525.Az

Payızlıq əkinin gedişində aqrar alimlərin yenilikləri təcrübədən keçirilir


 

SAMUXDA 20 YENİ DƏNLİ BİTKİ SORTUNUN İLK SINAQ ƏKİNLƏRİ APARILIB

Payızlıq əkinin gedişində aqrar alimlərin yenilikləri təcrübədən keçirilir<b style="color:red"></b>

Ölkəmizdə aqrar sektorun davamlı inkişafı, məhsuldarlığın artırılması məsələlərinin həlli üçün bu sahədə çalışan alimlərimizin təqiqatlarının təcrübi təminatı başlıca şərtlərdəndir. Bu baxımdan, ən vacib sahələrdən olan dənli bitkilər istehsalında keyfiyyətli, bol məhsul əldə etmək üçün başlıca şərt əkin dövründə sağlam toxumlardan istifadə etməkdir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiyalar Mərkəzinin Əkinçilik Elmi-Tədqiqat İnstitunun tədqiqatçıları da bu yöndə səmərəli fəaliyyətləri ilə 20-yə yaxın yeni taxıl sortu yaradıblar. Yeni sortların ilk sınaq əkinləri Gəncə Regional Aqrar Elm və İnnovasiya Mərkəzinin Samux rayonunda yerləşən təcrübə əkin sahəsində aparılıb. Əldə edilən yeni bitkilərin dördü arpa, ikisi bərk, digərləri isə yumşaq buğda sortlarıdır. Bu nəticələr institutda son 14 il ərzində aparılan elmi təcrübələr sayəsində əldə edilib. Yeni yaradılan sortların gələcəkdə təcrübə sahələrindən iri təsərrüfatlara çıxarılması nəzərdə tutulur.

"Yeni sortların xüsusiyyətlərini yerli fermerlərə ətraflı izah etmişik, gələcəkdə biçin işlərini də onlar bizim iştirakımızla aparacaqlar, təcrübələrimizin nəticələri diqqətlə izlənəcək. Bu, ən səmərəli sortların seçilməsi üçün vacibdir. Yeni sortlara qərb bölgəsində fəaliyyət göstərən, əkinçiliklə məşğul olan fermerlər, eləcə də iri istehsal müəssisələrin diqqətini cəlb etmək istəyirik", - deyə institutun direktoru Faiq Xudayev bildirib.

Yeni taxıl sortlarının təcrübi məsələləri  seleksiya və sort-sınaq komissiyasının razılığı əsasında aparılır.

"Seleksiya üsulları ilə yeni sortların əldə olunması zamanı məhsuldarlıq və keyfiyyət məsələləri əsas tutulur. Eyni zamanda bildirməliyik ki, hər hansı bir sort uzun müddət bir yerdə əkiləndə, müəyyən zamandan sonra onlarda  spesifik xəstəliklər də əmələ gələ bilir. Ona görə də əkinçilikdə sort dövriyyəsində çeviklik də zəruridir. Yeni sortlar bu, eləcə də xəstəliklər və ziyanvericilərə davamlılıq baxımdan səmərəlidir", - deyə institutun mütəxəssisi Asif Zamanov bildirib.

Qeyd edək ki, bu il Azərbaycanda 1037507 hektar sahədə payızlıq əkin aparılması nəzərdə tutulub. Dekabrın son ongünlüyünədək fermerlər tərəfindən 543664,7 hektar sahədə buğda, 326017,5 hektar sahədə arpa səpilib.

Payızlıq əkinlərlə əlaqədar şum işləri və taxıl səpininin vaxtında yekunlaşması gözlənilir.

Zakir MURADOV
Samux-Gəncə

 





26.12.2020    çap et  çap et