525.Az

Qumar - Hekayə


 

Qumar - <b style="color:red">Hekayə </b>

Bir xeyir işdən ötrü Bakıya getmişdim. Londonda oxuyan nəvəm də, xoşbətlikdən, həmin gün tətilə gəlmiş, sevinc sevincə qarışmışdı.

Üç ildən bəri görmədiyim nəvəmlə bir qırağa çəkilib xeyli şirin-şirin söhbətləşdik. Mən ona ingilis xalqının yaşayışıyla bağlı çoxlu suallar verdim, İngiltərəylə Azərbaycan arasında yaxşısına-pisinə hansı fərqlərin olduğunu soruşdum, nəvəmin orada boş vaxtlarını necə keçirməsiylə maraqlandım. O da məndən gəncliyimdə başıma gələnlərdən, görüb-bildiklərimdən danışmağı xahiş etdi. Danışdığım bu əhvalat ona daha çox maraq verdi.

***

Gün batmağa az qalmışdı. Mal-qara naxırdan gəlirdi. Mən onları rahatlamağa hazırlaşırdım. Həyətimizin qabağından axan çayın o biri üzündən uşaqlıq dostum Muradalının məni çağırdığını eşitdim. Malları tövləyə salıb bağlamağı, qabaqlarına ot qoymağı yoldaşıma tapşırıb "görüm Muradalı məni neyləyir?" deyə doqqazdan aşdım.

Muradalı mənim yaşıdım, ən yaxın dostumdu. O da mənim kimi atadan yetim qalmışdı və çox kasıb oğlandı. O da yenicə evlənmişdi və hələ özünə yurd-yuva qurmamışdı - anası Fatma arvadla, iki subay qardaşıyla bir damın altında yaşayırdı. Uşaqlıqdan bir məhlədə böyüdüyümüzə, xasiyyətimiz də düz gəldiyinə görə həmişə dilimiz bir, sirrimiz birdi. Kənddə bizə "cüt öküz" deyərdilər, çünki çox vaxt boyunduruğa qoşulmuş öküzlər kimi bir yerdə olardıq. Mən ondan, o da məndən canımızı belə əsirgəməzdik. Muradalı həm çox ürəyitəmiz, əliaçıq, mərd və ağzıbütöv, həm də çox gözüaçıq və diribaş oğlandı. Yanında baş kəssəydin, Allahdan başqa heç kəs xəbər tutmazdı. Ancaq bütün gözəl xasiyyətləriylə yanaşı, onun heç cür bağışlaya bilmədiyim pis bir mərəzi vardı - bərk qumarbazdı. Təkcə bizdə yox, ara-çörə kəndlərdə də ad çıxarmışdı. Özü də, əligətirən qumarçılardandı.

Bildir Muradalıdan bərk incimişdim. Neçə ay danışdırmadım. Çox yalvarıb-yaxarandan, yüz dil-fillə könlümü alandan sonra bir də orucluq bayramında barışdım. Niyəsini başa salım.

...Bir axşamtərəfi kolxozun alma bağının yanından ötəndə çəpərin o üzündə hay-küy, dava-dalaş səsi eşidib tez çəpərdən atlandım. Gördüm ki, Muradalıyla qonşumuz, universitet tələbəsi Əziz tutaşıb. İkisinin də üz-gözü cırıq-cırıqdır, üst-başları toz-torpağa bulaşıb. Sən demə, tətilə gəlmiş Əzizə kolxoz sədri olan atası Bakıya getməkçün yolpulu və xərclik verib, gözünə döndüyüm Muradalı da bu pulları qəpiyinəcən udub. Əziz ilan dili çıxararaq heç olmazsa altıca manat yolpulu qaytarmasını istəyib, Muradalısa razılaşmayıb. İşin axırı dava-dalaşla bitib.

