525.Az

Sərkərdə ordunu şərəfə çatdırır - Telman Orucovun yazısı


 

Sərkərdə ordunu şərəfə çatdırır - <b style="color:red">Telman Orucovun yazısı </b>

Bu ilin sentyabr-noyabr aylarında gedən 44 günlük müharibə bir çox məsələlərə aydınlıq bəxş etdi, köhnə mifləri dağıtdı, yeni qəhrəmanları səhnəyə gətirdi.

Müharibə Azərbaycanın iftixar mənbəyi sayıla biləcək qələbəsi ilə başa çatdı, xalq 30 il ərzində onu utanmağa məcbur edən ləkəni yoxa çıxarmağı bacardı - işğal edilmiş ərazilər azad olundu, Ermənistan ordusu bütünlüklə qovulub öz mağarasında gizlənməyə məcbur edildi.

Müharibə cəmiyyətimizdə də ümumi atmosferi saflaşdıran ozon rolunu oynadı, bu tufan xalqın pərakəndəliyinə son qoydu və onu mistik bir qüvvə ilə möhkəm birləşdirdi. Ən qatı müxalifətçilər də müharibə dövründə olmasa da, qələbədən sonra, onu boya-başa gətirənləri Ali Baş Komandan İlham Əliyevin şəxsində təbrik etdilər. Xalqın bütün seqmentləri isə bir qədər əvvəl hansı mövqedən çıxış etdiyini unudub, müharibədəki zəfərə görə ümumi  şadlığa qoşularaq, bu mürəkkəb və çətin işin başlanğıcından sonuna qədər orduya - silahlı orkestrə bacarıqla dirijoruq edənə minnətdarlıq hissləri ifadə etdilər.  

Hər kəs həm də ölkə Prezidentinin diplomatik fəallığına, dövlət siyasətinin təbliğatının necə uğurlu qurulmasına və hücumçu xarakterinə heyran qalmışdı. Axı müharibə dövründə təbliğat bir qədər öz funksiyasını dəyişib, döyüşlərin gedişinə təsir edən vasitəyə, güclü silaha çevrilir.

Ədalət naminə etiraf etmək lazımdır ki, Prezident İlham Əliyev 27 sentyabrdakı ilk cəsarətli addımından sonra bir an da olsun geri çəkilmədi, prinsipial hücumçu mövqeyini tərk etmədi, Şuşa azad ediləndə isə xalqla sevincini bölüşəndə hamı başa düşdü ki, müharibə artıq başa çatır.

Qələbənin tam və qəti olduğuna heç bir qüvvə xələl gətirə bilməz. Üçtərəfli bəyanat əslində, Azərbaycanın öz  iradəsini bütünlüklə diktə etməsinin ifadəsi idi.

Müharibənin hansısa ekspromt xarakter daşımasını güman edənlər ciddi səhvə yol verirlər. Bu, heç də Qay Yuli Sezarın Bospor çarlığının çarı Farnak üzərində "veni, vidi, vici" - "gəldim, gördüm, qalib gəldim" kimi ifadə etdiyi asan qələbə deyildi. Vaxtilə hərbi qüdrəti ilə seçilən, böyük əraziləri işğal edən düşmənə qarşı müharibə heç də kiçik məsələ deyildi, həm də onun açıq və gizli havadarları da az deyildi. Əvvəlki qısa müddətli döyüşlərin dayandırılması təcrübəsi göstərirdi ki, yenə də kənardan hər cür müdaxilə ola bilər və bu, düşmənlə mübarizəni daha da çətinləşdirər. Ona görə də Ermənistan rəhbərliyinin arxalandığı və müdafiə bastpionu hesab etdiyi Alp dağları timsalındakı müasir maneəni keçmək lazım idi. Bu vaxt məhz Ali Baş Komandan İlham Əliyevin möhkəm iradəsi öz işini gördü, o, bütün mürəkkəbliklərə baxmayaraq, torpaqların azad edilməsi üçün hərbi yolun yeganə vasitə olduğuna əminliyini əsas götürərək, düşmənin həmləsi müqabilində qoşunlarımıza hücum əmri verdi. Əgər bu qərar verilməsəydi, beynəlxalq vasitəçilərin bizə təlqin etdiyi, münaqişənin yalnız dinc yolla həlli barədəki xalqımızın mənafeyinə zidd olan bir ideya işğalın hələ əlavə onilliklər davam edməsinə səbəb olacaqdı.

