525.Az

Leytenant Həsən Quliyev: “Mənim torpağa sözüm var”


 

Leytenant Həsən Quliyev: “Mənim torpağa sözüm var”<b style="color:red"></b> Sizə kimdən deyim, kimdən danışım, Şərur elinin igid, mərd oğlu Həsən Quliyevdən. 1996-cı il 30 sentyabrda Qarahəsənli kəndində dünyaya göz açan bu qaraqaş, qaragöz, xoşsima oğlana babası Həsənin adı verilir. Babası Həsən Quliyev 1941-45-ci illər müharibəsində alman faşizminə qarşı vuruşan döyüşçülərdən idi. Müharibədəki şücaətinə görə bir sıra orden və medallarla təltif olunmuşdu.
 
Babanın davamçısı ailənin 3-cü və sonuncu oğlu seçilir. Adını babası verir, taleyini Tanrı.

Orta məktəbdə biliyi, istedadı ilə seçilən Həsənin valideynləri onu başqa sahədə görmək istəsə də, kiçik yaşlarından hərb peşəsinə olan marağı ürəyi Vətən eşqilə döyünən gəncin yolunu Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi liseydən salır. Hərbi liseydə təhsil alarkən nizam-intizamı, biliyi ilə seçilən Həsən Quliyev 2015-2019-cu illərdə  təhsilini Bakıda Heydər Əliyev adına Ali Hərbi Məktəbdə davam etdirir.



İllərdir ürəyində bəslədiyi arzusu idi torpaqlarımızı azad görmək. Anası İradə xanım deyir ki, həmişə “Mənə bel bağlamayın, mənim torpağa sözüm var”,-deyərdi. Sanki o, bu yol üçün doğulmuşdu. Bir il idi ki, Goranboyda xidmət edirdi. Məqsədinin astanasında olduğu üçün çox sevincli idi. Gündəlik xatirələrini, fikirlərini yazdığı bloknotu qarşımızdadır. Bir cümlə diqqətimizi çəkir: “Bir gün bütün məhəllə anamın səsinə oyanacaq, amma mən oyanmayacağam”. Həsən bu yolu seçəndə hər şeyə hazır idi. Yaxşı bilirdi ki, bu yolun geri dönüşü olmaya da bilər. Amma bu yol müqəddəs yol idi, o isə bu müqəddəs yolun yolçusu. Vətən torpaqlarının azadlığı uğrunda yola çıxan leytenant Həsən Quliyev Ağdərə istiqamətindən döyüşlərə atılır. Talış yüksəkliyinin və Suqovuşanın azad olunmasında əsgərləri ilə birlikdə şücaət göstərir. Və Suqovuşanda öz müqəddəs arzusuna qovuşur. Doğum günündə şəhadət şərbətini içir.

Qəhrəmanlar can verir
Yurdu yaşatmaq üçün.

Həsən də bu yolda canını əsirgəmədi. 30 illik həsrətə, işğala son qoyan döyüşçülərimizin sırasına öz adını qızıl hərflərlə yazdırdı. “Anama deyin bəylik kostyumu geyinmək şərt deyil, mənə şəhidlik də yaraşır”,-deyə ismarıc göndərən Həsən anasını möhkəm və iradəli olmağa dəvət edirdi. Adı qədər özü də iradəli olan İradə xanım “Kitabi-Dədə-Qorqud”dan misal gətirərək deyir: “Torpağı əkib-becərməsən qorumağına, qorumasan, əkib-becərməyinə dəyməz”. “Həsən, eləcə də digər müharibə iştirakçıları doğulanda bu torpaqlar işğal altında idi. Lakin onlar o torpaqları görmədən sevdilər, o torpaqlarda şəhidlərimizin qanı var, o yerlər müqəddəsdir. Torpaqlarımız 3000-ə yaxın şəhidimizin qanı və qazilərimizin canı bahasına alındı, bundan sonra gələn nəsil torpaqlarımızı layiqincə qoruyar, bir qarışını da düşmən tapdağına verməz. Şəhidlər o vaxt ölür ki, onlar unudulur, necə ki Azərbaycan xalqı var şəhidlərimiz ürəklərdə yaşayacaq. Onlar qanlarıyla tarix yazdılar”,-deyir İradə ana.



Həsən Quliyev Vətən müharibəsində göstərdiyi şücaətinə görə “Vətən uğrunda” medalı ilə təltif edilir. 24 illik qısa ömür yoluna Vətənin daşı olmağı sığdıran Həsən Quliyev Azərbaycanın zəfər tarixini yazanlardan olur. 

Pay verdin bizə, xoş müjdəli bir savaşdan, cənab leytenant! Vətən sənə oğul dedi, igidim, rahat uyu, canından çox sevdiyin Vətən torpaqları artıq azaddır. 



 





29.12.2020    çap et  çap et