Mən onları sakitləşdirməyə çox çalışsam da, xeyri olmadı. Bir azdan ara lap qızışdı. Əziz hədsiz heyvərə bir söyüş qoydu ki, bir də səninlə qumar oynasam, mənim var-yoxum belə-belə olsun. Muradalı ondan da qəlizini söydü. Onların ağzından çıxan söyüşlərə görə kişi adamın başına güllə çaxardı. Düşündüm ki, heyif, bu iki cavan bir-biriylə daha ömürlük düşmənə çevrildi.

Səhəri günü malları naxıra ötürüb qayıdanda yenə çəpərin o üzündə hənirti-nığırtı eşitdim. Aldamacı hoppanıb keçəndə nə görsəm yaxşıdır - Muradalıyla Əziz göy otun üstündə qabaq-qabağa oturub kart sıxırlar. Yaxınlaşdım, ərkimin daha çox yetdiyi Muradalının üzünə tüpürdüm. Dedim ki, sən dünənki söyüşləri yeyən nakişisən. Mənim daha səni adda dostum yoxdur. Bir də mənə salam versən, yer üzündə ən alçaq adam sənsən!

Qumarın insan şəxsiyyətini necə məhv etdiyini görüb sarsıldım. Bunu sanki Allah mənə dərs verməkçün qəsdən göstərdi. Elə o günü Allaha and içib yeddi kərə tövbə etdim ki, heç vaxt qumar oynamayacağam (halbuki oçağatan da o murdar kağızlara əlim dəyməmişdi, o oyundan da qətiyyən başım çıxmırdı).

Bəli, bu işdən sonra Muradalıyla xeyli küsülü qaldım. Barışdığımız bir ay olardı. İndi yenə də qabaqkı kimi mehribandıq.

Çayı keçib soruşdum:

- Ay Fatmanın yetimi, bu şər qarışan cağda xeyir ola?

- Ay xalasıgöyçək, sənə işim düşüb. Kəndbaşına Kərim əmimgilə getməliyəm, yolun üstündə Qəribgilin çox bəd iti var. Nolar, bir yerdə gedək, mənə həm hayan, həm də qulaqyoldaşı ol.

Açığı, canavara aman verməyən Muradalının itdən qorxmasına, buna görə özünə hayan axtarmasına inana bilməzdim. Aydındı ki, onun nəsə başqa məqsədi vardı, ancaq üstünü vurmadım, əsl səbəbi soruşmağı özümə sığışdırmadım. Uzağı bir saata qayıdacağımı düşünüb heç evə də xəbər vermədən Muradalıya qoşuldum.

Ordan-burdan danışa-danışa kəndbaşına gedən əyri yola düşdük. Məktəb direktoru Qurban müəllimgilin həyətinin yanına çatanda birdən kəndbaşlı Əhmədxan kişinin oğlu Vəli böyürtkənliyin dalından çıxıb kimə getdiyimizi soruşdu və bizə qoşuldu. Vəli də qumarbaz olduğuna görə nəysə dalağım sancdı, ancaq yenə dillənmədim.

Qəribgilin evinin yanından sakitcə ötdük. Heç bir it səsi-zad eşitmədik. Vəligilin həyətinin tuşuna çatanda dedi ki, gəlin bizdən keçib gedin. Mən razılaşmayıb dedim ki, gül kimi yaxın yolu qoyub niyə sizdən dolama keçək? Bu sözdə Muradalı məni qırağa çəkib Vəlinin eşitməyəcəyi asta səslə dedi:

- Əşrəf, səni buratan aldadıb gətirmişəm. Düzü budur ki, biz elə Vəligilə gəlmişik. Bu gecə burada möhkəm qumar olacaq. Sənin qumara nifrətini məndən yaxşı bilən yoxdur, ancaq bu həna o hənadan deyil. İki ay qabaq bu evdə başıma oyun açıblar - udduğum pulların hamısını əlimdən alıb özümü bayıra atıblar. İndi, açığı, tək getməyə qorxuram. Sənin yanındasa mənə dəyə bilməzlər. Bu, bir. İkincisi də, Əhmədxan kişidə yaxşı pul var, mən də bu gecə onun cibini təmizləməliyəm. Özümün yüz manatdan başqa fülusum yoxdur. Əhmədxan kişi yüz manatla məni oyuna buraxmaz. Bilirəm ki, sən alverdən təzə qayıtmısan, cibin doludur. Bax, səni həm də gətirmişəm ki, cibindəkiləri Əhmədxan kişiyə göstərəsən. İndi özün bil - istəyirsən qayıt get, məni bu canavarların əlində tək qoy, mənimlə dostluğu da biryolluq kəs, istəyirsən keç içəri.

