525.Az

Səxavət Məmmədovun məzarının abadlaşdırılması üçün ilk addım atılıb


 

Səxavət Məmmədovun məzarının abadlaşdırılması üçün ilk addım atılıb<b style="color:red"></b>

İkinci Qarabağ savaşında qələbə qazandıqdan sonra düşmən tapdağında əsir qalan ruhlar da dinclik tapdı. Mərhum sənətkar Səxavət Məmmədovun da məzarı düşmən tapdağı altında idi.

1991-ci ildə vəfat edən sənətkar o zaman doğulub boya-başa çatdığı Abdal-Gülablı kəndi şiddətli atəşə tutulduğu bir vaxtda dəfn olunmuşdu.

Sonra həmin kənd işğal olunduğundan Səxavət Məmmədovun məzarına başdaşı qoymaq mümkün olmamışdı.

Ağdam işğaldan azad olunduqdan sonra sənətkarın məzarından videogörüntülər əldə olundu. Erməni vandalizminin nəticəsində qəbiristanlıq çox pis vəziyyətə salınmışdı. Lakin doğma kəndi azad edildikdən sonra sənətkarın məzarını tanıyıb-tapmaq mümkün olub.

Dekabrın 21-də mərhum sənətkar Səxavət Məmmədovun məzarının üzərinə onun şəkli olan lövhə  yerləşdirilib.

Səxavət Məmmədovun qardaşı, xanəndə Firuz Səxavətin "525-ci qəzet"ə verdiyi məlumata görə, Ağdam rayon rəhbərliyi tərəfindən belə bir təşəbbüs irəli sürülüb. Bu işdə kəndin icra nümayəndəliyi də iştirak edib.
 
Firuz Səxavət deyib ki, yaxın zamanlarda qəbirüstü abidənin də hazırlanması nəzərdə tutulur.

Nadir Rzalı

 





23.12.2020    çap et  çap et