Müharibə elə də asan getmirdi, döyüşlərdə ən yeni texnikadan istifadə olunur, əsgərlərimiz və zabitlərimiz qəhrəmanlıq nümunələri göstərirdilər. Uzun illər ərzində bu döyüşlərə ciddi hazırlıq getmişdi, ordu müasir hərbi texnika, hücum və müdafiə sistemləri ilə silahlandırılmışdı. Bunun arxasında isə son onillikdə ölkəmizin iqtisadi qüdrətinin xeyli böyüməsi dururdu. Deməli, müharibə sadəcə istəyə, emosiyaya deyil, həm də ağıla, ciddi hazırlıqlar görülməsinə əsaslanmışdı.

Xarici siyasətdə bəzi güclərin neytrallaşdırılması, həm də qardaş Türkiyə ilə münasibətlərin yeni səviyyəyə qaldırılması mühüm rol oynadı. Əvvəlki xırda toqquşmalardan fərqli olaraq Rusiya rəhbərliyi Azərbaycanın ərazi bütövlüyünün bərpasının haqq işi olduğu qərarına gəldiyinə görə, müharibəyə kiminsə tərəfində olmaqla müdaxilə etmək istəmədi və yalnız son akkordun vurulmasında iştirakını özü üçün vacib hesab etdi.



Azərbaycan ordusu döyüşlərdə yeni hərbi taktikalardan və silahlardan istifadə etdi və özünə güvənən düşmən üçün mühüm problemlər yaratmağı bacardı. Erməni generallar qəflətən yuxudan ayılan kimi hiss etdilər ki, XIX əsrdə vuruşmaq heç də Şuşada musiqi təranələri altında rəqs etmək deyil. Yəqin buna görədir ki, erməni əsgərləri indi bəzi generalları onları döyüş meydanında qoyub qaçdıqlarına görə ittiham edirlər. Köçəryanın, Sarkisyanın, Paşinyanın illər boyu lovğalanması erməni xalqını fəlakətə yuvarlatdı. Bu xalq məğlubiyyətin səbəblərini ciddi surətdə araşdırsa, yəqin ki, öz siyasi və hərbi xadimlərinə, erməniləri azərbaycanlılara qarşı düşmənçiliyə səsləyən qatı millətçilərinə nifrət yağdıracaq,  əsgərlərinin kütləvi qaydada cəbhədə həlak olmasının əsl səbəbkarları olan həmin qatillərdən cavab tələb edəcəklər. Həyatda diri qalmaqdansa, ölüb qəbirdə olsaydılar, onlara həyat bəxş etmiş xalqa daha faydalı xidmət göstərmiş olardılar. Axı onlar bu xalqı öz dinc qonşularına qarşı düşmənçiliyə təhrik etmişdilər. "Külək səpsən, tufan biçərsən" zərb-məsəli burada yerinə düşür, onlar külək qaldıranda aldanıb sevinirdilər, tufan onları haqlayanda bir-birlərini ittiham etməyə başladılar.

