Sürücü söhbət edəndə özümdən qeyri-ixtiyari sözünü kəsib soruşdum ki, “Qardaş, sən Ağdamlısan?”. Sürücü təəccüblənərək dedi ki, “Ağdamlı olmağıma Ağdamlıyam, amma mən ləhcə ilə danışmıram, siz bunu necə dəqiq bildiniz?”. Ona məlum bənzətməmi izah elədim. Sürücü Bakıda böyüyüb və Rusiyada yaşayıb. Qulu Ağsəs barədə maraqlandı, mən də ona şair barədə xeyli danışdım. Telefonumu açıb Qulu Ağsəsin “Adam şəhərim, Ağam şəhərim, Ağdam şəhərim...” şeirini oxudum. Sürücünün gözləri dolmuşdu. Hətta maşını idarə etməkdə çətinlik çəkdiyini hiss etdim. Şeirin təsirindən ayrılması üçün başqa bir söhbət açdım. Amma bu dəfə o, bir az ehtiyat edərək mənim sözümü kəsib, kövrək şəkildə şeiri yenidən səsləndirməyimi xahiş etdi. Mən bir daha şeiri səsləndirdim və o, eyni reaksiyanı verdi. Qulu Ağsəsin həmin şeiri sürücünü çox təsirləndirmişdi. Mənzil başına çatdıqda gediş haqqını ödəyərkən pulu götürməməkçün xeyli təkid elədi, amma mən razı olmadım. Maşında düşəndə dedim ki, özünüzdən muğayat olun, sürücü Ağsəs...
Mən ilk dəfə idi ki, bu dərəcədə eyniliklə rastlaşırdım. Bu adi oxşarlıq deyildi. Digər tərəfdən onun bu şeirə belə həssaslıqla yanaşması məni də kövrəltdi. Sözün qüdrəti, həqiqətən, çox böyükdür. Bu, həyatımızın hər anında bizə sübut olur. O ki, qaldı səslərin, danışıq tərzinin bu oxşarlığına, olduqca maraqlı hadisə idi. Şeirin özü və bu oxşarlıq poetik-həyati mistika idi...