525.Az

Ustad görməyənin işi xam qaldı - Akademik Firudin Köçərli -100


 

Ustad görməyənin işi xam qaldı - <b style="color:red">Akademik Firudin Köçərli -100</b>

Uşaqlıq dönəmində ustad gördüyüm şəxslərin ilk sırasında atam - iqtisad elmləri namizədi, dossent Cəmil Əkbər gəlir. Ailəmizdə Cəmil Əkbərin şəxsiyyəti və el arasında, xüsusən də Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda çalışdığı dönəmdə olan nüfuzu, daha sonra Dədə Şəmşirin ocağımıza 1963-cü ildən qədəm basması ilə mənə ustadlıq xeyir-duasını vermiş oldu. Beləcə, saza-sözə meyl salıb tar sənətinə yiyələnmək üçün Fikrət Əmirov adına 1 saylı Gəncə şəhər musiqi məktəbində təhsil aldım.  Gəncənin tanınmış tarzənindən, ustad sənətkar  Fazil Əlizadədən muğam sənətinin sirlərini əxz etməyə çalışdım. 1972-1976-cı illər arası Qəmbər Hüseynli adına orta –ixtisas musiqi məktəbini tar ixtisası üzrə bitirb, Azərbaycan Dövlət Konservatoriyasında təhsil aldığım dönəmdə Xalq artisti görkəmli bəstəkar Süleyman  Ələsgərovu, tar ixtisasından isə professor Oqtay Quliyevi, xalq musiqi nəzəriyyəsindən dərs deyən Xanəli Quliyevi özümə ömürlük ustad olaraq qəbul etdim. Bu minvalla tələbə ikən həm tar sənətinin sirlərini öyrənməklə yanaşı, musiqişünaslığımızda aktual olan “Azərbaycan aşıq musiqisi” sahəsində də ilk elmi araşdırmalarıma məhz bu ustadlarımın səmimi xeyir duası ilə 24-25 yaşlarımdan başlamış oldum. 1980-1981-ci ildə tələbə elmi konfransındakı mövzumun başlığını xormeyster Namiq Nəbiyevin və musiqişünas Xanəli Quliyevin tövsiyəsi ilə dəqiqləşdirmiş oldum. Bu iki mövzuda olan çıxışımdan birində pul mükafatı, ikincisində isə 2-ci dərəcəli diploma layiq görüldüm. Təbii ki, bu müvəffəqiyyətim isimi keçən ustadların xeyir-duası ilə hasil oldu.



Tələbə ikən bu uğurlarımı müşahidə edən ustadlarımın arasında akademik Firudin Köçərli də yer alırdı. Saz sənətindəki araşdırmalarımı yönlədirmək üçün tələbəlik dönəminin son illərində Atam Cəmil Əkbərlə Firudin müəllim ocağına sazla təşrif buyurmamız, saz çalmağım, musiqişünaslığa maraqalmağım təbii ki ustad Firudin müəllimin diqqətindən qaçmadı. İllər sonra 1993-cü ildə “Azərbaycan aşıq ifaçılığı sənətinin səciyyəvi xüsusiyyətləri” mövzusunda elmi işimi müdafiə etmək ərəfəsində ustadlıq xeyir-duasını, mənə verdiyi elmi rəylə bir daha təsdiqləmiş oldu.  O dönəmdə müdafiə edənlər arasında akademik Firudin Köçərlidən rəy almaq ən güçlü bir bəlgə hesab olunurdu. Etiraf etməliyəm ki, ustad nəzəri, Firudin müəllimin mənə olan inamı və güvənməsi elmi sahədə məsuliyyətimi ömür boyu artırmış oldu.

Firudin müəllimin bu rəyi mənim üçün məsuliyyət, inam rəyi idi. Bu bəlgəni həyatda doğruldacağıma çalışmalarımla sübut etmək təşviqi idi. Hələ də arxivimdə ən gözəl bir bəlgə kimi şərəfli yerini almaqdadır. Nə etdimsə, hansı uğurlara imza atdımsa bu bir vərəqlik, “çəkidə yüngül, qiymətdə ağır” olan bəlgə həyat və fəaliyyətim üçün zəfər bayrağı dəyərindədir. Çünki hörmətli akademikimizin mənim qarşımda qoyduğu vəzifələri layiqincə doğrultmalı idim. Şükürlər olsun ki, doğrulda bilməmdə bu sənədin – bu eelmi rəy diplomunun qiyməti fərqli mükafatların zirvəsində, ən başda gəlməkdədir.

