525.Az

Tovuzlu fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub


 

9 KƏNDİN TƏSƏRRÜFATÇILARI ÖZ PAYIZLIQ ƏKİNLƏRİ HAQDA ELEKTRON MƏLUMATLAR VERİBLƏR

Tovuzlu fermerlər üçün səyyar aqrar xidmət təşkil olunub<b style="color:red"></b>

Son dövrlər aqrar istehsalın sistemli və səmərəli idarə edilməsi məqsədi ilə yerlərdə istehsalçıların məhsulbecərmə  və proqnozlar üzrə göstəricilərinin təhlil olunması işinə diqqət artırılıb.
 
Bu baxımdan bölgələrdə çalışan fermerlərin, xüsusən indiki məlum pandemiya şəraitində işinin asanlaşdırılması üçün səyyar xidmətlərdən yararlana bilməsi məsələsi çox vacibdir.

Göstərilən amilləri diqqətdə saxlayaraq, Kənd Təsərrüfatı Nazirliyi tərəfindən yerli təsərrüfatçılara müasir texnoloji avadanlıqlarla təchiz edilmiş mikroavtobuslar vasitəsilə səyyar xidmət göstərilir. Növbəti aqrar səyyar xidmət Tovuz rayonunun Aşağı Quşçu, Dondar Quşçu, Dönük Qırıqlı, Alakol, İbrahimhacılı, Xatınlı, Qaraxanlı, Qədirli və Cilovdarlı kəndlərində təşkil olunub.

Xidmət çərçivəsində fermerlər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində öz payızlıq əkinləri haqda bəyanat yerləşdiriblər. Həmçinin, onların digər müxtəlif məsələlərə dair müraciətləri də təmin edilib. Səyyar xidmət mikroavtobusları müasir kompüter avadanlıqları, internet təminatı qurğuları, sürətçıxaran cihazlar və qeydiyyat proseduru üçün lazım olan bütün avadanlıqlarla təchiz edilib.

Səyyar xidmətlər bölgələr üzrə qrafik əsasında təşkil olunur və xidmətin təşkili barədə Dövlət Aqrar İnkişaf Mərkəzləri tərəfindən əvvəlcədən fermerlərə məlumat verilir. Bu cür xidmət əsasən rayon mərkəzlərindən uzaqda yerləşən kəndlərdə təşkil olunur.

Tovuzdan əvvəl yerli fermerlərin payızlıq əkinlərin bəyanı ilə əlaqədar səyyar xidmət Xaçmaz, Masallı, Kürdəmir, Bərdə, Şəmkir, Samux rayonlarında həyata keçirilib.

Zakir Muradov
Tovuz

 





23.12.2020    çap et  çap et