525.Az

Əbədiyyətdəki əziz ünvanlarımız - Şəhidlər ölməz, Vətən bölünməz!


 

Əbədiyyətdəki əziz ünvanlarımız - <b style="color:red">Şəhidlər ölməz, Vətən bölünməz!</b>

Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Amma Allah qatında seçilmiş elə insanlar var ki, onlar ölmür, cismən bu dünyanı tərk edib, ruhən Yaradana-əbədiyyətə qovuşurlar. Ölümlərin ən şərəflisi də deyirlər buna. Bu, müqəddəs şəhidlik zirvəsidir ki, hər kəsə qismət olmaz.

Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyiylə sentyabr ayında başlanan və 44 gün davam edən Vətən müharibəmiz 30 ilə yaxın erməni işğalında olan torpaqlarımızın, Qarabağın azadlığıyla nəticələndi.

Müharibə varsa, şəhid də var, qazi də, itkin də... Nə yazıq ki, bu müharibəmiz də qurbanlarsız ötüşmədi. Azərbaycanın üç minə yaxın qəhrəmanı torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucaldı, minlərlə igid qazi adını qazandı. "525-ci qəzet" olaraq bu layihəmizdə mütəmadi şəkildə hissə-hissə həmin igidlərimizi oxucularımıza tanıtdıracağıq. Hər biri bir qəhrəmanlıq dastanı olan bu həyatlarla qürur duyur, onları unutmayacağımıza, unutdurmayacağımıza söz veririk! Allah hər birinə rəhmət eləsin!

P.S. Bu layihəmizə dəstək olmaq üçün ətrafınızda tanıdığınız, bildiyiniz şəhidlər varsa, həyat yoluna güzgü tutmaq məramı ilə müəllifin göstərilmiş e-mail ünvanıyla əlaqə saxlaya bilərsiniz!

Şahanə MÜŞFİQ
[email protected]



Vətən müharibəmizin qəhrəmanlarından Nağıyev Yusif Bərxudar oğlu 01.01.1996-cı ildə Bərdənin Əyricə kəndində anadan olub, 2002-2013-cü illərdə həmin kəndin E.Abdullayev adına tam orta məktəbində oxuyub. 2014-cü il yanvar ayında həqiqi hərbi xidmətə çağırılıb. Həmin ilin aprel ayından N saylı hərbi hissənin xüsusi təyinatlı bölməsində xidmət keçib. 2016-cı il "Aprel döyüşləri"ndə fərqlənən Y.Nağıyev göstərdiyi rəşadətə görə qiymətləndirilib.

II Qarabağ müharibəsində Murovdağ və Füzuli rayonu uğrunda gedən döyüşlərdə iştirak edib, döyüş meydanından şəhid və yaralıların çıxarılmasında xüsusi şücaət göstərib. Hadrud istiqamətində gedən döyüşlərdə yüksəkliklərin ələ keçirilməsində və düşmənin əks-həmlələrinin qarşısının alınmasında şücaət göstərərək bir neçə düşmən əsgərini məhv edib. Hadrud-Şuşa istiqamətində gedən döyüşlərdə xüsusi tapşırıq yerinə yetirərkən şəhadətə yüksələn Yusif doğulduğu Əyricə kəndində dəfn olunub. Ondan yadigar bir övladı var.

***



Orucov Elşən Yavər oğlu 1985-ci il avqust ayında Şahbuzun Ayrınc kəndində anadan olub. 1991-2001-ci illərdə Ayrınc kənd orta məktəbində təhsil alıb. 2001-2004-cü illərdə Naxçıvan MR Heydər Əliyev adına Hərbi Liseydə təhsilini davam etdirib. 2004-2008-ci illərdə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi, 2008-2009-cu illərdə Hərbi Akademiya təlim tədris mərkəzində oxuyub və leytenant rütbəsinə yiyələnib.

2011-2020-ci illərdə cəbhə bölgələrindəki hərbi hissələrdə mayor rütbəsi ilə tağım komandiri vəzifəsində xidmət edib. 2016-cı il "Aprel döyüşləri"ndəki igidliyinə görə Prezident İlham Əliyevin sərəncamı əsasında döyüş medalı ilə təltif edilib.

Mayor Orucov 2019-cu ildən Ağcabədidə N saylı hərbi hissədə xidmət etdiyi üçün ailəsi, Aygün və Günəş adlı 2 qızı ilə hərbi şəhərcikdə yaşayırdı.

