525.Az

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi


 

Əbdürrəhim bəy Haqverdiyevin 150 illiyinə həsr olunan videokonfrans keçirildi<b style="color:red"></b>

Azərbaycan Respublikasının UNESCO üzrə Milli Komissiyası və Mədəniyyət Nazirliyinin birgə təşkilatçılığı ilə dekabrın 25-də “Azərbaycanın ədəbi, mədəni və ictimai-siyasi həyatının fədaisi: Əbdürrəhim bəy Haqverdiyev - 150” mövzusunda videokonfrans keçirilib.

Mədəniyyət Nazirliyindən 525.az-a verilən məlumata görə, tədbiri Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri, Milli Komissiyanın baş katibi Elnur Sultanov açaraq, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müvafiq Sərəncam imzalandığını və bu yubileyin həmçinin, UNESCO tərəfindən 2020-2021-ci illər üzrə görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileylərinin qeyd olunması Siyahısına daxil edildiyini bildirib. O, bir çox tanınmış şəxsiyyətlərimizin yubileylərinin UNESCO-nun bu Proqramı çərçivəsində qeyd edilməsində və Azərbaycan ədəbiyyatının tanıdılmasında, mədəni irsimizin qorunmasında, mədəniyyətimizin dünyada təşviq edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın müstəsna xidmətlərini vurğulayıb.

E.Sultanov Ə.Haqverdiyevin yaradıcılıq və fəaliyyətinin UNESCO-nun bütün əsas istiqamətlərini, elm, təhsil, mədəniyyət və eləcə də informasiya sahələrini əhatə etdiyini, onun dramaturq və ədib kimi tanındığını qeyd etdi, eyni zamanda onun mədəniyyət və incəsənət, pedaqoji, elmi sahələrdəki vacib fəaliyyətindən bəhs edib.

Həmçinin, Ə.Haqverdiyevin milli düşüncənin inkişafında oynadığı əhəmiyyətli rolu vurğuladı, onun ictimai-siyasi proseslərdə iştirakına və diplomat kimi fəaliyyətinə toxunub. Ədibin doğulub böyüdüyü Azərbaycanın gözəl guşəsi, Qafqazın və doğma Qarabağımızın incisi sayılan qədim Şuşa şəhərinin bu ilin noyabr ayının 8-də müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsinin bu yubileyə gözəl hədiyyə olduğunu qeyd edib.

Virtual tədbirdə çıxış edən Anar Kərimov bildirdi ki, Əbdürrəhim bəy Haqverdiyev XX əsrin Azərbaycan ədəbiyyatına bəxş etdiyi görkəmli şəxsiyyətlərdən biridir: “Haqverdiyevin böyüklüyünü idrak etmək üçün yalnız onun adının qarşısında çoxşaxəli fəaliyyətini və kimliyini müəyyənləşdirən anlayışları sadalamaq kifayət edər: böyük dramaturq, nasir, publisist, pedaqoq, ədəbiyyatşünas, teatr təşkilatçısı və nəhayət, tanınmış ictimai xadim. Ədib 17 may 1870-ci ildə Azərbaycanın ədəbiyyatına, musiqisinə və incəsənətinə qüdrətli simalar bəxş etmiş Şuşa şəhərində anadan olub. Ali Baş Komandanın heyrətamiz iradəsi, böyük əzmi və Ordumuzun rəşadəti nəticəsində ölkəmizin Qələbəsi ilə yekunlaşan İkinci Qarabağ müharibəsində Əbdürrəhim bəy Haqverdiyevin göz açdığı və Azərbaycanın mədəni paytaxtı hesab olunan Şuşa şəhəri işğaldan azad edildi”.

Anar Kərimov vurğulayıb ki, bu gün biz özümüzü məhz ona görə xoşbəxt nəsil hesab etməliyik: “Ona görə xoşbəxt nəsilik ki, Haqverdiyevin dünyaya gəldiyi şəhərin adını artıq fərəhlə və vüqarla səsləndirə bilirik. Əminəm ki, bundan sonra da böyük maarifçi-demokrat ədibin əsərləri və ideyaları müstəqil dövlətimizin daha da möhkəmləndirilməsinə və xalqımızın gələcək inkişafına uğurla xidmət edəcək”.

Haqverdiyevin Şuşadakı evinin də işğal dövründə dağıdıldığını diqqətə çatdıran Anar Kərimov Mədəniyyət Nazirliyi tərəfindən Şuşada erməni vandalizminin qurbanı olmuş digər tarixi-mədəni irs nümunələrimiz, abidələrlə birlikdə görkəmli ədibin evinin də bərpa ediləcəyini və orada yazıçının ev-muzeyinin yaradılacağını bildirib.

Sonra Haqverdiyevin Şuşadakı evinin qalıqlarını əks etdirən videogörüntü nümayiş olundu. Anar Kərimov vurğuladı ki, Şuşada xalqımızın zəngin irsini bərpa etməklə bu tarixi şəhərə onun itirilmiş ruhunu qaytaracağıq.

A.Kərimov 2021-ci ildə nazirlik tərəfindən ədibə həsr olunan sənədli filmin ictimaiyyətə təqdim olunacağını da diqqətə çatdırıb.

Təhsil nazirinin müavini Firudin Qurbanov qeyd etdi ki, Haqverdiyev ədəbiyyatımızı zənginləşdirərək bədii və estetik cəhətdən yüksək səviyyəyə qaldırıb.

AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli ədibin azərbaycançılıq ideyalarından və xalqın milli-mənəvi oyanışında xidmətlərindən söz açdı. Bildirdi ki, Haqverdiyev Mirzə Cəlillə yanaşı XX əsrin əvvəllərində ədəbiyyat və milli fikir tariximizdə azərbaycançılıq ideyasının əsasını yaradanlardan biridir.

Azərbaycanın Macarıstandakı səfiri, professor Vilayət Quliyev Əbdürrəhim bəy Haqverdiyevin diplomat kimi fəaliyyəti barədə ətraflı söz açdı. Qeyd etdi ki, ədibin hekayələr kitabı səfirliyin dəstəyi ilə macar dilində nəşr edilib.

Azərbaycan Yazıçılar Birliyinin (AYB) Ədəbi Əlaqələr və Tərcümə Mərkəzinin rəhbəri Səlim Babullaoğlu bildirdi ki, ədib öz ecazkar qələmi ilə xalqımızı cəhalətdən, onu kölgə kimi izləyən mövhumatçılığın, xurafatçılığın təsirindən qurtarmağa çalışıb.

Əbdürrəhim bəy Haqverdiyev Mərkəzinin rəhbəri, ədibin nəticəsi Eldar Məlik Abbas konfrans iştirakçılarına təşəkkür edərək ədibin 150 illik yubileyi ilə bağlı mərkəz tərəfindən “Facebook” şəbəkəsində geniş arxivin yaradıldığını bildirdi. Diqqətə çatdırdı ki, yazıçının Sankt-Peterburqda yaşadığı ev aşkarlanıb və hazırda Rusiyadakı səfirliyimiz həmin binaya xatirə lövhəsinin vurulması ilə bağlı iş aparır.

 





25.12.2020    çap et  çap et