525.Az

Ümumtürk düşüncəsinə mühüm töhfə - Resenziya


 

PROFESSOR QULU MƏHƏRRƏMLİNİN TÜRKİYƏDƏ ÇAP OLUNMUŞ "RADİO TEATR SƏNƏTİ" HAQQINDA KİTABI İLƏ BAĞLI DÜŞÜNCƏLƏR

Ümumtürk düşüncəsinə mühüm töhfə - <b style="color:red">Resenziya</b>

BBC radiosu yayıma başladıqdan iki il sonra, 1924-cü ildə efirdə ilk dəfə "Təhlükə" adlı radiopyes səsləndirdi. İngilis dramaturqu Riçard Xyüze cəmi 3-4 iştirakçısı olan bu pyesi sırf mikrofon qarşısında oynanılmaq üçün yazmışdı. Dialoqların köməyi ilə efirdə cazibədar bir tamaşa oynanılmışdı, hamını da heyran etmişdi. Beləliklə, dünya dram sənətinin öz estetik qanunları olan yeni bir qolunun - radioteatrın əsası qoyulmuşdu.

XX əsr sənət tarixində öz yeri olan radioteatr radionun inkişaf etdiyi bütün ölkələrdə, o cümlədən, Türkiyədə və Azərbaycanda ciddi uğurlar qazanmışdır. Əvvəlki kimi tez-tez olmasa da, bu gün hər iki ölkənin efirində yenə də radiotamaşalar səslənir, dinləyicilər bu ecazkar sənətin gücü ilə öz dünyagörüşlərini zənginləşdirir və estetik zövq alırlar. Bəs biz radioteatr haqqında, onun sənət ölçüləri, dramaturji qanunları və bədii-estetik prinsipləri haqqında nə bilirik? Mən bu sualların ən yaxşı cavabını türk oxucularına təqdim olunmuş "Radio teatr sənəti" (Ankara, Gulnar yayınları, 2020) haqqında çox maraqlı kitabda tapdım.

Kitabın müəllifi, mənim neçə illər əvvəl tanıdığım professor Qulu Məhərrəmli qardaş xeyli məşhur adamdır. Azərbaycanda onu populyar televiziya aparıcısı, media uzmanı, publisist  və siyasi təhlilçi kimi tanıyırlar. O, sanballı elmi tədqiqatları ilə milli jurnalistikaya yeni nəfəs verib, media problemləri və dilçilik sahəsində çoxsaylı araşdırmaların müəllifidir. Yəni bu səviyyədə alimin qələmindən çıxan hər bir əsər elmə və kütləvi oxucu auditoriyasına xeyli bilik gətirir. Mən bu əsəri oxuduqca Azərbaycan radiosunun zəngin tarixi gəlib gözlərim önündən keçdi. Duydum ki, hörmətli alim həmkarım bu kitabını Azərbaycan radiosunun tarixinə, bu tarixi yaradan Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Məmməd Səid Ordubadi, Raya İmanzadə, Leyla Terequlova, Mustafa Mərdanov, Soltan Nəcəfov kimi böyük sənətkarlara sonsuz bir sevgi ilə yazmışdır. Fikir və sənət adamlarına, onların yaratdıqlarına məhəbbətlə yazılan kitablar isə həmişə oxunaqlı olur. Mən bu əsərdə təkcə radioteatrı bir sənət sahəsi kimi duymadım, həm də əmin oldum ki, Azərbaycan radiosu təxminən bir əsrlik dövrdə təkcə təbliğat vasitəsi olmayıb,  həm də qardaş xalqın mədəniyyətinin, onun bədii-estetik düşüncəsinin inkişafına ciddi töhfələr verib.

*** 

Radioteatrın tarixi ilə bağlı məşhur bir hadisə var: radioların təzə yayıma baladığı vaxtlarda ABŞ-da yerli kanallardan biri Herbert Uelsin "Planetlərin savaşı" əsərini səhnələşdirərək efirdə səsləndirirmiş. Dinləyicilərin əksəriyyəti Yer planetinə hücum səhnəsini reallıq kimi qəbul edərək evlərdən küçələrə axışır, ordu və polis qüvvələrəi həyəcan siqnalı ilə ayağa qaldırırlır, hamı yadplanetlilərlə savaşa hazırlaşır. Amma radioda tamaşa bitəndən sonra hər şey aydınlaşır... Bu dramatik epizod radio sənətinin gücünü, radioteatrın dinləyici şüuruna təsirini tam parlaqlığı ilə göstərir. Yəni radioteatr özünün sənət meyarları, öz dili, spesifik ifadə vasitələri olan müstəqil bir dram sahəsidir. Və professor Q.Məhərrəmli də öz kitabında radioteatr haqqında məhz dram sənətinin müstəqil bir qolu kimi danışır.

