525.Az

Altı ailənin yeddi illik Gəncə müsibəti - Redaksiyaya məktub


 

GƏNCƏNİN NİZAMİ RAYONUNDA YAŞAYAN ALTI AİLƏ EVLƏRİNİN SÖKÜLMƏSİ TƏHLÜKƏSİ İLƏ ÜZ-ÜZƏ QALIB

Altı ailənin yeddi illik Gəncə müsibəti - <b style="color:red">Redaksiyaya məktub </b>

Bu günlərdə redaksiyamıza bir qrup Gəncə sakininin imzası ilə şikayət məktubu daxil olub.

Məktub müəllifləri yeddi il yarım bundan qabaq aldıqları torpaq sahəsində tikdirdikləri evlərin qanunsuz sayılması təhdidləri ilə üzləşdiklərini qeyd ediblər.

Məktubda bildirilir ki, 2012-ci ilin may ayında Gəncə şəhərinin Yeni Gəncə yaşayış sahəsindəki "Əriklik" deyilən ərazidə 6 ailəyə ev tikdirmək üçün sərəncamla torpaq sahəsi verilib. Ailələr tezliklə evlərini tikib başa çatdırıblar və hazırda orada yaşayırlar: "Gəncə şəhər Nizami rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamına əsasən Yeni Gəncə yaşayış massivi, "Əriklik bağı" ərazisində boş olan torpaq sahəsində eskiz layihəsi əsasında, Gəncə şəhər memarlıq və tikinti bölməsinin razılığına əsasən evlər tikdik. Evlərimiz rayon İcra hakimiyyəti başçısının müvafiq  sərəncamı ilə qeydiyyata da alınıb".

Amma bir ildən sonra sakinlərin başının üstünü qara buludlar almağa başlayıb: "2013-cü ilin iyun ayından Şərifov Faiq Şərif oğlundan alğı-satqı yolu ilə torpaq aldığını iddia edən Məmmədov Elşad Cəmil oğlu adlı şəxs evlərimiz tikiləndən bir il sonra bizi məhkəməyə verərək, torpaq sahəsinin ona məxsus olduğunu iddia etdi. Halbuki bu bir il ərzində ancaq yaşlı ərik ağacları olan boş ərazidə minbir əziyyətlə evlər tikdirən zaman heç kim bizə müraciət edib burada torpaq sahəsinin olduğunu demədi".

Qonşular məsələ ilə maraqlananda məlum olub ki, sakinlər evi tikdirəndən bir il sonra - 2013-cü il aprel ayının 12-də Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsi tərəfindən həmin torpaq sahəsi üçün Məmmədov Elşad Cəmil oğlunun adına Çıxarış verilib: "Həmin Çıxarış verilərkən idarənin əməkdaşları ərazidə müayinə apararaq, bu torpaq sahəsində bizə məxsus 6 yaşayış evinin tikildiyini müəyyənləşdirdi, Reyestr Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən arxiv işində torpaq üzərində bizim tikili evlərimizin olduğu və sahənin mübahisəli olması barədə qeydiyyat aparıldı. Lakin buna baxmayaraq, ev tikdirdiyimiz torpaq sahələri üçün başqasına sənəd verilməməli olduğu halda Elşad Məmmədovun adına qanunsuz Çıxarış verilib".

6 ailəyə şəhərin Nizami rayonu tərəfindən ayrılmış torpaq sahəsi Gəncə şəhərinin ərazisi olduğu halda, məlum olub ki, bu torpaq sahəsi vaxtı ilə Göygöl rayonunun Quşqara bələdiyyəsi tərəfindən Faiq Şərif oğlu Şərifov adlı şəxsə verilib və o da, bu torpağı sonradan E.Məmmədova satıb.

Məktubda göstərildiyinə görə, E.Məmmədov 2013-cü ilin iyun ayında Gəncə şəhəri Nizami rayon Məhkəməsində sözügedən evlərin sökülməsinə dair iddia qaldırır və məhkəmə 6 mülkün sökülməsinə dair qətnamə çıxarır: "Bu halda biz, öz vəkilimiz vasitəsilə Şərifov Faiq Şərif oğluna torpaq vermiş keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinə müraciət etdik. Oradan aldığımız cavab arayışında bildirildi ki, Quşqara bələdiyyəsinin 21 noyabr 2005-ci il tarixli 54a saylı (Xahiş edirik nömrəyə diqqət edin: nömrə yalnız  rəqəmdən ibarət olmalıdır, yəni hansısa, "a" bəndi bu cür dövlət sənədində yolverilməzdir, deməli, bu, sonradan işin içərisinə əlavə edilmiş sənəddir) alğı-satqı qərarı ilə Şərifov Faiq Şərif oğluna 0,80 hektar torpaq sahəsi satılıb. Qeyd edək ki, F.Şərifova satılmış ərazi bizim ev tikdirdiyimiz torpaq sahəsindən kənarda yerləşir. Bu haqda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Göygöl rayon şöbəsinin müvafiq arayışı da var".