Firudin müəllimlə atam Cəmil Əkbərin tanış olmasının tarixi 950-1951-ci illərə təsadüf edir. Həmin illərdə akademik Tofiq Köçərli, Camal Mustafayev və atam Cəmil Əkbər Lomonosov Adına  Moskva Dövlət Universitetində birillik təhsil artırma kursu keçiblər. Bu təhsilin sonunda “vinetka” adlı şəkildə Tofiq müəllimlə Cəmil Əkbərin də fotosu hər zaman evimizdən asılı olar və o dönəmin ən ülvi bir xatirə anını əks etdirərdi. Firudin  Köçərli də 1950-ci ildən 1953-cü ilə qədər M.V.Lomonosov adına Moskva Dövlət Universitetində aspirant olduğu dönəmdə Cəmil Əkbər Tofiq Köçərlinin vəsiləsi ilə Firudin Köçərli ilə tanış olub.

Onu da qeyd etmək lazımdır ki, atam Cəmil Əkbərlə Tofiq Köçərli Gəncə Pedajqoji Universitetini tarix elmi sahəsində bitirərək məzun olmuşdular. Tələbəlik dönəminin tanışlığı akademik, Firudin Köçərli ilə də tanış olmağa imkan qazandırmışdı.

Keçən əsrin 80-ci illərin ortalarında Atam Cəmil Əkbər Gədəbəyin Miskinli elində, Səbətkeçməzdə  ata ocağını ziyarət etdiyi dönəmdə Firudin Köçərlinin də istirahət etmək üçün ata yurduna – İsalı kəndinə gəldiyi xəbərini aldıq. Böyük insan  hörmətli  akademikimizin ziyarətinə getməyi qərarlaşdırdıq. Və bir “Vilis” markalı maşınla saz götürüb dağ yolu ilə Çaldaş kəndinin dağ yollarını aşaraq Şınığa – İsalı kəndinə üz tutduq.  Təxminən 2-3 saat ərzində İsalıya özümüzü çatdırdıq. Firidin müəllim kənd camaatı su çəkilişi üçün məsləhətləşmələr aparırdı. Atamın gəlişi təbii ki, sürpriz oldu. Çox sevindi. Daha bir sürpürizi gördükdə isə çox sevindi. Maşından sazı endirəndə, əlimdə durnaboğaz Dədə Qorqud yadigarı olan xalq çalğı alətini görəndə sevinç qarışıq təbəssümünü gizlədə bilmədi. Əsil sürprizin xoş qarşılanması məni coşdurdu. Gözəl təbiət, tələbkar-həssas dinləyici və Gədəbəy elinin çox sevdiyi qara saz. Bu diyarın himni olan “Baş sarıtel”dən başlayıb neçə-neçə saz havasını çatdırmaq məqsədilə çaldım. Necə də gözəl, xoş anlar yaşandı. Məhz “Gün var min ayə dəyər” təbir” bu anlar üçün deyilmişdi.

Firudin müəllim alim kimi çox qüdrətli elm xadimi idi. Əsərləri, kitabları, fəlsəfi düşüncələri ilə öz sözünü Azərbaycan elmində söyləmişdir.  Akademiyanın Fəlsəfə və Hüquq İnstitutuna rəhbərlik etdiyi dönəmdə bir neçə dəfə çalışdığı quruma getmişdim. Hər dəfə filosoflarla, özəlliklə də Qazax elinin alim övladı Məqsəd müəllimlə tanış etməsi məni çox həyəcanlandır və məsuliyyətimi fövqəladə dərəcədə artırırdı. Çünki hər biri öz sahəsində ağır çəkili elm xadimləri idi. Bu elm adamlarından biri də professor Babək Qurbanov idi. Mənə elmi rəhbər olduğunu duyunca Firudin müəllim çox sevinmişdi. Çünki musiqişünaslıqda, fəlsəfədə, estetikada Babək müəllimin gücünə, qüdrətinə, potensial imkanlarına yaxından bələd idi.

1966-cı ildə Firudin müəllimin Azərbaycan Elmələr Akademiyasının müxbir üzvü seçilməsi münasibətilə evlərində  təşkil olunan məclisdə atam Cəmil Əkbər və digər qonaqlar arasında Xalq şairimiz Osman Sarıvəlli də bu xoş gün münasibəti ilə dəvət olunmuşdu. O mərasimdə atam öz yeni şerilərini söyldəkicə hörmətli şairimiz Osman Sarıvəlli heyrətini gizlədə bilməyib belə demişdi: “Bu gənc şairin şeirləri əsl sandıq ədəbiyyatıdır. Onu gün üzünə çıxarmaq lazımdır”.

100 illiyi münasibətilə deyirəm: Firudin müəllim, Sizin xeyir-duanızı elmi çalışmalarımla doğrultmaqdayam. Sizin kimi nurlu şəxsiyyətləri, azman ustadları gördüyüm və xeyir-duanızı aldığım üçün özümü bəxtəvər sanıram. Uğrumuzda çəkilən təmənnasız, xeyirxah, xoşməramlı əməlləriniz bizim fəaliyyətimizlə Sizi yaşatmaqdadır. Ruhunuz şad olsun.

 





27.12.2020    çap et  çap et