2020-ci ilin sentyabrında başlayan Vətən Müharibəsində Füzuli-Cəbrayıl-Zəngilan-Qubadlı istiqamətindəki döyüşlərdə öz əsgərləri ilə böyük qəhrəmanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsini məhv edib, onlarla döyüş texnikasını ələ keçirib, bu ərazilərdə yerləşən 4 strateji yüksəkliyi öz hərbi məharətindən istifadə edərək təkbaşına azad edib.

Oktyabrın 22-də Qubadlının Muradbəyli kəndinin azad olunmasında xüsusi rəşadət göstərib, erməni ordusunun 137 nəfər canlı qüvvəsini məhv edib. Bu döyüşdə Muradbəyli kəndi düşməndən azad olunsa da, mayor E.Orucov və 22 əsgəri qəhrəmancasına şəhid olub.

***



Quliyev Ruslan Şəxsəddin oğlu 20.11.1984-cü ildə Tovuzun Dondarquşçu kəndində doğulub. O, Vətən uğrunda gedən döyüşlərdə doğmaca qardaşı Aslanın gözü önündə ürəyindən vurularaq şəhidlik zirvəsinə ucalıb. 3 körpə balası, uğrunda canından keçdiyi vətənə əmanət qaldı. Doğmaları 2-ci dəfə şəhid ailəsi olmağın qürurunu və acısını yaşadılar. Ruslanın əmisi Sərkər də Qarabağ uğrunda gedən döyüşlərdə kəndin 2-ci şəhidi olmuşdu.

Ruslan MAXE kimi Murovda xidmət edirdi. Onun həyat yoldaşı İlahə xanım bu gün əmanətlərinə göz bəbəyi kimi baxır. Övladları Nurlan və Şahanə yuxarı sinif şagirdləri olsa da, son beşiyi Yağmur cəmi bir neçə ay (may 2020) öncə doğulmuş bələk körpəsidir. Bu körpənin atası oktyabrın 11-də şəhid olaraq səhəri gün doğma kəndində digər 15 şəhidin yanında torpağa tapşırıldı.

***



Quliyev Hüseyn Həbib oğlu 26.06.2002-ci ildə Tovuzun Qəribli sovetliyinin Ağbaşlar kəndində anadan olub. 2008-ci ildə Xırdalan şəhər 5 nömrəli məktəbə gedib və cəmi 3 il təhsil ala bilib.

Hüseynin ailəsi 2017-ci ildə Tovuzun Dondarquşçu kəndinə köçüb. Hüseynə bu il 1 iyulda çağırış gəlib və o, 6 iyulda hərbi xidmətə yola düşüb. Cəmi 4 ay çəkən əsgərlik həyatı Ağcabədidən başlayıb, Horadizdən keçərək oktyabrın 25-də Füzulidə tamamlanıb. Evin ilk uşağı, ilk əsgəri olan Hüseyn cəmi 18 yaşında şəhidlik məqamına yüksəlib.

***



Əliyev Əmrah Rüfət oğlu 04.07.1997-ci ildə Tovuzun Dondarquşçu kəndində anadan olub. Orta məktəbi öz kəndində oxuyub. Əsgər kimi Ağcabədidə və Beyləqanda xidmət edib. Minamyotçu olaraq əsl hərbi xidmət keçib və fəxri fərmanlarla təltif olunub. Döyüşlər başlayandan könüllü kimi getməyin mübarizəsini aparıb. Könüllülərin aparılması dayandırılsa da, 2 dəfə rayon Hərbi Komissarlığına müraciət edərək onu da aparmaqlarını xahiş edib. 17 oktyabrda kənddən yeganə könüllü kimi döyüşlərə qatıla bilib. Ağcabədiyə yollanıb, Horadiz döyüşlərində iştirak edib. Noyabrın 8-i Xocavənddə şəhidlik zirvəsinə yüksəlib. Döyüşlərə bir oğul atası kimi getmişdi Əmrah, ölümündən sonra 2-ci övladı da dünyaya gəlib.

***


Emin Hüseynov 15.08.1990-cı ildə Tovuzun Yanıqlı kəndində anadan olub. 1997-2008-ci illərdə A.Hüseynov adına Yanıqlı kənd tam orta məktəbində təhsil alıb. Ailəli və 2 yaşlı bir qız atası idi. Oğlu isə 2021-ci ildə doğulacaq. E.Hüseynov 2008-2010-cu illərdə Balakəndə yerləşən "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmət keçib. 2020-ci il 12 iyulda başlayan Tovuz döyüşlərindən sonra  öz müraciətiylə avqustdan etibarən MAXE kimi ordu sıralarına qoşulub. 44 günlük vətən müharibəsi zamanı Murov, Füzuli və Xocavənd istiqamətində  gedən döyüşlərdə vuruşub. Murov döyüşlərində yaralanmasına baxmayaraq, yenidən döyüşə qayıdıb.