 Açığı, ürəyimdə Muradalıya acıqlansam da, bu sözlərindən sonra lap öləcəyimi bilsəydim də, onu tək qoymazdım. Balaca taxta qapını itələyib həyətə girdim. Vəli qabaqda, mən ortada, Muradalı arxada dar cığırla bir az gedib alçaq eyvana qalxdıq. Vəli bizi qonaq otağına apardı. Gördük ki, başına yekə qaragül papaq qoymuş Əhmədxan kişi dör başda qalın zərli döşəyin üstündə mütəkkəyə söykənərək oturub. Sağ dizini ikiəlli qucaqlayıb. Deyəsən, mürgüləyirdi. Biz girəndə başını qaldırdı, məni görən kimi qaş-qabağını turşudaraq kinli-kinli soruşdu:

- Adə, Muradalı, sənə deməmişəm qumar oynamayanı mənim evimə gətirmə?

Muradalı qabaqca bir az duruxdu, sonra arxayınlıqla dedi:

- Əhmədxan dayı, düzdür, Əşrəf oynamayacaq, ancaq istədiyin qədər pulu var. Udsam da, uduzsam da, mənə ortaqdır. Arxayın ol, o pulları qəpiyinəcən uduzmamış buradan gedəsi deyiləm.

Son cümlə Əhmədxan kişinin xoşuna gəldi. Ancaq görünür, o, sözə inanmaqdansa gözə inanmağa üstünlük verən adamlardandı. Amiranə şəkildə mənə üz tutdu:

- Bacıoğlu, bir göstər görək cibində nə var, yetimlə oynamağa dəyərmi?

Əlimi cibimə atıb pullarımı çıxardım. İri pulları üstə yığdığıma görə qıraqdan baxan hamısının iri olduğunu güman edərdi.

Pulun az olmadığını düşünən ev yiyəsinin əlinin işarəsiylə keçib yan-yana qoyulmuş döşəkçələrin üstündə oturduq. Bir azdan Əhmədxan kişinin arvadı Tükəzban qonşu otaqdan hərəmizə bir çay gətirdi. Stəkanları qabağımıza qoyub yükdən bir güllü döşək götürdü, Əhmədxan kişinin sağ yanında yerini rahatladı. Mən "arvadın bu məclisdə nə itiyi azıb?" mənasında Muradalının üzünə baxdım, o da, görünür, avamlığıma bığaltı qımışdı.

Bir azdan Vəli əlində gətirdiyi rəngbərəng sümük şirnilərlə dolu bir qənddanı ortalığa qoyub yanımızda əyləşdi və üzrxahlığa başladı:

- Bağışlayın, qəndimiz yoxdur. Bu dəfə şirniylə yola verin getsin.

Heç beş dəqiqə keçməmiş Əhmədxan kişinin böyük oğlanları Məhərrəmlə Şaban da içəri girdilər. Bizimlə görüşüb analarının yanında özlərinə yer etdilər. Mən yenə təəccüblə gözümü Muradalıya dikdim, baxışlarımla "bunlar da atalarıyla bir yerdə oynayacaq?" soruşdum, "görüb-götürmüş" dostumdan yenə eyni "cavabı" aldım.

