525.Az

"Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ"


 

"Aləm cənnətə dönsə, yaddan çıxmaz Qarabağ"<b style="color:red"></b>

Bəli, doğrudan da, möhtərəm Prezidentimiz cənab İlham Əliyev və hörmətli Mehriban xanım Əliyeva başda paytaxtımız Bakı olmaqla Azərbaycanın bütün bölgələrini sözün əsl mənasında cənnətə çeviriblər.

Bu quruculuq işləri həyata keçirilərkən hər birimiz tərəfindən bu möhtəşəm işlərin tezliklə doğma Qarabağımızda da gerçəkləşməsi arzusu səslənirdi. Yəni, Qarabağ heç vaxt yaddan çıxmamışdır. Əzəli torpaqlarımızın azad olunması üçün həmişə hazırlıq gedib, Qarabağın qayıdacağı gün səbrsizliklə gözlənilib. Nəhayət ki, Bayatı Şirazın sədası Azərbaycan musiqisinin beşiyi olan Şuşamızdan ucaldı.

Uzun illərdir ki, xeyir işlərimizdə, toylarımızda, əlamətdar tədbirlərdə hər zaman Qarabağa həsr edilən mahnılar səslənirdi, Qarabağ şikəstəsi həsrətlə oxunurdu. Hətta çoxları “hansı günümüzə oxuyuruq” deyə bir-birini qınayır, itirilmiş torpaqlarımızın yasını tuturdular. Amma nə yaxşı ki, biz bu mahnıları səsləndirmişik, gənc nəsillərimizi Qarabağ avazı ilə böyütmüşük. Dövlətimizin apardığı düzgün, uzaqgörən siyasət və ailə böyüklərimizin səyləri nəticəsində vətən sevgisini yüksək səviyyədə aşılamağı bacarmışıq. Nə yaxşı ki, məktəblərdə Qarabağ haqqında keçirilən dərslərdə qan yaddaşımız olan işğal günlərini unutmamış, unutdurmamışıq.

Hətta hər gün mavi ekrandan işğal altında olan torpaqlarımızın hava durumunun göstərilməsi bizə dədə-baba torpaqlarımızı hər gün xatırladırdı. Ali Baş Komandanımız cənab İlham Əliyev səbirsizliklə gözlədiyimiz o günləri bizə yaşatdı. Əziz Mehriban xanım Əliyevanın dediyi "bir gün əzəli diyarlarımız qaytarılacaq və biz o torpaqları öpəcəyik" ifadəsi gerçək oldu. Dövlət rəhbərlərimizin birgə qətiyyətli fəaliyyəti və onların yaratdığı məğlubedilməz ordumuzun gücü sayəsində 30 illik həsrətə bir dəfəlik son qoyuldu!

Biz şahid olduq ki, igid oğullarımız böyük şücaətlə, qəhrəmanlıq göstərərək, Qarabağ şikəstəsinin zümzüməsi ilə torpaqlarımızı necə qarış-qarış azad etdilər. Düşmən tərəfindən bir neçə il ərzində işğal edilmiş ərazilərimizi 44 günə qaytarmaqla yeni qəhrəmanlıq səlnaməsi yazdılar.

Çox sevinirəm ki, indi həmin torpaqlarımıza qədəmlərimizi qoymuşuq, artıq Qarabağımızın səmasında Azərbaycan bayrağı dalğalanır. Bizdən küsmüş, yollumuzu gözləyən Cıdır düzü indi dərindən nəfəs alır, çünki onun əsl sahibləri artıq geri qayıdıblar. Cənab Prezidentimiz xanımı ilə birgə azad edilmiş torpaqlara etdiyi ziyarətlərdə üçrəngli şanlı bayrağımız qürurla qaldırır və xalqımız bu tarixi anları yaşadığı üçün hədsiz dərəcədə sevinc hissi keçirir. Ali Baş Komandanımızın Qarabağın tacı olan Şuşamıza növbəti səfərini bütün xalqımız səbrsizliklə gözləyir.

Əminəm biz tezliklə bütün Qarabağımızı, Şuşamızı yenidən cənnətə çevirəcəyik və düşmən Qarabağ şikəstəsinin avazını əbədi olaraq bu diyarlarda eşidəcək. 

 

 

 





27.12.2020    çap et  çap et