525.Az

Ömrə bərabər gün... - Yaddaş


 

Ömrə bərabər gün... - <b style="color:red">Yaddaş </b>

(Əvvəli 22 dekabr sayımızda) 

Bağdadda keçən günlər... 

... Haccı Ğassan bazar ertəsi İran səfirliyindən mənə beş günlük tranzit vizası aldı və cümə günü yola düşməyimizi qərarlaşdırdıq. Hələ yola çıxmağıma bir neçə gün vardı. Həmin vaxt ərzində yarımçıq qalmış işlərimi tamamladım və bu illər ərzində dostlaşdığım insanlarla, ən başlıcası, öz işçilərimlə xudahafizləşdim. Haccı Ğassanın axır vaxtlar məni qoruyan qohumu Əli ilə xüsusi olaraq vidalaşdım. O, qarşımda günahkar kimi etdiyi bəzi səhvlər üçün məndən üzr istədi.

- Mənim yadımdan çıxıb artıq, narahat olma, - dedim.

Amma yadımdan heç nə çıxmamışdı. Bağdadda əmin-amanlığın getdikcə pisləşməsini nəzərə alaraq, ofisin mühafizəsinə zərurət yaranmışdı. Mən bura bir etibarlı gözətçi tapmağı Haccı Ğassana həvalə etdim. Bir neçə gündən sonra Haccı Ğassanın oğlu Feysal iyirmi-iyirmi iki yaşlı qohumunu - Əlini  yanıma gətirdi və onun etibarlı adam olduğunu dedi. Mən də razılaşdım və Əlini gözətçi kimi işə götürdüm. Həmin gündən o, əlində avtomat binanın həyətində oturub gözətçilik edirdi. Bir dəfə gecənin bir vədəsi güllə səslərinə oyandım və nə baş verdiyini bilmək üçün həyətə düşdüm. Əli binanın qapısı ağzında oturmuşdu. Ondan nə baş verdiyini soruşdum. O da qonşu evə silahlı basqın olduğunu dedi. Amma ora hücum edənlər kimlər idi, ölənlərin olub-olmamasını bilmirdi. Mən bayıra çıxanda artıq hər şey sakitləşmişdi. Hərdən başımızın üstündə Amerika helikopterləri uçurdular. Görünür, atışmadan xəbər tutmuşdular.

Onu da deyim ki, Bağdadda gecə saat 10-da komendant saatı başlayırdı və gecələr ara-sıra bəzi yerlərdə bu cür atışmalar olurdu. Həyətdə bir az Əli ilə dayandım. Gecə olmasına baxmayaraq, hava çox isti idi, termometr 36 dərəcəni göstərirdi. Nədənsə, Əlinin bu istidə həyətdə dayanmasının çətin olduğunu düşündüm və ona yazığım gəldi. Onu içəri buraxmağı qərara aldım. İçəridə kondisionerlər işlədiyindən sərin idi.

- Əli, - dedim - keç içəridə pəncərənin qarşısında otur, oradan bayıra nəzarət elə. Amma yatma!

- Yaxşı. Çox sağ olun, üstəz! - dedi (O, mənə hörmət mənasında, həmişə "üstəz" - "müəllim", "professor" - deyə müraciət edərdi).

Beləliklə, Əli həmin gündən binanın içərisindən ətraflara nəzarət edirdi. Get-gedə Əlinin bizim dediyimiz kimi, daha key və avam olduğunun şahidi olurdum. Məsələn, bir dəfə Əliyə dedim ki, "televizoru çevir" (təbii ki, mən kanalı nəzərdə tuturdum). Bir də gördüm ki, o, televizoru qaldırıb çevirmək istəyir.

- Nə edirsən?! - soruşdum.

- Çevirirəm, - deyə -, heç nə düşünmədən cavab verdi, - Demədiniz ki, çevir? Mən də çevirirəm.

Doğrusu, buna təəccüb etdim və məni gülmək tutdu:

- Kanalı çevir dedim, televizoru yox!

- Hə, - dedi və televizoru qaytarıb yerinə qoydu.

Əli gecəni burada qalıb, gündüzlər evinə gedərdi və hamı işdən gedəndən sonra ofisə təxminən axşam saat 6-dan sonra gələrdi. Onun iş cədvəli belə idi. Mən isə gündüz yığılıb qalan yarımçıq işləri təxminən axşam saat 11-dək görərdim, sonra ikinci mərtəbədəki otağıma qalxıb yatana qədər ya bir kitab oxuyar, ya da hansısa bir verilişə baxardım. Adətən, gecə saat 1-ə qədər oyaq olardım.