Əhmədxan kişi pencəyinin yan cibindən qumar kağızı dəstini çıxarıb ortaya fırlatdı. Yekəxanalıqla əlini əvvəlcə sol qoltuq cibinə, sonra sağ qoltuq cibinə salıb hərəsindən bir qundaq pul çıxardı. Nə qədər olduğunu deyə bilmərəm, ancaq o qundaqlarda ölüsü iki-üç camışın pulu vardı (Onda bir yaxşı camış səkkiz yüz, min manataydı).

Bir vaxtlar iri vəzifələrdə işləmiş, dünyanın hər üzünü görmüş Əhmədxan kişi özünə "gün ağlamış" adamlardandı. Qumarbazlığı üzündən vəzifələrini də, qazandıqlarının çoxunu da itirmişdi. Ancaq həm keçmişdə yığdıqları hələ tam tükənməmişdi, həm də çoxlu mal-qarası, bağ-bağatı, mer-meyvəsi vardı, onları satıb əlinə pul salırdı. İndi də, görünür, nəsə satıbmış.

O, iki dəst pulu yan-yana qoyub üstünü döşəklə örtdü, dirsəklərini də döşəyə dayayıb Muradalının üzünə baxdı.  

Cibimdəki pulların arasından bir şax yüzlük seçib Muradalıya uzatdım. O, özündəki yüzlüklə bunu qoşalayıb qabağına qoydu. Məhərrəm, Şaban və Vəli də cibindəkiləri xalçanın üstünə boşaltdılar.

Bəli, oyun qızışdı, nə qızışdı!

***

Muradalı Əhmədxan kişiyə baxanda xeyli cavan qumarbaz olsa da (Əhmədxan kişi qumar oynayanda Muradalının dədəsi hələ subay oğlandı), oyunun incəlik və fırıldaqlarını ondan yaxşı bilirdi. Onun olduqca iti gözləri, cəld əlləri, inanılmaz yaddaşı vardı. Ondan kart gizlətmək, yaxud kartı dəyişdirmək mümkünsüzdü. Bircə dəfə görməklə hansı kartda nəyin olduğunu əzbər bilirdi. Rəqiblərini şirnikləndirməkdə də ustaydı (Bütün bu cəhətlərini onun "sənətkarlığı" haqqında danışanlardan eşitmişdim).

Əhmədxan kişi Muradalının yüzlüyünün birini artıq udmuşdu və özündən xeyli razıydı. Hər dəfə də əlindəki kartları Tükəzbana göstərir, "hə, nə deyirsən?" soruşur, sonra onun istədiyinə uyğun kartı şəstlə yerə çırpırdı.

İki saatdan sonra Muradalının qabağındakı ikinci yüzlükdən də cəmi onca manat qaldı. Muradalının onu duza apardığından, ona dədəboyu verdiyindən qətiyyən şübhələnməyən Əhmədxan kişinin kefi lap kökəlmişdi. Tükəzban arvad da şadlığını gizlətmirdi. Məhərrəm, Şaban və Vəlidənsə səs çıxmırdı. Hiss edirdim ki, Muradalı yüzlükləri onlara yox, yalnız Əhmədxan kişiyə uduzmağa çalışır.

Birdən Muradalı belini şax dikəltdi, "Əşrəf, bu onluğu cibinə qoy, mənə başqa pul ver, bunlar mənə düşmədi" dedi. Onun dediyi kimi etdim. Onluğu götürüb yerinə bir əllilik qoydum.

Aradan on beş dəqiqə keçməmiş əllilik yüzlüyə çevrildi.

Saat 12-də Məhərrəm "məndə bir şey qalmadı, gecəniz xeyrə" deyib pərt halda otaqdan çıxdı. Bundan yarım saat sonra Vəli də "təmizlənib" oyundan çıxdı, bir qıraqda büzüşüb oturdu.

Xoruzların birinci banında Şabanın pulu tamam qurtardı. Atasından borc istəsə də, Əhmədxan kişi qəpik də vermədi, "qumarda borc istəməzlər" deyə onun başına "ağıl qoydu". O, ayağa qalxdı. Rənginin qapqara olmasından bilinirdi ki, həm atasından bərk inciyib, həm də arvadının yanına qayıtmağa qorxur. Çox həvəssiz, ayağını sürüyə-sürüyə özünü qapıdan çölə saldı.