Bundan sonra mənzilləri sökülmək təhlükəsi ilə üzləşən vətəndaşlar bir-birinin ardınca müxtəlif instansiyalı məhkəmələrə müraciət etməli olurlar: "Biz Gəncə Apellyasiya Məhkəməsinə şikayət ərizəsi verdik. Hakim Loğman Süleymanovun sədrliyi ilə işimizə baxan zaman iş dayandırıldı. Sonra biz Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinə, Şərifov Faiq Şərif oğluna, Məmmədov Elşad Cəmil oğluna və Göygöl rayon Notariat Kontoruna qarşı Çıxarışların və kadastrdan Çıxarışların ləğv edilməsi iddiası ilə bağlı Gəncə şəhər Nizami rayon Məhkəməsinə müraciət etdik. Gəncə şəhər Nizami rayon Məhkəməsi məhkəmə prosesində Məhkəmə Ekspertiza Mərkəzinin vasitəsilə ekspertiza təyin etdi və qarşı tərəfin nümayəndələri ilə birlikdə yerli baxış keçirildi. Məhkəmə Ekspertiza Mərkəzinin 9 aprel 2015-ci il tarixli rəyindən də aydın oldu ki, Şərifov Faiq Şərif oğlunun adına olan 0.80 ha torpaq sahəsi bizim tikdirdiyimiz evlərdən kənardadır. Gəncə şəhər Nizami rayon Məhkəməsi bütün bunları nəzərə alaraq bizim iddiamızı təmin etdi".

Amma qarşı tərəf bundan sonra da iddiasını davam etdirir. Sakinlər bildirirlər ki, qarşı tərəfin şikayəti əsasında 15 noyabr 2015-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi tərəfindən Gəncə şəhər Nizami rayon Məhkəməsinin 18.06.2015-ci il tarixli qətnaməsi ləğv edilir. Sonra isə həmin məhkəmənin davamı olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası 19 may 2016-cı il tarixində sakinlərin kassasiya şikayətini təmin etməyərək, Gəncə Apellyasiya Məhkəməsi Kollegiyasının 23 noyabr 2015-ci il tarixli qətnaməsini dəyişdirmədən saxlayır: "Bu qərarda çox gülünc bir vəziyyət ortaya çıxır. Əgər bizim tikdirdiyimiz evlər Faiq Şərifovun 0,80 hektar sahəsindəndirsə, onda niyə həmin qərar qüvvəyə minib, həmin 0,80 hektar sahədə Elşad Məmmədova torpaq verilmədi? Qeyd etməliyik ki, Faiq Şərifovun 0,80 torpaq sahəsi hələ 2006-2007-ci illərdə müxtəlif vətəndaşlara satılıb. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Ərazi İdarəsinin 16.09.2017-ci il tarixli bizə verdiyi arayışından da görünür. Gəncə Apellyasiya Məhkəməsində bu sözləri dəfələrlə demişik. Məhkəmənin gedişatında qarşı tərəf bildirdi ki, bizim torpaq 0,80 hektar ərazidə deyil, yandakı  0,51 hektar ərazidə yerləşir. Biz bu məsələləri araşdırdıq ki, Faiq Şərifovun "Əriklik" adlanan bağda cəmi 0,80 hektar torpağı olub və bu torpaq 2006-2007-ci illərdə müxtəlif şəxslərə satılıb. 0,51 hektar torpağın mənşəyini araşdıran zaman isə məlum oldu ki, Faiq Şərifov dövlət aktına saxtakarlıqla düzəliş edərək, öz torpağının sahəsini 0,80 hektardan 1,31 hektara qalıdırıb".

