525.Az

“İrəli” İctimai Birliyinin Hesabat konfransı keçirildi - Fotolar


 

“İrəli” İctimai Birliyinin Hesabat konfransı keçirildi - <b style="color:red">Fotolar</b>

“İrəli” İctimai Birliyinin 2020-ci ilin yekunlarına həsr olunan videokonfrans keçirilib.

525.az xəbər verir ki, 300-ə yaxın gəncin qatıldığı videokonfransda dövlət və hökumət rəsmiləri, qeyri-hökumət təşkilatları nümayəndələri, media qurumlarının rəhbər şəxsləri və digər ictimai şəxslər iştirak ediblər.

Azərbaycan dövlət himninin səsləndirilməsi ilə başlayan videokonfransda Azərbaycanın ərazi bütövlüyü uğrunda Şəhid olan qəhrəmanlarımızın ruhu bir dəqiqəlik sükutla yad olunub.

Konfransda ilk olaraq “İrəli” İctimai Birliyinin Baş katibi Fatimə Məsimli qurumun fəaliyyətinə dair hesabat məruzəsi ilə çıxış edib. O qeyd edib ki, fəaliyyətində milli maraqlara söykənən təşkilat gənclərdə vətənpərvərlik ruhunun, dövlətçilik prinsipinin aşılanmasına və onların ictimai həyatda aktivliyinin artırılmasına xüsusi diqqət yetirir. Qeyd olunub ki, yeni növ koronovirus pandemiyası şəraitində fəaliyyətini virtual məkanda davam etdirən “İrəli” İB onlayn formatda silsiləli layihələr həyata keçirib və hazırkı hesabat konfransı da bu onlayn fəaliyyətin bir təzahürüdür.

Hesabat məruzəsindən sonra konfransda iştirak edən rəsmilər çıxış edib.

Azərbaycan Respublikasının Gənclər və İdman nazirinin müavini İntiqam Babayev çıxışı zaman bütün tədbir iştirakçılarını qələbə münasibətilə təbrik edib. Nazir müavini qeyd edib ki,  “İrəli” İB hər zaman Vətənpərvərliklə bağlı layihələri ilə seçilib.

Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov çıxış edərək  bildirib ki, “İrəli” İB-nin ana xətti vətənpərvərlikdir və birlik bu fəaliyyətini uğurla davam etdirir. Birliyin Vətən Müharibəsi dövründəki fəaliyyətini vurğulayan H.Nəsibov “İrəli” İB-nin sədri Şahin Rəhmanlının döyüşlərdə iştirakının ölkə gəncliyi üçün də bir nümunə olduğunu vurğulayıb. Qələbə yolundan danışan H.Nəsibov bu günün Ulu Öndərin müdrik siyasəti və Cənab Prezidentin uzaqgörən və qətiyyətli fəaliyyətinin nəticəsi olduğunu bildirib. İqtisadi, siyasi, daxili və xarici siyasət, eyni zamanda xalq və dövlət birliyinin qorunması və möhkəmlənməsi üçün atılan addımların təzahürü olaraq 44 gün ərzində ərazi bütövlüyümüzün bərpa olunduğu qeyd edilib.

Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov bildirib ki, qurum öz fəaliyyətində ölkəmizin maraqlarını daim ön planda saxlayıb, gənclərin vətənpərvər ruhda yetişməsinə xüsusi diqqət yetirib. M.Seyidov Azərbaycan Prezidentinin gənclərə inamından və böyük etimadından ruhlanan gənclərin, o cümlədən, “İrəli” İctimai Birliyinin fəallarının daha böyük əzmlə çalışaraq dövlətçiliyimizin möhkəmlənməsinə, ölkəmizin inkişafına töhfə verəcəyini vurğulayıb və “İrəli” ailəsinin onun doğma olduğunu bildirib.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov regionun ən böyük və peşəkar gənclər təşkilatlarından olan “İrəli” İctimai Birliyinin təşkilat kimi fəaliyyətinin 12-ci ildönümü münasibətilə təbriklərini çatdırıb. F.Cəfərov “İrəli” İctimai Birliyinin Azərbaycanda dövlət gənclər siyasətinin həyata keçirilməsi, gənclərin inkişafına dəstək verilməsi işinə mühüm töhfələr verdiyini vurğulayıb.

Deputat Müşfiq Cəfərov bildirib ki, Birliyin fəaliyyəti bütün Azərbaycanı əhatə edir. Qeyd olunub ki, Birlik tərəfindən müxtəlif səpkidə həyata keçirilən layihələr hər zaman yalnız ölkə gəncliyinin inkişafına yönəlib.

Azərbaycan Yazıçılar Birliyinin Gənclərlə iş üzrə katibi, "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışı zaman Birliyin bütün istiqamətlər üzrə uğurlu fəaliyyət göstərdiyini vurğulayıb. “İrəli” gənclərinin 21-ci əsrdə İnformasiya müharibəsində gördüyü işləri yüksək qiymətləndirdiyini bildirib.

Parlament Jurnalistləri Birliyinin sədri Elşad Eyvazlı “İrəli” İB-nin təqdirəlayiq işlər gördüyünü və işğaldan azad olunan vətən torpaqlarında da uğurlu fəaliyyətlər həyata keçirəcəyini vurğulayıb. Birliyin gördüyü işlərin gənclər təşkilatları arasında xüsusi yeri olduğunu qeyd edərək, təşkilat tərəfindən media ilə münasibətlərinə də  xüsusi diqqət ayrıldığını vurğulayıb.

Çıxış edən bütün dövlət rəsmiləri “İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlını Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunması münasibətilə təbrik edib, “İrəli” İctimai Birliyinin fəaliyyətini yüksək qiymətləndirib, gələcək fəaliyyətində uğurlar arzulayıblar.

Konfransın sonunda “İrəli” İB-nin sədri Şahin Rəhmanlı çıxış edərək tədbirdə iştirak etdikləri üçün qonaqlara öz təşəkkürünü bildirib. Təşkilat sədri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunduğu üçün Cənab Ali Baş Komandana təşəkkürünü bildirib və bunun döyüşlərdə iştirak edən Azərbaycan gənclərinə verilən dəyərin bariz nümunəsi olduğunu vurğulayıb. Sədr verilən bu qiymətin gənclərimizdə və ordumuzda ruh yüksəkliyi yaratdığını qeyd edib. “İrəli”-İB-nin növbəti illərdə də gənclərin inkişafı üçün çalışacaqlarını, görülən işləri davam etdirəcəklərini bildirib. Vurğulanıb ki, Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti gənclərin öz bilik və bacarıqlarını, elmi potensialını səmərəli şəkildə reallaşdırmalarını, cəmiyyətdə layiqli yer tutmalarını təmin edir, ölkəmizin dayanıqlı inkişafını şərtləndirir. Ş. Rəhmanlı onu da qeyd edib ki,  təşkilat olaraq hər bir gəncimizə çatmağa və dəstək olmağa çalışırıq. “İrəli” sədri çıxışının sonunda vətənpərvər ölkə gənclərini ictimai fəallığa, təşəbbüskarlığa, sağlam həyat tərzi keçirməyə və daim dövlətçiliyimizin keşiyində durmağa səsləyib.

Videokonfransın sonunda bir sıra tədbir iştirakçılarına müxtəlif nominasiyalar üzrə mükafatlar təqdim olunub.

 





25.12.2020    çap et  çap et