Qumbaraatan kimi xidmət edən Emin düşmənin xeyli sayda tank və canlı qüvvəsini məhv edib. Bununla bərabər ağır döyüşlər zamanı yaralanan bir neçə yoldaşını döyüş meydanından çıxarıb və onlara ilk tibbi yardım göstərib. Həmçinin, şəhid olan komandirini döyüş meydanında qoymayaraq silahı ilə birgə oradan uzaqlaşdırıb. Noyabrın 9-da Xocavəndin 510 yüksəkliyi uğrundakı döyüşlərdə tankdan açılan top atəşi nəticəsində şəhidlik zirvəsinə ucalan Emin 18 noyabrda Yanıqlı kənd qəbiristanlığında dəfn olunub.

***



Səmədli Elşən Bayram oğlu 19.02.1993-cü ildə Şərur rayonu Yurtçu kəndində doğulub. Uşaqlıqdan baxdığı filmlərin təsiriylə döyüşə ciddi maraq göstərib. 6 yaşı olanda "Mən Battal qaziyəm" deyib 4 metr yüksəklikdən tullanıb. O hadisədən sonra başındakı aypara şəkilli tikiş izləri təsadüfi deyilmiş bəlkə də. 2011-ci ildə hərbi xidmətə yollanan Elşən xidmət dövründə hamının hörmətini qazanmışdı. 2016-cı ildə "Aprel döyüşləri"ndə iştirak edəndən sonra Kərbəla ziyarətinə gedib.

Vətən müharibəsi başlananda sentyabrın 28-də könüllü döyüşə gedir. Ehtiyatda olan əsgər olmasına baxmayaraq, aparıldığı Goran bölgəsindən öz arzusu ilə cəbhəyə yollanır. Hətta sosial şəbəkədə yayılan bir videoda onun "şofer, Qarabağa sür, qardaşlar səngərdə təkdir" ifadəsi dillər əzbərinə çevrilib. Hər zaman "Qarabağ xalqın problemidir. Hər kəs öncə ailə, dünya malını fikirləşsə, nə vətən olardı, nə dövlət, nə də bayraq"-deyərmiş.

O, Füzuli, Qubadlı və Zəngilanın azad olunmasında mərdliklə döyüşüb. Düşmənin onlarla döyüş maşınını silah yoldaşlarıyla birgə öz briqadasının tərkibinə qatıb. Zəngilanın ən yüksək zirvəsinə bayrağımızı öz əlləriylə asıb.

Elşən müharibədən qalib əsgər kimi ayrılmışdı. Noyabrın 10-da qələbə gününü də dostlarıyla birgə qeyd etmişdi. Qazi olsa da, evinə dönməyib, azad olunmuş torpaqlarda xidmətə davam edirdi. Təəssüf ki, müharibənin qan-qadasından sağ çıxan döyüşçümüz dekabrın 2-də düşmənin basdırdığı minaya düşərək şəhid olur. Əfsanəyə dönmək istəyən Elşən beləcə əfsanələşir.

***



Hüseyinli İbrahim İsa oğlu 30.05.1992-ci ildə Yevlaxın Qoyunbinəsi kəndində doğulub. O, anası rəhmətə getdikdən sonra atası və həyat yoldaşı ilə həmin kənddə yaşayırdı. 2019-cu il oktyabrın 22-də ailə həyatı qurmuşdu. Müharibənin ilk günündən cəbhəyə qoşulan İbrahim kiçik çavuş idi. Füzuli istiqamətində gedən döyüşlərdə yaralı yoldaşını xilas edərkən qəhrəmancasına şəhid olub. Ailəsi bu xəbəri oktyabrın 22-də-ailə həyatının 1 ili tamam olan gün alıb. Son dəfə həyat yoldaşıyla əlaqə saxlayıb və yoldaşı ona oğul atası olacağını deyib. Bu xəbərdən çox xoşbəxt olan döyüşçümüz qayıdanda oğluna özü ad verəcəyini deyib. Əsgər yoldaşlarının dediyinə görə, ata olacağını eşidən gün sevincinin həddi-hüdudu olmayıb və bu xoş xəbəri birgə qeyd ediblər. Təəssüf ki, İbrahimə oğlunu görmək qismət olmadı. Artıq şəhidimizin övladı bu xalqa əmanətdir!

