı, Nobel mükafatı laureatı R.Taqor əbəs yerə deməmişdi ki, varlığım mənim üçün bir möcüzədir. İkincisi, insan yeni fikir eşitməyə, oxumağa borcludur. Üçüncüsü, insan haqq işinə, yaxud işinə ədalətli görülməsinə ümidlidir. Bu tarixi-əxlaqi missiyanın - şəxsiyyət yetişdirmənin fəlsəfəsində qəlb (könül) azadlığı dayanır, elmə yiyələnməyin öz vaxtı var və yaş, dünyagörüşü hələ "tələsmir". Bizim mövcud təhsilimizin fəlsəfəsində isə beş-altı yaşından şagirdlərə qəliz riyazi - təbii elmi informasiyanı (bəzən müəllimin özünün baş açmadığı məsələ və misallar, anlayışlar, mühakimələr qarşıya çıxır), anlayışları öyrətmək cəhdi dayanır. Vaxt gəlir, həmin uşaqlar orta təhsillə həyata atılırlar, tamam başqa "mənzərələr"in tamaşasına dayanır, ziddiyyətlərin, əksikliklərin, paradoksların kimi qeyri-əxlaqi proseslərin ağrısını yaşamalı olurlar. Məlum olur ki, gənc nəslin əxlaqi potensialı təhsil həlqəsində inkişafdan qalıb, çünki "Əxlaqi düşüncə tərzi"nin formalaşmaması nəticəsində dünyanı bütöv halda görə bilməyib. Halbuki hər bir vətəndaşı və dolayısı ilə, onun mənsub olduğu xalqı, yaşadığı ölkəni həmin şəxsin yiyələndiyi elm yox, əxlaqı (tərbiyəsi) yaşadır, torpağını düşməndən qoruyanda o, nə riyaziyyatdan, nə də fizikadan, nə kimyadan biliyini işə salır və buna vaxtı da çatmır, milli şüuru diktə edir ki, ana torpağı qorumalısan, ölümə də hazır olmalısan.

Təhsil bütün gedişində fəlsəfəsini saf, təmiz, intəhasız, əxlaqi dəyərlər və qənimətlər üzərində bərqərarlaşdıranda ümumdövlət mənafeyi qorunur, şəxsi maraqlara yer qalmır.

Sovet ideologiyasından miras kimi Şərq təhsilindən uzaqlaşma ənənəsi təəssüf ki müstəqilliyimizdə də "fundamentallığı"nı saxladı. Qahirə, Təbriz kimi dünyəvi statusa malik Universitetlərə təhsil funksionerlərimiz diqqət yetirmədilər, zəngin təcrübələrilə maraqlanmadılar və Qərbdən, o cümlədən, Rusiyadan dördəlli yapışdılar, əndrabadi təhsil terminlərini gətirdilər, onları düzgün yazmaq üçün "Orfoqrafiya lüğəti"nə baxmaq lazım gəldi. Buradan Şərq və Qərb düşüncə tərzi ortaya çıxdı fərqli şəkildə. Şərq düşüncə tərzi Dünyanı emosionallığa bələnmiş ağıl kimi təsəvvür edir, keçici sanır. Qərb düşüncə tərzi isə Dünyanı daimi götürür, məzmunu diqqətdə saxlayır, ağıla hədsiz üstünlük qazandırırlar, heç də belə deyil. Qərbin bəzi "ağıllı" dövlət başçıları deyilmi dəhşətli qırğınlar və müharibələri törədən, taxıl zəmilərinə od vuranlar? Makedoniyalı İskəndər, Napoleon Bonapart, Adolf Hitler deyildimi müharibələr, qırğınlar törədənlər?

Şərqli dünya gözəlliyi, xeyirxahlığı, sülhsevərliyi üstün hesab edir, "dünya fanidir" pıçıldayır, axirət dünyasına inandırır ki, insanlar pessimizmə qapılmasınlar, ümidlə yaşasınlar, haqsızlığa yol verməsinlər. Təhsilimiz uşaqlarımıza təlqin et-məkdə acizdir ki, dövlət və xalq qarşısında etimadı doğrultmayan məmur fəaliyyətdən kənarlaşmalı, vəzifədən uzaq qalmalıdır. Vaxtilə Marqaret Tetçerin "Dövləti idarəetmə sənəti" kitabında aşağıdakı iqtibası oxumuşdum: "Vətəndaşlarda dövlətin hökmranlığı yox, xidmət etməli olduğuna inam olmalıdır, mülkiyyət hüququna, müstəqilliyə inam olmalıdır".

Milli təhsilimizin mənbələri kimi dərsliklərimizdə "tənqidi düşüncə" tərzi anlayışa yasaq düşmüşdür, - desəm yanılmaram: bu məfhum ümumi düşüncənin bir atributudur. Dəqiq elmlərdə konkret olub düz əyrini kəsir, humanitar elmlərdə isə fərqlidir, belə ki, müxtəlif fikirlər söyləməkdə siyasi qüvvələrin sözü vacib sayılır, görünür, bu istiqamətdir ki, siyasət qeyri-dəqiq elm sırasındadır. Fon Bismark təsadüfi deməmişdi ki, siyasət elm deyil, incəsənətdir.