Ofisdən hər dəfə yuxarı çıxanda Əliyə tapşırardım ki, Moskvadan zəng olsa, dəstəyi qaldırsın və məni çağırsın. Bizim ofisdə Moskva ilə birbaşa əlaqə saxlamaq üçün dördrəqəmli sputnik telefonu var idi. Onu Moskvadan gətirib qurmuşdular. Moskva ilə əlaqəm yalnız o telefonla olurdu. Başqa yerli telefonlar, demək olar ki, işləmirdi. Ona görə də, Əliyə tapşırırdım ki, zəng olsa, məni çağırsın. İş otağımda bir neçə telefon cihazı var idi. Əlinin onları qarışıq salmaması üçün hansı telefonun vacib olduğunu həmişə ona göstərər və unutmamasını deyərdim.



Növbəti günlərin birində, gecə saat 1 radələrində Moskvadan zəng gəldi. Bu, eyni zamanda, faks da ola bilərdi. Faks olanda o, iki zəngdən sonra faks rejiminə keçirdi. Amma indiki zəngin davamsız olmasından aydın idi ki, bu, telefon zəngidir. Gözlədim ki, Əli telefon dəstəyinı qaldıracaq. Bir azdan sonra telefon susdu və Əlidən də bir səs gəlmədi. Durub ikinci mərtəbədən aşağı - Əliyə baxdım. Əlinin yatdığını gördüm. Avtomat silahı da özündən təxminən yarım metr aralıda döşəməyə düşüb qalmışdı. Aşağı düşüb, Əlinin silahını götürüb, geri qayıtdım. Həmin gecəni səhərədək yatmadım. Hər şey ola bilərdi. Əli, adətən, səhər saat 7-də işçilər hələ işə gəlməmişdən qabaq evinə gedərdi. Həmin gunü o, evinə getmədi, görünür, avtomatını axtarırdı. Mənə də bir söz deyə bilmirdi. Bir azdan qohumu Feysal mənimlə görüşmək üçün yanıma gəldi və Əlinin silahını itirdiyini dedi.

- Feysal, - dedim - bir gözətçi ki öz silahını qoruya bilmir, onda məni necə qoruyar?!

Feysalın cavabı məni lap təəccübləndirdi:

- Amma o, səni nə satar, nə də öldürər. Çünki onu biz bura, sənin yanına göndərmişik.

- Yəni dediyindən belə çıxır ki, onun yerinə başqaları olsa, öldürə bilərlər məni?

- Əlbəttə! İndi heç kimə inanmaq olmaz! Görmürsünüz ki, ölkədə dərəbəylikdir? Burada indi bir neçə dollara görə qardaş qardaşı öldürür, o ki qala başqasını, yad bir adamı...

Mən Feysalın dediklərinə inandım və avtomatın məndə olduğunu bildirdim. O da cavabında:

 - Bilirəm, səndədir, - dedi.

Beləliklə, Əli mən İraqdan çıxanadək yanımda qaldı. Yarıyuxulu, yarıayıq qoruyurdu məni. Çünki o, Feysalın dediyi kimi, məni nə satar, nə də öldürərdı...

Budur, indi Əli qarşımda dayanıb məndən üzr istəyirdi. Mən də ona: - Hər şeyi unutmuşam, - deyirdim...

Yaxınlaşıb məni qucaqladı.

- Sizə yaxşı yol, üstəz! Amma bizi qoyub gedirsiniz, - deyə yaşarmış gözlərini əlinin arxası ila silə-silə məndən aralaşıb bir kənarda dayandı.

Əliyə bir az təskinlik verdim:

- Darıxmayın, inşallah, hər şey tezliklə qaydasına düşər.

Əlinin mənə inanıb-inanmamasını deyə bilmərəm, amma onu deyə bilərəm ki, mənim getməyim onun kefini tamam pozmuşdu.

İradənin vəfalı dovşanı 

Bütün işlərimi qurtarandan sonra qərara aldığımız kimi, cümə günü lap tezdən yola düşdük. Düzü, Bağdadı belə tərk eləmək mənə çox ağır idi. Yola düşməzdən əvvəl yaşadığım evin həyətində oturub, bura bir də qayıdıb-qayıtmayacağımı düşünürdüm. Bura bir də qayıda bilməyəcəyimi düşünəndə, doğrusu, heç getmək istəmirdim. Hətta mənimlə son illərdə yoldaşlıq edən dovşan da getdiyimi hiss edib, yanımda sakitcə oturmuşdu...

Əslində, bu dovşanın ayrı bir hekayəsi var idi mənim həyatımda...