***



Fərid Abışov Əlfayim oğlu 28.11.1996-cı ildə Yevlaxın Qoyunbinəsi kəndində anadan olub. Valideynləri və qardaşlarıya birgə həmin kənddə yaşayırdı. 2016-cı il "Aprel döyüşləri"ndə də iştirak edən Fərid şücaətinə görə "Fəxri döyüşçü" adını almışdı.

Sentyabrın 29-da səfərbərlik zamanı Milli Ordunun sıralarına yazılıb və Qarabağ Müharibəsinə yollanıb. Oktyabrın 12-nə kimi ailəsiylə əlaqə saxlayıb, hər dəfəsində yeni azad etdiyi torpaqlardan, qələbələrdən danışıb və narahat olmamağı tapşırıb. Lakin oktyabrın 12-dən sonra ailəsi onunla danışa bilməyib. Noyabrın 19-da Fəridin şəhid olması xəbərini alıblar.

Şəhidimiz müharibəyə gedərkən atasının boynuna boyunbağı bağlamış və "qayıdanda bunu özüm açacam"- demişdi. Təəssüf ki, bu, ona qismət olmadı. Əvəzində cəsur Fərid döyüşçü yoldaşlarıyla birgə Qarabağın boynundakı düşmən zəncirini açıb, azad etdi.

***



Səfərov Mais Şakir oğlu 20.07.1999-cu ildə Neftçalanın Xol Qarabucaq kəndində doğulub. 2006-cı ildə Balaxanı 4 saylı tam orta məktəbin 9-cu sinifini bitirib. Bakı Humanitar Kollecinin rəsm müəllimi ixtisası üzrə məzunu olub. Arzusu torpaqlarımızın işğaldan azad olunması və tanınmış rəssam olmaq idi.

Valideynləri və bacısıyla yaşayan Mais ilk gündən müharibəyə qatılıb və ən qaynar nöqtərdə döyüşüb. Bacısıyla telefonda danışarkən "atam mənimçün çox əziyyət çəkib. İnşallah, sağ-salamat qayıtsam, onun borcundan çıxacağam. Özümü ona çox borclu hiss edirəm. Mən müharibəyə gələndən atam çox yaşlanıb"-deyər, valideynlərini bacısına tapşırar, ailəsini hər zaman özünün şəhidlik sonuna hazırlayırmış: "Mənə nəsə olsa, üzülməyin, qismətdə nə yazılıbsa, odur. Başqa anaların ölən övladları məndən əskik deyil". Son dəfə isə anasıyla danışır və ondan 3 gün sonra-oktyabrın 28-də Talış və Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olur.

***



İsgəndərov Əhmədağa Novruz oğlu 20.09.1989-cu ildə Bakıda anadan olub. Orta məktəbi bitirdikdən sonra ali təhsilini Azərbaycan Dövlət İqtisad Universitetinin menecment fakültəsində alıb. 2018-ci ilin avqustundan SRG-da İR üzrə mütəxəssis vəzifəsində çalışmağa başlayıb. İş yoldaşlarının və onu tanıyan hər kəsin xatirələrində mehriban və gülərüz biri kimi yaşayan Əhmədağa bu ilin sentyabrın 21-də hərbi vəzifəlilərin təlim toplantısına qatılır və ilk gündən Vətən müharibəsində iştirak edir. Əhmədağa oktyabrın 9-da Füzuli uğrunda gedən döyüşlərdə şəhidlik məqamına yüksəlir.

Əhmədağadan balaca qardaşı Firdovsi Amerikada yaşayır. O, oktyabrın 3-də qardaşıyla telefon danışığında deyir: "3 il qabaq mən gəlmişəm əsgərlikdən, 8 il qabaq sən, bəs necə olur məni yox, səni aparıblar?" Əhmədağa deyir: "iyulda zəng eləyəndə sənin Amerikada olduğunu deyib, məni qeydiyyata almaqlarını istəmişdim". Beləcə, son dəfə böyük qardaşlığını edib əziz şəhidimiz.