Otaq siqaret tüstüsüylə dolmuşdu. Tükəzban arvaddan başqa hamı çəkdiyinə görə tüstü dumana dönmüşdü. Axşamdan indiyədək boğazımızdan keçən yalnız tüstü, bir də vur-tut bircə stəkan çaydı. Hamımız acından ölürdük, ancaq qumarçılardan heç kəsin yadına yemək düşmürdü. Təkcə mən dözməyib Vəliyə dedim ki, get bir tikə çörək gətir. O da könülsüz-könülsüz qalxıb qonşu otağa keçdi, üstünə şüyüdlü şor sürtülmüş əl boyda quru çörəyi gətirib mənə uzatdı. "Buna da şükür" deyə şor-əppəyi iştahla gözümə təpdim, çünki dünən günortdan dilimin altından heç nə keçməmişdi.

Xoruzların üçüncü banında Əhmədxan kişi daha özündə deyildi. Heç Tükəzbanın məsləhətlərinə də qulaq asmır, tez-tez onun üstünə qışqırırdı. Axırda arvad dözməyib yatmağa getdi. Bu əsəbiliyin bircə səbəbi vardı - uduzması. Qabağındakı iki qundaq puldan cəmi üç dənə yüzlüyü qalmışdı, bu üzdən onları daha döşəyin altında yox, açıqda saxlayırdı. Muradalısa onu çox da əsəbiləşdirməməkçün udduğu pulları göz qabağına qoymur, ciblərinə yığırdı.

Günəş dan yerindən başını qaldıranda Əhmədxan kişidə artıq qəpik də qalmamışdı. O, qəfəsə salınmış şir kimi otağa sığmır, tez-tez durub aramsız var-gəl edirdi. Oyunun bitdiyini düşünən Muradalı da ayağa qalxdı. Birdən Vəli böyürdən dilləndi: 

- Dədə, qənd almaqdan ötrü evdə 25 manat saxlamışdım...

Söz onun ağzından hələ çıxıb qurtarmamışdı ki, Əhmədxan kişi bomba kimi partladı:

- A sənin dədənin ağzını... Ay oğraşın belindən gələn! Ay ləçərin qarnından çıxan! İstəyirsən ki, Fatmanın yetimi bütün pullarımı aparsın?! Dur, bu saat o iyirmibeşliyi mənə çatdır!  

Muradalı qayıtdı:

- Əhmədxan dayı, ağzını təmiz saxla. Niyə söyüş söyürsən? O sözləri sən Vəliyə yox, mənə dediyindir. Mənim təqsirim nədir? Mən qumarçıyam. Çağırtmısan - gəlmişəm, oynamışıq - udmuşam. Oğurlamamışam ki... Pulun varsa, yenə gəl oynayaq. Üç gün desən üç gün, beş gün desən beş gün oynamağa hazıram.

Nəysə, Vəlinin gətirdiyi iyirmibeşliyi görəndə Əhmədxan kişinin üzü yenə güldü. Ancaq Muradalı da Muradalıydı ha! Son 25 manat da onun cibində yerini tutanda uzaqdan kənd naxırçısının "dana-xotək getdi ha!" çağırtısı eşidilirdi.

Muradalı gözlərini Əhmədxan kişiyə xeyli zilləyib cavab gözlədi. Əhmədxan kişi sanki keyləşmişdi, onun baxışlarına fikir vermirdi. Birdən cəld ayağa qalxdı. Muradalı da eyni anda durdu. Həlim səslə dedi:

- Əhmədxan dayı, pulların halallığını ver, mən gedim.

Əhmədxan kişi, elə bil, bu sözə bənddi. Qəflətən dəli kimi aramsız qışqırmağa başladı:

- Apar, apar Əhmədxanın pullarını! Apar, halal xoşun! Apar, apar, apar, apar!..