Əslində, adi oxucuya maraqlı görünə bilər ki, radioda vizuallıq, yəni "görmə amili" yoxdursa, hansı tamaşa və ya teatrdan söhbət gedə bilər? Amma bu teatr yüz ilə yaxındır ki, mövcuddur. İfadə vasitələrinin məhdudluğuna (söz, səs effektləri və musiqi) baxmayaraq, insan təxəyyülündə yaratdığı səhnələrin zənginliyi, parlaqlığı baxımından radioteatr müasir dram sənətinin ecazkar bir qoludur. Təsəvvür edin, ortada nə səhnə var, nə dekorasiya var, nə də parıldayan rəngbərəng işıqlar var, heç danışan aktyorları da görmürük, amma biz özümüzü səslərin yaratdığı əlvan bir dünyada - yəni təxəyyülümüzdə dramatik hadisələrin cərəyan etdiyi gözəl bir teatra baxırıq. Bu teatrda, sanki hər şeyi "görür", hiss edir, hər epizoddan duyğulanırıq. Bəs bu teatr necə yaradılır, o səhnələr və dialoqlar necə qurulur, aktyorlar mikrofon qarşısında necə "oynayır", səs lövhələri necə seçilir ki, biz bu səslərin vasitəsilə hər şeyi necə "görür", nəyin baş verdiyini necə dərhal qavrayırıq?  Professor hər kəsi düşündürən bu maraqlı suallara  kitabında elmi cəhətdən əsaslı cavab verir. Həm də Azərbaycan radiosunda səslənmiş çox maraqlı müəlliflərin əsərlərindən konkret və inandırıcı nümunələr gətirməklə.



Professor Q.Məhərrəmli problemə elmi-metodoloji cəhətdən dəqiq yanaşaraq göstərir ki, dram sənəti ilə bağlı olan sahələrin bir çoxu, o cümlədən, kino sənəti, televiziya və radio tamaşaları öz başlanğıclarını teatrdan götürür. Tarixən ictimai şüurun bir forması kimi çıxış edən teatr bir nüvədir və bədii yaradıcılığın başqa sahələri kimi insanların ətraf aləmə və bir-birlərinə münasibətlərini əks etdirərək gerçək həyatın bədii inikasını yaradır. Bu baxımdan ötən əsr teatrının bir səciyyəvi cəhəti də onun elmi-texniki tərəqqinin məhsulu kimi televiziya və radio ilə qovuşaraq daha da kütləviləşməsi, sırf özünün estetik prinsipləri və dramaturji qanunları olan  "radioteatr" və "televiziya teatrı" kimi sənət sahələrinin meydana çıxması ilə bağlı olmuşdur. Bu meyllər həm Avropa ölkələrində, həm də Türkiyə və Azərbaycanda, demək olar ki,  eyni şəkildə getmişdir.

Təbii ki, meydana belə bir sual da çıxır ki, bəs uzun illər insanların zövq mənbəyi olmaq missiyasını yerinə yetirərək XX əsr incəsənətinin müstəqil bir qoluna çevrilmiş televiziya və radio teatrı, bu sahələrin dramaturji strukturu, sənət prinsipləri, bədii-estetik xüsusiyyətləri, dil problemləri, burada aktyor və rejissor işinin özəllikləri necə  öyrənilmişdir? Biz Azərbaycanla bağlı bu suala cavab axtararkən yenə haqqında danışdığımız kitabın müəllifinin yaradıcılığına müraciət edirik, çünki Q.Məhərrəmli radioteatrın tarixinə, onun sənətşünaslıq və dil aspektinə dair Azərbaycan və rus dillərində bir neçə kitabın müəllifidir. O, mərhum həmkarı, pofessor Aydın Dadaşovla birlikdə "Televiziya və radio tamaşaları" kitabını yazmaqla bu sahə elminə ciddi töhfə vermişdir. Əminəm ki, professorun türk dilində nəşr olmuş "Radyo tiyatrosu sanatı" kitabı da bizdə öz həqiqi dəyərini alacaqdır, çünki əsər olduqca dərin və akademik bir araşdırmadır.