Müharibə iradələrin münaqişəsidir. Azərbaycanın siyasi rəhbərliyinin möhkəm iradəsi Ermənistan rəhbərliyinin bütün sahələrdəki zəifliyini göstərdi və onlara əyani dərs verdi. Ali Baş Komandan İlham Əliyev hiss etdi ki, gecikmək, fürsəti əldən vermək işğalın nəhayətsiz uzanmasına, xalqın mənəvi aşağılanmasının davam etməsinə yol açacaq. Lakin bu vaxt ümid işığı parladı və qələbəyə aparacaq müharibənin başlanmasını özünün imperativ - çox zəruri borcu odluğu fikri hakim kəsildi. Ən böyük əzablara qatlaşmaq lazım gəlsə də, dayanmaq olmazdı. Bu həmdə zamanın çağrışı idi. Xalq bu addımı gözləyirdi və uğurlu sonluq bu çətin işə başlamağın çox düzgün olduğunu sübut etdi. 1992-1993-cü illərin məğlubiyyətinin kədəri yoxa çıxdı, ürəklərdə gur sevinc hissləri meydana gəldi. Müharibə böyük itkilərə səbəb olsa da, qələbə onların hamısını igidliklərinin səviyyəsindən asılı olmayaraq, şəhidlik zirvəsinə yüksəltdi və bu, onların valideynləri, yaxınlar üçün əlavə təskinlik rolunu oynadı. Onlar təkcə qəbirlərdə uyumurlar, xalqın minnətdar ürəyində onların sakral sərdabəsini tapmaq olar.

Müharibənin sona çatması barədə müxtəlif rəylər, fikirlər ola bilər. Lakin heç kəs unutmamalıdır ki, bu sonluq Azərbaycanın qazandığı və təklif etdiyi şərtlər əsasında meydana gəlmişdir. Qələbənin yaratdığı şadlıq isə nadir bir hal xarakteri daşıyırdı. Həmin gün hamıda bir sevinc dəlisovluğu var idi. Allaha şükür edilirdi ki, xalqa qismət olan bütün xoşbəxtliklər ondan gəlmişdi.

Bu gün Prezident İlham Əliyevin doğum günüdür. O, həmişə öz şəxsi bayramını ailəsinin, yaxınlarının iştirakı ilə keçirir. Builki onun birbaşa özünə məxsus olan bu sevinci bütün xalqın böyük sevinci ilə üst-üstə düşür. Ona ünvanlanan xoş sözlər, ürəkdən gələn arzular, xalqın ona bəslədiyi ehtiram Prezident üçün ən qiymətli hədiyyə hesab edilməlidir. Ən böyük hədiyyəni isə ona özü və Azərbaycan Ordusu vermişdir; bu hədiyyənin də adı tarixləri bəzəyəcək Qələbədir. Hər bir böyük tarixi hadisənin paslanmayan metal kimi silinməz izi qalır. Bu izin cazibədarlığının digər fərəhli cəhəti orasındadır ki, liderin adını bəzəyəcək həmin parlaq nişanı o, öz  əli ilə döyüb yaratmışdır.

Müasir dəyişikliklərin artan sürəti ilə biz bilmirik ki, yüz ildən sonra dünya necə olacaqdır. Axı XXI əsrin başlanğıcının ideyaları da, insanları da bir əsr əvvəl mövcud olmuşlardan xeyli fərqlidir, baxmayaraq ki, keçmişin irsləri bütünlüklə itmir, qeybə çəkilmir, bizə öz təsirini göstərməkdə davam edir. Lakin zaman ötüb keçsə də, insanlar xalqın həyatında baş verən mühüm hadisələri unutmur, ona daim sitayiş qaydasında yanaşmaqda davam edir. Azərbaycanın qazandığı zəfər gələcəkdə də öz parlaqlığını güman ki, itirməyəcəkdir. Çünki yeni nəsillər üçün də Qələbə ruhu inkarnasiya edərək, müqəddəs bir ənənə xatirəsi kimi yenidən meydana gələcəkdir. Çox şeylər yaddan çıxsa da, unudulsa da, bu il qazanılmış zəfər daim xatırlanacaq, onun memarı olan sərkərdə layiq olduğu uca hörmətlə yad ediləcəkdir.

 





24.12.2020    çap et  çap et