525.Az

"Vətən uğrunda mübarizə varsa, hər kəs əsgərdir" - Müsahibə


 

KUKLA TEATRININ BAŞ REJİSSORU, ƏMƏKDAR ARTİST QURBAN MƏSİMOV: "UŞAQLARINI TEATRA GƏTİRƏN VALİDEYNLƏRƏ MİNNƏTDARAM"

"Vətən uğrunda mübarizə varsa, hər kəs əsgərdir" - <b style="color:red">Müsahibə</b>

Qurban Məsimovun siması yəqin hamıya yaxşı tanışdır. İnsanlar onu həm teleseriallardan, həm də teatrdan tanıyırlar. O, təkcə aktyor, rejissor deyil, həm də Azərbaycan teatr mədəniyyətini sərhədlərimizdən kənarda təmsil edən sənətkarlardandır.

Vətən müharibəsi, pandemiya, ola bilsin, cəmiyyətimizi, insanlarımızı sənətdən, teatrdan bir qədər uzaq salıb. Amma bu müvəqqəti uazaqlaşmaya baxmayaraq, sənət sənətliyində, teatr teatrlığında qalır. Qurban Məsimovla söhbətimiz də elə bu mövzudadır: onunla teatrımızın bugünkü vəziyyətindən, eləcə də bu sənətin cəmiyyət, xüsusilə də yetişməkdə olan gənc nəsil üzərindəki təsirlərindən danışdıq.

Azərbaycan Dövlət Kukla Teatrının baş rejissoru, aktyor, respublikanın Əməkdar artisti Qurban Məsimovla müsahibəni təqdim edirik. 

***

- Həm rejissorsunuz, həm də aktyor. Əslində, istəyərdik ki, bu müsahibədə sizin aktyor kimliyinizlə həmsöhbət olaq. Bir vaxtlar "Nəm-nəm" verilişi vardı və bütün ölkə sizi o proqramla tanıdı. Sizcə, o dönəm "Nəm-nəm"i bu qədər sevdirən nə idi?

- "Nəm-nəm", yaratdığım və dünyada alternativi olmayan bir obrazdır. O, kloun "Appa"nın əllərindən yaranmışdı. O vaxt bu mənim üçün də çox maraqlı bir keçid oldu. Sanki özümdə bir neçə şəxsiyyəti eyni zamanda, yaşadırdım. Dissosiativ pozuntuya bənzəyən bir haldır. Amma yaxşı ki, üç şəxsiyyəti eyni zamanda, idarə edə bilirdim. Deyə bilərsiniz ki, aktyor sənəti elə özündə bir neçə şəxsiyyəti zaman-zaman yaşatmaqdır. Lakin bu üç şəxsiyyət yalnız mənə məxsusdur: mən, "Appa" obrazı və aparıcı şəxsiyyət "Nəm-nəm". Nə üçün "Nəm-nəm"ə şəxsiyyət dedim? Çünki hər şeyə öz münasibəti var idi. Ümumiyyətlə, aparıcı şəxsiyyət olmalıdır. "Nəm-nəm" də hazırcavab və səmimi idi. Müəyyən mənada efir qaydalarını pozurdu, atmacalı idi, zarafatla iynələsə də, bunu hörmət və sevgi ilə edirdi.

- Uzun müddətdir, Dövlət Kukla Teatrında çalışırsınız. Artıq neçə illərdir, uşaqlarla birbaşa ünsiyyətdə olur, onların üz ifadələrini, hərəkətlərini müşahidə edirsiniz. Teatrla böyüyən və teatrsız böyüyən uşaqlar arasındakı fərqi hiss etmisinizmi heç?

- İlk növbədə uşaqlarını teatra gətirən valideynlərə minnətdaram.Valideynlər özlərinin bu teatrdan aldıqları o zövqü balalarının da almasını arzulayırlar. Elə valideyn də olur ki, onu uşaq vaxtı teatra gətirməyiblər, indi övladı ilə birgə gəldiyi üçün sevinir.

