525.Az

Tramp Tehranı təhdid edir, yoxsa?.. - Xaqani Cəfərlinin yazısı


 

Tramp Tehranı təhdid edir, yoxsa?.. - <b style="color:red">Xaqani Cəfərlinin yazısı </b>

Donald Trampın ABŞ prezidenti kürsüsünü tərk etməsinə sayılı günlər qalsa da, bu günlər İran üçün həyəcanlı dövr kimi tarixə düşəcək.

Prezident seçildiyi gündən İrana qarşı sərt siyasət yürüdən Donald Trampın hətta bir dəfə İranın nüvə obyektlərinə hərbi zərbə endirilməsinə cəhd etmək barədə məlumatlar da var. "Nyu-York Tayms" qəzetinin ötən ay yaydığı bir məlumatda prezident Trampın İranın nüvə obyektlərinə zərbə endirilməsini müzakirəyə çıxardığı qeyd olunurdu. Həmin məlumatda vurğulanırdı ki, prezident Tramp İranın nüvə obyektlərinə zərbə endirilməsini təklif etsə də, vitse-prezident Mayk Pens və dövlət katibi Mayk Pompeo dövlət başçısını bu fikrindən daşındırıblar.

Bu məlumatın yayılmasından təxminən bir ay sonra ABŞ-ın İrana hərbi zərbə endirə biləcəyi ilə bağlı ehtimal yenidən gündəmə gəlib. Hətta bu ehtimalın bir ay öncəyə nisbətən indi daha əsaslı olduğunu görmək mümkündür. Bu ehtimalı gücləndirən üç səbəb var. Birinci səbəb ABŞ-ın Fars körfəzində çox böyük hərbi qüvvə cəmləşdirməsidir. Ekspertlər hesab edirlər ki, İran ətrafında belə böyük qüvvə cəmlənməsi ilk dəfə müşahidə olunur. İlk dəfədir ki, Vaşinqton ABŞ Hərbi Dəniz Qüvvələrinin tərkibindəki nüvə mühərrikli dörd sualtı qayıqdan birini Fars körfəzinə göndərib. Göyərtəsində 154 ədəd Tomahavk qanadlı raketi daşıyan USS Georgia sualtı qayığı bir neçə dəqiqənin içərisində İranın onlarla hərbi obyektinə zərbə endirmək gücündədir. Nüvə başlığı daşıya bilən BGM-109 Tomahavk raketi eyni zamanda hərbi hava limanını məhv etmək üçün kaset bombalar da daşıya bilir. Səs sürətli BGM-109 Tomahavk raketləri istənilən ölkənin hava hücumundan müdafiə qüvvələri üçün ən böyük təhlükə hesab olunur. Göyərtəsində 154 ədəd Tomahavk raketi daşıyan USS Georgia sualtı qayığını USS Port Royal və USS Philippine Sea raketdaşıyan döyüş gəmiləri müşayiət edir.

ABŞ Dəniz Donanmasının istifadəsində olan 11 nüvə mühərrikli təyyarədaşıyıcısından üçü - USS Nimitz, USS Theodore Roosevelt və USS Dwight D.Eisenhower Fars körfəzinə yaxınlığında lövbər salıb. Bu təyyarədaşıyıcılarının hər birinin göyərtisində 90 ədəd döyüş təyyarəsi və helikopter var. Məlumatlara görə, Fars körfəzi regionunun əməliyyat dairəsinə aid edilən 5-ci dəniz donanması da bölgədə baş verən prosesləri diqqətlə izləyir. Bütün bunlar onu göstərir ki, İran ətrafında qorxunc hərbi güc cəmlənib və istənilən an hərbi əməliyyat başlaya bilər.

Donald Trampın prezident kürsüsünü tərk etməzdən öncə İranın nüvə obyektlərin zərbə endirilməsinə göstəriş verəcəyi ilə bağlı narahatlıqları artıran ikinci amil Ağ ev sahibinin noyabr ayında Müdafiə Nazirliyinin rəhbərliyində həyata keçirdiyi kadr dəyişikliyidir. Noyabrın 9-da prezident Tramp Müdafiə naziri Mark Esperi istefaya göndərərək onun səlahiyyətlərinin icrasını Kristofer Millerə həvalə etdi. İstefada olan general Entoni Tata isə müdafiə nazirinin siyasi məsələlər üzrə müavini vəzifəsinə gətirildi. Bu təyinatlar zamanı diqqəti cəlb edən iki məqam var. Birincisi, bu təyinatları həyata keçirərkən artıq Trampın növbəti dəfə prezident olmayacağı yəqinləşmişdi. 3 noyabrda keçirilən prezident seçkilərini uduzduqdan sonra Trampın Müdafiə Nazirliyinin rəhbərliyində ciddi kadr dəyişikliyi həyata keçirməsi təsadüfi ola bilməz. Bu təyinatlarla bağlı diqqəti cəlb edən digər məqam isə Kristofer Millerin İraq və Əfqanistan müharibələrinin iştirakçısı olması, Entoni Tatanın isə İran əleyhdarı kimi tanınmasıdır.

Yanvar ayının 20-dək İranın nüvə obyektlərinə hərbi zərbə endirilə biləcəyi ilə bağlı narahatlıqları artıran digər amil isə prezident Trampın proqnozlaşdırılmayan addımlar atmasıdır. İranın siyasi-hərbi elitasının ən nüfuzlu üzvlərindən biri, İraqdan Livana kimi uzanan coğrafiyanı nəzarətdə saxlayan general Qasım Süleymaninin İraqda, Bağdad hava limanı yaxınlığında raket zərbəsi ilə öldürülməsi də Trampın heç kimin rəyi ilə hesablaşmadan istədiyi qərarı verə bilməsini üzə çıxarmışdı. Halbuki Trampdan öncəki prezidentlər Süleymaninin öldürülməsi ideyasını müzakirə belə etmirdilər.

İranın nüvə obyektlərinə hərbə zərbələr endirilmə ehtimalını artıran sonuncu səbəb isə Trampın sələfi Co Baydenin hakimiyyəti zamanı İranla bağlı siyasətdə gözlənilən yumşalmanın qarşısını indidən almaq niyyəti ola bilər. Əgər Donald Tramp vəzifə səlahiyyəti başa çatana kimi İranın nüvə və digər hərbi obyektlərinin bombalanması əmrin versə, Co Baydeni də hərbi əməliyyatları davam etdirmək məcburiyyətində qoya bilər. Çünki İranın bu hərbi zərbələr qarşısında səssiz qalacağını gözləmək yanlış olardı. Əksinə, ABŞ İranın hərbi obyektlərinə hərbi zərbə endirsə, Tehran rejimi bütün gücü ilə müqavimət göstərməyə və cavab zərbələri endirməyə çalışacaq. Bu isə hərbi əməliyyatların coğrafiyasının genişlənməsini qaçılmaz edəcək. Eyni zamanda, İrana qarşı hərbi əməliyyatların bütün regionda geniş əks-səda doğuracağını və ciddi siyasi nəticələrə yol açacağını da proqnozlaşdırmaq olar.

 





28.12.2020    çap et  çap et