***



Əslən ağdamlı olan İbrahimli Cavidan Nizami oğlu 24.03.2000-ci ildə Bakının Badamdar qəsəbəsində doğulub. 2006-2017-ci illərdə Badamdardakı 236 nömrəli tam orta məktəbdə təhsil alıb, 2018-2019-cu illərdə Ağcabədidə "N" saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətdə olub. Cavidan valideynləri, 2 qardaşı və nənəsi ilə birgə Badamdarda yaşayırdı. Qardaşları ilə birgə ailəsindən gizli könüllü orduya yazılıb. Bu il sentyabrın 20-də onu yenidən orduya çağırırlar. Cavidan "epilepsiya" xəstəsi idi və anası bu barədə komandirə məlumat versə də, Cavidan deyib ki, "məndə heç nə yoxdur, anamın sözünə baxmayın, mən sağlamam". Evdə anasına deyib ki, anam məni çağırır, getməliyəm. Anası deyib, "anan mən deyiləm?" Deyib: "Bir anam sənsən, biri də Vətən". Beləcə, sentyabrın 20-dən Füzuliyə aparılır. Anası ilə hər danışanda Bakıda olduğunu, heç yerə aparmadıqlarını deyirmiş. Füzuli işğaldan azad olunduqdan sonra onu geri qaytarmaq lazım olanda etiraz edib və əsgər yoldaşlarını qoyub getməyəcəyini deyib, xidmətə davam edib. O, Cəbrayılın, Füzulinin və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 24-də Cəbrayıl istiqamətində gedən döyüşlərdə yaralı əsgəri xilas etmək istəyən zaman şəhid olub, Badamdar qəsəbəsində dəfn edilib.

Qeyd edək ki, Cavidanın atası Nizami İbrahimli bir neçə gün əvvəl dünyasını dəyişib.

***



Hüseynli Əmrah Namik oğlu 12.10.1994-cü ildə Cəlilabadda anadan olub. 2010-cu ildə C.Naxçıvanki adına hərbi məktəbə qəbul olub. 2013-2017-ci illərdə Ali Hərbi Akademiyada oxuyub. Akademiyanı bitirdikdən sonra 6 aylıq kurs keçib və Xüsusi Təyinatlı Qüvvələrdə fəaliyyətə başayıb. O, 2018-ci ildə Azərbaycan Ordusunun 100 illik paradında iştirak edib. 2020-ci ildə baş leytenant rütbəsi alıb. Vətən müharibəsinin ilk günündən döyüşlərə qatılıb, Murov, Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlı uğrundakı qızğın döyüşlərdə iştirak edib. Əmrah yaralandığı üçün oktyabrın 12-də ad gününü hospitalda keçirir, 13-ü isə yenidən döyüşlərə qatılır. Oktyabrın 26-da Şuşa istiqamətində gedən döyüşlərdə şəhadətə yüksəlir.

Ə.Hüseynli şəhid kapitan Hüseynzadə Həmidağanın müavini vəzifəsində çalışıb. Öz vəzifəsini mükəmməl, savadlı və məsuliyyətlə yerinə yetirdiyindən kapitan ən mühüm işlərini həmişə ona etibar edərmiş.

***



Abdullazadə Tağı İlham oğlu 05.05.1992-ci ildə Sədərək rayonunda doğulub. 1999-2010-cu  illərdə Sədərək rayon 1 nömrəli tam orta məktəbdə təhsil alıb. 2010-cu ildə hərbi xidmətdə olub. 2011-ci ildən Sədərək rayon Heydərabad  qəsəbəsində tam orta məktəbində Hərbi müəllim işləyib. 2016-cı ildə ailə qurub, 4 yaşında bir oğlu var. 2019-cu ildə öz istəyilə hərbiyə daxil olub, mart ayında 3 aylıq kursdan sonra iyunda xidmətə başlayıb. Bir ili bitdikdən sonra xüsusi təyinatda xidmət edib. 44 günlük Vətən müharibəsinə oktyabrın 11-dən könüllü qatılıb. 17 gün müddətində uğurlu döyüş tapşırıqlarını yerinə yetirib, dostlarının sözlərinə görə, 36 düşmənin canlı qüvvəsini və texnikasını məhv edərək silah yoldaşlarını da mühasirədən çıxarıb. Saat 17:30-da düşmənin atdığı ağır artilleriya zərbəsi nəticəsində boğazından aldığı qəlpə yarasından, 4 dostu ilə birgə Hadrutun  Tuzluca yüksəklikliyində şəhadətə ucalıb. Noyabrın 2-də Sədərək rayonunda dəfn edilib.