Bir neçə il bundan əvvəl balaca qızım İradə ilə (onda Bağdadda əmin-amanlıq idi və ailəm də yanımda idi. Amerikalılar İraqa girəndə səfirlik bütün Rusiya vətəndaşları olan uşaq və qadınları ölkədən çıxarıb Rusiyaya göndərdi) şəhərə gəzməyə çıxdıq. Əl-Mənsuriyyə deyilən küçədə bir nəfər dovşan balaları satırdı. Qızım məni məcbur etdi ki, bu dovşanlardan birini ona alım. Nə qədər dilə tutdumsa, alınmadı və məcbur olub onun bəyəndiyi dovşan balalarından birini aldım. Həmin gündən bu dovşan balası bizimlə birgə yaşamağa başladı. O, artıq böyümüşdü və balaca qızımdan bir dəqiqə də olsun ayrılmırdı. Qızım hara getsəydi, dovşan da mütləq onun ardınca gedərdi. Bir sözlə, bu dovşan hamının sevimlisinə çevrilmişdi.

İradənin Bağdaddan getdiyi gün yadımdadır. Dovşan onda özünə yer tapa bilmirdi. Hər yerdə onu axtarırdı. Mən hər gün işə gedəndə qaçıb qapının ağzında oturardı. İşdən gələndə də eyni mənzərə hər gün təkrarlanardı. Görünür, balaca qızımın yolunu gözləyirdi...

Bir gün işdən qayıdanda o, məni qarşılamadı. Doğrusu, mən də ona öyrəşdiyimdən bu, tez nəzərimə çarpdı. Onu axtarmağa başladım və otaqların birində, divarın küncünə sığınmış halda tapdım. Yaxınlaşıb əlimə götürdüm, titrəyirdi. Həmişəki kimi qaba süd tökdüm. Amma içmədi. Fikirləşdim ki, yəqin xəstələnib. Fikrimdən onu baytara göstərmək keçdi. Sonra mətbəxə keçib köhnə paltaryuyan maşına su doldurmaq uçün kranı açdım və yenidən dovşanın yanına qayıtdım. Elə qoyduğum yerdə oturmuşdu. Onu özümlə gotürüb, divanda uzandım. Məni nə vaxt yuxu tutduğunu bilmirəm.

Gecənin bir aləmində mənə nəsə dəydiyini hiss edib ayıldım. Ətrafa boylandım və heç bir şey olmadığını görüb yenidən mürgülədim. Bir an sonra mənə yenə nəsə dəydiyindən diksindim və dovşanın üstümə tullanıb, sonra mətbəxə qaçdığını gördüm. Dovşanın bu qəribə hərəkətini görüb, ardınca getdim və gördüm ki, paltaryuyan maşını dolub, su aşıb yerə tökülür. Yerə tökülən su yavaş-yavaş evə yayılırdı. Mənim yuxuya getdiyim otaqda isə elektrik xətlərinin üstü açıq idi. Elektrik ustası bir neçə gün idi ki, onu düzəltməyi bu gün-sabaha salırdı. Bu o demək idi ki, suyun həmin xəttə çatmasıyla məni elektrik cərəyanının vurması gözlənilirdi. Dovşan suyun evə yayılmasından qorxub mənim üstümə qaçırdı, ya da başqa səbəbdənmi,  deyə bilmərəm. Yalnız onu deyə bilərəm ki, vəfalı dovşan baş verə biləcək arzuolunmaz bir hadisənin qarşısını aldı. Onu da deyim ki, dovşan qorxudanmı, ya nədənsə həmin gündən sonra mənə daha çox isinişməyə başladı. İşə gedib-gələndə məni yola salır, axşam isə qarşılayırdı. Xüsusən, işdən qayıdanda mütləq  üstümə tullanır, sonra qarşımda ora-bura vurnuxurdu.

Mən hiss edirdim ki, artq onun üçün qızımı əvəz etmişəm. Sonralar əvvəllər  İradənin ardınca gəzdiyi kimi, indi də  mənim ardımca gəzirdi. Dovşan mənə o qədər öyrəşmişdi ki, bəzən gecələr gəlib yanımda uzanırdı. Həttə bəzən fikirləşirdim ki, bəlkə də, məni itirəcəyindən qorxub, həmişə yanımda olmaq istəyir. Görünür, indi mənim getdiyimi hiss edib, gəlib yanımda oturmuşdu. Onu qucaqlayıb bağrıma basdım və Haccı Ğassana verib getdim.

Bir neçə aydan sonra Haccı Ğassan mənə xəbər elədi ki: "Dovşanı saxlaya bilmədik, özünü öldürdu. Heç nə yeyib-içmirdi. Sənin yoxluğuna dözə bilmirdı.  Hətta bir neçə dovşan da alıb qoşduq ki, bəlkə başı qarışa. Amma onlara qaynayıb qarışmadı, həmişə tək olurdu, elə hey bir yerdə küskün halda oturardı. Sonra həyətimizin bir küncündə torpağı qazıb özünə yuva düzəltdi və bir neçə günddən sonra həmin yuvada onun öldüyünü gördük".

Ürəyimin dərinliyində fəryad etdım. Qızım İradəyə isə heç nə demədim.

(Ardı var)

Zahid ŞAHSUVAROV

 





24.12.2020    çap et  çap et