525.Az

Azərbaycanlı jurnalistin Türkiyədə qaldırdığı təşəbbüs gerçəkləşdi


 

Azərbaycanlı jurnalistin Türkiyədə qaldırdığı təşəbbüs gerçəkləşdi<b style="color:red"></b>

26 fevral Xocalı soyqırımının ildönümü ərəfəsində qardaş Türkiyədə də müxtəlif tədbirlər, müzakirələr başlayıb. Bu arada Türkiyə Böyük Millət Məclisinin Aparat rəhbəri Mustafa Kabakçı Modern.az saytına yeni bir xəbər verib.

Parlament rəsmisi bildirib ki, Azərbaycanın Ankaradakı Səfirliyi və Mamak Bələdiyyəsinin təşkilatıçılığı ilə ilk dəfə olaraq Xocalı prospektində faciə ilə bağlı posterlər yerləşdiriləcək. Məqsəd insanları bu haqda maarifləndirməkdir. 25-26 fevral tarixlərində isə həmin prospektdə Azərbaycan və Türkiyə bayraqları asılacaq.

Modern.az saytının məlumatına görə, Ankaradakı Xocalı prospektində faciə ilə bağlı posterlərin yerləşdirilməsi təşəbbüsü bu şəhərdə yaşayan azərbaycanlı jurnalist İlhamə Qasımlıdan gəlib. Bununla bağlı jurnalist Modern.az-a açıqlamasında deyib:

“Təxminən 7 aydır ki, Türkiyə paytaxtı Ankara şəhərindəki Xocalı prospektinin yaxınlığında yaşayırıq. 5 məhəllənin bağlandığı, 2 km uzunluğunda, 17 metr genişliyində olan böyük prospektdir. Amma indiyə qədər söhbət etdiyim sakinlərdən heç biri prospektin adının mahiyyəti barədə heç nə bilməyiblər. Hətta aralarında elələri olub ki, prospektin hansısa Hocanın, yəni din adamının adını daşıdığını düşünürdü.
Bu da bir azərbaycanlı kimi qüruruma toxunurdu. Düşündüm ki, hər gün bu prospektdən istifadə edən minlərlə insana Xocalının Azərbaycanın bir bölgəsi və tarixdə adının bir qətliamla bağlı olduğunu çatdırmaq vacibdir. Prospektdə Xocalı faciəsinə bir abidə ucaldılması və parklardan birinə Xocalı adının verilməsi təklifini rəsmən irəli sürməkçün Türkiyədəki Azərbaycan Dərnəkləri Federasiyasının sədri Bilal Dündarla danışdım. Təklifimə müsbət yanaşan Bilal bəy həmin gün Mamak bələdiyyə başqanına rəsmi məktubla müraciət etdi”.

İ.Qasımlı bildirib ki, bununla yanaşı o, Türkiyə Böyük Millət Məclisinin üzvü Mustafa Kabakcı ilə də görüşüb, ondan bu ideyanın reallaşmasına dəstək verməyi xahiş edib.

“Ondan müsbət cavab almağıma baxmayaraq, düşünürdüm ki, ola bilər, builki ildönüm gününə bu ideyanı reallaşdırmaq mümkün olmasın. Çünki ildönümü gününə cox az vaxt qalıb. Türkiyədə bürokratik sistem çox ləngdir. Təsəvvür edin ki, bir idarədə bir sənədin bir şöbədən başqa bir şöbəyə getməsi bəzən günlərlə vaxt alır. Üstəlik, hazırda Türkiyədə bələdiyyə seçimləri kampaniyasının ən qızğın vaxtı olduğu üçün bu ideyaya diqqət göstərilməyəcəyindən də qorxurdum. Ona görə də bu işi öz imkanlarım hesabına görməyi də düşünürdüm.

Dünən Modern.az-da Mustafa Kabakçı ilə müsahibəni oxuyanda bildim ki, artıq hörmətli millət vəkili nəninki poster və afişlərin yerləşdirilməsi, hətta Xocalı faciəsinə abidə ucaldılması məsləsini də bələdiyyə ilə həll edib. Mustafa Kabakçının Azərbaycana sevgi və hörmətinin olduğunu bilirdim. Amma vaxt tələb edən bir məsələnin qısa müddət ərzində həllinə nail olacağına inanmırdım. Müsahibəsini oxuduqdan sonra təklifimi ən qısa müddətdə gerçəkləşdirdiyinə görə təşəkkür etmək üçün özünə zəng edəndə "Azərbaycan adı olan bir iş həmən yapılmazmı" dedi”.

İ.Qasımlının sözlərinə görə, Azərbaycan Dərnəkləri Federasiyasının təmsilçiləri 26 fevralda Türkiyə parlamentində spiker Cəmil Çiçək və siyasi partiyaların fraksiyalarının təmsilçiləri ilə görüş keçirəcək, parlament dinləmələrinə qatılacaqlar.

“Federasiyanın rəhbəri Bilal Dündar bu görüşlər zamanı Xocalı pospektində Xocalı parkının salınması və Xocalı abidəsinin ucaldılması məsələsini də qaldıracaq”.

 





20.02.2014    çap et  çap et