525.Az

Tanınmış bioloq alim qəfil vəfat edib


 

Tanınmış bioloq alim qəfil vəfat edib<b style="color:red"></b>

"525-ci qəzet"in diqqətli oxucuları Gəncədən, eləcə də qərb bölgəsindən hazırlanan, ekoloji mövzulu materiallarımızda mütəmadi olaraq bioloq alim Zaur Hümbətovun məsələləri müfəssəl və köklü şəkildə izah edən ekspert fikirlərini yəqin xatırlayırlar.

Heç zaman hətta yorğun belə görünməyən, hətta ünsiyyətində insana nisbinlik təlqin edən bu maraqlı insanın ürək çatışmazlığı səbəbindən qəfil ölüm xəbəri Gəncənin elmi və ziyalı mühitini dərindən kədərləndirdi.

Azərbaycan Dövlət Aqrar Universitetinin kafedra müdiri, 66 yaşında həyatla vidalaşan professor Zaur İsrafil oğlu Hümbətov ölkəmizin biologiya elmi məktəbinin layiqli davamçılarından idi. Neçə-neçə elmi nəşrlərin, onlarla dərsliklərin müəllifi olan Zaur müəllim həm də publikaya olduqca açıq və faydalı bir şəxsiyyət, geniş erudisiyaya malik, istənilən sahədə çox məlumatlı bir ziyalı idi. Tez-tez qatıldığı beynəlxalq elmi konfranslar, simpoziumlar və görüşlərdə yorulmadan Azərbaycanın haqq işini nüfuzlu ictimai-elmi dairələrin, tanınmış həmkarlarının diqqətinə çatdırırdı.

Professor Hümbətov daim öz məntiqli və aydın düşüncəsi, səlis nitqi ilə media əhli üçün də çox arzuolunan bir həmsöhbət idi. Elə "525-ci qəzet"in səhifələrində də  xüsusən aktual ekoloji məsələlərdən bəhs edən yazılarda onun müsahibələri, ekspert şərhləri olduqca diqqətçəkən olub. Qəzetimizin səhifələrində Zaur müəllimin mülahizələrinə söykənən bəzi yazıların adlarına nəzər salmaqla belə, hansı vacib məsələlərdən söhbət getdiyini hiss etmək olar: "Otlaq sahələri hansı səbəblərdən azalır?", "Ermənilər həm də ekoloji terrorçudurlar" - bu yazıda Zaur müəllimin bir beynəlxalq forumda ermənilərin ağlayıb-sızlamaqla  BMT-nin Ərzaq Təhlükəsizliyi Təşkilatından qrant "çırpışdırmaq" cəhdlərinin qarşısının alınmasındakı roluna da toxunulub; "Ağdam ərazisindən Xocalıyacan əl-ələ tutaq" - fəal bloqer fəaliyyəti ilə də məşğul olan professor Hümbətov erməni vandalizminin ifşası üçün müasir internet imkan və üsullarının vacibliyindən danışıb; azad olunan ərazilərimizdə aqrar istehsalın dirçəldilməsi məsələlərindən bəhs edən, bizə verdiyi son müsahibəsində isə alim, ermənilərin hər cür alçaqlıqdan çəkinməməsi amilini nəzərə alaraq, Qarabağda əkin sahələrinin bioloji, radioloji, toksikoloji analizlərini aparılmasının zəruriliyinə toxunub.

Vətəndaş mövqeyi ilə seçilən mərhum alim xüsusən ekoloji sahədə qarşılaşdığı problemlərə elə həmin andaca reaksiya verər, həmin məsələlərin ictimailəşdirilməsinə çalışırdı. Onun yaxın dostlarından biri, həmkarı Arif Qazıyev də bu haqda danışır. "İstər elmdə, istər də ictimai həyatda bu  prinsipial xətt Zauru xarakterizə edən əsas cəhət idi. O, təbiətlə bərabər, cəmiyyətdə də istənilən pozuntunun, ala-yarımçıqlığın mütləq bumeranq effekti verəcəyini bildirir, insanları, öz tələbələrini Allahın buyurduğu harmoniya qanununa hər addımda riayət etməyə səsləyirdi. Parklarımızda, küçələrimizdə misal üçün, bir ağacın dövrəsinin tam asfaltlanması kimi yarıtmaz iş çoxlarının nəzərini cəlb etməsə də, Zaurun diqqətindən kənarda qala bilməzdi. Mütləq məsələni ictimailəşdirəcəkdi! Həmçinin, o, genetik cəhətdən kombinə edilmiş bitkilərin yaradacağı fəsadlar haqda dönə-dönə xəbərdarlıq edib. Planetar məsələləri cəmiyyət qanunları ilə uzlaşdıran Zaur Hümbətov indi çox az rast gəlinə bilən elm populyarizatorlarından idi", - deyə A.Qazıyev bildirir.

Həqiqətən də elmlə məşğul olan insanların cəmiyyətə faydalı olan məsələləri daim diqqətdə saxlaması vacib məsələdir. Bu xüsusiyyət mütləq onun yetirmələrində də özünü göstərəcək.

Zakir MURADOV
Gəncə

 





29.12.2020    çap et  çap et