525.Az
İşdən azad olunan direktor müavinləri ilə bağlı yeni qayda
Təhsil naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na əlavə edilməsi haqqında əmr imzalayıb.
Lent.az-ın məlumatına görə, “Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil və ilk peşə-ixtisas təhsili müəssisələrinin müəllimlərə tələbatının müəyyənləşdirilməsi və müəllimlərin işə qəbulu Qaydaları”na əsasən, ümumtəhsil məktəblərinə müəllimlərin işə qəbulu nazirlik tərəfindən mərkəzləşdirilmiş qaydada müsabiqə yolu ilə həyata keçirilir. Ona görə də ümumi təhsil müəssisələrinin direktor müavinləri tutduqları vəzifədən azad edilərkən onların məktəbdə müəllim kimi işdə saxlanılması və ya həmin məktəbdə müvafiq vakant yer olmadıqda tələbat olan digər məktəbdə müəllim kimi işlə təmin edilməsi məsələsinin tənzimlənməsində çətinliklər yaranır.
M. Cabbarovun imzaladığı əmrlə “Təhsil Nazirliyi sisteminin nomenklaturasına daxil olan işçilərlə əmək münasibətlərinin tənzimlənməsi Qaydaları”na müəyyən dəyişiklər edilib. Dəyişikliyə əsasən, ümumi təhsil müəssisələrinin dərs yükü olan direktor müavinlərinin tutduqları vəzifədən azad edilərkən işlədikləri məktəbdə müəllim kimi saxlanılması və ya müvafiq vakant yer olmadığı halda, rayonun (şəhərin) həmin fəndən müəllimə tələbat olan digər məktəbində müəllim kimi işlə təmin edilməsi rayon (şəhər) təhsil şöbəsi (idarəsi) ilə razılaşdırılmaqla ümumi təhsil müəssisəsinin direktoru tərəfindən həyata keçiriləcək.
Təhsil Nazirliyinin insan resursları şöbəsinin müdirinə bu əmrdən irəli gələn məsələləri həll etmək tapşırılıb.
20.02.2014
çap et