Çalışıram ki, tamaşaları ikiqatlı quram ki, həm uşaqlar, həm də valideynlər üçün maraqlı olsun. Teatrla böyüyən uşaq mənən daha zəngin olur. Teatr ona həyatı sevməyi, obrazlarla birgə həyəcanlanmağı, uşaqlarla birgə zülmətə qarşı səslərini ucaltmağı, işığa sevinməyi öyrədir, uşaqlarda özlərinə inamı artırır, onlara ilkin teatr mədəniyyətini aşılayır. Beləcə digər teatrların da tamaşaçısını biz hazırlayırıq. Tamaşadan sonra uşaqlar nənə-baba, ana-ata, xala-bibiləri ilə tamaşa haqqınakı təəssüratlarını bölüşdüklərini görsəniz, mənə inanarsınız. Müasir texnika nə qədər inkişaf etsə də, uşaq üçün canlı teatr öz əhəmiyyətini itirmir.

- Yadımdadır, bir müsahibənizdə demişdiniz ki, o vaxtlar Şəkidə aktyor olan kişilərə yaxşı baxmırdılar. İllər sonra qayıdıb doğma yurdunuzda tamaşalar təşkil edirsiniz. Nələr hiss edirsiniz?

- Artıq bizim məhlə çox dəyişib, indi doqqaz da o doqqaz deyil. Yadımdadır, bulaq çəkiləndə babamla məsləhət edirdilər. Qadınlar çiynində səhəng, güyüm bulaq başına toplaşardılar. İllər sonra Şəkiyə tamaşamla getdik. "Çanta trio" və "Zəng" tamaşaları ilə Şəki "İpək yolu" Beynəlxalq Teatr Festivalında uğurla çıxış etdik. Şəki Dram Teatrının aktyoru, Əməkdar artist Əbülfət Salahovla "Zəng" monotamaşamı qurmaq istərdim. Əzizimiz Xanlar Həşimzadənin səhnə fəaliyyəti isə bir dərslikdir. Dünyasını dəyişən Fərman Abdullayevi də bu teatrda sevmişdim. Sonradan məşqlərində də olmuşam. Tale elə gətirdi ki,"Aramızda qalsın" serialında atamı oynadı. Atom gücünə malik aktyor idi. Təəssüf ki, aktyor sənəti asılı sənətdir. Şəki isə əziz və hər məhləsi bir teatr olan doğma məkandır. Yəqin hazırcavab olmağımın səbəbi şəkili olmağımdadır.

- Yeri gəlmişkən, sizin üçün teatr nədir?

- Teatr söz demək imkanıdır. Mən bir ay sonra əlli yaşa qədəm qoyuram, hələ deyiləsi çox sözüm var. Biz bu gün Azərbaycan teatr mədəniyyətini başqa ölkələrdə də təmsil edirik. Teatrda ən ağlasığmaz və riskli eksperimentləri yaradıcı silahdaşlarımla, Pantomima Teatrını yaradanlar və indi yaşadanlarla - Xalq artisti Pərviz Məmmədrzayev və Əməkdar artist Elman Rəfiyevlə etmişik. Xarici ölkələrdə uğurlu çıxışlardan sonra qürur duyurduq ki, Azərbaycanı layiqincə təmsil etdik.



- Yəqin razılaşarsınız ki, bir bölgədə, balaca bir kənddə belə mədəni səviyyəni artırmaq, dəyərləri gücləndirmək üçün lazımdır ki, orada elm-sənət mərkəzlərinin sayı çox olsun. Bu baxımdan ölkəmizdəki teatrların sayı sizi qane edirmi?