Bu gün təhsilimizdəki (məktəbləri nəzərdə tuturam) mühit (ab-hava) mübahisəli məsələlərə imkan vermir ki, şagirdlər şəxsi tənqidi fikirlərini qələmə alsınlar, halbuki tənqidi, məntiqi və obyektiv yazı yazmaqda düşüncə tərzi yardımçı olar. Bu o deməkdir bu, pedaqoji əhəmiyyətilə yanaşı, totalitar mentaldan demokratik əxlaqa bir tranfarmasiya yoludur, vasitəsidir. Tənqidi düşüncə təmiz əxlaqa söykənməlidir, yəni şagirdlər, eləcə də tələbələr ümumi mənada öz səhvlərini tapmaq, bu səhvi düzəltmək yönümündə şüuru fəallaşmalıdır. Bu cür nailolmada orta məktəblər üçün hazırlanmış fərqli dərsliklərə böyük ehtiyac duyulur. Dərsliklər yalnız təsviri və tarixi mətnlərin təqdimatı üçün deyil, şagirdlər üçün nəzərdə tutulur, axı. Təəssüf ki, bir qrup müəllimlərimizin canı dərsliklərlə qidalanır, balığın canı suda olan kimi!



Düşüncə tərzinin inkişaf bünövrəsi tam orta  təhsildən (məktəblərdən) başlayıb universitetlərdə formalaşmaya doğru irəliləyir. Nə gizlədək, statistikaya görə, bizim ən yaxşı universitetlərimiz belə, ən müasir dünya standartlarından geri qalır.

Əxlaqi dəyərlərlə maddi sərvətlər bir-birini tamamlamalıdır: əxlaq-davranış İnsanı mənən-ruhən zənginləşdirir, tərbiyələndirir, bilik-savad insanın ağlını, səviyyəsini müəyyənləşdirir, ikisi bir-birini tamamlayanda xalq "ortada" qalib rolunu seçməkdə tərəddüd etmir. Təhsilimiz insanilik, humanistlik, nəfsi tox yetişdirməyi proqnozlaşdırmaqdan, düzgün yaşam yolunu seçməkdən daha çox bu insanın müqəvvasını hazırlamaqla məşğuldur. Mütəxəssis (kadr) yetişdirmək əvəzinə qəyyumçuluğa, himayəyə həvəsləndirilir. Xatırlaya bilərik ki, müqəvvadan bostanlarda, taxıl zəmilərində, meyvə bağlarında sərçələri, sağsağanları, sığırçınları qovmaqda istifadə olunurdu. O vaxtlar çox ucuz qiymətə (indi od qiymətinə satılır) olan konserv qutuları gözətçiliyi əvəz edirdi!

Min təəssüf ki, müəllim hazırlığında əhəmiyyətini itirməkdə olan standart meyarlara daha geniş meydan verilir: Mənim şəxsi fikrimdir: müəllim seçimində canlı praktikaya - pedaqoji təcrübəyə deyil, testlərə ümid bağ-lamaq tam doğru yanaşma sayıla bilməz. Bəlkə də başqa sənət - peşədə bu üsul özünü doğruldur, o yerdə nəzəri hazırlıq çox vacibdir, yerinə düşür, lakin müəllim - pedaqoq heç ali məktəbdə də tam yetişmir (artıq tələbələrin praktik vərdişlərə yiyələnməsi üçün "pedaqoji praktika"nın saatları kəskin şəkildə azalmaqdadır). Dahi filosof Fales (e.ə. 625-547) deyir ki, müəllim hazırlanmır, doğulur. Müəllim seçimi aparmaq üçün onu (iddiaçını) sinfə apar, ixtisas fənnindən ən azı 3 (üç) dərs saatı keçsin, təcrübəli müəllim müşahidə aparsın. Bir zəngin praktikaya malik müəllimin fikri bir düjün testin suallarına nəzəri cavab faydalıdır. Qədim misalda deyildiyi kimi ki, praktika nəzəriyyənin nəhəng daşıdır. Xatırlamağa dəyər ki, Sovet dönəmində respublikamızda İttifaq səviyyəsində görünən Məhər Quliyev, Mustafa Salamov, Zərbəli Səmədov, Aliyə Təhmasib, Həsənağa Əhmədov, Səyad Rüstəmova, Abuzər Ağayev səviyyəli fənn müəllimləri vardı, onların fərdi təcrübəsi öyrənilirdi. Bəs nə üçün 20-25 ildə bu silsilədən yeniləri yetişmir? Bəlkə var, sadəcə təcrübələri öyrənilmir?! Bunun əhəmiyyəti iki meyarla ölçülürdü: Müəllimin şəx-si təcrübəsi yayılırdı respublika səviyyəsində və müəllimə mənəvi stimul verirdi. Bu cür ənənələri dirildib yaşatmaq lazım gəlir. Güman edirəm ki, yeni nazir Emin Əmrullayev və onun komandası on illərlə özünü doğruldan bu məsələyə daha optimal tərzdə qayıdacaq...

Bu gün elə bir zərurət yaranıb ki, təhsil Şərqin emosional, Qərbin rasional düşüncə dəyərlərinə söykənməlidir.

Qayıdıram ilk fikrimə: təhsilimiz bizə, soydaşlarımıza nə vəd edir? İnsanın yaşam fəaliyyətini hansı mühit şərtləndirir: Torpaq, Dəniz və Kosmos. Bunlarsız qida yoxdur, yaşamaq da həmçinin. Deməli, biz və gələcək nəsil bu üç maddiyyatı əlində saxlamalıdır. Türk imperatorları min illər hesabına Dənizdən və Torpaqdan yetərincə faydalandılar, Şərqin və Qərbin bir hissəsinə yiyələndilər. Gənc türk Sultanı Mehmet Fateh 1452-ci ildə üç dənizin arasında yerləşən İstanbulu fəth etdi. 1920-ci ildə Mustafa Kamal Atatürk ən vacib kəlam işlətdi: "İstiqba səmadadır".

Biz bu günə çatdıq. Bəs nəyə çatmamışıq?

18.09.2020

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





24.12.2020    çap et  çap et