İşin belə dönüşü prosesə öz təsirini göstərir. Artıq Göygöl rayon Məhkəməsinin 2010-cu il 29 oktyabr tarixli qərarı ilə həmin saxtakarlıq aradan qaldırılır, 0,51 torpaq sahəsi ilə bağlı dövlət aktı etibarsız hesab edilir, məhkəmə Şərifov Faiq Şərif oğlunun adına 0,51 ha torpaq sahəsi üzrə verilmiş torpağa mülkiyyət hüququna dair 25.04.2006-cı il tarixli Dövlət Aktının etibarsız hesab edilməsi üzrə qətnamə çıxarır. Bundan əlavə, prosesin gedişində evlərin tikildiyi torpaq sahəsinin Göygöl (keçmiş Xanlar) rayonunun Quşqara bələdiyyəsinə məxsusluğu haqda deyilənlərin əsassızlığı da sübut olunur.  Sakinlərin təqdim etdiyi, Azərbaycan Respublikası Dövlət Arxivinin Gəncə filialının 7 sentyabr 2016-cı il tarixli arayışından məlum olur ki, Gəncə (keçmiş Kirovabad) Xalq Deputatları Sovetinin 21.07.1987-ci il tarixli 12 saylı  qərarı ilə həmin ərazi şəhərdəki 3 saylı  tikinti-quraşdırma trestinə öz işçiləri üçün çoxmərtəbəli yaşayış evləri tikintisi üçün ayrılan böyük sahənin hüdudlarında olub və bu fakt onun məhz Gəncə şəhərinə məxsusluğuna dəlalət edir.

Elə təəssürat yaranır ki, get-gedə sakinlərin haqlı olduğu tam təsdiqlənəcək. Onların müraciəti əsasında Gəncə Apellyasiya Məhkəməsi 17 mart 2017-ci il tarixli qərardadla iş üzrə tikinti-texniki və torpaqşünaslıq ekspertizası təyin edir. Bu ekspertiza  Faiq Şərifovun sənədlərinin saxta olmasını bir daha sübuta yetirir. Amma buna baxmayaraq, məhkəmə yenə də qarşı tərəfin xeyrinə həll olunur.

Bundan sonra, 2018-ci ilin mart və iyul aylarında işə Ali Məhkəmədə təkrar baxılır və Ali Məhkəmənin Mülki Kollegiyasının və İnzibati İqtisadi Kollegiyasının qərarları üzrə sakinlərin Kassasiya şikayətləri qismən təmin edilərək iş Gəncə Apellyasiya Məhkəməsinə qaytarılır: "Gəncə Apellyasiya Məhkəməsi Ali Məhkəmənin hakimi İlqar Hüseynovun  sədrliyi ilə baxılan işi Gəncə İnzibati-İqtisadi Məhkəməsinə göndərir.

Həmin məhkəmə instansiyasının 2018-ci il oktyabrın 2-də keçirilən iclasında məlum olur ki, Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsi əsasında 0,51 ha torpaq sahəsi üzrə Şərifov Faiq Şərif oğlunun adına verilmiş torpağa mülkiyyət hüququna dair Dövlət Aktının etibarsız sayılması haqda qətnaməsi, 8 ildən artıq müddətdə qüvvədə olmasına baxmayaraq, Gəncə Apellyasiya Məhkəməsinin hakimi İspəndiyar Şəfiyevin sədrliyi ilə Məmmədov Elşad Cəmil oğlunun Göygöl Rayon Məhkəməsinin 29.10.2010-cu il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti icraata qəbul edilib və göstərilib ki, qərardaddan şikayət vermək olmaz".

Bundan sonra Gəncə Apellyasiya Məhkəməsində işə yenidən baxılır, daha sonra isə Gəncə İnzibati-İqtisadi Məhkəməsində qərar çıxarılır ki, ekspertiza təyin edilsin və əvvəlcədən tikilmiş evlərin altındakı torpağa görə saxta çıxarış verilməsinə qədər Elşad Məmmədovla torpaq alğı-satqısı edən Faiq Şərifova məxsus 0.51 ha torpaq sahəsinin yeri müəyyənləşdirilsin. Məktub müəllimlərin bildirdiyinə görə, bu, sayca artıq 3-cü ekspertiza idi və nədənsə onun predmeti dəyişdirilir və həmin 0,51 hektar torpaq sahəsinin araşdırılması əvəzinə, torpaqların üst-üstə düşməsi haqqında məsələ ortaya çıxır: "Əslində, ləğv edilmiş Dövlət Aktını sonradan saxtalaşdıraraq, bizim tikili evlərimizin üzərinə vurublar. Halbuki işin içərisində də Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzinin 3 saylı Gəncə Layihə-Tədqiqat idarəsinin rəsmi arayışı var və arayışda qeyd olunur ki, həmin dövlət aktı 2 konturdan - 497A (0.20 ha) və 497 (0.60 ha) konturlardan ibarət olub. Hazırda mübahisə (bizim evlərimizin tikildiyi sahə) predmeti olan 497D (0.51) nömrəli kontur Dövlət Aktına sonradan əlavə olunub və elektron xəritə materiallarında öz əksini tapmayıb".

