525.Az

Muğam korifeyləri haqqında sənədli filmlər çəkilir


 

Muğam korifeyləri haqqında sənədli filmlər çəkilir<b style="color:red"></b>

Beynəlxalq Muğam Mərkəzi (BMM) milli musiqimizin, muğam fəlsəfəsinin təbliğinə, araşdırılımasına və inkişaf prosesinə yönəldilmiş kreativ layihələrlə bərabər, elmi-kütləvi, sənədli filmlərin istehsalını da planlaşdırır.

525.az xəbər verir ki, ötən ildən BMM-nin rəhbərliyinin təşəbbüsü ilə mərkəzin foyesini bəzəyən büstlərin - mənəvi sərvətlərimizin hər biri haqqında sənədli filmin çəkilişlərinə start verilib.

Layihənin ilk filmi tanınmış muğam ustası, Azərbaycan, Gürcüstan eləcə də Yaxın Şərq ölkələrində adı dillər əzbəri olmuş Bülbülcana həsr edilib.

Filmin çəkilişləri Bakıda və Tbilisi şəhərlərində aparılıb. Dövrün ictimai- siyasi, sosial-mədəni mənzərəsini dürüst təsvir etmək, Bülbülcanın portret cizgilərini dolğun vermək üçün bədii oyun elementlərindən də istifadə edilib.

Sənədli filmdə Gürcüstan arxivlərindən, muzeylərindən onun həyatına aid yeni materiallar, dövrün mənzərəsini əks etdirən qədim Şuşa, Tbilisi və Bakıya aid fotolardan, sənədi kinofoto xronikalardan istifadə olunub.

Filmdə Bülbülcan rolunu Əməkdar artist Təyyar Bayramov canlandırıb. Sənədli ekran əsərində Xalq artisti Arif Babayev, Əməkdar incəsənət xadimi Sənubər Bağırova, Bülbülcanın nəslindən olan qohumlarının fikirləri yer alıb.
 
Layihənin ideya müəllifi və bədii rəhbəri Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynov, ssenari müəllifi Gülhüseyn Kazımlı və Hafiz İmamnəzərlidir. Gürcü və Azərbaycan dillərində təqdim olunacaq film pandemiyadan sonra tamaşaçıların ixtiyarına veriləcək.

Qeyd edək ki, BMM elmi-tədqiqat xarakterli araşdırmalar sayəsində muğam korifeylərinin həyat və yaradıcılığına həsr edilən bədii gecələr təşkil edilir, kitablar nəşr olunur.

 





22.12.2020    çap et  çap et