525.Az

Mən bu qələbəyə inanırdım... - Hacı Nərimanoğlu yazır


 

Mən bu qələbəyə inanırdım... - <b style="color:red">Hacı Nərimanoğlu yazır</b>

"Bunu həm də ona görə xatırladıram ki, gəlin özümüz-özümüzü çox da suçlamayaq - qoydular, qaçdılar, ölməyib qaldılar, yerimizi dar elədilər-filan.

Torpaqlarımızın işğalında hamımız günahkarıq; əlahəzrət fakt budur ki, biz xalq, dövlət, millət, ordu olaraq torpaqlarımızı qoruya bilmədik, qalan məsələlər, səbəblər bundan törəmədir. Ermənidən də qorxmayaq, xoflanmayaq, erməni qorxusundan cəsarətlənir, 2016-nın aprel hücumundan sonra bu qorxu daha da böyüyüb. Biz Qarabağ savaşını qabaq-qənşər döyüşdə, müharibədə uduzmadıq, siyasətdə, xəyanətlərdə uduzduq, dünyanı idarə edən xristian güclərin, böyük dövlətlərin geosiyasi planları ilə uduzduq, böyük oyunların kiçik qurbanları olduq. Təbii ki, belə də qalmayacaq, dəyişməliyik, dəyişikliklərə, böyük qayıdışa hazır olmalıyıq!

Bir neçə gün əvvəl Müdafiə naziri Zakir Həsənovun 4 il sonra ilk dəfə rusiyalı həmkarı Sergey Şoyqu ilə aprel döyüşləri vaxtı telefon danışıqlarının detallarını açıqlaması bütün bəlaların hardan gəldiyini aydın işarət etdi. İnanıram ki, həm siyasilərimiz, həm hərbçilərimiz öz plan və hərəkətlərində bu amili indi daha ölçülü-biçili şəkildə nəzərə alırlar..."

Bu cümlələr "525-ci qəzet"in 10 iyul 2020-ci il tarixli sayında dərc olunmuş "Biz döyüşdə uduzmadıq..." sərlövhəli yazımdandır. O vaxt bu yazını qəzetdə, saytda, Feysbuk səhifəmdə oxuyan bir qisim tanış, qeyri-tanış inam və  nikbinliyimi bölüşmədiyini bildirmiş, "artıq gecdir, torpaqlar satılıb" demişdi.

Yazımdan AzərTAc-ın cəbhə bölgələri üzrə xüsusi müxbiri olaraq şahidi olduğum, xəbərlərini ilk dəfə ön cəbhədən yaydığım müharibə xəbərlərini 28 il sonra oxucularla bölüşüb ermənilərin qabaq-qənşər döyüşlərdə necə miskin, qorxaq olduğunu çoxlu faktlarla yazmışdım, əminliklə qurtuluşun yalnız savaşla mümkünlüyünü demişdim. Təbii, bu inamıma, gözləntimə güc verən amillərin ən birincisi Prezident İlham Əliyevin şəxsi keyfiyyətləri - təbiətən məğrur, mərdanə, müstəqilliyi, qarşıya qoyduğu məqsədə çatmaq əzmi, iradəsi idi. Gəlin razılaşaq ki, başçısı olduğu dövlətin ərazisinin beşdə birinin işğal altında qalmasının ən böyük mənəvi ağrısını Prezident İlham Əliyev çəkirdi və bu vəziyyətdən çıxış yolunu son çıxışlarında daha açıq şəkildə ifadə edir, xalqı böyük dəyişikliyə hazırlayırdı. 2020-ci il mayın 28-də Prezident İlham Əliyev Bakıda məcburi köçkünlər üçün salınmış "Qobu Park-3" yaşayış kompleksinin açılışında deyirdi: "Danışıqlar öz yerində, ancaq indi dünyada siz də yaxşı görürsünüz ki, güc amili ön plana çıxır, bəzi ölkələr, hətta böyük demokratik ənənələri olan ölkələr də bəzi hallarda beynəlxalq hüquqa məhəl qoymadan öz maraqlarını təmin edirlər. Nəyin hesabına? Gücün hesabına. Ona görə ordu quruculuğu mənim Prezident kimi fəaliyyətimdə həmişə ön plandadır. Bu gün biz elə bir qüdrətli ordu yaratmışıq ki, istənilən vəzifəni icra edə bilərik. Dağlıq Qarabağ probleminin həlli tarixi məsələdir və biz bu məsələni birdəfəlik və tam həll etməliyik. Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunmalıdır. Bir daha demək istəyirəm ki, Dağlıq Qarabağ Azərbaycandır və nida işarəsi".

Prezident İlham Əliyevin siyasi iradəsi, qətiyyəti,  mövcud beynəlxalq, regional vəziyyəti düzgün qiymətləndirib vaxtında dəqiq qərar vermək, gerçəkliyə çevirmək bacarığı Azərbaycanın yeni imiclə doğuluşunu təmin etdi, həm də öz adına ən şərəfli sözü, titulu yazdırdı: Müzəffər Ali Baş Komandan!

Doğum gününüz mübarək, cənab Ali Baş Komandan!

 





25.12.2020    çap et  çap et