525.Az

BDU və Qazax Milli Universiteti arasında ikili diplom müzakirəsi


 

BDU və Qazax Milli Universiteti arasında ikili diplom müzakirəsi <b style="color:red"></b>

Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsi və Əl-Fərabi adına Qazax Milli Universitetinin (QMU) Hüquq fakültəsinin birgə təşkilatçılığı ilə onlayn elmi-metodik görüş keçirilib.

525.az xəbər verir ki, "Dəniz və enerji hüququ QMU və BDU-nun tədris proqramlarında" mövzusunda təşkil edilən görüş magistratura təhsil səviyyəsində "Dəniz və enerji hüququ" üzrə ikili diplom təhsil proqramının təhlili məqsədilə reallaşdırılıb.

Onlayn tədbirdə BDU-nun Hüquq fakültəsinin dekanı Əmir Əliyev, Beynəlxalq xüsusi hüquq və Avropa hüququ kafedrasının müdiri Əlizadə Məmmədov, fakültənin müəllimləri Turqay Hüseynov, Samirə Eyvazova, Natiq Əsgərov, QMU-nun Hüquq fakültəsinin Gömrük, maliyyə və ekologiya hüququ kafedrasının müdiri Ayjan Jatkanbayeva, müəllimlər Gülnara Ayqarinova, Araylın Canqabulova, Qalım Teleuov və "Dəniz və enerji hüququ" magistratura ixtisaslaşmasının I kursunda təhsil alan magistrantlar iştirak ediblər.

Görüşdə ikili diplom təhsil proqramının reallaşdırılmasının mövcud vəziyyəti, magistr dissertasiyası mövzuları, elmi məqalələrin birgə nəşr edilməsi məsələləri müzakirə olunub. Magistrantlar tərəfindən seçilmiş dissertasiya mövzularının aktuallığı, elmi yeniliyi, nəzəri və təcrübi əhəmiyyəti üzrə magistrantların da iştirakı ilə fikir mübadiləsi aparılıb. Magistrantlar və onların elmi rəhbərlərinin planları dinlənilib.

Həmçinin, dissertasiya işlərinin yerinə yetirilməsi üzrə onların üzləşdiyi çətinliklər müzakirə edilib. Görüşdə seçilmiş dissertasiya mövzularının aktual, nəzəri və təcrübi baxımdan əhəmiyyətli olması yekdilliklə qəbul olunub.

Müzakirələrin yekununda belə tədbirlərin mütəmadi keçirilməsi qərara alınıb.

 





23.12.2020    çap et  çap et