Sakinlərin qeyd etdiklərinə görə, onlar Gəncə İnzibati-İqtisadi Məhkəməsinin 5 aprel 2019-cu il tarixli iclasında faktları bir-bir göstərərək, vəsatət qaldırıblar və  hakimdən Şərifov Faiq Şərif oğlu və Məmmədov Elşad Cəmil oğlunun əməllərində cinayət tərkibinin aşkarlandığı barədə xüsusi qərardad çıxararaq, işin araşdırılması üçün prokurorluğa göndərilməsinin təmin olunmasını xahiş ediblər. Bundan əlavə, F.Şərifovun saxtalaşdırılmış 0,51 ha torpaq sahəsinin sənədinin 2013-cü ilə qədər, yəni reyestrdən Çıxarış verilənədək harada olması ilə bağlı  tikinti-texniki və torpaqşünaslıq ekspertizasının aparılması barədə vəsatət qaldırılsa da, vəsatətlər cavabsız qalıb. Bundan sonra sakinlər Gəncə Apellyasiya Məhkəməsinin qərarlarını qeyri-obyektiv sayaraq, son dəfə Ali Məhkəməyə müraciət ediblər və işə digər Apellyasiya Məhkəməsində baxılmasını xahiş ediblər. Ali Məhkəmədə onların  xahişini nəzərə alaraq, işə Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasında baxılmasına icazə verib. Sakinlərin bildirdiklərinə görə, Şəki Apellyasiya Məhkəməsində işlərə ədalətli baxılıb və qanun çərçivəsində  məsələlərə hüquqi qiymət verilib.

Amma bununla belə, çəkişmə hələ də davam edir. Şəki Apellyasiya Məhkəməsinin qərarından sonra Elşad Məmmədov Ali Məhkəmənin İnzibati Kollegiyasına şikayət verir. Məhkəmədə bildirilir ki, 28 sentyabr 2020-ci il tarixində Gəncə Apellyasiya Məhkəməsi Göygöl rayon Məhkəməsinin 29 oktyabr 2010-cu il tarixli qətnaməsinə baxılmasına qərar verib. Ali Məhkəmənin İnzibati Kollegiyasının hakimi Göygöl rayon Məhkəməsinin sözügedən qətnaməsinə baxılanadək qərar verilməsini dayandırıb.

Sakinlər iddia edirlər ki, həmin işə Gəncə Apellyasiya Məhkəməsində obyektiv və qərəzsiz baxılmasına şübhə ilə yanaşmaq üçün kifayət qədər əsaslar var. Onların fikrincə, Gəncə Apellyasiya Məhkəməsinin həmin qərar və qətnamələri qanunsuzdur, çünki Gəncə Apellyasiya Məhkəməsinin Elşad Məmmədovun xeyrinə çıxardığı qərarların hamısı (üç dəfə) Ali Məhkəmə tərəfindən qanunsuz sayılaraq ləğv edilib.

Bundan əlavə, sakinlər vurğulayırlar ki, Gəncə Apellyasiya Məhkəməsi 8 ildən sonra Göygöl rayon Məhkəməsinin qətnaməsini ləğv etməkdə maraqlı olduğunu əvvəlcədən büruzə verib: "Bütün bunlara əsasən hesab edirik ki, həmin iş üzrə apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılması yolverilməzdir. Bu səbəbdən də işin başqa apellyasiya məhkəməsinə verilməsi üçün Ali Məhkəməyə göndərilməsini xahiş edirik".

Sakinlər məktubda Gəncə Apellyasiya Məhkəməsinin bütün hakim heyətinə etibarlarını itirdiklərini əsas gərirərək işin baxılması üçün başqa Apellyasiya instansiyası məhkəmələrindən birinə verilməsi ilə bağlı Ali Məhkəməyə müraciət etdiklərini bildiriblər. Onlar həmçinin, qarşı tərəfin sakinlərə qarşı maddi tələblər irəli sürməsindən narahatlıqlarını da dilə gətiriblər: "Qarşı tərəf bizdən yüksək miqdarda pul tələb edir. Biz isə iddia olunan 90 min ABŞ dolları (153 min AZN) vermək iqtidarında deyilik. Əks tərəf bizi  evlərimizi sökdürəcəkləri ilə hədələyirlər. Hər məhkəmə zamanı bu proses təkrar olunur. Amma ümidvarıq ki, 7 il 6 aydan artıq bir müddətdə bizim haqsız yerə çəkdiyimiz əziyyətimizə hüquqi qiymət veriləcək".

Qeyd edək ki, redaksiyaya ünvanlanmış şikayət məktubunu Gəncə sakinləri, haqqında söhbət gedən evlərin sahibləri - İsmayılov Nicat Məhərrəm oğlu (onun nümayəndəsi İsmayılov Məhərrəm Musa oğlu), Babayeva Rəsmiyyə Vaqif qızı, İsgəndərova Qətibə Cumalı qızı, Quliyev Əli Nuru oğlu imzalayıblar.

 





24.12.2020    çap et  çap et