525.Az

"Rahat yat məzarda, şəhid qardaşım!" - Şeirlər


 

"Rahat yat məzarda, şəhid qardaşım!" - <b style="color:red">Şeirlər </b>

İlhan Atilla 2003-cü ildə Naxçıvan Muxtar Respublikası Kəngərli rayonunun Xok kəndində anadan olub. 18 yaşı var. Naxçıvan Universitetinin İqtisadiyyat fakültəsinin I kurs tələbəsidir.

Məktəbli vaxtlarından şeirlər yazır. Düzdü, bu şeirlərinin az bir qismi ədəbi ictimaiyyətə təqdim olunacaq gücdədir. Buna baxmayaraq, yazdığı şeirlərdəki bəzi misralar onun bədii zövqünün formalaşa biləcəyini, gələcəkdə öz üzərində işləməklə, mütaliəsini artırmaqla daha gözəl şeirlər yazcağını deməyə ümid verir.

Bir neçə gün əvvəl oxuyub fikirlərimi bildirməyim üçün gətirdiyi şeirləri arasından bu üç şeirini seçib "525-ci qəzet"in oxucularına təqdim etmək istədim.

Vətən müharibəsinin ilk günlərində şəhid olmuş həmkəndlilərinə həsr etdiyi bu nümunələr İlhanın vətənpərvərlik duyğularından yoğrulmuş düşüncələridir.



Elxan Yurdoğlu

***

İlhan ATİLLA

Azaddır torpağın, Əsgərli Təbriz!

İnan ki, sənsizlik yaman çətindir,
Necə alışaq ki, biz yoxluğuna?
Qələbə sevinci yaşatdın bizə,
Ey şəhid, əyilib başım ruhuna.

Ey igid, sən artıq yüksəklərdəsən,
Bizimtək insanlar heyrandır sənə.
Köçərək dünyadan cavan yaşında,
Çatdın insanlığın ən zirvəsinə.

Bu fani dünyaya aldanmadın sən,
Bizim gözümüdə uca dağ oldun.
Bizlərə bu fani dünyanı verən,
ALLAHın önündə üzü ağ oldun.

Sən öz hünərinlə tarix yazmısan,
Heç nədən qorxmayan ürəkli Təbriz.
Bu yurddan düşməni özün qovmusan,
Azaddır torpağın, Əsgərli Təbriz!

Vətənin fəxrisən sən, Kəmaləddin!

Rahat yat məzarda, şəhid qardaşım!
Qisasın alındı xain düşməndən.
Hər bir kəs əyərək önündə başın,
Qürurla danışır, igidim, səndən!

Sən bizim fəxrimiz, qürurumuzsan,
Kimlər seçmədi ki, sən seçən yolu. 
Sən getdin, can qopdu bu canımızdan,
Sən ey Kəmaləddin İsrail oğlu.

Ucaldın ən böyük mərtəbəyə sən,
Uca yaradanın öz dərgahında.
Söylədin son dəfə nəfəs verərkən,
Dalğalan, bayrağım, Qarabağımda!
Atanın üzündən fəxarət hissi,
Ananın gözündən boylanır qürur.
Biz də yaşayırıq hər iki hissi,
Şəhidim, məzarın nurlu görünür!

Hər bir kəs baş əydi ruhun önündə,
Düşmənin önündə keçilməz səddin.
Şəhidlər diridir Allah önündə,
Ucaldın Allaha sən, Kəmaləddin!

Bilirəm heç zaman şəhidlər ölməz,
Şəhidli torpağa vətən deyildi.
Şəhidi olan bir vətən bölünməz,
Şəhidsiz bir ölkə vətən deyildir!

Qarabağ bizimdir, bizim qalacaq!
Şəst ilə söyləyir şəhid atası.
Bu vətən oğlunu unutmayacaq!
Başını uca tut, şəhid anası.

İndi sən şəhidsən, Mirzəyev Aslan!

Ananın fəryadın eşitdiyim an
Sevincim qursaqda qaldı, şəhidim.
Kədərli gözlərlə baxırdı atan,
Sevin qələbəyə, - deyə bilmədim.

Sən getdin buradan o haqq dünyaya,
Düşünmə, arxasız qaldı qardaşın.
İndi sən şəhidsən, Mirzəyev Aslan,
Bizlərə əmanət oldu qardaşın.

Bu vətən hər zaman yetişdiribdir
Səntək cəsarətli, mərd oğulları.
Bilirəm, xöşbəxtdir göylərdə ruhun -
Alındı düşməndən vətən torpağı.

Bu haqq savaşında hünərinlə sən
Heyrətə gətirdin neçə insanı.
Şərəflə vuruşdun, artıq şəhidsən,
Dastanın olubdur şərəf dastanı.

 





28.12.2020    çap et  çap et