Bu qorxunc səsi eşitməməkçün otaqdan Muradalıyla necə sürətlə çıxdıqsa, iki dəqiqədən sonra Qurban müəllimgilin evinin yanındakı böyürtkənlikdəydik. Bura kəndin ən asudə yerlərindəndi. Əldən-ayaqdan uzaq böyürtkənliyin qabağındakı açıqlıqda dayanan adamı qıraqdan heç kəs görə bilməzdi. Səhərin bu çağında buradan kiminsə keçməsi də ağlabatan deyildi.

Böyürtkənliyə çatanda Muradalı ayaq saxladı. Mən də dayandım. Üzümə diqqətlə baxıb dilləndi:

- Əşrəf, sən mənim gözlədiyimdən də kişi adam çıxdın! Bilirəm ki, lap başına güllə də çaxsaydılar, o evə o işlə bağlı ayaq basmazdın. Allahdan qorxsan da, qumara nifrət etsən də, dostluğu uca tutdun, dostunu sındırmadın. Allah səndən razı olsun və bu gecəki bütün günahını mənə yazsın. Qardaş, görürsən ki, ciblərimin hamısı pulla doludur. Axşam dediyim kimi, o evə pul udmağa yox, Əhmədxan kişidən hayıfımı almağa getmişdim, onu da aldım. Daha mənə nə gərəkdir? Bu pulların hamısı sənindir, ananın südü kimi halaldır. Götür pullarını.

Muradalı pulları çıxarmaqçün əlini cibinə atanda qolundan yapışdım:

- Fatmanın yetimi, deyəsən, məni hələ də yaxşı tanımamısan. Bugünədək kisəmə haram bir manat girməyib, dilimə haram bir tikə çörək dəyməyib. İndi istəyirsən ki, evimin, cibimin, ruzumun bərəkətini göyə çəkəsən? Sənə borc verdiyim yüz manatdan başqa bir qəpikdə gözüm yoxdur, təkcə o halal yüzlüyümü qaytar, vəssalam.

Bunda Muradalının gözləri doldu, çox ciddi şəkildə dedi:

- Pah atonnan, ömrümdə bircə dəfə kişilik etmək istəyirəm, onu da Allah mənə rəva görmür. Yetimdən Allahın da zəhləsi gedirmiş! Yaxşı, qardaş, bu puldan bir az götürüb heç özün xərcləmə, kəndin yetim-yesirinə payla, göydən daş tökülər?

Gördüm ki, Muradalıya halal-haram dərsi keçməyim indiyə çatmır. Həm də elə hala düşüb ki, puldan az da varsa götürməsəm, əməlli-başlı inciyəcək. Ötkünlüklə dedim:

- Muradalı, bilirəm ki, səni qumardan tərgitməyə gücüm çatmaz. Ancaq bir də mənim yanımda "qumar" sözü işlətsən, ağız-burnunun qanını bir-birinə qatmasam, anadan əmdiyim süd gözlərimi tutsun, Allah mənə qənim olsun! Ancaq indi ki belə dirəşirsən, azca pul ver, kəndayaqlı Səkinə arvadın beş yetim qızına pal-paltar alım. Sən aparıb versən götürməz - biləcək ki, qumar puludur.

Muradalıya sanki dünyanı bağışladılar - mənim kimi tərsi yumşalda bildiyinə sevindi:

- Xalasıgöyçək, vallah, lap az verəcəyəm. Ancaq hansı cibimdəki pul az olsa oradakıların hamısını götürəcəksən.

Razılaşdım. Onun pencək və şalvar ciblərini üstdən əlimlə yoxladım. Hamısı doluydu. Ən az pul şalvarının sağ cibindəydi. Əlini atıb oradakı pulları çıxardı və saymadan cibimə dürtdü.

Sağollaşıb ayrıldıq. Evdə pulları saydım. Özümün yüzlüyümü götürəndən sonra Səkinə arvadın yetimlərinə dörd yüz on üç manat qaldı.

 





27.12.2020    çap et  çap et