Yeri gəlmişkən, bir məqamı da qeyd edim ki, televiziya və radiotamaşaların keçdiyi tarixi inkişaf mərhələləri  üst-üstə düşməsə  də, nəzəri cəhətdən mənimsənilmə və qavrayış prosesinin  bənzərliyi onların qohumluq əlaqəsini sübut edir. Bunlar müəyyən xarakterik cəhətləri ilə bir-birlərindən fərqlənsələr də, özlərinin oxşar estetik yaradıcılıq qanunlarını formalaşdırmışlar. Buna görə də hazırda elmi-nəzəri ədəbiyyatda televiziya və radio tamaşalarını ortaq məxrəcə gətirən çoxsaylı araşdırmala rast gəlmək olar. Bu yanaşmada belə bir arqument əsas götürülür ki, televiziyanın audiovizuallığı ilə radionun ifadə imkanları arasında fərqlər olsa da, kommunikasiya tipi ümumidir və onların bədii-dramaturji strukturlarının qohumluğu da bu cəhətlə müəyyənləşir. Kütləvi kommunikasiya vasitələrinin proqram formalarına məxsusluğu televiziya və radio tamaşalarını yaxınlaşdırsa da, növ xüsusiyyəti baxımından onların spesifikası incəsənət materialının və qavrama şəraitinin müxtəlifliyi ilə, yəni bir halda səsli-görüntülü, digər halda isə akustik mənimsənilmə ilə şərtlənir. Professor Q.Məhərrəmli təqdim olunan kitabında qeyd edir ki, ekran və efir dramaturji-estetik baxımdan nə qədər yaxın olsalar da, gerçəkliyi ifadə etmək və tamaşaçı-dinləyici şüurüna təsir etmək baxımından ciddi fərqlənirlər. Şübhəsiz ki, bu fərqlər, ilk növbədə görüntü amili ilə bağlıdır.

Radioteatrı rentgen kimi bizə göstərən Q.Məhərrəmli elmi cəhətdən izah edir ki, teatr və televiziyadan fərqli olaraq radiotamaşada hadisələrin cərəyan etdiyi məkan insanın təxəyyülüdür. Burada söz (nitq) həm təsvir vasitəsi, həm də təsvirin predmetidir. Biz radioteatrda sözü eşidən kimi fantaziyamızı işə salır, sözlərin ifadə etdiyi mənanı (məkanı, hadisəni, obrazı, situasiyanı və s.) dərk etməyə, hadisə və obrazları öz şüurumuzda canlandırmağa çalışırıq. Bu baxımdan insanın fantaziyasını radioteatr qədər genişləndirən, xəyallarına qol-qanad verən, onun təxəyyülündə əsrarəngiz bir dünya yaradan, bu dünyada cərəyan edən hadisələri aydın bir şəkildə "göstərən"  ikinci bir sənət sahəsi yoxdur. Digər tərəfdən nəzərə almaq lazımdır ki,  radioteatrda qavrayış fərdi olduğundan, hər dinləyicinin şüurunda fərqli bir "səhnə" yaranır. Bax bu posesdə radioteatr sənəti doğulur, çünki "teatr" anlayışı burada tamamilə yeni məzmun, yeni semantik çalar qazanır.

Təqdim olunan araşdırmada professor  Q.Məhərrəmli, məhz teatrın bu yeni məzmununu, yeni sahəsini, yəni radioteatrı əsas predmetə çevirmişdir. Bütövlükdə radiotamaşaları incəsənətin yeni, müstəqil sahəsi kimi nəzərdən keçirən müəllif, bu tamaşaların dramaturji özəlliyi, estetik təbiəti, janr xüsusiyyətləri, differensiyası, müasir inkişaf meylləri, burada aktyor və rejissor işinin əsas xüsusiyyətləri haqqında söhbət açmışdır.

***

Qloballaşma şəraitində dəqiq məlumatlara artan tələbat və insanların sosial-mədəni istəkləri televiziya və radionu ictimai informasiyanın çevik daşıyıcısına çevirmişdir. Hazırda teleradio bütün dünyada həm gərəkli media vasitəsi sayılır, həm də, həm də bədii-estetik funksiyanın daşıyıcısı kimi çıxış edir. Teleradioya dair tədqiqatlarda məhz bu iki aspekt əsas götürülməli və gedən tendensiyaların elmi mənzərəsi cızılmalıdır. Professor Qulu Məhərrəmlinin radioteatr haqqında araşdırması məhz bu elmi rakursu əhatə etdiyi üçün qiymətlidir, müəllifin ciddi uğurudur və ümumtürk düşüncəsinə mühüm töhfədir.

Prof. dr. Aysel AZİZ
İstanbul Yeni Yüzyıl Universiteti

 





27.12.2020    çap et  çap et