***



Aqil Niyaz oğlu Məlikov 06.04.1986-cı ildə Qubanın Alpan kəndində anadan olub. İlk təhsilini Alpan kənd orta məktəbində tamamlayıb, 2005-ci ildə H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Hərbi təhsilini 2009-cu ildə uğurla bitirərək, Şəki, Gəncə, Bakıda, o cümlədən, cəbhə boyunca Tərtər, Goranboy, Ağdam, Ağcabədi, Füzuli rayonlarında Quru Qoşunlarında xidmətini davam etdirib.

2016-cı ildə "Aprel döyüşləri"ndə iştirak edib, "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif edilib. 2020-ci ildə mayor rütbəsi verilib.

II Qarabağ müharibəsi zamanı Ermənistan Silahlı Qüvvələrinin açdığı artileriya atəşi nəticəsində Füzulinin Qaraxanbəyli kəndində şəhidlik məqamına yüksəlib.

***



Muxtar Əli oğlu Qasımlı 23.02.1993-cü ildə Bakıda doğulub. Əslən Qərbi Azərbaycan Amasiya-Balıqlı kəndindəndir. 1999-2009-cu illərdə 318 nömrəli tam orta məktəbdə oxuyub. 2009-2013-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil alıb. Erkən yaşlarından idmana marağı olub. Dəfələrlə yarışlarda iştirak edib və mükafatlara layiq görülüb. 2019-cu ildə fitnes üzrə Azərbaycan çempionu olub.

O, 2013-cü ildə Gədəbəydə müddətli həqiqi hərbi xidmət keçib. Xidmətini davam etdirəkən Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinə zabitlik kursuna yazılıb. 2014-cü ildə ordu sıralarından ehtiyata buraxılıb. "AzərGold" QSC-nin əməkdaşı idi.

Baş leytenant M.Qasımlı II Qarabağ müharibəsi zamanı Füzuli uğrunda gedən döyüşlərdə vuruşub. Oktyabrın 2-də Füzuli döyüşlərində şəhadətə ucalıb. Bakıda Qala qəbiristanlığında dəfn olunub.

Şəhadətindən 2 gün qabaq bir yaxınına "mənimçün bayraq hazırlayarsan? Gələndə məni qarşılayarsan" - yazıb. Həmin bayraq hazırlanan gün isə şəhidlik xəbəri gəlib.

***



Səfərli Cavid Xaliq oğlu 31.05.1993-cü ildə İmişlinin Əliqulular kəndində anadan olub. 1999-cu ildə Rəsul Məmmədov adına Əliqulular kənd tam orta məktəbinin 1-ci sinfinə gedib,  2001-ci ildən isə N.Şirinov adına İmişli rayon 5 saylı tam orta məktəbində təhsilini davam etdirib. 2007-2010-cu illərdə C.Naxçıvanski adına hərbi liseydə oxuyub. 2010-2014-cü illərdə  H.Əliyev adına Hərbi Akademiyada təhsil alıb. "Leytenant" rütbəsi alan Cavid Səfərlinin çətin və şərəfli zabit həyatı başlayır. O, 2014-2015-ci illərdə Tədris-Təlim Mərkəzində (TTM) təhsilini davam edir.

2016-cı ildə N saylı hərbi hissədə "motoatıcı" bölüyün komandiri təyin edilir. Snayperlər hazırlayan leytenant Səfərlinin əsgərləri ordudaxili yarışlarda uğurlar qazanır. Bu müvəffəqiyyətinə görə komandanlıq tərəfindən mükafatlandırılır.  Zabit kimi fəaliyyəti nəzərə alınaraq vaxtından əvvəl Baş Leytenant rütbəsi verilir. 2016-cı il "Aprel döyüşləri"ndə birbaşa iştirak etməsə də, döyüş bölgəsində xidmətdə olub. 2018-ci ildə Qusarda yerləşən N saylı hərbi hissədə xidmətini davam etdirir. 2020-ci ildə Tabor komandirinin müavini kimi xidmət edir.

Vətən müharibəsinin ilk günündən Füzuli istiqamətində gedən döyüşlərdə zabit kimi öndə vuruşur. Hadrut istiqamətində gedən döyüşlərdə oktyabrın 21-də 3 əsgərilə növbəti düşmən postunu alarkən qəhrəmancasına şəhid olur. Noyabrın 17-də Əliqulular kəndində dəfn edilib.

Qeyd: Bu qəhrəmanlarımızın hər biri, şəhadətə qovuşduqdan sonra, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 dekabr 2020-ci il Sərəncamına əsasən, "Vətən uğrunda" medalı ilə təltif olunub.

 





25.12.2020    çap et  çap et