- Əlbəttə, münbit şərait olmalıdır. Məsələn, elə bu pandemiya zamanı İlham Namiq Kamal Şamaxıda Xalq Teatrının əsasını qoydu. Bu, təqdirəlayiq addım idi. Görün teatrla məşğul olmaq üçün neçə gəncə stimul oldu bu. Xalq teatrları olmalıdır. Gənclər oyunçuluq vərdişlərinə yiyələnməli, sonra universitetə gəlməlidirlər. Lütfi Məmmədbəyov kimi əksər ustadlarımız, ali təhsil almadan belə, Xalq Teatrı sayəsində dram dərnəklərində vərdiş və bacarıqlara yiyələnmişdilər. Ağasadıq Gəraybəyli, Əliağa Ağayev, Möhsün Sənani kimi sənətkarla Xalq teatrlarından, həvəskar dərnəklərdən başlasalar da, onların oyunlarında  komizm, dramatizm kimi üslublar bir ahəngdə mövcud idi. Onlar universal aktyor oyununa malik idilər.

Regionlarda dərnək və teatr studiyalarının olması münbit şərait yaratmaq deməkdir. Eksperimental teatrların və studiyaların yaradıcılıq baxımdan axtarış imkanları daha çox olur.

- Teatr tamaşaları insanın ruhuna, zehninə birbaşa təsir edən ən güclü silahlardandır. Sizcə, bir tamaşa ilə bir insanın ruhuna vətənpərvərlik hisslərinin toxumlarını səpmək mümkündürmü?

- Düşünürəm ki, mümkündür. Çünki bizim emosional təsir gücümüz var. O hissin toxumunu səpə bilirik ki, gələcəkdə o, cücərə bilir. Nahaq yerə ruslar teatra ideyaları təlqin edə biləcək kafedra demirdilər.

- Qurban bəy, siz teatrın ideyaları təlqinetmə gücünün olduğu fikrilə razılaşırsınız. İnsan ruhuna bu qədər güclü xitab edən bir sahədə çalışan şəxs olaraq, milli-mənəvi şüurun inkişaf etdirilməsi üçün teatrların rolu, gücü barədə nə deyə bilərsiniz? Bu gün gənc nəsildə vətənpərvərlik və milli mənlik şüurunun inkişaf etdirilməsi məsələsində teatrın rolu nədir?

- Kukla Teatrının baş rejissoru kimi deyə bilərəm ki, biz körpəlikdən uşaqlara qara qüvvələrlə mübarizə aparmağı təlqin edirik. El-obanın xilası, sülhün bərqərar olması üçün pisliklərin məhv olması vacibdir. Zalımlara qalib gəlmək üçün yalnız güc kifayət deyil. Biz onlara həm də iti zəkaya sahib olmağı, böyüklərə hörmət, təbiətə və canlılara məhəbbət hisslərini aşılamağa çalışırıq. Onlar böyüdükdə nəyin qara, nəyin ağ olduğunu özləri ayırd edirlər. Lakin bilirlər ki,vətənləri Azərbaycandır! Onu sevməli və qorumalı, bunun üçün cəsur və mərd olmalıdırlar.

- Bir az da teatrın bugünkü vəziyyəti haqda soruşmaq istərdik. Son bir ildə ölkəmizdə çox böyük hadisələr baş verdi. Bu dövrdə siz teatr işçiləri nə edir, nə işlə məşğul olurdunuz?

- Müharibə dövrünü təsvir edən bir misal var: deyir, toplar atəş açanda, ilham pəriləri susur. Vətən uğrunda mübarizə varsa, hər kəs əsgərdir. Vətənpərvərlik mövzusunda aktyor və rejissorların işləri daima olacaq. Bu dönəm teatrımızın nəzdində olan "Oyuq" teatr studiyasının körpə aktyorlarının ifasında videoçarxlar, vətən haqqında mahnılara kliplər hazırlandı. Bu əsərlər sosial şəbəkələrdə, AzTV-də, "Mədəniyyət" kanalında yayımlandı. Pandemiya dövründə isə tamaşalarımız onlayn formatda "Yutub" kanalında yayımlanır. Düşünürük ki, balaca və böyük tamaşaçılarımızla tezliklə görüşəcəyik. Yaradıcı insanlar tamaşaçılar üçün çox darıxıblar.

Natəvan ABDULLA

Yazıdakı materiallar Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

 





25.12.2020    çap et  çap et